Azərbaycanca

Tanrının möcüzəsi adlandırılan Kəlbəcər

02.04.2014 | 15:45

1396439127_267392_222835964413743_8203537_nƏslən kəlbəcərli olan “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibə verdi. Aqil Camal müsahibəsində Kəlbəcərdə yaşadığı günlər barədə xatirələrini danışdı:

– Aqil bəy, Kəlbəcərin işğal günü yaxınlaşır. O günü necə xatırlayırsınız?

 

Kəlbəcərdən 1993-cü il aprelin 1-də çıxdıq. O zaman 17 yaşım vardı. İşğal ərəfəsində artıq Kəlbəcərdə tədris sistemi pozulmuşdu. Bizim evimiz aeroporta yaxın olduğu üçün günümüz orada keçirdi. Həmin vaxtlar Kəlbəcər müasirədə olduğu üçün lazım olan zəruri şeylər vertolyotla gətirilirdi. Əsasən, silah-sursat, dava-dərman… Elə məni də aeroportdan çağırdılar ki, artıq gedirik. Həmin vaxt artıq şəhər “Qrad” atəşinə tutulmuşdu. Şəhərdə kimlərinsə evinə “Qrad” mərmisi düşdüyü haqda xəbərlər gəlirdi. Belə bir şəraitdə evimizi, elimizi tərk etmək məcburiyyətində qaldıq.

 

Kəlbəcərdəki bulaqlar möcüzə idi

 

– Uşaqlığınız bu torpaqda keçibDoğma torpaqdan uzaq düşmək sizə necə təsir bağışlayır?

 

Ömrümün cəmi 17 ilini orada yaşamışam. Ən şirin, ən mənalı xatirələrim də Kəlbəcərlə bağlıdır. Demək olar ki, həftədə bir neçə dəfə Kəlbəcəri, oradakı tanıdıqlarımı yuxumda görürəm.  Hər bir insan üçün onun doğulduğu yer, yaşadığı mühit daha əzizdir. Amma Tərtər çayı boyu Kəlbəcəri başdan-başa gəzmiş hər kəs Kəlbəcəri həmişə Tanrının möcüzəsi adlandırıb. Azərbaycanın hər bölgəsində buz bulaqlar var. Amma Kəlbəcərdəki bulaqlar doğrudan möcüzə idi. Yerdən isti su qaynayırdı. Bəlkə də o suyu görməyənlərə deyəndə, onlara qəribə gəlir ki, yerin altından necə qaynar su çıxa bilər? “Turşsu” deyilən qazlı su qaynayırdı yerdən. Onu içəndə gözləmək lazım idi ki, qazı çəkilsin. Çünki, adamın burnunu, boğazını göynədərdi. Bu gün kəlbəcərlilər Azərbaycanın dörd bir yanına səpələniblər. Bu gün kəlbəcərli olmaq formal xarakter daşıyır. Sadəcə şəxsiyyət vəsiqələrində kəlbəcərli olduqları yazılır.

 

Tanrının möcüzəsi adlandırılan Kəlbəcər– Sizə Kəlbəcərə bir günlük getmək üçün icazə verilsəydi, ilk olaraq hansı ərazini ziyarət edərdiniz?

 

Bir günlük icazə o deməkdir ki, işğalda olan Kəlbəcərə getməliyəm. Amma mən Kəlbəcəri də, bütün Qarabağ torpaqlarını da azad görmək istəyirəm. Ona görə də, xüsusi olaraq, hansısa yeri ziyarət etmək haqda düşünməmişəm. Qəti əminəm ki, israrlı mübarizəmiz və bu mübarizəmizi dünyada gedən proseslərlə çuğlaşdırmağımız bizi yenidən o torpaqların sahibinə çevirə biləcək, O zaman yurdumuzun hər bir yerini ziyarət edəcəyik, orada yenidən məskən salacağıq.

 

 

“Müharibə uşağı”

 

– Aqil bəy,  Kəlbəcər işğal olunan zaman siz gənc olmanıza baxmayaraq, döyüşdə iştirak etmisiniz. Acı da olsa xatirələrinizi bizimlə bölüşə bilərsiniz?

 

 

Qeyd etdiyim kimi onda 17 yaşım vardı. Hələ ondan bir il əvvəl Xocalı soyqırımından sonra sinif yoldaşlarımızla birlikdə rayondakı özünümüdafiə batalyonuna yazılı müraciət etdik ki, bizi hərbi xidmətə götürsünlər. Ancaq 10-cu sinifdə oxuyurduq deyə götürmədilər. Bizim ailəmizdən atam müharibədə idi. Bir müddət də o vaxt həmin ərazilərdə silahlı qüvvələrə başçılıq etmiş, uğurlu əməliyyatlar keçirmiş Zaur Rzayevin sürücüsü oldu. Hətta 1992-ci ilin yayında Ağdərə yolunda atam Zaur Rzayevlə birlikdə avtomobil qəzasına  düşmüşdü. Qarşıdan sürətlə gələn tankla toqquşmuşdular… Biz yuxarı sinif şagirdləri döyüşə gedə bilməsək də, hansısa bir işə yaramaq istəyirdik. Vertolyotlardan mərmiləri, silah-sursatı boşaldıb hərbi maşınlara yığırdıq. Vertolyotlar geriyə boş qayıtmırdı. Azərbaycanın dörd bir tərəfindən gələrək Kəlbəcərdə döyüşüb şəhid olanların tabutlarını vertolyotlara yükləyirdik. Tabutların üzərində qələmlə şəhidin adı-soyadı, aparılacağı ünvan yazılırdı… “Müharibə uşağı” deyilən bir məhfum var. Gözümüz o qədər öyrəşmişdi ki, belə mənzərələr bizə adi gəlirdi. Ancaq indi düşünəndə nə qədər dəhşətli bir mənzərə olduğunun fərqinə varırsan. O vaxt uşaqların oyuncağı da silah-sursat idi. Məktəbə gedəndə də ciblərimizi avtomat güllələri ilə doldurardıq, kəmərimizdən əsgər bıçağı asardıq.

 

 

 

 

Günel Cəlil

“KarabakhİNFO.com”

02.04.2014 15:45

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*