Azərbaycanca

“Təki Laçın alınsın, mənim bu şeirlərimin ömrü bitmiş sayılsın”

09.11.2012 | 18:15

???????????????????????????????“Təki Laçın alınsın, mənim bu şeirlərimin ömrü bitmiş sayılsın” İlhamQəhrəman: “Qarabağ bölgəsinə məxsus zəngin dil oranın təbiətinin zənginliyindən irəli gəlir”   Qarabağla bağlı çox şeirlər yazılıb, çox mahnılar bəstələnib.

 

Onların içərisində təsirliləri də var, insanı qıcıqlandıranı da, ağladanı da var, təsəlli verəni də. Bu günlərdə təsadüfən bir şeir eşitdik – “Şəhərlərin söhbəti”, yəni Şuşayla Laçının söhbəti. Fərqli, eyni zamanda təsirli olan şeir belə başlayır. Salam Şuşa! Dustaq qardaşım Dərdə, qəmə ortaq qardaşım Sən hündür yerdəsən, Sən məndən qənşərdəsən Bakını bir harayla, Papaq elə Bakıya Bağır qardaş bağır bir…   Şeirə olan marağımız bizi onun müəllifi ilə görüşdürdü. Şair İlham Qəhrəman doğulduğu torpağın – Laçının onu şair etdiyini deyir. Həm də Laçınsızlığın… – Mənə görə Laçın və Şuşa sanki iki qardaşdır. Yalnız əsirlikdə qalan iki qardaşın söhbəti belə başlaya bilərdi. Mənim Qarabağ haqqında bundan da güclü şeirlərim var. Bu şeiri təsirli edən Ağalar Bayramovun onu tarın müşayiəti ilə deməsidir…   – Təvazökarlıq edirsiniz. Həm də sözləri təsirlidir.   – Şeirin yazılması yaradıcılığımın ilk illərinə təsadüf edir. O zaman ki, Qarabağ yenicə işğal olunmuşdu…   – Belə anlaşılır ki, sizi Qarabağın işğalı şair edib.   – Xeyir. Ondan əvvəl  də “Azərbaycan”,  “Ulduz” jurnalında şeirlərim çıxıb. İlk dəfə 1986-cı ildə şeirim çap olunub. Amma müəyyən maneələr var idi ki, əksər şeirlərin çapına icazə verilmirdi. 90-cı illərin əvvəllərində müstəqil mətbuat yaranandan sonra dövri mətbuatda daha çox şeirlərim çap olunmağa başladı. O zaman mənim “Bu gecə evimiz yadıma düşdü” şeirim çox populyar idi. Elə o vaxtdan yurd həsrətli şeirlər yazmağa başladım. Bu minvalla onda gördüm ki, artıq mənə şair deməyə başlayıblar.   – Qarabağ haqqında bu cür şeirlər yazsanız da, yetəri qədər populyar deyilsiniz…   – Mən Azərbaycanda heç bir təbliğatı olmayan şairəm. Bu arada onu qeyd edim ki, Ağalar Bayramov mənim çox şeirlərimi desə də, təəssüf ki, adımı çəkmir. Şeirin möhürbəndində mənim adımı çıxarıb öz adını qoyur. Özüm populyar olmasam da, şeirlərim populyardır. Əsasən Qarabağ toylarında mənim yurd həsrətli şeirlərim çox oxunur. Bir dəfə mənim bu qəbildən olan şeirlərim “Azərbaycan” jurnalında çap olunandan sonra jurnalın redaktor müavini Vaqif Yusifli dedi ki, son dövrlər bu səpkidə çox şeirlər yazılır, amma sənin yurd həsrətli şeirlərini oxuyandan sonra yurd itkisinin nə olduğunu anlamaq olur.   Bağında yüz cürə nübardan belə, Qapı-pəncərəsi divardan belə Şəkil asılmış mismardan belə Bu gecə evimiz yadıma düşdü.   Bu mövzuda şeirlər çox olsa da yurdun həsrətini, yanğısını çatdıranı azdır. Hər bir balaca məqalənin belə ritmi var və zamanında yazılmalıdır. Məsələn, Tolstoy deyirdi ki, Anna Karenina əsərinin mətni beynimdə tam hazır idi. Amma 7 il gözləməli oldum. Bəzən elə ola bilər ki, fikrində yaratdığın bir əsər elə oradaca “ölsün”, yəni doğulmasın. Ola bilər ki, o əsər ümumiyyətlə, yazılmasın.   – Ola bilərmi ki, nə vaxtsa Qarabağdan bəhs edən şeirlərə ehtiyac olmasın?   –          Düzdür, elə şeirlər var ki, taleyi müəyyən situasiyadan asılıdır. Mən razıyam, təki Laçın alınsın mənim bu şeirlərimin ömrü bitmiş sayılsın. Amma bizim axı işğal olunmuş ərazilərimiz təkcə Qarabağla bitmir. Zəngəzur var, Ərdəbil var, Dərbənd var.   – Siz hesab edirsiniz ki, nə qədər ki, Azərbaycan tarixi torpaqları ilə bütöv deyil, bu şeirlər aktual olaraq qalacaq?   – Bəli. Mənim “Vətən oxşaması” şeirim var, orada belə bir sətir var: “Yer yarıla yerə girəm, mən baxmayam xəritəyə”. Torpaq əlimizdə olmasa da, Azərbaycanın tarixi xəritəsi əlimizdədir. Adam baxanda utanır. Mən bu xəritəyə baxıb yazmışam: Sən bütöv hanada yarımçıq xalı Səni geriyə sökdülər, irəli toxumadıq Vətən Allahın kərəmi çox olsun Bir şad günündə himnini oxumadıq Vətən   – Toylarda bir çoxlarınlın Qarabağla bağlı mahnılara qol qaldırıb oynamasına necə baxırsınız? Yeri gəlmişkən, “Laçınım” mahnısına oynadığına görə bəzi laçınlıları da qınayanlar çox oldu.   – Laçınlıların “Laçınım” mahnısına oynamasının birinci səbəbi o mahnının mövcud olmasıdır. Laçının müəyyən gənc təbəqəsi də belə düşünür ki, bu mahnıya oynasam daha çox vətənpərvər ola bilərəm. Yəni başqa mahnıya yox, məhz “Laçınım”a oynayıram. Mahnının sözündə kədər var, amma adamı oynadır. “Yanıq Kərəm” də bu qəbildən olan mahnılardandır.   – Sizin “Laçın folkloru” adlı son kitabınızda folklorumuza yeni janrlar gətirdiyinizi qeyd etmisiniz. Bunlar indiyədək tədqiq olunmamış janrlardırmı? – Bunu Folklor İnstitutunda qısqanclıqla qarşılayırlar. Çünki onların görəcəyi işi mən etmişəm. Amma fakt odur ki, bu yenilik mənim adımla bağlıdır. Mən bu kitabda iki janrı: bəzəmə və səvələməni qeyd etmişəm, amma yeni janrlar da var ki, onları vurğulamamışam. Çoxları oxşama ilə səvələmənin fərqini bilmir. Əslində uşağı nənənsinin, anasının xoş sözlə oynatması səvələmədir, oxşama deyil. Daha bir janr tağəllidir ki, bunu kitabda qeyd etməmişəm. Amma istərdim ki, bu janr da öz yerini alsın. Bir adamı olmayan keyfiyyətləri ilə vəsf etməyə tağəlli deyilir. Xatırladım ki, Qarabağ şivəsində bu bölgəyə məxsus tədqiq olunmamış belə janrlar çoxdur. – Acı da olsa bu bir faktdır ki, torpağın, yurdun işğalı həm də o əraziyə məxsus dilin, şivənin, dialektin işğalı deməkdir.   – Bu mənim üçün Qarabağın işğalı ilə bağlı ən yaralı mövzulardan biridir. Qarabağın hər bölgəsinin öz şivəsi var idi. Təkcə Laçında 4-5 şivə mövcud idi. Ümumiyyətlə, harada zəngin təbiət varsa, orada dil zəngin olur. Qarabağ bölgəsinə məxsus zəngin dil oranın dağının, bağının zənginliyindən irəli gəlir. Biz həm də bu gün bu dəyərlərimizdən məhrum olmuşuq. Mən şeirlərimdə köhnə sözlərə, arxaizmlərə geniş yer verirəm. Bu həm dilin zənginliyinə işarədir, həm də dilin unudulmaması deməkdir. İndi Azərbaycanın digər bölgələrində dünyaya gələn, orada dil açan qarabağlı uşaqlar doğulduqları bölgənin şivəsi ilə danışırlar. – Folkloru yığmaq, toplamaq çox çətindir. Olmayan bir bölgənin folklorunu toplamaq isə ikiqat çətindir. Bu mənada yəqin ki, “Laçın folkloru” kitabını hazırlamaq sizin üçün də asan olmadı? – Mən 1978-ci ildən Bakıda yaşayıram. Amma hər ay, iki ayda bir Laçına gedirdim. Bu kitabı yazanda başa düşdüm ki, Laçın mənim üçün həm də dost qardaş anlamında imiş. Bu mənada kitab həm də yanımda olmayan doğma bir adamıma son hədiyyəmdir. Dilin ən gözəl qatını qadınlar danışır. Mənim Laçın folkloru kitabımın əsas hissəsi da atamın, anamın dedikləri əsasında yazılıb. Anam həmişə zərb-məsəllərlə danışırdı. Bir dəfə ilk nəvəsi “servanta” yaxınlaşıb, “xrustallara” əl uzatdı. Anam dedi: “Ay bala, canavar nə bilir qatır bahadır”. Bax, dilimizdə belə maraqlı, düşündürücü deyimlər çoxdur. Laçın işğal olunandan sonra təsəlli tapacağım nəsnə heç olmasa yurdumla bağlı olan, insanların ağzından çıxan bu deyimlərin unudulmaması üçün kitab çap etdirməyim idi. Təsəvvür edin ki, indi laçınlılar Azərbaycanın bütün bölgələrinə səpələniblər və mən bu kitabın araya-ərsəyə gəlməsi üçün bir ucu Nabrandan, ta Beyləqana qədər gəzmişəm. Nə  qədər çətin olsa da, mən imtina etmədim. Kim harada Laçının folklorunu gözəl bilən bir insanın olduğunu mənə nişan veibsə, ora getmişəm. Elə adam olub ki, ondan nəsə almaq üçün hətta 3-4 dəfə ora getməli olmuşam. Amma kitabın əsas hissəsi atamın dedikləri əsasında hazırlanıb. Onun yaddaşında çoxlu el gülməcələri, el deyimləri var idi. O, biləndə ki mən bu haqda kitab yazıram hər dəfə mənə bu deyimlərdən söylədi. Sonra kitabda anamın Laçından çıxandan sonra yazdığı yurd həsrətli bayatıları da yer alıb. Bu kitabı xalqdan aldım, elə bil ki, xalqa da qaytardım. – İxtisasca mühasib olmağınız şairliyinizə mane olur, yoxsa əksinə, kömək edir?   – Bütün dünyada 3 mühasib şair olub. Onlardan biri Məmmədhüseyn Şəhriyar, o birisi Türkiyənin “İstiqlal marşı”nı yazan Məmməd Akif Ərsoy, biri də mənəm – İlham Qəhrəman. Təvazokarlıqdan uzaq olsa da deyəcəm ki, mühasib şairlər çox güclü şairlər olur. Yəni onlar öz ixtisaslarına uyğun olaraq balansı düzgün qurmağı bacarırlar. Amma hər bir halda dili gözəl bilməyən, sözə qiymət verməyi bacarmayandan şair olmaz. Şairin böyüklüyü dilə xidməti ilə ölçülür.   – Müasir dövrdə Azərbaycanda dilə xidmət göstərən yazar dedikdə kimi nəzərdə tutursunuz?   – Məncə, bu Əkrəm Əylislidir. Çünki onun əsərlərində uzlaşmayan fikir yoxdur. Onun dilimizin qorunmasında xidmətləri böyükdür. Bundan bir qədər əvvələ nəzər saldıqda isə Yusif Vəzir Çəmənzəminlinin adını çəkərdim. Onun Azərbaycan dili tarixində rolu böyükdür. Son zamanlar mübahisə predmeti olan “Əli və Nino” əsərinin Çəmənzəminliyə məxsus olduğuna heç vaxt inana bilmərəm. Çünki bu əsərdə fikir qırıqlığı var və Yusif Vəzir heç vaxt belə yaza bilməzdi.

 

  Naibə Qurbanova

 

KarabakhİNFO.com    

 

09.11.2012 18:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*