Azərbaycanca

“The Times of İsrael” qəzeti erməni lobbisinin ABŞ siyasətinə təsirindən yazıb

27.10.2014 | 10:23

toi2Populyar “The Times of İsrael” qəzetində erməni lobbisinin ABŞ Konqresinin üzvlərinə və ABŞ siyasətinə təsirindən bəhs edən məqalə dərc olunub.

 

 

APA-nın məlumatına görə, “Baltimore Jewish Times” qəzetinin sabiq baş redaktoru, tanınmış publisist Maayan Jaffe sözügedən məqalədə ermənilərin Konqresdə yaratdığı lobbi qrupuna 88 konqresmen və senatoru cəlb etdiyini qeyd edib: “Bu isə o deməkdir ki, lobbi Nümayəndələr Palatası və Senatın gündəminə erməni məsələsini gətirmək üçün həmin şəxslərə bel bağlaya bilər”.

 

 

Qeyd olunur ki, digər əlamətdar lobbilər kimi, Amerikadakı erməni lobbisi də bir qrupdan ibarət deyil və bir neçə təşkilatın şəbəkəsini əks etdirir: “Bu qruplar sırasında Erməni Amerika Siyasi Fəaliyyət Komitəsi, Amerika Erməni Milli Komitəsi və Amerika Erməni Assambleyası kimi təşkilatlar yer alır. Onlar dövlət qurumları tərəfindən qəbul edilir və dəstəklənir. Bu təşkilatlar fəal siyasi rol oynayır və Ermənistanın İran və Rusiya ilə əlaqələrinə “örtük” rolu oynayır”.

 

 

Məqalə müəllifi İraqda amerikalı hərbçilərin öldürüldüyü silahların Ermənistan üzərindən İrana satılması faktının 2010-cu ildə “Wikileaks” tərəfindən açıqlandığına toxunub. O vaxt dövlət katibinin köməkçisi olan Con Neqraponte tərəfindən Ermənistan prezidentinə göndərilən məktubda da 2007-ci ildə amerikalı hərbçilərə hücum edən iki şiə qrupunun silahlarının Ermənistandan alınması barədə dərin narahatlıq qeyd olunub: “Lakin hələ də erməni lobbisinin səyləri ilə ABŞ Ermənistana siyasi və maddi yardım göstərməyə davam edir”.

 

 

M.Javve “Asbarez” və digər erməni qəzetlərinin sentyabr ayında “Azərbaycanın İrana kəşfiyyat təyyarələri göndərmək üçün İsrailə öz ərazisindən uçuş icazəsi verməsi” kimi xəbərlər yaydığını və bu ölkənin İranla münasibətlərində gərginlik yaratmağa çalışmasına da toxunub: “Düşünmək olardı ki, Amerikada çıxan erməni qəzeti İranın nüvə proqramına qarşı yönələn xətti dəstəkləyir. Lakin bunun əvəzində davamlı olaraq bu qəzetdə “Azərbaycanın İrana qarşı kəşfiyyatda köməklik göstərməsi” kimi xəbərlərə rast gəlirik. Fakt odur ki, Ermənistan ABŞ-ın müttəfiqi deyil və nüvə proqramı məsələsində Amerikanın yanında yer almır. Buna baxmayaraq, Ermənistanın ABŞ Konqresindəki dostları bu ölkənin İranla sıx münasibətlərini ört-basdır etməyə çalışır”.

 

 

“KarabakhİNFO.com”

 

 

 

27.10.2014 10:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*