Azərbaycanca

Üç döyüşçü qardaş

01.02.2013 | 15:28

1359720010_hilal-hseynovlarn-ailsi222“Bir ananın itkin övladı üçün nə çəkdiyini yaxşı anlayarsınız.”        

 Qarabağ müharibəsində ölkəmizin cənub rayonlarından olan Cəlilabad rayonu da xeyli sayda şəhid verdi. Onlardan elələri də oldu ki, nə öldüləri bilindi, nə də qaldıları. Müsahibimiz Qarabağ müharibəsində üç oğlu döyüşmüş Cəlilabad rayon Muğan kənd sakini Dövlət Hüseynovdur. Həmin döyüşdən Dövlət kişinin iki oğlu salamat qayıtsa da, onlardan ilk övladı Hilal Hüseynovdan hələ də xəbər yoxdu.

 

– Dövlət dayı, həmin hadisələri necə xatırlayırsınız?

– Onu deyim ki, mənim beş oğlan və bir qız atasıyam. O, vaxtı 1993-cü il idi, böyük oğlum Hilal yenicə Rusiya da Maqadan şəhərində hərbi xidmətini başa vurub qayıtmışdı.  Elə həmin ildə könüllü olaraq müharibəyə yollandı. Bir neçə aydan sonra, bir dəfə evə baş çəkib, yenidən cəbhəyə qayıtdı. Bir il sonra 1994-cü ildə bizə Cəlilabad rayon Hərbi Komissarlığından xəbər verdilər ki, Hilal itkin düşüb.

– Hilal hansı istiqamətdə döyüşüb və onun birdən-birə itkin düşməsi necə baş verib?

– O, Beyləqanda idi, sonra “Murov dağ” və Horadiz istiqamətində döyüşüb. Onunla birgə bizim kənddən iki döyüşçü yoldaşı da olub. Onlar həmin vaxtı, Mrovda on gündən çox mühasirədə qalıblar. Bir neçə gündən sonra mühasirədən çıxa bilsələr də, həmin döyüşlərdə Hilal ayağından yaralanaraq döyüş bölgəsində qalıb. Sonradan döyüşçü yoldaşları geri qayıdaraq Hilalı gətirməyə getsələr də çox güman ki, tapa bilməmişdilər. 2001-ci ildə bizə Cəlilabad rayon Məhkəməsindən Hilalın itkin düşməsi haqqında “Qara kağız” gəldi.

– Siz əvvəldə qeyd etdiniz ki, sizin Qarabağ döyüşündə üç oğlunuz döyüşüb.  Bu hadisələrə aydınlıq gətirərdiniz zəhmət olmasa.

  

– Həmin illlərdə mənim üç oğlum Hilal, Həmdulla və Araz müharibədə olsa da, onlar müxtəlif bölgələrdə döyüşüb. Hilal Mrovda, Həmdulla Füzulidə, Araz isə Daşkəsən istiqamətində vuruşurdu. Təsəvvür edin bir evdən üç uşaq, elə olub ki, onların üçündən də xəbər olmayıb. (Füruzə ana söhbətə qoşulur).

1359720022_hilal-hseynov22– Onda yoldaşıma dedim ki, get axtar onlardan bir xəbər gətir. Buna hansı ana ürəyi dözər. İki ay yer qalmadı gəzdi Həmdullanı tapdı. Sən demə o, da döyüşçü yoldaşlarıyla iki həftə qarda mühasirədə qalıb. Qıçı sınıbmış elə sürünə-sürünə gəlib çıxıb. Sonra Arazı tapdıq onun da qaşını güllə sivirib aparıb. İndiyə kimi Həmdulla qıçından, Araz da başından əziyyət çəkir.

Həmişə gözüm yoldadı oğul, elə bilirəm Hilal gələcək. Elə sizi görən kimi elə bildim Hilaldan nəsə bir xəbər gətirmisiniz. Burdan sizə və bütün qurumlara müraciət edirəm. Hilalı tapmaqda bizə yardımçı olsunlar. Bir ananın itkin övladı üçün nə çəkdiyini yaxşı anlayarsınız.

Vasif Əlihüseyn

“KarabakhİNFO.com”

 

01.02.2013 15:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*