Azərbaycanca

Türkiyə – Ermənistan münasibətləri niyə “istiləşir?”

19.03.2013 | 17:04

1363698198_bayraqSon zamanlar Türkiyə – Ermənistan münasibətlərində bir “istiləşmə” hiss olunur. Öncə bu özünü Türkiyə prezidenti Abdulla Gülün  Serj Sərkisyanı prezident seçildiyi üçün gözlənildiyindən tez təbrik etməsi ilə biruzə verdi. Ardınca gələn ay Van-İrəvan aviareysinin açılması ilə bağlı gəzən söz-söhbətlər bunu aydın göstərir. Əlbəttə ki, bunun əsas səbəblərindən biri Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasıdır .

Hər halda belə “istiləşmə” Türkiyənin Ermənistanla bağladığı sərhədlərin açılmasına aparıb çıxarması və Türkiyənin bunu Qərbin təzyiqi ilə edib-etməməsi sual doğurur. Digər tərəfdən burada bir təzad müşahidə olunur ki, torpaq sərhədləri bağlı olan ölkə ilə hava reysi açılır. Nəzərə alaq ki, Türkiyə bu sərhədləri Azərbaycana görə bağlayıb. Bu baxımdan onun öz mövqeyini dəyişməyəcəyinə inamımız sarsılmazdır. Lakin nə qədər inamlı olsaq da Van-İrəvan aviareysinin işə salınması gözləmədiyimiz və istəmədiyimiz addımlardır. Çünki dolayısı ilə bu aviareysin açılması ilə Türkiyə Ermənistana yardım etmiş olacaq. Bu baxımdan da Türkiyə ilə Ermənistan arasında hər hansı əlaqənin olması Azərbaycan rəsmiləri və ictimaiyyəti tərəfində heç də xoş qarşılanmır. Tarix elmləri doktoru, professor Cəmil Həsənli “KarbakhİNFO.com”-a açıqlamasından öncə A.Gülün S.Sarkisyanı təbrik etməsinə münasibət bildirdi: “Beynəlxalq hüquqda qonşu və uzaq dövlətlərdə seçkilərdən sonra dövlət başçısı seçilmiş adamları təbrik etmək bir diplomatik etiketdir. Burada siyasi məqam axtarmağa ehtiyac yoxdur”.

 

1363698256_cemil-hesenliAmma C.Həsənli Van-İrəvan aviareysinin açılmasını müsbət hal kimi qiymətləndirmədi: “Bununla bərabər nəzərə almalıyıq ki, Türkiyədə xeyli sayda erməni yaşayır. Ola bilsin ki, ermənilərin gəliş-gedişini təmin etmək üçün bu reys açılıb.Buna baxmayaraq,  mən buna müsbət yanaşmıram. Hesab edirəm ki, hər nə qədər özəl şirkət olsa da hava xəttinin alınması və digər məsələlər dövlətə aid olan işdir. Mən bunu arzuolunmaz hal hesab edirəm”. Lakin professor bu məsələyə çox da emossional yanaşmağı da düzgün qəbul etmir: “Azərbaycanın məqsəd və məramı Türkiyə – Ermənistan sərhəddini bağlı saxlamaq olmamalıdır. Azərbaycanın məqsəd və məramı işğal altındakı əraziləri azad etmək olmalıdır. Bu ərazilər azad olunmayandan sonra o sərhəddin 50 il də bağlı qalıb-qalmaması heç nəyi dəyişmir. Biz 5-ci dərəcəli məsələləri qoyuruq, 100-cü dərəcəli məsələdən yapışırıq. Rəsmi Bakı işğal altında olan ərazilərin azad edilməsi haqqında yollar düşünməlidir”.

 

1363698316_togrul Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, politoloq Toğrul İsmayıl bizimlə söhbətində dedi ki, Türkiyə ilə Ermənistan arasında ciddi problemlər olsa da, iki ölkə siyasiləri bu məsələnin həlli yolunda bir sıra addımlar atmağa çalışırlar: “Daha öncə iki ölkə arasında imzalanan protokolları buna misal çəkmək olar. Protokollar imzalansa da tərəflər onun reallaşması üçün ciddi addımlar ata bilmədilər. Buna səbəb, hər iki tərəfin tələsik və bəlli təzyiq altında bu anlaşmaya getməsidir. Proses Türkiyə prezidenti Abdulla Gülün ifadə etdiyi kimi Ermənistanla “bir müddət səssiz diplomatiya”nın aparılmasına yönəldi. Bu daha öncə də ifadə etdiyim kimi, tərəflər arasında müxtəlif səviyyələrdə – istər daxili, istərsə də beynəlxalq müstəvidə səssiz, amma intensiv diplomatik görüşlərin aparılması deməkdir. Yəni protokollar ilə bağlı müzakirələrin kilidlənməməsi üçün müxtəlif səviyyəli görüşlər davam edəcək. Əsas məsələ tərəflərin hadisələrə daha həssas yanaşması olmalıdır”. Onun sözlərinə görə, Türkiyə öz müttəfiqi Azərbaycanı rahatsız etməyərək, onu inandıraraq bu prosesin müsbət həllini təmin etmək üçün lazımı şəraiti yaratmağa çalışır: “Ermənistan isə diasporunu razı salmalıdır. Yəni proses davam edir. Van-İrəvan aviareysinin açılması buna misaldır. Türkiyənin hazırda Ermənistanla ancaq quru sərhədi bağlıdır. Amma hava yolu və başqa ölkə üzərindən yolları ermənilər üçün açıqdır. Ermənilərin Türkiyəyə erməni pasportları ilə gəlməsi də qadağan deyil. Sadəcə, bu ölkə vətəndaşlarına viza uyğulanır. Ermənistan-Türkiyə sərhədlərinin açılması nə Azərbaycanı çətin vəziyyətə salacaqdır, nə də Ermənistanın iqtisadiyyatının inkişafına səbəb olacaqdır. Burada mənəvi tərəfdən problemlər var, çünki Türkiyə Ermənistanla sərhədini Azərbaycan torpaqları işğal olunduğuna görə bağlamışdır. Sərhədlərin açılmasında, dediyim kimi, mənəvi problemlər mövcuddur, çünki iqtisadi baxımdan türkiyəli iş adamları Ermənistanda fəaliyyət göstərirlər, Türkiyənin Ermənistanla hava sərhədi də açıqdır, ermənilər Türkiyəyə gələrək burada işləyirlər və s. Türk hökumətinə qeyri-leqal işləyən on minlərlə erməninin yaşayış yerləri və onların uşaqlarının oxuduqları məktəblər də bəllidir. Dövlət istəsə onları az müddətdə ölkəsindən çıxara bilər”. Professorun fikrincə, Türkiyə çalışır ki, Ermənistanla düşmən yox, qonşuluq münasibəti qursun: “Nə Türkiyənin, nə də Azərbaycanın Ermənistanla problemi yoxdur. Problem Ermənistanın bu iki dövlətə qarşı sürdüyü torpaq iddiasıdır. Mən düşünürəm ki, sərhəddin açılması ilə nə Ermənistan qurtulacaq, nə də ABŞ bu ölkəni Rusiyanın əlindən ala biləcək. Amma Türkiyə ciddi şəkildə mənəvi cəhətdən uduzacaq. Hazırda Amerikanın Türkiyəyə təzyiqi “soyqırımla” deyil, erməni-türk protokolları ilə bağlıdır. ABŞ Ermənistanı Rusiyanın nəzarətindən, Rusiyanı isə Cənubi Qafqazdan tamamilə sıxışdırıb çıxarmağa çalışır. Bu mübarizədə yeni lokal toqquşmalar baş verə bilər. Mən burada Gürcüstanı və Dağlıq Qarabağı nəzərdə tuturam. Bu silahlı toqquşmaları təşkil etməklə Rusiya öz mövqeyini gücləndirməyə çalışa bilər”. Politoloq bildirdi k, hər halda Türkiyənin Ermənistana təzyiq imkanları var, amma Rusiyanın imkanları qədər deyil: “Türkiyə Ermənistana təzyiqdən daha çox Rusiya ilə münasibətlərdə erməni məsələsini gündəmə gətirməlidir. İmzalanmış protokollar da bunlardan biri idi. Düzdür, qalmaqallı nəticə oldu. Ermənistanın isə qondarma erməni soyqırımını gündəmə gətirməsi onu göstərir ki, bu ölkə təkcə Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da aqressiv siyasət yürüdür və ərazi iddialarının olduğunu gizlətmir. Ermənistanın bu siyasətinin hələ davam edəcəyi məlumdur”.

 

Azərbaycan Milli Məclisinin deputatı Rövşən Rzayev də e-1363698308_rovsnjurnalımıza açıqlamasında bildirdi ki, Türkiyə-Ermənistan münasibətlərinin belə inkişaf etməsini istəməzdi: “Bunlar hamısı məni narahat edən məsələlərdir. Ən azından Türkiyə Azərbaycanın ən yaxın müttəfiqidir. Digər tərəfdən isə Ermənistanla Türkiyənin bir neçə il bundan qabaq  sərhədlərinin açılması məsələsi gündəmə gəlməsi də bizi narahat edirdi. Ona görə bu aviareysin açılmasına onlar özləri qərarlarını dəyişsinlər!”.    Millət vəkili dedi ki, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək hədlə daimi inkişaf edir və edəcək: “Biz o zaman Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın və digər rəsmilərin qəbulunda olmuşduq. Cənab Ərdoğan dedi ki, Azərbaycanın torpaqları işğaldan tam azad olunmayınca Ermənistanla heç bir münasibət olmayacaq. Amma eyni zamanda dedi ki, bu müddət ərzində heç bir ciddi addım ortada olmadığına görə, Türkiyə dövləti  bu məsələyə yaxından yanaşmaq və bu məsələyə yenilik gətirmək istəyir. Amma mən inanıram ki, o zamankı dövürdə olduğu kimi bu günləri də ortalıqda heç bir ciddi məsələ ola bilməz”. Amma R.Rzayevin fikrincə, aviareysin açılması Türkiyənin Ermənistanla münasibətlərinə gətirdiyi yenilik kimi başa düşülməməlidir. Deputat inanmır ki, Türkiyə bu addımı kiminsə təsir ilə etsin. O, Ermənistanın bu aviareyisdən maksumum yararlanacağını düşünür. Həmsöhbətimiz bütün hallarda Azərbaycanın heç bir zaman öz ərazi bütövlüyünü kimlərəsə qurban verməyəcəyini dedi: “Azərbaycan qüdrətli dövlətdir. Azərbaycan ərazisində heç bir zaman Dağlıq Qarabağ dövləti yaradıla bilməyəcək. Qaldı ki, Türkiyə və ya İran Ermənistanla isti münasibətlər etməsi, bu, təbii ki, o dövlətlərin özlərinin daxili siyasətidir. Amma bu, Azərbaycanın xeyrinə olan siyasət deyil”.    

 

Fuad Hüseynzadə

 

 

KarabakhİNFO.com

 

19.03.2013 17:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*