Azərbaycanca

Tünzalə Ağayeva: “Bizə milli birliyimizi əbədi qorumaq lazımdır”

09.01.2014 | 12:36

1389256546_22252168Tünzalə Ağayeva:  “Bizə milli birliyimizi əbədi qorumaq lazımdır”

 

“Yadımdadır, bir yapon qadın təəssüf hissi ilə Qarabağ problemimizdən, bizə olan haqsızlıqdan danışdı”

 

 

Hər bir azərbaycanlının ilk vəzifələrindən biri vətəndaş olmaq və azərbaycançılıq məfkurəsinə sıx bağlı olmasıdır. Kimliyindən asılı olmayaraq bütün azərbaycanlılar Azərbaycan həqiqətini dünyada yaymağa borcludur. Çağdaş musiqimizdə elə gənclər var ki, onlar bütün varlıqları ilə bu ideyaya, bu əzəli sevgiyə bağlıdır. Səhnəyə gəldiyi gündən öz vətənpərvərliyi, vətəndaş mövqeyi ilə seçilən Azərbaycanın əməkdar artisti, bəstəkar – müğənni  Tünzalə Ağayevanın “Karabakh-İNFO.com” beynəlxalq e – jurnalına verdiyi müsahibəsi də elə bu notlar üzərində quruldu.  Məşhur müğənni ilə söhbətimizin şou – biznes haqqında deyil, milli – mənəvi dəyərlərimiz, Qarabağ probleminin dünyaya çatdırılması istiqamətində olması həm onun, həm də bizim ürəyimizdən oldu. Əslində, gündəlik söz – söhbətimiz Qarabağ olmalıdır.

 

– Tünzalə xanım, siz dünyanın əksər ölkələrində səfərdə olmusunuz. Səfərləriniz zamanı Azərbaycan musiqisini, eyni zamanda da azərbaycançılığı tərənnüm edirsiniz. Təbii, qürurverici bir ovqat yaşayırsınız…  Bu hiss haqda nə deyə bilərsiniz?

 

Tünzalə Ağayeva: “Bizə milli birliyimizi əbədi qorumaq lazımdır”–  İstər fərdi, istərsə də müxtəlif təşkilat və qurumlar səviyyəsində Azərbaycanı tanıtmaq, milli kimliyimizi təbliğ etmək sahəsində bəlli işlər görülür. O cümlədən, dövlət strukturlarımız da bu işdə fəaldırlar. Mən də öz növbəmdə bir müğənni kimi vətənimi, milli – mənəvi dəyərlərimizi dünyaya çatdırmağa çalışıram. İfa etdiyim mahnılarımla, bəstələrimlə Azərbaycanın bütün mənalarda necə zəngin ölkə olduğu haqda əcnəbi ölkənin vətəndaşlarını bilgiləndirmək istəyirəm. Əvvəllər xarici ölkələrdə olan zaman özümüzü tam tanıda bilmirdik. Amma bu gün sevindirici haldır ki, azərbaycanlı siması və məfhumu daha müsbət qiymətləndirilir. Vaxt var idi ki, Azərbaycanı az ölkə tanıyırdı. Bizdən “haralısan?” – deyə, soruşanda onlara harada yaşadığımızı çətinliklə başa salırdıq. Azərbaycanı, milli dəyərlərimizi tanıtmaqda ulu öndərin rolu əvəzsizdir. Mənim üçün fəxrdir ki, uzaq Amerikada adi sürücü bizə nəinki Azərbaycanı, hətta Heydər Əliyevin gördüyü işləri belə incələyirdi.

 

– Bəs Qarabağ problemini necə, anlayırmı əcnəbilər? Bilirlərmi ki, dövlətimizin, xalqımızın Qarabağ adlı problemi var?

 

– Əlbəttə. Yadımdadır, bir yapon qadın təəssüf hissi ilə Qarabağ problemimizdən, bizə olan haqsızlıqdan danışdı. Əksər ölkənin nümayəndələri Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu bilir. Qarabağın Ermənistan tərəfindən zəbt olunduğunu biz həmin ölkənin vətəndaşlarına bildiririk.

 

 

– Tünzalə xanım, hər kəsin yaralı yeri olan Qarabağdan söz düşmüşkən, siz Qarabağ probleminin dünyaya çatdırılması istiqamətində bir sənətçi, vətəndaş kimi hansı işlər görürsünüz?

 

Tünzalə Ağayeva: “Bizə milli birliyimizi əbədi qorumaq lazımdır”– Qarabağ tək mənim deyil, bütün dünya azərbaycanlılarının yaralı yeridir. Qarabağ probleminin dünyaya səs salması üçün bir vətəndaş olaraq, əlimdən gələni əsirgəmirəm. Bir sənət adamı kimi bu işdə bacardığımı etməyə hazıram. Yetər ki ali baş komandanımız İlham Əliyev torpaqlarımızın müharibə yolu ilə azad olunması barədə göstəriş versin. Sizi inandırım ki bütün sənət nümayəndələri Qarabağın yağı düşməndən azad olunması üçün canla – başla döyüş meydanına yollanacaq, o cümlədən mən də. Mən ifa etdiyim mahnılarımda torpaqlarımızın hələ də işğalda olması haqqında düşmən ölkəyə ismarıc yollayıram. Mənim “Şuşa”, “Mən fəxr edirəm ki azərbaycanlıyam”, “Qarabağım” bəstələrimdə torpağımızın hələ də işğal altında qaldığı, soydaşlarımızın didərgin olduğu hiss olunur.

 

– Sizcə bu sahədə daha hansı işlər görülməlidir?

 

– Məncə, Qarabağ probleminin dünyaya çatdırılması üçün qanında azərbaycanlı qanı axan hər bir kəs iş görməlidir və bu istək naminə birləşməlidir.  Torpağımızın işğaldan azad olunması üçün hər kəs yumruq kimi birləşməlidir. Necə deyərlər, tək əldən səs çıxmaz. Bizə milli birliyimizi əbədi qorumaq lazımdır…

 

 

 

Günel CƏLİL

 

“KarabakhİNFO.com”

09.01.2014 12:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*