Azərbaycanca

“Təsəllim döyüşkən keçmişimiz və bugünki gəncliyimizdir”

29.10.2014 | 15:12

adil-hesenogluAdil Həsənoğlu: “Amma mən Zəngilandan qabaq Şuşanın alınmasını istəyirəm, çünki bu bir qeyrət, namus məsələsi, millətin varolma, dirilik məsələsidir”

 

29 oktyabr Zəngilan rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 21-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş müəllimi Adil Həsənoğlu zəngilanlı xatirlərini “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı ilə bölüşdü:

 

 

– Ömrünüzün hansı illərini Zəngilanda keçirmisiniz?

 

 

– Ömrümün Zəngilansiz keçən illəri olmayıb. Aspiranturaya qəbul olana qədər (1987) tələbəlik həyatımı da (1975-1979) çıxsaq qalan iyrmi altı ilimi saniyə-saniyə, anbaan Zəngilanda yaşamışam. Sonra da istiqlal davamız, Qarabağ dərdimiz başlayanda günlərimin çoxu oralarda -səngərlərdə, meydanlarda keçib… Əlim çatan ,ünüm yetən vaxtlarda övladlıq borcumu verməyə çalışmışam. Artıq 21 ildir ki, Zəngılansız Zəngilandayam, həsrəti, ağrıları, Kovsakan adlı yad ünvanıyla… “Yatanda yurd yerində olmuram “, deməyə də dilim gəlmədi, yadıma düşdü ki o özü , tez-tez yuxularıma qonaq gəlir, yaddaşımı silkələyir, “Məni unutmayın!” -deyə haraylayır…Bir sözlə üzü üstə torpağına yıxılıb dizimi, üzümü qanatdığım gündən böyük auditoriyalara qədəm basdığım ana qədər Zəngilanda olmuşam. İndi də kosmosdan baxıram… İnternet şəkilləri ilə, hava məlumatları ilə oralardayam…

 

 

– Zəngilan dedikdə gözləriniz önündə nə canlanır?

 

 

– Zəngilan dedikdə döydürülmüş, əzdirilmiş, namusuna ləkə atdırılmış yurd yerim, doğulduğum ünvan yadıma düşür…Ona görə döydürülmüş, əzdirilmiş, atdırılmış deyirəm ki, bütün bu qələtləri eləmək erməninin gücündə deyildi… Buradaca öz şeirimdəm bir beyt yadıma düşdü:

 
” Budağı çırpır İvan,
Ağ tutu Aşot yeyir”…

 
1503817_815369481830439_2551024540966901113_nZəngilan deyəndə yadıma “Zəngəzur” qatarı, Bəsitin, Oxçunun, Həkərinin, Arazın saf sularının erməni xislətilə murdarlanması, qolu-qanadı qırılmış, şikəst edilmiş Çinar meşəsi, gözlərinə qan çilənmiş bulaqlarımız, çeşmələrimiz, dizi bükülmüş, vüqarı sınmış dağlarımız, alaçığı dumana bürünmüş yaylaqlarımız düşür. İndi Dağüstü parkda əylənən, Mincivan məktəbində dərs alan, çaylarımızın balığında kabab çəkən ermənilər yaddaşıma da təcavüz edir, unutdurmaq istəyir mənə oraları… Qorxduğum da budur… Çünki o yerlər mənim yaddaş kartımda, genetik duyğularımda var, oğlumsa oraları görməyib…

 

 

– Zəngilan həsrətini nə ilə təsəlli edirsiniz?

 

 

– Onunla təsəlli tapıram ki, biz döyüşü uduzsaq da müharibəni uduzmamışıq… Artıq Qafqazda ən güclü orduya sahibik. Dünya təcavüzkarı barmaqla göstərməsə də, yaxşı tanıyır… Təsəllim ondadır ki, Cənubi Azərbaycan, Anadolu, Orta Asiya türkləri bu dərdi öz dərdinə çevirə bilib və on minlərlə qazi Qarabağ uğrunda son savaşa hazırdır. Bu yay Təbrizdə, Ərdəbildə bunun canlı şahidi oldum, qardaşlarımızın söhbətlərin dinləyə bildim.

 

 

Amma mən Zəngilandan qabaq Şuşanın alınmasını istəyirəm, çünki bu bir qeyrət, namus məsələsi, millətin varolma, dirilik məsələsidir… Təsəllim döyüşkən keçmişimiz və bugünki gəncliyimizdir.

 

 

– Zəngilana getsəniz, ilk olaraq haranı gömək istərdiniz?

 

 

– Bir qədər çətin sualdır… İnsan doğulduğu , böyüdüyü məkanda görmək istəmədiyi bircə qarış yer olarmı?… Böyük şairimiz M.Araz demişkən:

 
“Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim”

 
10626680_815368265163894_5090590562693687481_nİnanın torpaqları qaytaracağımız gün Zəngilanın sərhədi başlayan nöqtədən düz Tərəkəmə qəbiristanlığına qədər piyada gedəcəm… Anamın məzarı ordadır. Zəngilan gedəndən acıq edib yuxularıma da gəlmir. Sonra mütləq oxuduğum N.Nərimanov adına məktəbin koridorlarını, siniflərini öz əllərimlə yuyub siləcəm ki, erməninin izi-tozu qalmasın. Elə etməsəm bilirəm ki, bizə müqəddəsliyi, kişiliyi, ədaləti öyrədən rəhmətlik müəllimlərimizin ruhu oralara dönməz . Sonra da vaxt tapıb həyətimizə, evimizə dəyəcəm… Yadımdadır Zəngilan işğal olunan gün başımı Nazirlər Kabinetinin divarlarına söykəyib hıçqırtılarla ağlamışdım… İşğaldan azad olunanda isə başımı Mincivanin nəm, kirli, parça-parça olmuş daşlarına söykəyib qələbənin gətirdiyi göz yaşlarını görəcəm…

 

 

Sevda Qurbanqızı
“KarabakhİNFO.com”

 

 

29.10.2014 15:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*