Azərbaycanca

“Torpaqlarımızı bu ordu azad edəcək!”

26.06.2013 | 09:15

1372223644_r.dAzərbaycan, Silahlı Qüvvələr gününün yaranmasının, Milli Ordusunun yaranmasının 95 illiyini qeyd edir.Belə bir  gündə Azərbaycan ordusunun qüdrətinə bələd olan bir insanla söhbətləşmək qərarına gəldik. Müsahibimiz şair, uzun illər Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışmış Ramiz Məlikovdur (Duyğun).Onunla söhbətə elə peşə fəaliyyəti və yaradıcılığı barədə başladıq.Axı, Ramiz Duyğun həm də vətənpərvərlik mövzusunda yazılan çoxsaylı əsərlərin müəllifidi.

 –  Hərbi vətənpərvərlik mövzusunda Ramiz Duyğun qədər yazanlar da çox deyil… Amma, sizin şah əsəriniz kimi televiziyada vətənpərvərlik mövzusunda ilk veriliş olan “Hünər” daha çox yaddaşlarda qaldı…

 

–   Bəlkə də mənim qüsurlarımdan biri elə həddən artıq təvazökarlığımdır. Heç vaxt heç yerdə özümü tərifləyib, etdiklərimlə gündəmə gəlməmişəm.“Hünər” həqiqətən də sözünü demiş bir proqram olub.1990-cı ildə 20 Yanvar hadisələrindən sonra bu verilişi aparmaqdan imtina etdim.Düzdür, bu verilişdə məqsəd Azərbaycan oğullarının qəhrəmanlığını tərənnüm etmək idi.Həm də Böyük Vətən müharibəsindən qayıtmayan oğlullarımızın tapılmasına imkan yaratmaq məqsədi daşıyırdı. O zamanlar hamı elə bilirdi ki, bu verilişin yaradıcısı mənəm. Amma məndən başqa orada digər jurnalistlər də çalışırdılar.Mənim hərbçi dostum jurnalist Şəmistan Nəzirli də ssenari yazırdı.Amma əsas aparıcılıq yükü mənim üzərimdə idi.SSRİ silahlı qüvvələrində xidmət edə-edə milli mövzunu araşdırmaq, Azərbaycan oğullarının qəhrəmanlığını qabartmaq çətin idi.Verilişlərin əksəriyyəti canlı gedirdi.Mən həmin veriliş efirə gedən zaman 100-dən artıq ssenari yazmışam.Çoxunu isə bədahətən ssenarisiz deyirdim.Ömrümün ən gözəl günləri idi o zamanlar.

 

 –  Bildiyimizə görə, “Hünər“in ən böyük “tapıntı“sı elə ömür-gün yoldaşınız Dilbər xanım olub…

 

–  Dilbər xanımın dayısı Məhəmməd Böyük Vətən müharibəsinə gedib qayıtmayıb. Günlərin bir günü dayısının sənədlərini gətirdi mənə və onun haqqında veriliş hazırladıq.Elə o zamandan ürəyimdə qaldı Dilbər xanım.İndi şükür Allaha ki, gözəl ailəmizi – oğullarım Qəlbi, Vəsfi və qızım Günayı bizə qismət edib.Nəvələrimiz var, indi də onlar böyüyür.

 

 –  Neçə müdafiə naziri ilə işləmisiniz?

 

– 1991-ci ildə o vaxtkı müdafiə naziri Valeh Bərşadlı məni Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi təyin edib. Sonra isə Tacəddin Mehdiyev, Tahir Əliyev və Səfər Əbiyevlə işləmişəm.Rəhim Qazıyev isə onu ifşa etdiyimə görə məni işdən çıxardı, yerimə isə Leyla Yunusu qoydu.

 

 –  Nədənsə, sonuncu dəfə Ramiz Duyğunun işdən getməsi də birmənalı qarşılanmadı…

 

–  Mən özüm səhhətimlə əlaqədar istefa ərizəsi yazdım. Əsas odur ki vəzifdən ikiəlli yapışanlardan olmadım.Hörmət-izzətlə yola salındım.İndi də dolanışığımdan və mənə göstərilən qayğıdan narazı deyiləm.Yaradıcılığımla məşğulam.Yeni şeirlər yazıram, pyeslər üzərində işləyirəm.İctimaiyyət arasında da oluram, lazım olanda görünürəm də.Hər şey çox yaxşıdır.

 

 –  Bəzən mətbuat xidmətinin rəisi olaraq sizin ayrı-ayrı partiyalar, jurnalistlər tərəfindən fəaliyyətiniz düzgün başa düşülməyib. Bunun səbəbi nə idi?

 

– Mən dövlətimə qulluq etmişəm. Bilirdim ki, güclü, möhtəşəm Azərbaycan Silahlı Qüvvələri mütləq yaradılacaq.Xoşbəxtəm ki, bu işin başında duranlardan biri də mən olmuşam.Amma bəzi qəzetlər nələr yazmırdılar.Bu gün də Azərbaycanda elə qəzetlər var ki, cinayətkar fəaliyyətlə məşğuldur, hər bir nömrəsi dövlətin əleyhinə yönəlib.Bütövlükdə isə çox qüdrətli Azərbaycan gəncliyi var. Silahlı qüvvələrdə xidmət edən Azərbaycan gəncliyi bu saat müharibə istəyir, döyüşə atılmaq istəyir.

 

 –  Sizcə, dünyanın neçə illərdir Ermənistanın işğalçılıq siyasətinə göz yummasının səbəbi nədir?

 

–  Bütün xristian dünyası Ermənistanı müdafiə edir, dünyada qütbləşmə gedir – xristian, müsəlmançılıq yönündə. Buna görə də Ermənistan cinayətkar, işğalçı dövlət ola-ola ona haqq qazandırırlar.Bütün xarici təşkilatlar gəlib qaçqın düşərgələrini, ermənilərin vəhşiliklərini görür, amma yeri gələndə erməniləri müdafiə edirlər.Bütün bunların hamısı dini mənsubiyyətdən irəli gəlir.Bu, bəşəriyyəti fəlakətə aparır.Əslində, ermənilər heç xristian da deyillər.Onların hələ çar Rusiyası dövründə yaratdıqları bir din olub – “qriqorianlıq”.Çar Rusiyası bir müddət bu dini fəaliyyətə embarqo qoyub, lakin, ermənilər buna da çıxış yolu tapıb.  Xristianlığı guya ilkin qəbul edən dövlət kimi özlərini təqdim ediblər.Dünya bu fırıldaq işləri, yalanları ifşa etməlidir.

 

 –  Belə bir vəziyyətdə münaqişə sülh yolu həll oluna bilərmi, yoxsa bizə müharibə lazımdır?

 

–  Hələ 1999-cu ildə “Daha sözlər qurtarıb“ adlı şeir yazmışdım və orada belə bir bənd var: “Daha sözlər qurtarıb, indi söz silahındır, indi söz Allahındır“. Ermənistan kimi nökər bir dövlətin arxasında xristian dövlətləri həmrəyliyi durur.Bu həmrəylikdən əl çəkməsələr, cahanda kamal qalib gələ bilməyəcək.Milli təəssübkeşlik, dini həmrəylik bəşəriyyəti III dünya müharibəsinə, məhvə aparır.İdeologiyaları terror, işğalçılıq olan Ermənistanı müdafiə etməklə bəşəriyyəti fəlakətə aparırlar.Ona görə də Ermənistan xoşluqla bu torpaqlardan əl çəkməyəcək.

 

 –  Bu halda Azərbaycan ordusunun torpaqlarımızı azad etməyə qadir olduğunu söyləyə bilərikmi?

 

–  Buna heç kəsin şübhəsi olmasın. Bunu təkcə mən demirəm, bunu hələ bir neçə il əvvəl Heydər Əliyev deyirdi, indi isə ali baş komandan İlham Əliyev deyir. Bunun üçün bizim güclü ordumuzu, maddi-texniki bazamız, silahımız – pilotsuz təyyarələrmiz, müasir silah-sursatımız var. Kim nə deyir-desin, biz torpaqlarımızı azad edəcəyik və bunu Azərbaycan ordusu həyata keçirəcək.

 

 –  Ramiz müəllim, Milli Ordu gününü digər bayramlar kimi, təmətəraqla qeyd edirsinizmi və ümumiyyətlə, bu günün əhvali-ruhiyyəsi sizin evinizdə hiss olunurmu?

 

–  Mən bu bayramı yeni yaradıcılıq uğurları, yeni şeirlərlə, yeni əsərlərlə qeyd edirəm. Müdafiə Nazirliyindəki tədbirlərə qatılıram. Dilbər xanım isə çox gözəl süfrə açır. Çox təmtərağı sevməsək də, bu günü ən böyük bayramımız kimi qeyd edirik. Azərbaycan Silahlı Qüvvələrinin qurulmasında əməyi olan bir hərbçi kimi bu həm də mənim bayramımdır. Mənim ağır xəstəliklərə tutulmağım da elə ordu quruculuğu uğrunda apardığım mübarizənin nəticələri idi. Çünki, Azərbaycan Silahlı Qüvvələrinə, ordusuna iftira ataraq hakimiyyətə gəlmək istəyən konqlomerat, radikal müxalifətlə mübarizə məni bu vəziyyətə saldı. Bununla belə, çəkdiyim əziyyətləri, səhhətimi itirməyim bahasına başa gələnləri millətimə, vətənimə halal edirəm. Mən bu gün çox xoşbəxtəm ki, belə bir bayramımız var və bunu qeyd edirik.

 

Amma, hələ ki, sevincimiz yoxdur.Şuşa işğal olunandan ürəkdən gülməmişəm.Gülə bilmirəm.Şuşa ilə gedib sevincim.Üzümü güldürəcək o xəbəri eşitmək istəyirəm.İnanıram ki, ərməğanı mənə Azərbaycan ordusu edəcək. Mən bütün xalqımı təbrik edirəm və xalqımdan bir təvəqqem var: Azərbaycan əsgərini sevin. Müxalifətindən, iqtidarından asılı olmayaraq hamını millətimdə məhz bu sevgini aşılamağa çağırıram. Mən həmişə demişəm və indi də deyirəm ki, ordumuza böhtan atmayın, çünki, torpağımızı məhz bu ordu azad edəcək!

 

Naibə Qurbanova

“KarabakhİNFO.com”

26.06.2013 09:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*