Azərbaycanca

Tariximizin İrəvan güzəşti

30.01.2014 | 16:27

1391084640_defaultErmənistanın özünə paytaxt etdiyi İrəvanın Azərbaycan torpağı olmasına hər şeydən əvvəl tarixin şahidliyi var. Bunu tarixi sənədlər də açıq-aydın təsdiq edir.

 

Bundan gözü doymayan ermənilər ardınca Zəngəzura, daha sonra da Dağlıq Qarabağa göz dikərək, öz mənfur istəklərinə çatıblar. Əslində dünya birliyi ermənilərin torpaq acgözlüyünü diqqətə almalı və tarixi kimliyi olmayan bu xalqdan soruşmalıdır ki, daha nə istəyirlər?… Qeyd etdiyimiz kimi İrəvanın tarixi Azərbaycan şəhəri olduğunu sübut edən yüzlərlə sənəd var. Bu torpaqların ermənilərə güzəşt edildiyi zaman, bəlkə də Azərbaycanda geopolitik durumun ən gərgin, həsas olduğu günlər olub. O zaman nəinki İrəvan, hətta rus-erməni birləşmələrinin işğal etdiyi Bakı, bu birləşmələrin hücuma hazırlaşdığı Gəncə ölüm-qalım təhlükəsini yaşayırdı. Elə belə bir situasiyanı analiz edə bilməyənlər, bəzən Azərbaycan Xalq Cümhuriyyətini və ya Məhəmməd Əmin Rəsulzadəni İrəvanı ermənilərə verməkdə haqsız olaraq günahlandırırlar. Erməni-rus birləşmələrinin Azərbaycanın müxtəlif bölgələrində törətdiyi qırğınlar, eləcə də onların yaratdıqları siyasi gərginlik fonunda İrəvanın ermənilərə verildiyi yox, ermənilərin İrəvanı məcburi aldığı görünür. Yəni AXC yaradıcıları seçim qarşısında qalıblar. Belə demək olarsa, İrəvanı ermənilərə güzəştə getməklə bütöv Azərbaycanı xilas ediblər. Hər halda bu məsələnin dərinliyinə tarixçilərin arqumentləri ilə getməyimiz daha məqsədəuyğun olardı. Onların polemikasında kimin haqlı, kimin haqsız olduğunu daha aydın görəcəyik.

 

Tariximizin İrəvan güzəştiBakı Dövlət Universitetinin kafedra müdiri, tarix elmləri doktoru professor Anar İsgəndərov e-jurnalımıza açıqlamasında, bu məsələdə M.Ə.Rəsulzadəni günahlandıranlara Allahdan qorxmalarını məsləhət bildi: “M.Ə.Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri seçilib. O, həmin vaxt Batumidə danışıqlar aparırdı. Bu danışıqlar da iyun ayının 7-ə qədər davam edib.

 

Azərbaycanın da taleyi orada həll olunurdu. İndi necə onu günahlandıra bilərlər? Bu adam Tiflisdə olmayıbsa, mayın 29-da Milli Şuranın ikinci iclasında necə deyə bilərdi ki, İrəvan verilsin”.

 

Onun sözlərinə görə, İrəvanın verilməsi məsələsi  bu cür düşüncəli insanların fikirləşdiyi kimi deyil: “Mayın 29-da bu məsələ elə-belə əl çalmaqla qəbul olunmayıb. Böyük mübahisələrdən sonra qəbul olunub. Nə qədər ağrılı olsa da, amma başqa yol olmayıb. Eyni zamanda erməni tərəfi də üzərinə öhdəlik götürüb ki, Qarabağ və Zəngəzurla bağlı iddilarından əl çəkir. Həm də bir fikir var idi ki, Azərbaycan və Ermənistan konfederasiya şəklində birləşir. Yəni dost olacaqdılar. Əgər doğurdan da İrəvanı vermək lazım deyildisə, indi Dağlıq Qarabağı niyə ala bilmirik? Onda ictimai-siyasi vəziyyət bundan da dəhşət idi. Həmin zaman 25 min erməni ordusu İrəvanın ətrafında idi. Azərbaycanın ordusu buna baxanda çox az idi”.

 

A.İsgəndərovun fikrincə, o zaman Qafqazın taleyini Osmanlı İmperiyası həll edirdi: “Dövlətin dövlətə məhəbbəti yox, marağı olur. Osmanlı dövləti bizi nə qədər çox istəsə də özünün marağı var idi. Allahın xoşbəxtliyi onda idi ki, bizim maraqlarımızla Osmanlının maraqları üst-üstə düşürdü. Osmanlı dövləti də uzun illər idi ki, Ermənistan dövlətinin ondan kənarda qurulmasının yolunu fikirləşirdi. Onun üçün əla vəziyyət yarandı. Təbii ki, Qafqazın hökmünü Osmanlı dövləti verirdi deyə, qərarı da o verdi ki, Tiflis gürcülərin, Gəncə Azərbaycanın müvəqqəti paytaxtı, Ermənistanın da paytaxtı İrəvan olsun. Bununla bağlı yüzlərlə sənəd var.  Budur həqiqət. Bu faktı Türkiyə tarixçilərinin hər biri bilə-bilə, Azərbaycanda niyə bunu Milli Şuranın üzərinə yıxırlar”.

 

Professor İrəvanın ermənilərə verilməsində Rusiya amilinin rolunun olmadığını bildiridi: “O zaman Rusiya yox idi. Rusiya can verirdi. Həmin zamanlar Rusiyanın özündə vətəndaş müharibəsi gözlənilirdi”.

 

“Biz İrəvan məsələsində gücsüz olmuşuq”

 

Tariximizin İrəvan güzəştiMəhəmməd Əmin Rəsulzadə Mərkəzinin sədri, tarixçi-alim Nəsiman Yaqublu da bizimlə söhbətində İrəvanın verilməsi ilə bağlı tarixi həqiqətlərə aydınlıq gətirdi: “Ermənilər İrəvanı 1918-ci il mayın 28-də özlərinin paytaxtı elan edəndə bu, onların 12-ci paytaxtı idi. İrəvanın o vaxtkı ərazisi 300 kv. km, Bakının ərazisi isə təxminən 2130 kv.km idi.  İrəvanla Bakı mübahisəli məsələyə çevrilmişdi. Təbii ki, Bakı bizim üçün daha önəmli idi. Hələ 1894-cü ildə erməni məsələsi qlobal məsələ kimi qoyulmuşdu. Bizim ərazilərimizdə böyük dövlət qurmaq, dənizdən-dənizə Ermənistan qurmaq ideyaları var idi. Bunların hamısı bir yerdə erməni məsələsi adlanırdı. Həmin məsələni 1894-cü ildə ABŞ Senatının iclasında gündəliyə saldılar. Demək istəyirəm ki, bəzən qarşı tərəfin gücünü dəyərləndirə bilmirik. Ermənilər 1885-ci ildə ilk partiyalarını – Armenekanı yaradanda hələ bizdə bir dənə siyasi təşkilat yox idi. Biz 1906-cı ildə “Difai”ni yaradana qədər ermənilər üç partiya yaratmışdılar. Həmin partiyaların da dünyanın əksər yerlərində şöbələri var idi. Yəni bizim İrəvan məsələsində uduzmağımızın səbəbi 1918-ci ilə bağlı deyil. Bunun daha dərin səbəbləri var”.

 

N.Yaqublu bildirdi ki, 1918-ci ildə İrəvanda 12 min erməni silahlı qüvvəsi oranı özlərinə paytaxt elan etmişdilər: “Bakı ermənilərin və bolşeviklərin əlində idi. Bakı və digər bölgələrimiz uğrunda qanlı döyüşlər gedirdi. Nuru Paşanın komandanlığı ilə türk əsgərləri bizə kömək edirdilər. Azərbaycanın gücü çox az idi. O güc Bakını və Gəncəni, digər bölgələrimizi xilas etməyə ancaq yetirdi. Milli Şuranın mayın 29-da keçirilən iclasında İrəvanın ermənilərdə qalması məsələsi müzakirə edilib və səsvermə olub. 20 nəfər lehinə, 16 nəfər əleyhinə səs verib. M.Ə. Rəsulzadə həmin iclasda iştirak etməyib. Fətəli Xan Xoyski deyirdi ki, qaçılmaz bəlaya düşmüşük, danışıqlarda bizə dəstək verən yeganə dövlət Türkiyədir. Türkiyənin özü o zaman pis durumda idi. 8 yerə parçalanmaq üzrə olan Türkiyənin həm Bakını, həm də İrəvanı müdafiə edib azad etmək qüdrəti yox idi. Reallıq bundan ibarətdir ki, biz İrəvan məsələsində gücsüz olmuşuq və İrəvanı müdafiə edib saxlaya bilməmişik. 23 ildir 17 400 kv. km-lik ərazidən hələ bir metr ərazini azad edə bilməmişiksə, 23 aylıq Cümhuriyyəti 300 kv. km əraziyə görə ittiham etməyə haqqımız yoxdur”.

 

“AXC istəməyərək bu əraziləri güzəştə gedib”

 

Tariximizin İrəvan güzəşti“Milli Düşüncə İnstitutu” İctimai Birliyinin sədri, gənc tarixçi Tariyel Faziloğlu isə düşünür ki, bu məsələnin həqiqi səbəbi tamam başqadır: “1918-ci ildə Azərbaycan İstiqlal bəyannaməsini elan etdikdən sonra Türkiyə, Almaniya və İngiltərə bir günlük hökumətə İrəvanın Ermənistana verilməsi üçün təzyiq edirdilər. Bunda isə onların hər birinin özünəməxsus maraqları var idi. Bilirsiniz ki, o zaman Ermənistan Osmanlı İmperiyasının 6 vilayətinə də iddia edirdi. Osmanlı İmperiyası düşündürdü ki, Qafqazda yeni Ermənistan dövləti qurularsa, ermənilər onlara olan iddiasından əl çəkər. Almaniya da düşünürdü ki, əgər Ermənistanın yaradılmasında bilavasitə iştirak edərsə, ümumiyyətlə, Qafqazı öz tərəfində saxlamış olar. İngiltərə də öz müttəfiqləri olan Rusiya və Osmanlı arasında koloniya yaradılmasında maraqlı idi. Yəni hər üçünün maraqları üst-üstə düşdüyündən Azərbaycana etdikləri bu təzyiq nəticəsində həmin sənədi Fətəli Xan Xoyski imzaladı”.

 

Gənc tarixçi AXC-nin istəməyərək bu əraziləri güzəştə getdiyini vurğuladı: “Milli Şura buna getməyə məcbur idi. Çünki məqsəd həm də AXC-nin müstəqilliyinin başqa dövlətlər tərəfindən tanınmasını təmin etmək idi. Onlar bu addımı atmaqla dövrü üçün ən mütərəqqi gedişi etdilər”.

 

İrəvanın Ermənistana verilməsi ilə bağlı müqavilənin 99 illik bağlandığını xatırladan   T.Faziloğlu sonradan bu məsələnin daimi ört-basdır edildiyini bildirdi: “Ermənistan SSR-nin təsbiti zamanı 99 illik idarə müqaviləsinin əsli məhv edilib. Amma bu sənədin bir neçə əsas nüsxəsinin surəti  Dövlət Tarix Arxivində saxlanılır”.

 

 

 

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

 

30.01.2014 16:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*