Azərbaycanca

“Terror erməni millətinin, dövlətinin mayasındadır”

02.11.2012 | 11:08

1351840105_qafarQafar Çaxmaqlı: “Terrorun qarşısını almaq üçün onun öz dilində danışmaq lazımdır”

 

Ötən əsrin 70-ci illərində törətdiyi terror aktları ilə tarixə düşən ASALA erməni terror təşkilatı haqqında uzun zamandır heç bir məlumat olmasa da, bu il təşkilat Azərbaycana hədələri ilə gündəmə gəldi. Erməni Araşdırmalar Mərkəzinin rəhbəri, hazırda Türkiyənin Ərciyəz Universitetində erməni dili və ədəbiyyatı bölümünə rəhbərlik edən Qafar Çaxmaqlı “Paritet”ə müsahibəsində bildirib ki, Azərbaycan diplomatlarına hədə məktubu göndərən ASALA bu gün mövcud olmadığı üçün, əslində Ermənistan bu təşkilatın adından istifadə edib.

 

-ASALA bütün dünya tərəfindən terror təşkilatı kimi tanınıb. Amma bu təşkilat 80-ci illərdə öz fəaliyyətini dayandırdığını elan etdi. Yəni, bu cür qəbul etmək lazımdır ki, dünyada ASALA adlı bir təşkilat fəaliyyət göstərmir. Onun nə strukturu, nə Ermənistanda, yaxud da digər ölkələrdə hansısa gizli fəaliyyəti və ya ofisləri yoxdur. ASALA-nın yerinə isə, digər erməni terror təşkilatları var və indi də fəaliyyət göstərirlər. ASALA-nın yerinə erməni dilində “Nor ASALA”, yəni “Yeni ASALA” deyilən bir təşkilat fəaliyyət göstərir ki, bu təşkilatın hətta internet saytı da fəaliyyət göstərirdi. Lakin son vaxtlar həmin sayt da bağlanıb.

Azərbaycan ictimaiyyətini, diplomatlarını, dövlət adamlarını ASALA adından hədələmək bir fiksiyadır, erməni bicliyidir.   Erməni terroru deyəndə insanlar ilk növbədə ASALA-nı yada salırlar. O üzdən də, insanlarda qorxu yaratmaq üçün ASALA adından istifadə edirlər. Şübhə etmirəm ki, Azərbaycan səfirliklərinə göndərilən məktub da erməni dövlətinin bir işidir. Mən erməni dövlətinin özünü bir terrorçu dövlət hesab edirəm, bu, təkcə mənim fikrim deyil. Dünyanın məşhur ermənişünasları Ermənistan dövlətini terrorçu dövlət kimi qəbul ediblər və bunu elə də adlandırıblar. Castinq Makkartin Ermənistanla bağlı məşhur kitabını “Erməni terrorçu xristian dövləti” adlandırıb. Bu kitab Azrərbaycanda və dünyanın müxtəlif yerlərində çeşidli dillərdə çap olunub. Yəni, təkcə hansısa xırda bir məktub və ya hədə deyil, Ermənistan dövlətinin Azərbaycana qarşı işğalçı siyasətinin mahiyyətində terror dayanır. Erməni terrorçularının milli qəhrəman elan edilməsi də bunun göstəricisidir. Misal üçün, Monte Melkonyan Parisdə Orli hava limanını partlatdı, digər yerlərdə terror aktları törətdi, ardınca da Qarabağda azərbaycanlıları qətlə yetirdi. Öldürüləndən sonra Ermənistanın milli qəhrəmanı elan edilərək, adına küçələr, hərbi hissələr verildi. Halbuki bu adam dünyada Üsəma Bin Laden kimi qəbul edilən terrorçudur. Ermənilərsə onu özlərinin milli qəhrəmanı hesab edirlər. Terrorçunu qəhrəman hesab edən millət bədbəxt millətdir. Belə çıxır ki, ermənilərin normal insanı yoxdur ki, onlar terrorçuları qəhrəman elan edirlər.

 

– Erməni terroru nə vaxt yaradılıb və əsas vasitələri nədən ibarətdir?

 

– Erməni terror təşkilatları dünyanın müxtəlif yerlərində məskunlaşaraq, terrorun metodlarını mənimsəyiblər. Topladıqları terror təcrübəsi də müxtəlif vasitələr və metodlarla həyata keçirilir ki, ötən əsrin 70-ci illərində bunun şahidi olmuşuq. Həmin terror aktları bir-birinə bənzəmirdi. Belə ki, türk diplomatlarının birini tapança ilə, birini bombalayaraq, digərini başqa üsullarla qətlə yetiriblər. Ermənilər bu təcrübəni keçiriblər. Mən bir az da qabağa getmək istəyirəm.

1915-ci ildə ermənilər Şərqi Anadoludan Osmanlı dövlətinin başqa ərazilərinə köçürüldü. Bu köçürülmədən sonra, ermənilər hesab etdilər ki, guya onlara qarşı terror, soyqırımı olub və təşkilatlanmağa başladılar. Həmin dövrdə “Nemesis” deyilən proqram qəbul etdilər ki, onun da üzvləri müxtəlif ölkələrdə yaşayan ermənilər idi. Qarşıya belə bir məqsəd qoymuşdular ki, erməniləri Şərqi Anadoludan köçürən şəxsləri bir-bir öldürməlidirlər ki, bunun da yeganə yolu terror idi. Sonradan Azərbaycanın daxili işlər naziri Behbud bəy Cavanşirin Gəncədə, Osmanlı generallarından Tələt paşanın Berlində, Camal paşanın Tiflisdə, digər Osmanlı xadimlərinin isə müxtəlif ölkələrdə qətlə yetirilməsi bunu deməyə əsas verir ki, ermənilər terrorçuluğa həmin dövrlərdən başlayıb.Erməni terroru bir də 70-ci illərdə özünü göstərməyə başladı. Lakin təkcə məqsəd insanı fiziki cəhətdən yox etmək deyil, eyni zamanda, terror aktları ilə dünyanın diqqətini cəlb etmək idi. Belə ki, 1965-ci ildə ermənilər qondarma  erməni soyqırımının 50 illiyini keçirdilər və 1915-ci ildə guya soyqırımına məruz qalmalarını dünyaya tanıtdırmaq məqsədini qarşıya qoydular. Türk diplomatlarına qarşı törədilən terror aktlarının məqsədi də dünyanın diqqətini cəlb etmək idi.

Yəni, erməni terrorunun metodları, üsulları fərqli olsa da, bunların hamısı dünyada olan digər terrordan mənimsənilib. Misal üçün, PKK terroru ilə erməni terrorunun bənzərliyi mövcuddur. Hətta PKK-nın içində olan terrorçuların bir çoxu erməni millətindəndir. Yəni, erməni milləti ilə terror bir aradadır. Mən armenizmin yaranması, formalaşması və siyasi təşkilatlara çevrilməsi ilə bağlı məqaləmdə bunlar haqqında yazmışam. Tarixə diqqət yetirsək göstərir ki, ermənilərin ilk siyasi təşkilatları olan “Hnçax”, “Daşnaksütyun”, “Aremnikyan” təşkilatlarının proqramlarında  məqsədə nail olmaq üçün terror əsas vasitələrdən biri kimi qeyd edilir. Bu mənada terror erməni millətinin, dövlətinin mayasındadır. Onlar terrorun bütün üsullarını, həm Şərq, həm Qərb, həm Amerika, həm də digər yerlərin terrorunu mənimsəyiblər və bunu bacarırlar. Azərbaycanı hədələməklərinə gəlincə, hesab edirəm ki, Azərbaycan dövləti, Azərbaycanın ortaya qoyduğu siyasi iradə o qədər də zəif deyil ki, erməni terroru bunu susdursun və yaxud geri çəkilməyə vadar etsin.

 

– Sizcə, nə üçün Ermənistan dövləti çətin anlarda terrordan, şantajdan istifadə edir?

 

– Bu ilk növbədə Ermənistanın işğalçı dövlət olmasından irəli gəlir. Başqasının torpağını işğal edib, fəlakətlər törədib, milyardlarla zərər vurub. Biz heç bir şey etmədiyimiz halda, Ermənistan təcavüz edib, torpaqlarımızı işğal edərək, bizə zərər vurub, malımız-mülkümüz dağılıb. Misal üçün, bir insan oğrudursa, oğurluqdan söhbət gedəndə istər-istəməz narahat olur. Ermənistan da belədir. Bir balaca mövqeyini bərkidən kimi özünü haqlı çıxarmaq üçün cəhdlər edir.  Ermənistan nə üçün şəbəkəli təbliğat maşını qurub. Çünki günahkardır. Bir hadisə olan kimi erməni diasporu dərhal dünyanın müxtəlif yerlərində qabaqlayıcı tədbirlər həyata keçirir. Xocalı faciəsində də belə oldu. Azərbaycanlılara qarşı soyqırımı aktları həyata keçirdilər, lakin şəkillərini çəkərək dünya ictimaiyyətinə göstərərək, öldürülənlərin erməni milləti olduğunu inandırmağa çalışdılar.  Ermənistanın özünü bir dövlət kimi dünyada tanıtmaq problemi var. Bu mənada, onlar terrordan özünütəsdiq kimi istifadə edirlər və daim özlərini əzilən tərəf kimi qələmə verirlər. Azərbaycanlıları qətlə yetirəndə də erməni siyasətində bu üsul əsas xətt kimi keçirdi, bu günün özündə də belədir. Həm də xristianlıq faktoru var ki, bundan da geniş istifadə edirlər. Misal üçün, erməni millətçisi Silva Kaputyan deyir: “Biz müsəlmanların arasında qalmışıq, boğuluruq”.

 

–  Bəs, erməni terrorunun qarşısını necə almaq olar, hansı addımları atmaq lazımdır?

 

– Əvvəlcə ASALA-nın fəaliyyətini dayandırması səbəblərinə nəzər salaq. Həmin dövrlər ASALA ilə mübarizədə Türkiyədə müxtəlif üsullar təklif edilirdi. Lakin millətçilər belə bir təkliflə çıxış etdilər ki, terrora terrorla cavab verilməlidir. Əgər bir türk öldürüləcəksə, əvəzində beş erməni məhv ediləcək.  Məhz bu cür mübarizə metodu ASALA-nı qorxuya saldı və fəaliyyətini dayandırdı. Çünki qarşısında daha güclü, ona daha böyük zərbə vura biləcək gücün olduğunu gördü.

Azərbaycanda da bəzi şəxslər elan etdilər ki, ermənilərin bu hərəkətlərinə qarşı adekvat tədbir görüləcək. Yəni, bir azərbaycanlı öldürüləcəksə, iki erməni məhv ediləcək. Ermənilər də dünyanın müxtəlif yerlərində yaşayırlar və o qədər də təhlükəsiz deyillər. Ermənilər azərbaycanlılara qarşı müəyyən hərəkətlər edəcəksə, bizim də adekvat cavab verməyə imkanlarımız olmalıdır. Ötən əsrin əvvəllərində azərbaycanlılar “Difai” təşkilatı yaradaraq erməni terroruna qarşı mübarizə aparıblar. Terrorun qarşısını almaq üçün onun öz dilində danışmaq lazımdır.   Bununla yanaşı, terrora məruz qalan, torpaqları işğal edilən, hədələnən də Azərbaycandır. Buna cavab verməyə bizim haqqımız çatır. Bizim müharibə ədalətlidir. Sabah Azərbaycan torpaqlarını azad etmək üçün müharibəyə başlasa, atdığımız addımlar ədalətli olacaq. Biz sülh istəyirik, lakin torpaqlarımızı da istəyirik. Azərbaycan Prezidenti də dəfələrlə bildirib ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Belə bir dövlətin yaradılması həm də terrorun sayının artmasına səbəb ola bilər.

 

– Dünyada terror dedikdə daha çox müsəlmanlar yada salınır. Sizcə, dünya erməni terrorunu görmür?

 

– Dünyada ikili standartların olduğu, dinlərə, yaxud millətlərə görə fərqlərin qoyulduğu ilə razıyam. Lakin biz günahın bir hissəsini özümüzdə axtarmalıyıq. Son dövrlər Azərbaycanda ermənilərə qarşı təbliğat işi xeyli gücləndirilib və bir sıra nəticələr də var. Lakin bu, sistemli  deyil. Kim yaxşı qışqırırsa, bəlağətli danışırsa, onun ağıllı olduğunu hesab edirik və Avropada bizi təmsil etməsini istəyirik. Bunun da heç bir effekti olmur, bəzən də əks effekt verir. Bəzən deyirik ki, erməni diasporunun yüzillik tarixi var, ona görə də güclüdürlər. İşləmək lazımdır. Xüsusilə, Türkiyə ilə birgə bu məsələdə daha çox nəticə əldə edə bilərik.

Misal üçün, Ermənistanda 20-dən artıq araşdırma mərkəzi fəaliyyət göstərir ki, onların da əksəriyyəti Azərbaycan və Türkiyə ilə bağlıdır. Daha, başqa ölkələri, tutalım Çexiyanı araşdırmırlar. Onlar Azərbaycan və Türkiyəni araşdıraraq, erməni tarixini daha qədim dövrlərə aparmaq məqsədinə xidmət edirlər. Azərbaycanda isə, demək olar ki, bu cür araşdırma mərkəzləri yoxdur. Bununla bağlı dövlət qurumu olsa da, təyinatı fərqlidir. Bir sıra ictimai təşkilatların isə, peşəkarlığı o səviyyədə deyil ki, ortaya əsaslı surətdə araşdırma qoya bilsinlər. Türkiyədə son dövrlər bu məsələlərə diqqət artırılıb. Hazırda mən də Türkiyədə araşdırma mərkəzlərinin biri ilə əməkdaşlıq edirəm. Orada erməni dili bölməsi açılıb ki, həmin bölməyə rəhbərliyi mən edirəm.  Azərbaycanda isə, hələ ki belə bir təşəbbüs yoxdur. Erməni dilinin öyrənilməsi ilə bağlı Bakı Dövlət Unversitetində fakültə açılsa da, bunun yetərli olduğunu hesab etmirəm.

 

 

 

02.11.2012 11:08

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*