Azərbaycanca

Türkiyəli ictimai – siyasi xadimlər etirazlarını bildirdilər

09.11.2013 | 11:14

1383980625_1c95abc29ff21183eaf58d240ea35d34Türkiyənin paytaxtı Ankaranın Qızılcahamam rayonu ərazisində Xocalı faciəsi ilə bağlı yaradılan muzeyə “Xocalı soyqırımı muzeyi” adının verilməsi mümkün olmayacaq. Ankara valiliyi (qubernatorluq) muzeyə bu adın verilməsinin diplomatik problem yarada biləcəyi haqda bələdiyyəyə xəbərdarlıq edib.

Qızılcahamam bələdiyyə başqanı Coşkun Ünal bildirib ki, bu muzeyin yaradılması üçün Azərbaycan dövləti ilə iki ildir əməkdaşlıq edirlər: “İndiyə qədər Azərbaycan millət vəkilləri, hörmətli İham Əliyevin müşavirləri və hörmətli səfir buraya gəlib. İnşaat bitmək üzrədir. Panoramik bir muzey hazırlayırıq. Muzeydə erməni hərbi dəstələri tərəfindən yox edilmiş Xocalıda yaşananları əks etdirən sənədlər və əsərlər yer alacaq. Bəşəriyyətin bir daha belə bir cinayət yaşamaması niyyəti ilə bu muzeyi açmaq istəyirik. Lakin muzeyin adını dəyişdirmək məcburiyyətindəyik. Valilik “soyqırım” kəlməsini hüquqi baxımdan istifadə etməyin mümkün olmadığını və bunun diplomatik problem yarada biləcəyini bəyan etdi. Nəticədə muzeyin adını dəyişdirmək zərurəti yarandı. “Qətliam muzeyi” və ya başqa bir ad ola bilər, lakin Xocalıda yaşananları bütün dünya bilir”.

 “Hazırda Mədəniyyət və Turizm Nazirliyinin nəzdində “Xocalı soyqırımı muzeyi” adlanan özəl bir muzey yoxdur. Bələdiyyələr özəl muzey açmaq üçün Ankara valiliyinin mədəniyyət və muzeylər şöbəsinə rəsmi müraciət etməlidirlər”. Bunu isə Ankara valiliyinin muzeylər şöbəsinin rəsmisi Öndər Çakır Ankara valisinin bu şəhərin Qızılcahamam rayonu ərazisində Xocalı faciəsi ilə bağlı yaradılan muzeyə “Xocalı soyqırımı muzeyi” adının verilməməsi ilə bağlı təlimat haqqında danışarkən deyib.

 Ö.Çakır bildirib ki, Qızılcahamam rayonunda bu adda bir muzey açılmış ola bilər, ancaq muzeyin fəaliyyəti rəsmilik qazanmayıb: “Hazırda bizim nəzdimizdə 40-a yaxın rəsmi muzey var. Ancaq o siyahıda dediyiniz adda muzey yoxdur. Muzeyin özəl statusu alması və rəsmi fəaliyyət göstərməsi üçün bələdiyyənin bizə müraciət etməyi lazımdır. Ancaq bu günə qədər belə bir rəsmi müraciət yoxdur. Özəl muzey statusu almaq üçün rəsmi olaraq Ankara İl Mədəniyyət və Turizm Müdirliyinə yazılı olaraq müraciət edilməlidir. Bələdiyyə öz daxilində nəsə iş görmüş ola bilər, bundan xəbərsizəm. Lakin Qızılcahamam bələdiyyəsindən bizə belə bir müraciət daxil olmayıb”.

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı mövzu ilə əlaqədar olaraq Türkiyənin tanınmış ictimai-siyasi xadimlərinin fikirlərini öyrənib.

Türkiyəli ictimai - siyasi xadimlər etirazlarını bildirdilərMilliyyətçi Hərəkat Partiyasının İzmirdən olan millət vəkili Ahmet Kenan Tanrikulu açıqlamasında bildirib ki, Ankara mülki idarəsinin qərarına baxmayaraq, türk milləti həmin muzeyi o adla ziyarət edəcək: “Ankaranın Milliyyətçi Hərəkat Partiyasından olan Kızılcahamam bələdiyyəsi Azərbaycan hökumətinin dəstəyi ilə park olaraq başlatdığı işi, muzeyə çevirmək qərarına gəlib. “Xocalı Soyqırımı Muzeyi”nin açılışı, soyqırımın 22-ci ildönümünə nəzərdə tutulmuşdur. Mövcud mülki idarənin muzeyin adının dəyişdirilməsi ilə bağlı siyasi qərarına baxmayaraq, millətimiz bu parkı həmin isimlə yad edəcək və biləcəkdir. Xocalı Soyqırımının hər ildönümündə dilə gətirdiyimiz kimi, bu acı tarix hər yerdə dilə gətiriləcək və heç bir zaman unudulmayacaq”.

Türkiyəli ictimai - siyasi xadimlər etirazlarını bildirdilərAnkarada fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin başqanı Hasan Oktay açıqlamasında bildirib ki, Ankaranın siyasətində nəticə ala bilməyəcəyin mücadiləyə girməkdənsə, daha fərqli gedişlər seçmək daha məqbul hesab olunur: “Türkiyə önümüzdən gələn 2015-ci il erməni problemini sakitcə ötürmək üçün yumşaq eniş etməyi planlaşdırıb və ona görə bölgədki problemlərlə bağlı kəskinliyi azaltmağa qərar verib. Bu haqda çox fikirlər deyilə bilər. Amma bəzən gərginliyi azaltmaq lazım gəlir. Ankara siyasətində nəticə ala bilməyəcəyin mücadiləyə girməkdənsə, daha fərqli gedişlər seçmək daha məqbul hesab olunur. Ermənistan-Azərbaycan qarşıdurmasında Türkiyə həmişə Azərbaycanın yanında yer alıb və almağa davam edəcək”.

Türkiyəli ictimai - siyasi xadimlər etirazlarını bildirdilərRumeli Balkan Strateji Araşdırmalar Mərkəzi (RUBASAM) Başqanı, hüquqşünas Özcan Pehlivanoğlu açıqlamasında bildirib ki, AKP-nin nə düşündüyündən çox Türkiyə türkləri və türk milliyyətçilərinin bu mövzuda nə düşünməsi önəmlidir: “Ermənilər sözdə soyqırımın 100 illiyinə hazırlaşarkən Türkiyənin hər hansı bir hazırlığı görünmür. DağlıqQarabağ məsələsi Azərbaycan üçün olduğu qədər Türkiyə üçün də sözdə soyqırım iddialarının sovuşdurulması baxımından çox əhəmiyyətli bir məsələdir. Türkiyə türkləri və türk millətçiləri Türk Dünyası və türk milləti üçün mənfi nəticələr verə biləcək bütün açılımlara qarşıdır. Həmin muzey MHP-li bələdiyyə tərəfindən gündəmə gətirilib. Amma AKP-li vali onu inkar edib. Onu da deyim ki, AKP-nin nə düşündüyündən çox Türkiyə türkləri və türk milliyyətçilərinin bu mövzuda nə düşünməsi önəmlidir. Ancaq AKP-nin bu mövzuda səmimiyyətsizliyi anlaşılmazsa, erməni məsələsində həm Azərbaycanın, həm Türkiyənin və bütünlükdə türk millətinin böyük çətinliklər yaşayacağından şübhə yoxdur. Bunun üçün AKP-nin Türkiyədə türk milləti əleyhinə etdiklərinə baxmaq yetər…”

Türkiyəli ictimai - siyasi xadimlər etirazlarını bildirdilərAnkarada fəaliyyət göstərən Kırım Tatar Dərnəkləri Federasiyası başqanı Ünver Sel açıqlamasında hökumətin bu addımına təəssüfləndiyini bildirib. “Çox təssüflər olsun ki, Türkiyənin xarici siyasət dünyagörüşü belədir. Yazıqlar olsun bu hökumətə” – deyə federasiya başqanı bildirib.

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı olaraq, mövzunu gündəmdə saxlayıb, haqqın bərpa olunması üçün gərəkli addımları atacağıq.

Seymur Həsənli

 

“KarabakhİNFO.com”

 

09.11.2013 11:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*