Azərbaycanca

Torpağımıza, millətimizə olan sevgimiz bizi döyüşə atırdı

25.10.2013 | 15:31

1382700656_h1“Baba” ləqəbi ilə tanınan Rəhim Ağayevin “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına müsahibəsi

Rəhim müəllim, sizi yaxından tanıyaq…

 

-Mən Ağayev Rəhim Əlibala oğlu 1961-ci ildə Ağdam şəhərində anadan olmuşam. Ali təhsilliyəm. 1988-ci ildə ermənilərin Qarabağa göz dikdiyi vaxtdan başlayaraq Azərbaycanın mərd oğulları, igidləri kimi məndə vətənin müdafiəsinə qalxmışam və əlimdən gələn köməyi etmişəm.1992-ci ildə isə rəsmi olaraq Şirin Mirzəyevin batalyonunda könüllü olaraq hərbi xidmətə getmişəm.

 

Rəhim müəllim, sizi döyüşə getməyə nə vadar etdi?  

 

-Mən o vaxt rayon partiya komitəsində təlimatçı vəzifəsində işləyirdim.1988-ci ildən başlayaraq baş verən bütün hadisələr mənim gözümün qabağında olub. O cümlədən Xocalı faciəsinin canlı şahidi olmuşam. Mənim döyüşə getməyimin əsas səbəblərindən biri Xocalı faciəsi olub. Xocalıda baş verən hadisələri gördükdə dözə bilmədim və öz partiya biletimdən imtina edərək 1992-ci ildə rəsmi olaraq batalyona yazıldım. Amma hələ batalyona yazılmamışdan qabaq 1988-ci ildə mən rayon partiya komitəsində işlədiyim vaxtlar biz ilkin məlumatları ala bilirdik. Eşidirdik ki, avtobusların şüşələrini qırıblar, yanğın olub, yaralanan olub. Belə hallar baş verən zaman bizi ora köməyə gedirdik.Yaralılara kömək edirdik, onları xəstəxanaya çatdırırdıq və əlimizdən gələn digər köməklikləri göstərirdik.

 

İlk döyüşünüz hansı döyüş olub?

 

1382700857_h2-1992-ci ildə Fred Asifin dəstəsi Əsgəranda döyüşdə idi. Bizi Fred Asifin dəstəsinə köməyə göndərdilər. Bizdə öz növbəmizdə köməyə gəldik və döyüşməyə başladıq. Sözü gedən zamanlarda mən batalyonda təzə idim. Bu döyüş mənim ilk döyüşüm oldu və çox yadda qalan döyüş idi. Əsgəran döyüşündən sonra bir çox döyüşlərdə iştirak etmişəm. Ən böyük döyüşlərim isə Qarabağ uğrunda gedən döyüşlərim olub. Bu döyüşlərə nəzər salsaq onlardan Sırxəvənd, Qıçan, Gülablı, Güneytəpə, Manik, Şelli, Qaraqayadan Naxçıvanikə kimi, Ağdam ətrafında və bir çox başqa döyüşlərdə iştirak etmişəm.

 

Ən yadda qalan döyüşünüz hansı  olub

 

  Mənim yaddaşımdan silinməyən və 1992-ci ilin iyul ayının 12-də baş verən Sırxəvənd-Qıçan döyüşüdür. Bu döyüşdə biz iki günə altı kəndi azad etdik. Biz Şirin Mirzəyevin göstərişi ilə irəliləyirdik. Döyüşə-döyüşə Qıçan deyilən əraziyə gəlib çatdıq. Heç bir itki vermədən Qıçanı aldıq. Bizə kömək gəlməli idi. Çünki aldığımız postu təhvil verməli və irəliyə doğru hərəkət etməliydik. Çox təəssüf ki, bizə kömək gəlmədi. Xeyli gözlədik amma xeyri olmadı və  ağır döyüş keçirdik. Bu döyüşdə xeyli yaralı və şəhid verdik. Demək olar ki, 14 şəhid və xeyli yaralı ilə biz oradan çıxdıq. Bu döyüş mənim üçün ən yadda qalan və ən ağır döyüşüm idi. Çox təəssüflər olsun ki, o uşaqları geri qaytarmaq mümkün deyil. Allah bütün şəhidlərimizə rəhmət etsin o cümlədən həmin döyüşdə vuruşan uşaqlara.

 

Rəhim müəllim, bildiyimiz kimi Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak etmisiniz. Bu döyüşlərin hansında düşmənə ağır zərbələr endirmisiniz?

 

Mənim keçdiyim döyüş yolunda dəfələrlə düşmənə ağır zərbələr endirmişik. Hətta kiçik qruplarla da düşmənə qarşı mübarizə aparıb onların xeyli qüvvəsini məhv etmişik. Belə döyüşlərdən biri də 1992-ci ildə Sırxəvənd döyüşlərindən sonra oldu. Bu döyüşün adı Qazançı idi. Qazançı döyüşündə 30 nəfərə yaxın döyüşçümüz var idi. Yəni biz xırda bir qrupla düşmənə hücum etdik. Bu döyüşdə sayımızın az olmasına baxmayaraq, içimizdə çox vətənpərvər, qəhrəman, cəsarətli döyüşçülər var idi. Həmin döyüşdə biz düşmənin 2 zirehli texnikasını və hərbi qüvvəsini məhv etdik. Hətta həmin vaxt düşmənin hava qüvvələri də bizə atəş açırdı. Amma buna baxmayaraq heç bir itki vermədən yalnız iki yaralı ilə geri qayıtdıq. Geri qayıtmağımızın səbəbi isə köməyin gəlməməsi idi. Yenə də bütün bunlara baxmayaraq düşmənə çox ağır zərbələr endirdik.

 

Bu döyüşdə qalib gəlməyinizin səbəbi nə idi?

 

Bilirsiniz, hər hansı bir döyüşdə qalib gəlmək üçün silah-sursat bəs eləmir. Silah-sursatla yanaşı döyüşçünün milli qüruru, döyüş ruhu, vətənə məhəbbəti, torpağa sevgisi olmalıdır. Bütün bunların hamısı bizim döyüşçülərdə hədsiz dərəcədə idi.Torpağımıza, vətənimizə, elimizə, millətimizə olan sevgimiz bizi döyüşə atırdı. Döyüşçülərimiz ölümün gözünə dik baxırdılar. Buna görə də biz bu döyüşlərdə düşmən üzərində zəfər çalırdıq.

 

Döyüşçü yoldaşlarınızla bağlı xatirələriniz varmı?

 

1382700899_h3Təbii ki, bu cür xatirələr hədsiz dərəcədə çoxdur. Amma mənim yaddaşımdan silinməyən belə bir hadisə var. Bu mənim döyüş yoldaşım Azər Mustafayev ilə bağlı bir xatirədir. Azər ilk dəfə Fred Asifin batalyonunda idi. Onun ilk döyüşləri həmin batalyonla birgə olub. Sonralar Azər bizim batalyona gəldi və bizimlə döyüşlərə qatıldı. Bu döyüşlərdən biri də Sırxəvənd-Qazançı döyüşü idi. Bu döyüşdə Azər sağ ayağından yaralandı. Döyüş gedən ərazi hədsiz dərəcədə yüksəklikdəydi. Döyüş yoldaşları ona köməyə getdi amma o imtina etdi. Mən dözməyib ona yaxınlaşdım və onun qoluna girib aşağı düşürmək istədim. Yenə də əlimi qolundan çıxartdı. Xahiş etdim ki, yaralısan, qan itirirsən icazə ver sənə kömək etsinlər. O, mənə dedi ki, uşaqları mənə qoşma, mən özüm aşağı düşərəm, siz yalnız irəli gedin. O, öz gücünə iki kilometr yolu ayağından qan axa-axa qət edib aşağı endi. Biz onu təcili olaraq xəstəxanaya çatdırdıq. Amma iki gündən artıq orada qalmadı. Yenidən döyüşə qayıtdı və bizimlə döyüşlərdə iştirak etdi. Yəni belə vətənpərvər oğullarımız var idi. Onlarla bağlı xatirələr həmişə mənim yaddaşımda qalmaqdadır.

 

Rəhim müəlim, heç köməksiz qalmısınızmı və ya mühasirədə olmusunuzmu?

 

Bəli olub ermənilər böyük qüvvə ilə Şelli kəndinə hücuma keçmişdilər. Biz onlarla ağır döyüşə başladıq. Düşmənlər bizə üç tərəfdən atəş açırdılar. Biz onlarla 6 saat döyüşdük amma silah-sursatımız qurtarmağa başlayırdı. Bir xeyli keçdikdən sonra atəş açmağa gülləmiz qurtardı. Yalnız Xıdırlı Tofiq adlı döyüşçü yoldaşımız vardı ki, o əl qumbarası ilə düşmənin yaxınlaşmasının qarşısını alırdı.Tofiqin də artıq qumbaraları bitməyə başlayırdı. Bunu görən Peka Rövşən bir az keçmişdi ki, əlində qumbaralar ilə Tofiqin yanına getdi və onları təhvil verdi. Sizi inandırım ki, Tofiq iki saat ərzində iki döyüş yoldaşı ilə düşmənə yalnız qumbaralar ilə atəş açırdı. Xeyli keçdikdən sonra döyüş dayandı və biz mühasirədən çıxmağa nail olduq. Biz Tofiqin qarşı tərəfinə nəzər saldıq. Orada Tofiq təkcə qumbara ilə düşmənin 80 nəfərə yaxın qüvvəsini məhv etmişdi. Demək olar ki, bizim mühasirədən çıxmağımızın əsas səbəbi Tofiq və Rövşən oldu.  

 

Rəhim müəllim, sonda nə demək istəyirsiniz?

 

Mən sonda bunu demək istəyirəm ki, gənclərimiz vətənini, torpağını, millətini sevsinlər. Hər an əldə silah vətənini qorumağa hazır olsunlar. Hər zaman ürəklərində vətənpərlik ruhu yüksək olsun. Əgər nə zamansa işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün döyüşə getsələr onlar da böyük döyüşçülərin, qəhrəmanların, qazilərin yolu ilə irəliləsinlər.

 

 

 

 

 Hafiz Səfərov

“KarabakhİNFO.com”   

25.10.2013 15:31

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*