Azərbaycanca

“Türkiyədə mövzu ilə əlaqədar elmi ədəbiyyat əksikliyi hiss edilir”

14.12.2013 | 12:04

1387007787_araz-kitab-teqdimat“KarabakhİNFO.com” Beynəlxalq Elektron Jurnalının müsahibi Qafqaz Strateji Araşdırmalar Mərkəzinin başqanı, bu yaxınlarda nəşr olunan “Yeni Küresel Mücadelede Kafkasya ve Karabağ Sorunu” (“Yeni Qlobal Mübarizədə Qafqaz və Qarabağ Problemi”) adlı kitabın müəllifi Araz Aslanlıdır. Müsahibəmiz də elə son çap olunan kitab və ümumiyyətlə Dağlıq Qarabağ məsələsinə Türkiyədən baxış oldu.

 

-Türkiyə ictimaiyyətinə təqdim etdiyiniz yeni kitabı nə zamandan hazırlamağa başladınız və niyə görə məhz Dağlıq Qarabağ məsələsi?

-Əslində hələ Türkiyədə təhsil aldığım illərdə qarşıma məqsəd qoymuşdum ki, Qarabağ problemini elmi cəhətdən, beynəlxalq hüquq baxımından, mövcud mərhələdəki qlobal siyasi mübarizənin əsas məqamlarını da nəzərə alaraq araşdırmağa və bu sahədə elmi əsərlər (məqalələr, kitablar) yazmağa çalışacağam.  Bunun bir neçə səbəbi var idi. Əvvəla, bizim tələbəlik illərimiz əsasən müharibənin ilk mərhələsinin başa çatdığı, atəşkəslə bağlı razılaşmanın imzalandığı, əməl edilməsə də hüquqən qüvvədə olduğu illər olub. Digər tərəfdən bu illər həm də Azərbaycan ərazilərinin də Ermənistan işğalı altında olduğu dövrlər olub. Hər bir Azərbaycanlı kimi mən də vətən torpaqlarının işğaldan azad edilməsi istiqamətindəki proseslərə töhfə verməyə çalışmışam.

Eyni zamanda tələbəlik dövründə dəfələrlə Qarabağ problemi ilə bağlı elə suallarla qarşılaşırdıq ki, istər istəməz Türkiyə cəmiyyətində problemlə bağlı məlumatsızlıq problemi olduğunu görürdük.

Bu səbəbə görə də Türkiyədə strateji araşdırmalar mərkəzində işləməyə başlayanda ilk yazdığım məqalə məhz Qarabağ problemi ilə bağlı oldu. Sonrakı dövrlərdə də dəfələrlə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi ilə bağlı məqalələr yazdım, konfranslarda çıxış etdim. Ankara Universitetindəki elmi işimi də bu mövzuda yazdım.

-Son illərdə Türkiyənin Dağlıq Qarabağ probleminə münasibətinin dəyişdiyini demək nə qədər düzgündür?

-Qeyd etməliyəm ki, Türkiyə qardaş dövlət kimi Qarabağ problemində daim Azərbaycanın yanında olub.  Azərbaycan rəsmiləri də, sadə Azərbaycan vətəndaşları da bunu həmişə qeyd ediblər və Türkiyəyə təşəkkür ediblər. Amma xüsusilə son illərdə (mən “protokollar mərhələsi”ni nəzərdə tuturam) Türkiyədə baş verənlər, həm rəsmilərin mövqeləri və açıqlamaları, həm də bəzi Türk aydınlarının və Türkiyə medyasının aparıcı nümayəndələrinin açıqlamaları və məqalələri daha çox təəssüf doğuran məqamdır. Bu amil sadəcə dövlətimizin problemin ədalətli həlli istiqamətindəki səylərinə maneələr yaratmaqla qalmır, eyni zamanda Azərbaycan ilə ən yaxın mütəfiqi və qardaş dövlət olan Türkiyə arasında da müəyyən soyuqluq yaranmasına səbəb olur.

“Türkiyədə mövzu ilə əlaqədar elmi ədəbiyyat əksikliyi hiss edilir”Son illərdə Türk ictimai rəyində və elmi-siyasi-media elitasında Qarabağ problemi ilə əlaqədar fərqli mövqelərin daha çox ortaya çıxması, onların erməni təbliğat maşınının tələlərinə daha rahat düşmələri göstərir ki, bu sahədə Azərbaycan tərəfinin arxayınçılığa qapılması əbəs və təhlükəlidir. Bu sahədə Azərbaycanın ədalətli mövqeyini və problemin tarixini, mahiyyətini Türkiyə ictimaiyyətinə, elmi-siyasi-media elitasına çatdıracaq ciddi elmi-siyasi mənbə ehtiyacı mövcuddur.

Bu ondan irəli gəlir ki, Azərbaycan üçün qardaş ölkə və qonşu dövlət olmasına baxmayaraq Türkiyədə də mövzu ilə əlaqədar elmi ədəbiyyat əksikliyi hiss edilir. Məhz bu səbəbdən tədqiqatçılar, alimlər, KİV nümayəndləri və hətta bəzən siyasətçilər arasında belə mövzu ilə əlaqədar səhv qənaətə gələnlər olur. Türkiyə ümumilikdə Azərbaycan üçün vacib ölkədir. Amma xüsusi ilə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemində Türkiyənin Azərbaycanı hər zaman qeyd şərtsiz və prinsipial şəkildə dəstəkləməsi ölkəmiz və problemin ədalətli həlli üçün çox vacibdir. Bu mənada Türkiyədəki əlaqədar təbəqənin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı problemi ilə əlaqədar yeni və problemə tarixi aspektlərlə yanaşı beynəlxalq hüquq normaları aspektindən də baxan bir əsərlə təmin edilməsi çox vacibdir. Biz QAFSAM olaraq bu ehtiyacı nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət etdik, Onlara da təşəkküt edirik ki, layihəmizi dəstəklədilər. “Yeni Küresel Mücadelede Kafkasya ve Karabağ Sorunu” (“Yeni Qlobal Mübarizədə Qafqaz və Qarabağ Problemi”) adlı kitab da məhz Şura tərəfindən dəstəklənən layihə çərçivəsində yayınlandı.

Düzdür, SSRİ-nin dağılma mərhələsində bu barədə məqalə və kitablarıyla ciddi töhfələr verən böyük şəxsiyyətlər, elm adamları olub. Azərbaycan Milli Mərkəzinin rəhbəri Məhmət Kəngərli, dəyərli elm adamları elm adamları Prof. Dr. Cemalettin Taşkıran, rəhmətlik Prof. Dr. Cihat Özönder, Prof. Dr. Dursun Yıldırım, Erməni təbliğatının qarşısını almaq üçün ciddi əsərlər yazıblar. Sonrakı illərdə əslən Azərbaycandan olan, hazırda Giresun Universitetinin rektoru olan Prof. Dr. Aygün Attar dəyərli elmi əsər ortaya qoyub. Amma həm erməni tərəfi təbliğat vasitələrindən daha çox istifadə etməyə çalışdığı üçün bizim səylərimiz də nə qədər çox olsa o qədər faydalıdır. Həm də hər bir tədqiqatçının özünəməxsus yanaşması var. Hər tədqiqatçı məsələyə fərqli prizmadan yanaşır, məsələnin müəyyən bir istiqamətinə daha çox əhəmiyyət verir. Bu mənada yeni-yeni elmi əsərlərin ortaya çıxması yeni töhfə deməkdir.

-Kitaba Türkiyə rəsmilərinin və ya ümumi ictimaiyyətinin münasibəti necə oldu?

 

-Kitab Ankarada və digər bəzi şəhərlərdə əhəmiyyətli şəxslərə və qurumlara çatdırıldı.Təvazökarlıqdan uzaq da olsa qeyd etməliyəm ki, kitab Türkiyədə yüksək səviyyədə qarşılandı. Xüsusilə universitet müəllimlərindən, tələbələrdən və tədqiqatçılardan yüksək tələb var. Məhz bu tələbə görə çox güman ki, kitab yenidən dərc olunacaq.

Keçən həftə Mərmərə Universitetində keçirilən “Xəzərdən Qara dənizə Strateji baxış” adlı beynəlxalq konfrans (hansı ki, 7 ölkədən 30-dan çox alim və dövlət xadimi iştirak edirdi) çərçivəsində kitabın tədqimatı da oldu.

Yeri gəlmişkən kitabın Türkiyədə dərc olunması, Türkiyədə kitabla bağlı təqdimat mərasiminin keçirilməsi və kitabın əlaqədar şəxs və qurumlara çatdırılması işinə ciddi töhfələr verən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinə və bu qurumun sədri Hikmət Eren bəyə də təşəkkür edirəm.

-Ötən ay Ankara valiliyi “Xocalı Soyqırımı muzeyi” adına qarşı olduğunu açıqlamışdı. Ermənilər qondarma soyqırımın 100 illiyinə hazırlaşdıqları anda Türkiyənin müdafiə taktikası seçməsi nə dərəcədə düzgündür?

-Mən hələ Türkiyədə tədqiqatçı kimi işlədiyim dövrdə dəfələrlə qardaş ölkənin müdafiə taktikasını tənqid etmişəm. Türkiyənin çox dəyərli alimləri var. Amma təəssüf ki, onların arasında hücum taktikasından çəkinənlər var. Digər tərəfdən hücum taktikasına üstünlük verənlərin mövqeyi əsasən dəstəklənmir. Müdafiə taktikasının bir mahiyyəti də ondan ibarətdir ki, “soyqırım” ifadəsindən mümkün qədər istifadə edilməməlidir. Belə düşünürlər ki, soyqırım ifadəsindən istifadə edilməsi geniş yayılsa bu erməni tərəfinin işinə yarayacaq. Halbuki, Türkiyə tərəfi bu ifadəyə heç yaxın durmadığı mərhələlərdə erməni lobbisi uydurma iddiaları ilə bağlı daha çox qərar qəbul etdirib. Amma Xocalı Soyqırımı ilə bağlı kampaniya gücləndikdən sonra Erməni lobbisinin imkanları daha zəifləyib. Məncə bu məqama diqqət edilməlidir.

Aysel Araz

 

“KarabakhİNFO.com”

 

14.12.2013 12:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*