Azərbaycanca

Tətil təəssüratı

01.08.2012 | 16:37

1352300087_sohrabSöhrab İsmayılov

 

 

Tətil  təəssüratı

 

 Universitetdə oxuduğum illərdə II kursun  yay  tətilində (2010-cu ildə) istehsalat təcrübəsi keçmək üçün müxtəlif təşkilatlara göndərilən  tələbə həmkarlarım kimi mən də eyni məqsədlə Bakı  Biznes Tədris Mərkəzinə göndərildim. İstehsalat  təcrübəsi vaxtından 2 həftə gec başladığı üçün  təcrübə müddəti avqustun əvvəlinədək uzandı. Bu vaxtdan daha səmərəli istifadə etmək məqsədilə paytaxtla daha yaxından tanış  olmaq  istədim. Əlimdə olan imkandan bacardığım qədər yararlandım və diqqətimi çəkən məqamlarla rastlaşdım. “Vaxtı keçmiş yazıdır” deyə düşünə bilərsiniz. Bəlkə də haqlısınız. Lakin  həmin məqamlarla  yenə də demək olar ki, hər gün rastlaşdığım üçün sizin də diqqətinizi çəkəcəyini bilərək  onları nəzərinizə çatdırmaq istəyirəm.

Yay fəslində və payızın əvvəlində insanlar istilərə tab gətirə bilmir  və  havaya uyğun paltarlar geyinirlər. Həmişə yolla gedərkən yanımdan ötən insanların, xüsusən də həmyaşıdlarımın bir çoxunun geyindikləri paltarların üzərindəki yazılara fikir verirəm. Əksəriyyəti Qərbdə meydana gələn və hər  şeyə laqeyd olmağı , əxlaqsızlığı, pozğun həyat  tərzini təlqin edən bir çox cərəyanların təzahür forması olan belə yazıları oxuyuram. Bunların içində ən çox rast gəldiklərimdən, eşitdiklərimdən yaddımda qalanların bir neçəsini sizə bildirirəm : “ Yes girlfriend, no problem”,  “ No girlfriend, no problem” , “ Sex  teacher. First lesson is free”, “ Love sexy girls”, “ Wanted a man”, “ Sweet girl” və s.

       Ən acınacaqlısı isə odur  ki, belə paltarları geyinənlərin böyük qismi bunu bilərəkdən edirlər və hərəkətlərindən, başqalarının diqqətini özlərinə cəlb etməkdən əxlaqsız insanlara xas olan  zövqü alırlar.

Boş vaxtlarımda bulvara dənizin səsinə qulaq asmağa gedirəm. Gah dənizin üstünə salınmış yolda (dəqiq adını bilmədiyim üçün “yol” adlandırıram) gəzir, gah da bir kənara çəkilib dənizə baxıram. Yan-yörəmdə olan həmyaşıdlarıma – “gənc aşiqlərə” də diqqət yetirməyi unutmuram. Məhəbbətin nə olduğunu bilməyən, amma dəqiqəbaşı “ sevirəm” kəlməsini işlədən, onun mənəvi tərəflərindən daha çox  fiziki tərəflərinə meyl edən, hər fürsətdə özlərini ehtiraslarının  ağuşuna atmaq üçün bir künc axtaran, bunu edərkən qoca, cavan, uşaq, qadın saymayan belələrinə baxdıqca  bir az aralıda- Dağüstü parkda uyuyan şəhidlərlə nümayəndəsi olduğum gəncliyimizin bu  hissəsi arasında olan uçurumu görürəm. Uçurum getdikcə dərinləşir, daha təhlükəli bir vəziyyət alır. Yaşı 20-25-i ötməyən və əli yaşından çox oğlanın əlinə dəyən qızlarda gələcəkdə Azərbaycan üçün əsgər böyüdəcək ana  simasını, nə də ki,  o qızların əlini tutan oğlanlarda  Qarabağ  qazisi, şəhidi simasını görə bilirəm. Belələrini yalnız  Hollandiyada öz istəklərilə alınıb-satılanlarla müqayisə edirəm.Dəfələrlə bəzi oğlanlarımızın erməni qızlarının havasına uçduğunu onların öz dillərindən eşitdiyimi və bir  dostumun  mənə bəzi « Azərbaycan  “ qızları” nın  çatda erməni “dığa” ları ilə  yazışdığını»- dediyini xatırlayıram. “Görəsən həmin qızların valideynlərinin, bacı-qardaşlarının, yaxınlarının başına gözləri görə-görə ermənilər tərəfindən başqalarına
edildiyi kimi min bir oyun açılsaydı, bundan sonra onlar heç nə olmamış kimi minlərlə şəhidin qanı üstündən yenə eyni hərəkəti təkrarlaya bilərdilərmi?”; “Görəsən həmin qızlar fikirləşmirlər ki, müharibə gedən zaman əsir düşən yüzlərlə Azərbaycan qadınlarına təcavüz edən və adlarını, soyadlarını təcavüz edəndən sonra xatirə kimi onların  bədənlərinə döydürən erməni zabitləri, əsgərləri onların yazışdığı kimsələrin əmisi, dayısı, qardaşı və ya atası ola bilər?”;  ( Gördüyünüz rəsm Şuşada bir Azərbaycan əsgərinin şahidi olduğu hadisə əsasında çəkilib. Şəkildə ermənilərə əsir düşən azərbaycanlı qadın təsvir olunub. Rəsmin müəllifi rəssam Vaqif Ucataydır) “Görəsən erməni qızlarının havasına uçan oğlanlarımız düşünmürlər ki, əgər biz də onların etdiyi kimi etsək, onda bizim erməni ilə nə fərqimiz var?” – deyə özümə suallar verirəm. Elə bu an dalğaların üstündə Çingizlə  Salatın  peyda olur. Çingiz bir tərəfimdə, Salatın da bir  tərəfimdə oturur. İkisi də ağlayır. Ağladıqca düşmən tərəfindən açılan, hələ də qaysaq bağlamayan yaralarından gələn qan şiddətlənir , axıb dənizə tökülür. Soruşuram Çingizdən, Salatından gəlişlərinin səbəbini. Heç nə demirlər, sualıma barmaqları ilə qarşımızda canlanan acı mənzərəni göstərməklə cavab verirlər. Bir az gözləyirlər, səbr edirlər “ bəlkə düzələr” deyə. Amma  “bəlkə” lər onları yeyib bitirir. Axırda səbr  kasaları dolur. İkisi də bağırır, qışqırır, millətinin gənclərinin göz  görə-görə uçuruma düşməsini istəmirlər. Onlar uçurumun qarşısında sədd  kimi qol-qola dayanıb gənclərə səslənirlər. “Oyan , oyan” deyirlər. “Bəsdir bu qədər unutqan olduğun, kimliyini unutduğun. Sən Braziliya, Meksika seriallarında təsvir edilən, paltar  dəyişən kimi həftədə, ayda bir dəfə həyat yoldaşı dəyişən hansısa aktyor, aktrisa deyilsən. Sən  “kalqotka” geyinən hansısa bir Avropa generalının yox, Cavad xanın, vətənin dar günündə ərinin qılıncına qurşanan, ərinə yas tutmaq yerinə xalqının düşməni alçaq  Sisianova  qılınc  zərbəsi  endirən  Bəyim xanımın nəvəsisən ! Sənin neçə qız-gəlinin hələ düşmən əlindədir.  Sən  torpağının  20 %-i düşmən əlində olan, əhalisinin  bir  milyonu qaçqın vəziyyətinə düşən, minlərlə vətəndaşı əsir həyatı yaşayan  Azərbaycanın  oğlu, qızısan !”

Çingizlə, Salatın bunları dedikcə, onlardan axan qan şiddətlənməkdə davam edir, dənizin suyuna qarışır. Şəhidlərimizin qanı dənizə axdıqca dalğalar gözümdə getdikcə böyüyür, səmanı qara buludlar  tamam örtür, məni bu dəhşətli mənzərədən vahimə bürüyür, bədənimin qorxudan titrədiyini hiss edirəm . Dalğalar gözümdə qarşısında nə varsa hamısını udmağa hazırlaşan bədheybətə çevrilir. Allahın əzabına düçar olan, Vezuvi vulkanın lavaları altında qalan Pompeya şəhəri,  həmin dəhşətli hadisə baş verən zaman  sözügedən vulkanın püskürməsini öyrənmək üçün ona həddindən artıq yaxınlaşan bədbəxt  Plini yadıma düşür və oradan tez uzaqlaşıram.

 

Söhrab İsmayılov

                                                                                           

 

01.08.2012 16:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*