Azərbaycanca

Türkiyə-Ermənistan münasibətləri və Dağlıq Qarabağ münaqişəs

20.06.2013 | 15:51

1363083771_zaur-ekilZaur Əliyev

 

Türkiyə-Azərbaycan münasibəltərinə zərər vurmaq niyyətində olan dövlətlər içərisində Ermənistan öndə gedən dövlətlərdən biridir. Türkiyə-Azərbaycan sərəhdələri arasında olan Ermənistanın, türk millətinə qarşı qoyulması faktı bizə bəllidir.

Yerləşdiyi coğrafi məkan, nəqliyyat amili, ölkələrarası iqtisadi inteqrasiyanın güclənməsi Türkiyənin qonşu Ermənistanla münasibətlərini ilk baxışda labüd etsə də, Qarabağ münaqişəsi, ermənilərin uydurma «soyqırım» və Şərqi Anadoluya olan ərazi iddiaları bu münasibətlərin inkişafının qarşısında mühüm bir əngəl olmaqda davam edir.

Qarabağ münaqişəsində Türkiyə ictimaiyyəti açıq şəkildə Azərbaycanın mövqeyini müdafiə etmişdir. Türkiyə ictimaiyyəti hökumətin Qarabağ məsələsində bitərəf qalmasına qarşı etiraz aksiyaları keçirmiş və Azərbaycanın haqlı mübarizəsini dəstəkləmişlər. Türkiyə hökuməti bir tərəfdən Qafqazdakı gələcək nüfuzu baxımından, digər tətəfdən isə bölgədə hegemonluğu əldə edərək, Rusiya, ABŞ, NATO və Avropa ilə münasibətlərinin daha səmərəli olması baxımından Qarabağ məsələsinin həllində fəal rol oynamağa çalışsa da, bu heç də gözlənilən nəticələr vermədi, əksinə Rusiyanın və Qərb ölkələrinin təzyiqi nəticəsində daha passiv bir siyasətlə nəticələndi. Odur ki, istər yerli, istər türkiyəli, istərsə də xarici yazarlar Türkiyənin bölgədəki maraqlarını izah edərkən yazırlar ki, rəsmi Ankara regionda Qarabağ münaqişəsinin nizamlanmasında öz imkanlarından nəinki maksimum yararlanmaq, hətta imkanlarının müəyyən hissəsindən belə istifadə etmədi.

Qarabağ probleminin həllinin belə, Türkiyə-Ermənistan münasibətlərinin yaxınlaşmasına elə bir ciddi təsir göstərməyəcəyni bildirən siyasi icmalçılar onu da qeyd edirlər ki, erməni diasporu da bu münasibətlərin yaxınlaşmasına mənfi təsir edir. Analitiklər belə hesab edir ki, Qarabağ problemi həll olunsa belə, erməni soyqırımı iddiaları və erməni diasporunun pozucu fəaliyyəti Türkiyə–Ermənistan münasibətlərinə kölgə salmaqda davam edəcəkdir. Ankaranın İrəvana ünvanlanmış və qarşılıqlı anlaşmaya əsaslanan siyasəti nə Ermənistanı Türkiyəyə yaxınlaşdırdı, nə də Qarabağ məsələsində hər hansı irəliləyişə səbəb oldu. Tam əksinə, Türkiyənin bir qədər yumşaq mövqeyi, xüsusilə Qarabağ münaqişəsinə münasibətdə sərt mövqeyinin yetərincə olmaması, məsələnin beynəlxalq mexanizmlər yolu ilə həll edilməsinə inandığını elan etməsi Ermənistanı daha da cəsarətləndirdi. Cəzasızlıq şəraitində Ermənistan Dağlıq Qarabağda yeritdiyi işğalçı təcavüzkar siyasətini bir qədər də gücləndirərək Qarabağın ətraf rayonlarının da işğalına nail ola bildi.

Türkiyə ictimaiyyətinin Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistana olan nifrətinə baxmayaraq, Türkiyə hökuməti Ermənistan müstəqillik qazandıqdan dərhal sonra onu tanımış, hətta 25 iyun 1992-ci ildə yaradılan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edilməsinə mane olmamışdır.

Qarabağ münaqişəsinin həlli rəsmi Ankaranın xarici siyasətinin ən aktual istiqamətlərindən biridir. Məhz bu səbəbdən də münaqişənin alovlanmağa başladığı ilk günlərdən Türkiyə Böyük Millət Məclisi məsələyə biganə qalmamış və mütəmadi olaraq problemlə bağlı müzakirələr aparmış, yerli və dünya ictimaiyyətinin diqqətinə Ermənistanın təcavüzkarlıq siyasəti haqqında məlumatlar çatdırmışdır.

TMBB İnsan Haqları Tədqiqat Komissiyasının rəhbəri 1992-ci ildə ölkə parlamentində çıxış edərkən bildirmişdir ki, Qarabağda 1988-ci ildən başlayaraq hər gün şiddətlənən və insanlığın faciəsinə çevrilmiş dramın dayandırılması üçün komissiya 04.03.1992-ci il tarixli iclasında məsələ ilə bağlı fövqəladə toplantının keçirilməsini qərara almış, 05.03.1992-ci il tarixli iclasında məsələni müzakirə etmiş və aşağıdakıların Türkiyə və dünya ictimaiyyətinə çatdırılmasını zəruri saymışdır:

1. Qarabağda meydana gələn hadisələr artıq çoxsaylı insan qırğını ilə müşayiət olunmaqdadır. Bütün dünyanın gözləri qarşısında cərəyan edən bu vəhşı soyqırım faktlarına dərhal son qoyul¬ması, məcburi köçkün düşmüş insanların geri-öz yurdlarına dönmələrinin təmin edilməsi və bu durumun normal hala gətirilməsi məcburidir.

2. Komissiya məsələni daha yaxından izləmək və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün partiyaları təmsil edən beş üzvünü hadisələr cərəyan edən bölgədə tədqiqat aparmaq üçün oraya ezam etmişdir. Komissiya beynəlxalq insan haqları qurumları ilə əlaqə yaradaraq, onları da bu hadisəyə həssas yanaşmağa dəvət etmişdir.

Türkiyə beynəlxalq arenada Azərbayanın haqlı mövqeyini dəstəkləmiş, Ermənistana qarşı embarqo tətbiq etmişdir. Təbii ki, bunun kökündə tarixi erməni-türk münasibətlərinin təsiri olsa da, Türkiyənin bu münaqişənin həllində Azərbaycanın yanında yer almaq istəməsini xüsusi vurğulamaq lazımdır. Təsadüfi deyildir ki, Türkiyə hökuməti dəfələrlə bəyan etmişdir ki, Ermənistana tətbiq etdiyimiz embarqonun aradan qaldırılması yalnız Azərbaycan torpaqları işğaldan azad ediləcəyi təqdirdə mümkün olacaqdır.

Türkiyə ilə Ermənistan arasında münasibətləri normallaşdırmaq məqsədilə hər iki tərəfdən müvafiq addımlar atılmağa cəhd olunsa da, son nəticədə Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi ucbatından indiyədək buna nail olunmamışdır. Türkiyə tərəfi Ermənistanla münasibətləri normallaşdırmaq və Qarabağ məsələsində sülh razılığına gəlmək üçün «Əsrin müqaviləsi» çərçivəsində neft boru xəttinin Ermənistan ərazisindən keçməsinin mümkünlüyünü gündəmə gətirdi. Eyni zamanda 1996-cı ildə Türkiyə baş naziri Məsud Yılmaz bildirmişdi ki, əgər Azərbaycan və Ermənistan Qarabağ münaqişəsinin həlli istiqamətində prinsipial məsələlərdə razılığa gələrlərsə, Türkiyə Ermənistanla sərhəddini açacaq. Bu məsələdə qarşı tərəfdən heç bir müsbət addı¬mın atılmaması vəziyyətin normallaşdırılmasına imkan vermədi.

Regionda sabitliyə daim maraqlı olan rəsmi Ankara xarici siyasətində Atatürkün «yurdda sülh, cahanda sülh» ideallarına sadiqlik nümayiş etdirərək, Ermənistanı təcavüzkar siyasətindən yayındırmaq naminə onunla diplomatik əlaqələr qurmaqdan imtina etmiş, Ermənistanla münasibətlərinin yalnız işğal olunmuş Azərbaycan torpaqları azad olacağı təqdirdə normallaşacağını dəfələrlə bəyan etmişdir.

Bu Türkiyənin rəsmi mövqeyidir. Hansı ki, bu mövqeyi Türkiyə üçün az problem yaratmamışdır. Söhbət Avropa İttifaqı və digər beynəlxalq qurumların bu problemlə bağlı Türkiyəyə göstərdiyi təzyiqlərdən gedir. Rəsmi Ankara hələ ki bu təzyiqlərə davam gətirir. Perspektivdə, mövqedə hər hansı bir yumşalmalar olarsa, bu qarşı tərəfin – Ermənistanın da müvafiq güzəştləri hesabına reallaşa bilər. Bu, Azərbaycan tərəfinin istəyidir. Bu istəyin kökündə Azərbaycan torpaqlarının toxunulmazlığı prinsipi dayanır.

Türkiyə-Ermənistan əlaqələrində barışdan yana olan və bu istiqamətdə bir çox cəhdi başladan ölkə də yenə Türkiyə olmuşdur. Türkiyənin indiyə qədərki bütün cəhdləri [Viana türk-Erməni platforması-VAT, Ortaq Tarixçilər Komissiyası, türk-Erməni Barışdırma komissiyası-TARC] Ermənistan tərəfindən ya rədd edilmiş və ya sulandırılaraq işləməz hala gətirilmiş ya da cəhdlər yarıda tərk edilmişdir. Hal belə ikən Türkiyənin yenidən barış üçün təşəbbüs alan tərəf olması və böyük bir riskə girməsi son dərəcə səhv bir xarici siyasət addımı olaraq qiymətləndirilməkdədir.

 Türkiyə-Ermənistan münasibətləri daim iki ölkə xalqlarının gediş-gəliş etmələri və geniş ticarət əlaqələri baxımdan adi məsələ olsa da, Türkiyə başçısının iki ölkə münasibətlərini adiləşdirmək hədəfi ilə Yerevana səfər etməsi mühüm addım kimi dəyərləndirilməlidir.

Hazırda Yerevanla Ankara arasında əlaqələri tam adiləşdirməyə dair atılan son addımlar təhlilçilər tərəfindən tam diqqət mərkəzinə alınaraq araşdırılmalıdır. SSRİ dağıldıqdan sonra, Türkiyə Ermənistanın müstəqilliyini tanıyan birinci ölkələrdən olmuşdur. Belə ki, Türkiyə qonşu və dost bir ölkə kimi Ermənistanla yaxın münasibətlər qurmağa xüsusi əhəmiyyət verdi. Ancaq Ermənistanda bəzi müəyyən addımlar diplomatik baxımdan iki ölkə əlaqələrinin sərinləşməsinə səbəb oldu.

Təqribən uzaq zamanlardan bəri osmanlı dövlətini soyqırımında suçlamağa cəhd göstərən ermənilər 90-cı illərin əvvəllərindən müstəqil dövlət quraraq bəzi hərəkətlərin nəticəsində dövlət səviyyəsində bu iddianı irəli sürməyə başladılar və Türkiyədən təzminat almağı ortaya atdılar. Ermənilərin bu hərəkəti Türkiyəni qıcıqlandırırdı. Çünki, Ermənistan SSRİ-dən müstəqillik qazanan zaman Türkiyə bu ölkənin müstəqilliyini qəbul edən birinci ölkələrdən olaraq, bu respublikaya dostluq əllərini uzatdı. Ona görə də, Ermənistanın Türkiyəyə qarşı irəli sürdüyü ittiham Ankaranı incitməyə bilməzdi. Ancaq Ermənistan Türkiyə ilə öz planları əsasında növbəti addımlarını da atdı. Ermənistanın kütləvi informasiya vasitələri və mediaları xüsusi ilə də bu ölkənin rəsmi qaynaqları və rəsmi dərslikləri şərqi Anadolunun bir hissəsini Qərbi Ermənistan adlandıraraq Türkiyə qarşısında ərazi iddiasını irəli sürdülər. O zamanlar Qafqaz bölgəsinin yenicə müstəqil olmuş və təcrübəsiz siyasətləri arasında belə iddiaların irəli sürülməsi bir epidemiyaya çevrilmişdi və ona uyğun olaraq bir çox məntiqsiz siyasi şüarlar da verilirdi.

Ermənistanda bəzi şəxslər də “Böyük Ermənistanın” yaradılması şüarlarını irəli sürdülər ki, bu ifratçı şüarlar da Türkiyə ilə münasibətlərin sərinləşməsinə gətirib çıxarırdı. Əslində onun ziyanı daha çox Ermənistana dəydi. Ancaq uzun illərdən bəri və Ermənistan siyasətçilərinin müəyyən təcrübələr qazanmasından xüsusilə Türkiyədə ifrat millətçi cinahların kənarlaşdırılmasından habelə regional və daxili problemlərin həllini istəyən islamçıların hakimiyyətə gəlməsindən sonra Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrdə də vəziyyət dəyişdi. Qeyd edək ki, ümumilikdə, Türkiyədə radikal millətçilər hakimiyyətdən uzaqlaşdırılmazdan öncə ABŞ və Sionist Rejimin təhrikləri əsasında bu ölkədə və regionda etnik qruplar arasında təfriqə yaratmağa üz tuturdular.

Türkiyənin öz qonşuları ilə diplomatik münasibətlərini adiləşdirmək istiqamətində Ermənistanla diplomatik əlaqələrin yaxşılaşdırılması da Ankarada gündəmə gətirildi. Xüsusilə də ona görə ki, Türkiyə Avropa Birliyinə və Qərbə müsbət bir nişanə göstərmək üçün belə bir hərəkətə əl atıb.

Beləliklə demək olar ki, Türkiyə-Ermənistan əlaqələrinin itmiş halqası yəni adi diplomatik əlaqələr peyda olmaqdadır. Ancaq bu hərəkətin Türkiyə daxilindən əlavə regionda və dünyada da müxalifləri vardır.

2008-ci ilin fevral ayında prezident seçkilərindən sonra legitim olmayan bir şəkildə dövlət başçısı kreslosuna oturan köhnə müdafiə naziri, Ermənistanın təhlükəsizlik və xarici siyasətində şahinlər qanadının təmsil edən Serj Sarkisyan ilk günlərdə Türkiyə ilə əlaqələr və sözdə Erməni soyqırımı mövzusunda əxlaqi dəyərlərdən məhrum olan bəyanlar versə də, son zamanlarda tam tərsi bir vəziyyət yaşanmaqdadır. Sarkisyan iki ölkə milli futbol komandalarının qarşılaşmasını sözün gerçək mənasında bir diplomatiya oyununa çevirmişdir. Türkiyə Respublikası Prezidenti Abdullah Gülü matça dəvət edən Sarkisyan, xarici siyasətdə bu mövzudan müvəffəqiyyətli bir şəkildə özünə siyasi qazanc təmin etməyə çalışmaqda və bunu bacarmaqdadır. Bölgə mətbuatında bu dəvət mövzusunda müxtəlif qiymətləndirmələr edilsə də, Türkiyədə qəflət içində olan mətbuat və Erməni sevdalısı bəzi köşə yazarları Sarkisyanın bir neçə ay bundan əvvəl ‘Beynəlxalq sahədə və Türkiyəyə yönəlik soyqırımı təbliğatına əhəmiyyət verməmiz lazımdır’ ifadəsini eşitməməzlikdən gəlməkdə və iki ölkə arasındakı əlaqələrin gerçək tablosunu çəkmə cəsarətini göstərə bilməməkdədirlər. Avropa və Amerika qitəsində Ermənistan hökumətinin aralıqsız davam edən sözdə Erməni soyqırımı təbliğatının kölgəsində Sarkisyanın Gülü futbol matçına dəvət etməsi və hətta bilet göndərməsi heç də etik bir davranış deyil və psixoloji hücumun klassik bir nümunəsidir.

Son zamanlar ciddi müzakirə obyekti olan Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi bu yaxınlarda ölkə başçısı Serj Sarkisyanın “Iki dövlət arasında sərhədlər mütləq açılacaq” bəyanatı ilə yenidən gündəmə gəlib. 1992-ci ildən Ermənstanın Azərbaycana qarşı apardığı işğalçı müharibəyə etiraz olaraq bu dövlətlə sərhədlərini bağlayan Türkiyə Avropa Birliyi, Birləşmiş Ştatlar və erməni diasporunun təzyiqlərinə baxmayaraq, mövqeyini dəyişmir. Lakin son vaxtların iqtisadi-siyasi prosesləri və Türkiyənin Avropaya inteqrasiyası yolunda ciddi maneə olan sərhədlərin açılması məsə ləsində rəsmi Ankaranın güzəştə getməsi ehtimal olunur.

   Erməni diasporunun və Ermənistanın sərhədləri açmaq istiqamətində apardıqları işi Türkiyədə dəstəkləyənlər də az deyil. Iş adamları və ictimai-siyasi xadimlərdən ibarət olan bu şəxslər XXI əsrin Ipək Yolu layihəsini Türkiyənin başına qonan “dövlət quşu” hesab edirlər. XXI əsrdə Türkiyənin Avropa və Asiyada reallaşdırılan enerji kəmərlərinə ev sahibliyi etməsini əsas götürən bu şəxslər Şərqlə Qərb arasında koridoru olmaq üçün Ermənistanla sərhədləri açılmasının “vacibliyini” vurğulayırlar. Hələ 1996-cı ilin 26 oktyabrında Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəllə ABŞ-ın dövlət katibinin müşaviri Stroub Telbotun görüşünü təşkil edən bu şəxslər Dəmirəlin Ermənistanla sərhədlərin açılmasına razılıq verməsinə nail olublar. Sonradan siyasi məqsədlərin önə çıxması iqtisadi maraqların kölgədə qalmasına gətirib çıxarıb.

   Türkiyənin Ermənistana yönəlik ticari münasibətinin 75 milyon dollarla ölçüldüyünü irəli sürən bu şəxslər sərhədlərin açılacağı təqdirdə məbləğin iki-üç qat artacağını iddia edirlər. Ermənistana Iran və Gürcüstan vasitəsilə mal aparan türk iş adamları hər dəfə 3 min dollar itirdiklərindən şikayət edərək Qars-Irəvan, Qars, Gümrü və Iqdırdakı Alican sərhəd qapısının təcili olaraq açılmasını tələb edirlər. Onlar sərhədlər açılandan sonra Türkiyənin turizm və ticarət sahəsində 1 milyard dollar gəlir götürəcəyini bildirirlər. Bununla Ermənistanın iqtisadi cəhətdən Türkiyədən müəyyən qədər asılı vəziyyətə düşməsini irəli sürən bu dairədə təmsil olunanlar eyni zamanda türk kapitalının gücünün erməniləri idarə etmək iqtidarına malik olacağını iddia edirlər.

   Bu iddialarla paralel olaraq siyasi xadimlərin bəziləri sərhədlər açılacağı təqdirdə bölgədə Rusiyanın nüfuzunun azalması məsələsinə toxunmaqla bu ilin yanvarında Türkiyə ilə yaxın bölgədə inşa edilən atom zavodunun neytrallaşdırılacağını bildirirlər. 2001-ci ilin mayında Rusiya-Ermənistanla birgə hava təlimlərinin Türkiyə sərhədləri yaxınlığında aparılmas ı və bölgədə S-300 V tipli uzaqvuran ballistik paketlərin yerləşdirilməsini əsas kimi göstərənlərin fikrincə, Ermənistanla sərhədləri açmaqla Türkiyə gələcək “təhlükədən” yaxa qurtara bilər.

   Onlar Türkiyənin Avropa Birliyinə üzvlüyünə Ermənistanla sərhədlər məsələsinin maneə olduğunu bildirməklə, birliyə inteqrasiya istiqamətində onlara qarşı olan dövlətlərin güzəştə getməməsinin başlıca səbəbini bunda görürlər. Xatırladaq ki, Türkiyənin Avropa ailəsinə qəbul edilməsinə qarşı çıxış edən ermənipərəst Fransa bəhanə kimi Türkiyənin başqa mədəniyyətə, başqa yaşam tərzinə və başqa inanca malik olmasını göstərir. Nüfuzlu “Washington Times” qəzetinə müsahibə verən Fransanın keçmiş prezidenti Valeri Jiskar Destyenə görə, Türkiyənin Ermənistanla sərhədləri açması onun Avropa Birliyinə üzvlüyü məsələsində Fransanın mövqeyinin yumşaldılması üçün əlverişli addım ola bilər.

   Məhz 2001-ci ildə Ermənistanla-Türkiyə arasında münasibətlərin tənzimlənməsi üçün təsis edilən işçi qrupunun maliyyələşməsini həyata keçirən bir sıra iş adamları və ictimai-siyasi xadimlər ABŞ-ın son zamanlar Türkiyəyə soyuq münasibətinin aradan götürülməsi üçün sərhədlər məsələsində Ermənistana güzəştə getmək barədə Ərdoğan hökumətinə məsləhətlər verirlər. Türkiyənin nüfuzlu “Posta” qəzetinin yaydı ğı məlumata görə, ABŞ Konqresinin Ağ Evə göndərdiyi məxfi sənəddə Türkiyə ilə münasibətlərin normallaşdırılmasının Ermənistanla sərhədlərin açılacağı təqdirdə mümkünlüyü qeyd olunub.

   Bu məsələ ətrafında analitiklər və politoloqlar arasında yekdil fikir olmaması dərc olunan fikirlərdə özünü büruzə verir. Bir qrup politoloq fikirləşir ki, Türkiyə və Ermənistan arasında olan sərhədlər problemi, yaxın zamanlarda sərhədlərin açılması ilə çözüləcək. “Türkiyənin öz maraqları var” – deyən bu politoloqlar bunun üçün Azərbaycan amilinin daha mühüm rol oynamadığını bildirirlər. “Ankara-Irəvan arasında danışıqlar sərhədlərin açılacağını labüd edir” – şəklində düşünən politoloqlar Türkiyənin iqtisadi maraqlar üzərində siyasət yeritdiyini göstərməklə, eyni zamanda siyasi maraqların qorunmasını da qeyd edirlər. Digər bir qrup analitik hesab edir ki, son vaxtlar daha ciddi gündəmə gələn sərhədlər məsələsi Vaşinqton və Ankaranın Azərbaycana təzyiq vasitəsindən başqa bir şey deyil. Onlar son günlər ABŞ-Azərbaycan və Türkiyə-Azərbaycan münasibətlərində olan soyuqluğun aradan qaldırılmasına xidmət edən sərhədlər məsələsinin Rusiya Azərbaycan münasibətlərinin inkişaf etməsi və Rusiyaya meylin artması təqdirində artıq vasitə deyil, real işə çevriləcəyini proqnozlaşdırırlar. Başqa bir qrup analitik bildirir ki, Türkiyə yalnız Ermənistana irəli sürdüyü konkret şərtlər ödənildikdən – “soyqırım” iddiasından əl çəkərək, işğal altında olan Azərbaycan torpaqlarını azad edilməsindən sonra sərhədləri açacaq.

Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

 

“KarabakhİNFO.com”

 

20.06.2013 15:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*