Azərbaycanca

Tək şərt Qarabağdır!

17.07.2013 | 12:26

1374049405_elchin_mirzeebeyli_02Elçin MİRZƏBƏYLİ

 

Türkiyə-Ermənistan arasında diplomatik əlaqələrin qurulması və dövlət sərhədlərinin açılması ilə bağlı protokollar gündəmə gəldikdən sonra uzun illər boyu müxtəlif bəhanələr və ümidlər üzərində davam etdirilən Qarabağ danışıqlarının “tozunu” azacıq da olsa təmizləndi. Öz torpaqlarının və təbii ki, gələcəyinin taleyilə bağlı olan bir prosesdə az qala müşahidəçiyə çevrilənhəmvətənlərimiz də silkələndilər. Amma tam ayılmad
ılar…

 

Artıq ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin, xüsusilə də Amerika Birləşmiş Ştatlarının əsil niyyəti – erməni işğalının hüquqi vasitələrlə qanuniləşdirilməsi, anneksiyanın rəsmiləşdirilməsi istiqamətində sərgilədikləri fəaliyyətin gözlə görünəcək bütün detalları üzə çıxdı. Aydın oldu ki, bu illər ərzində aparılan danışıqların yeganə məqsədi Dağlıq Qarabağın Azərbaycandan daha ağrısız qopardılması olub. Təbii ki, işğal altında olan Azərbaycan ərazilərilə bağlı aparılan danışıqların əsil mahiyyəti barədə bundan öncə də cəmiyyətə mesajlar verilirdi. Lakin bu ismarıclar indiki qədər birmənalı deyildi.

Danışıqlar dalana dirənib. Bu dalanın sonunda bəlkə də keçilməsi, yaxud aşırılması mümkün olan divar dayanır. Bu günədək, erməni probleminin növbəti dəfə Azərbaycan torpaqları hesabına həllinə doğru aparan danışıqlar prosesini dalana çevirən bu məchul “divar”dan sonra nələrin baş verə biləcəyini isə… sadəcə bilmirik.

 

Bununla yanaşı, hər kəs bu gün nə baş verdiyinin fərqindədir. Birləşmiş Ştatların və onun Avrasiya siyasətinin icraçıları Dağlıq Qarabağın Azərbaycandan tam hüquqi müstəvidə, mübahisə və müharibələrdən sığortalanmış şəkildə qopardılması üçün təzyiq kampaniyalarını davam etdirirlər. Azərbaycanda özünü mütəmadi olaraq, piştaxta üzərinə çıxaran qüvvələr də artan təzyiqlərin haradan, hansı niyyətdən qaynaqlandığının fərqindədirlər. Buna baxmayaraq, onlar da ənənəvi qaydada öz maraqlarının təmin olunması üçün xidmətlərini təklif etməyə, hətta lazım gəldiyindən daha artıq fəallıq nümayişinə çalışırlar.

 

Tək şərt isə hər zaman olduğu kimi, yenə də Qarabağdır. Çünki ABŞ-ın Yaxın Şərq siyasətinin əsil mahiyyətini anlaya bilənlər, yeni Vaşinqton-Moskva geosiyasi anlaşmasının müxtəlif formalarda mətbuata sızan elementləri barədə məlumatlı olanlar Sem dayının “demokratiya və insan haqları” haqqında nağıllarını dinləmək əvəzinə, yaranmış vəziyyətdən çıxış yolları tapmaqdan ötəri baş verənləri təhlil edir, düşünür… və cəmiyyətin paslanmış stereotiplərdən azad olması, göz önündəki reallıqların tam çılpaqlığı ilə dərk edilməsi üçün müxtəlif səpkili təkliflər səsləndirirlər.

 

Hə etməli?

 

Divara doğru getmək və geri qayıtmaq, yaxud hansısa vasitələrlə bu məchul səddin üzərindən adlayaraq növbəti dalana doğru addımlamaq…, yaxud alternativ yollar, vasitələr axtarmaq, cəmiyyəti öz problemləri barədə daha açıq danışmağa, ən əsası isə düşünməyə vadar etmək lazımdır?

 

Zənnimcə, bütün sivil cəmiyyətlərdə ikinci yolu – nəticənin əldə edilməsinə yönəlmiş fikir dartışmalarını seçirlər.

 

Bəşəriyyətin yarandığı, insan cəmiyyətinin formalaşdığı gündən ədalət və onun təntənəsi haqqında şifahi xalq ədəbiyyatı nümunələrinin yaranmasına, saysız-hesabsız fəlsəfi və bədii əsərlərin yazılmasına rəğmən dünya yaradılan bütün canlıların ilkin instiktiv qavrayışları üzərində, yəni cəngəllik qanunlarıyla idarə olunub. Böyük balıqlar kiçikləri yeyib, aslan ceyranı, qurd quzunu parçalayıb. İnsanlar da, onların yaratdıqları dövlətlər də həmçinin… Güclü zəifə qalib gəlib. Böyük dövlətlər kiçik və zəifləri “yeyiblər”, parçalayıblar, yaxud öz maraqları naminə güdaza veriblər. Robin Qudlar, Kral Arturlar, Koroğlular… isə sadəcə tarixin müxtəlif dönəmlərində zəif düşən, müdafiəsiz qalan xalqların gələcəyə olan ümidlərini qorumaq üçün uydurduqları, öz arzu və istəklərinin sərhədlərinə uyğun şəkildə böyütdükləri obrazlardır.

 

İndi biz də Azərbaycan xalqı olaraq tarixin ayrı-ayrı dönəmlərində bölünmüşük, parçalanmışıq, torpaqlarımız işğal olunub – Yəni, tarixi proseslərin inkişafı və öz səhvlərimiz ucbatından böyük dövlətlərin süfrəsində “yemə” çevrilmişik. Yenə təkrar edirəm, dünyada baş verən geosiyasi, geoiqtisadi və qlobal-assimilyativ mədəni proseslər barədə düşünəndə, ədalət (qlobal demokratiya, insan haqları, beynəlxalq hüquq və s.)  barədə təsəvvürləri bir kənara qoymaq lazımdır!

Təsəvvür edin, əgər ədalət məhkəməsinin hər hansı bir qərarının arxasında bu qərarı icra edə biləcək güc dayanmırsa, o zaman bu ədalət məhkəməsi, onun gəlişigözəl hüquqi fəlsəfəsi kimə və nəyə gərəkdir? Doğrudur, mən daha fərqli düşünməyə, ədalət haqqında təsəvvürlərimi tərbiyə olunduğum ideallar üzərində kökləməyə çalışıram. Amma nə etmək olar, təəssüf ki, insan xislətinin və psixologiyasının doğurduğu gerçəklik daha amansız, daha qəddardır.

 

Deməli, ədalətin bərqərar olması üçün güc lazımdır. Amma güclünün də öz ədaləti olur və ilk növbədə bu ədalət onun öz maraqlarına xidmət edir.

İndi seçim qarşısındayıq. Hə etmək lazımdır ki, böyük güclərin oyunlarında istənilən an güdaza veriləcək kiçik fiqurlara çevrilməyək, bir millət və dövlət kimi mövcudluğumuzu qoruya, təhlükəsizliyimizi təmin edə bilək?

 

Separatçı Kosovo rejiminin müstəqilliyinin tanınması və Gürcüstan torpaqlarının – Cənubi Osetiya və Abxaziyanın işğalı böyük güclər arasında əldə olunmuş yeni geosiyasi razılaşmanın müəyyən konturlarını üzə çıxardı. Şübhəsiz ki, bu gün həmin dövrdə baş verən proseslərə diqqət yetirəndə bu razılaşmanın sərhədlərini daha aydın görünür.

 

Rusiya Kosovanı, Qərb (ABŞ) isə Cənubi Osetiya və Abxaziyanı (Gürcüstanı) güzəştə getdi. Və hər ikisi öz nüfuzlarını qoruyub saxlamaq üçün zərgər dəqiqliyi ilə hazırlanmış, ölçülüb-biçilmiş siyasi texnologiyalardan yararlandılar. Dünyanın və hər iki dövlətin “mərhəmətinə”, “ədalətinə” güvənənlərin gözünə üfürülmüş “kül” təmizləndikdən sonra isə yerdə yalnız soyumuş emosiyalar və peşmançılıq duyğuları qaldı.

 

Bütün siyasi oyunlara, total piar kampaniyalarına, rəngli inqilabların gözəgəlimli görüntüsünə, beynəlxalq təşkilatların yüksək kürsülərindən verilən vədlərə, bəyanatlara, qəbul olunan qərarlara baxmayaraq, Gürcüstan və Ukrayna HATO-ya qəbul olunmadılar…

 

…Dünyadakı və regiondakı reallıqlar böyük dövlətlərin razılaşdırılmış oyun qaydalarına və nüfuz dairələrinin sərhədlərinə uyğun şəkildə dəyişir. Bəzən kiçik dövlətlər xəritə üzərində böyüklər üçün sadəcə bir neçə min kv kilometrlik coğrafi əraziyə çevrilirlər. Qələmlər işə düşür və…

 

Qarabağ Azərbaycan üçün sadəcə coğrafi ərazi deyil. Bir millət kimi mövcudluğumuzun əsas atributudur. Torpaqlarımızı, sındırılmış qürurumuzu, bir millət kimi mövcudluğumuzun sabahını işğaldan necə azad etməliyik?

 

…Kremlin Dağlıq Qarabağ üzərində Azərbaycanın suveren hüquqlarının qorunması və işğalçı qoşunların geri çəkilməsi müqabilində istəyi nədən ibarətdir?

 

Ümumiyyətlə, Rusiya Dağlıq Qarabağ da daxil olmaqla, bölgədəki bütün problemlərin həllində, regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlıdırmı?

 

Əgər maraqlıdırsa, o zaman bütün bunların müqabilində öz vətəndaşlarının təhlükəsiz həyatını təmin etmək, ərazi bütövlüklərini qoruyub saxlamaq istəyən yeni müstəqil dövlətlərdən nə istəyir?

 

Hə etməliyik ki, həm işğal altında olan torpaqlarımızı geri qaytara, ərazi bütövlüyümüzü təmin edə, həm də dövlətimizin müstəqilliyini qoruyub saxlaya bilək?

 

Anlayıram ki, nələrisə almaq üçün nələrdənsə imtina etmək lazımdır. Amma nələrdən?

 

Qarşımda cavabını bildiyim, lakin açıqlamaq istəmədiyim və təbii ki, cavabını bilmədiyim çoxlu sayda sual durur.

 

Hələliksə… tək şərt – Qarabağdır!

 

Qarabağ isə bizim bir millət və dövlət kimi mövcudluğumuz deməkdir!

 

“KarabakhİNFO.com”

 

 

17.07.2013 12:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*