Azərbaycanca

Türkiyə iqtidar partiyasının baş katibi: “Azərbaycanın güclənməsi bölgədə sülhün və əmin-amanlığın təminatıdır”

20.09.2012 | 13:49

1348130908_haluk-ipek_239738Ədalət və İnkişaf Partiyasının (AKP) baş katibi, Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun keçmiş rəhbəri Haluk İpəkin APA-ya müsahibəsi

– Türkiyə Böyük Millət Məclisində Azərbaycanla dostluq qrupunun başqanı olarkən iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsi istiqamətində çox işlər gördüyünüzü bilirik. İndi iqtidar partiyasında çox önəmli vəzifədə olmağınıza və işlərinizin başınızdan aşdığına baxmayaraq, Azərbaycanı həmişə diqqət mərkəzində saxladığınızdan da xəbərdarıq. 

– Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin təməlləri qardaşlıq fəlsəfəsi üzərində qurulub. 1850-ci illərdən başlayaraq bu işlərin zəminini hazırlayanlar bizim birlikdə hərəkət etməyimizin zərurətini ortaya qoyublar. Bu günlərdə Nuri Paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun Bakını ermənilərdən təmizləməsinin növbəti ildönümünü yenidən bayram kimi qeyd etdik. O vaxt Osmanlı İmperiyasının ciddi sıxıntıları vardı, ancaq buna baxmayaraq, Azərbaycanın qurduğu müstəqil dövlətin paytaxtını millətimizə qarşı soyqırım törədənlərdən təmizləmək üçün Nuri paşanın komandanlığındakı Qafqaz İslam Ordusunu bölgəyə göndərməyi özünə borc bildi. Ədalət və İnkişaf Partiyası Azərbaycanın bütün məsələlərini həmişə öz məsələsi sayıb. Bunu vurğulamaq istərdim ki, siyasətdə olduğum gündən bəri mən hər gün Azərbaycan sevgisini qəlbimdə hiss etmişəm, ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdirilməsindən tutmuş Azərbaycanın hər hansı bir problemini həll etməyə qədər, bütün məsələlərdə əlimdən gələni etməyə çalışmışam. Hər gün Azərbaycan televiziyasına baxıram, hörmətli prezident İlham Əliyevin ölkəni addım-addım necə inkişaf etdirdiyini görəndə qürurlanıram. Azərbaycanın güclənməsi bölgədə sülhün və əmin-amanlığın təminatıdır.

– Ermənilər işğal altındakı Azərbaycan torpaqlarından çıxmadığı kimi, Türkiyəyə qarşı yenə uydurma “soyqırım” kampaniyası aparırlar. 2015-ci ildə Türkiyəyə qarşı böhtan kampaniyasının daha da artacağı təxmin edilir. Hər iki ölkəyə qarşı yürüdülən bu haqsızlıqlar qarşısında nələr edilməli, güclər necə birləşdirilməlidir? 

– Dediyiniz kimi, Ermənistan Türkiyəyə qarşı “soyqırım” böhtanlarından əl çəkmədiyi kimi, Azərbaycan torpaqlarından da çəkilmir. Əslində “soyqırım” böhtanlarının bir məqsədi də Azərbaycan torpaqlarının işğalını unutdurmaqdır. Ona görə də Türkiyə və Azərbaycan bu məsələlərə bütöv şəkildə və birlikdə baxmalı, atacağımız addımları birlikdə koordinasiya etməliyik. Bu baxımdan hörmətli baş nazirimizin 14 may 2009-cu ildə Azərbaycan Milli Məclisindəki çıxışında Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yaradılmasını səbəb-nəticə əlaqəsi çərçivəsində “Ermənistanın işğal etdiyi torpaqlardan çəkilməsi” şərtinə bağlaması Azərbaycanın əlini gücləndirən bəyanat olmuşdur ki, bundan sonra da addımlarımızı bu cür ahəngdar şəkildə atmağımızın ən doğru yol olduğuna inanıram.

– Son illərdə Türkiyə-Azərbaycan münasibətləri qardaşlığı daha da gücləndirəcək olan realist sazişlərlə dəstəklənir. Keçən ilin payızında İzmirdə və bu il 26 iyunda İstanbulda imzalanan 2 sazişlə Azərbaycandan Türkiyəyə 12 milyard dollarlıq birbaşa investisiya gəldi. İndi Azərbaycan Türkiyəyə birbaşa investisiya gətirən ölkələr arasında birinci yeri tutur və bunun artacağı gözlənilir. Siz də illərdən bəri bunun üçün çalışırdınız, elə deyilmi? 

– Mərhum prezident Heydər Əliyev Bakı-Ceyhan layihəsini həyata keçirməyə başlayanda bəziləri bunun reallaşacağına inanmırdılar, ancaq Heydər Əliyev bütün əngəl və inamsızlıqlara baxmayaraq, bu möhtəşəm işin öhdəsindən gəldi. Bakı-Ceyhan neft kəmərinin açılış mərasimində mən də iştirak edirdim. Ölkələrimiz arasındakı münasibətlərin inkişafının ən realist göstəricilərindən biri Bakı-Ceyhan neft kəməridir. Daha sonra münasibətlər realist çərçivədə yüksələn xətlə inkişaf etdi, bunda hörmətli prezident Əliyev və hörmətli baş nazirimiz Ərdoğanın çox böyük əməyi var. İzmirdəki sazişlərdən sonra İstanbulda imzalanmış TANAP sazişi də 8 ayda 2 böyük anlaşmanın imzalandığını göstərir ki, bunun da dünyada örnəyi bəlkə də yoxdur. 10 gün əvvəl hörmətli baş nazirimizin Qəbələyə səfəri hörmətli baş nazirimizin də dediyi kimi, sanki iki ölkə nazirlər kabinetlərinin növbəti müştərək toplantısı idi. Mən Azərbaycanın çox yerini gəzmişəm, əvvəllər müştərək toplantılarımızı yalnız paytaxtlarımızda keçirərdik, indi isə bölgələrdə. Bu fakt belə münasibətlərimizin nə qədər dərinləşdiyini göstərir.

– 30 sentyabrda Ədalət və İnkişaf Partiyasının növbəti qurultayı keçiriləcək. Hazırlıq işləriniz necə gedir? Bu qurultayda Türkiyənin yaxın 10 ili üçün hədəflərini müəyyənləşdirəcəksiniz. Önümüzdəki 10 ildə əsas hədəfiniz nədir? 

– Biz 11 il əvvəl qurulan və 10 ildən bəri iqtidarda olan partiyayıq. İqtidara gələndə Türkiyədə adambaşına düşən milli gəlir 3200 dollar idi, indi 10600 dollardır. 2023-cü ildə bu rəqəmi 25000 dollara çıxarmaq əsas hədəflərimizdən biridir. Bizim qurultayımıza dünyanın hər yerindən maraq var. Türk cümhuriyyətlərindən başlamış, Orta Şərq və Şimali Afrika ölkələrinə qədər, hamı Türkiyədə gördüyümüz işlərlə maraqlanıb bizi özünə örnək götürməyə çalışır. Bakıda bir Karvansaray olub, indi orada bazar da var. Bir gün orada gəzərkən satıcılar mənə dedilər ki, sizin rəhbəriniz güclü və yaxşı adamdır. Məncə, azərbaycanlı qardaşlarımızın verdiyi bu qiymət partiyamıza dünya miqyasında verilən dəyərin ən gözəl nümunələrindən biridir. Qurultaya hazırlığımız yüksək səviyyədə gedir. 30 sentyabrda sizi də aramızda görmək istərdik.

 

20.09.2012 13:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*