Azərbaycanca

Üç soyqırımının şahidi

02.11.2012 | 11:36

1351841153_qocaXocalı dedikdə, yadımıza, ilk növbədə, 1992-ci ilin dəhşətli soyqırımı düşür. Əslində isə qədim tarixə malik bu ata-baba torpağımız ondan əvvəl də çox zülmlərə, təzyiqlərə məruz qalıb. XIX əsrdə və XX əsrin əvvəllərində çar Rusiyasının Qarabağda apardığı erməniləşmə siyasəti bu yerdə də düşünülmüş şəkildə həyata keçirilib. Xocalıya məxsus üç bölgədən birinə –  Qala Dərəsi kəndinə İrandan köçürülmüş ermənilər yerləşdirilib. Bunun ardınca, əsasən də 1918-ci il qırğınlarından sonra “Qaçqınlar” adlanan ərazidə Qərbi Azərbaycanın Dərələyəz mahalından didərgin salınmış azərbaycanlılar məskunlaşdırılıb.

Xocalı təkcə XX əsrdə ermənilər və onların himayədarları tərəfindən üç dəfə soyqırımına məruz qalmış qanlı və şanlı tarixə malik bir məkandır.

Deyirlər, hər bir insanın həyatı öz vətəninin, xalqının tarixinin kiçik bir hissəsidir. Bu baxımdan Xocalı elinin ləyaqətli oğlu Qasım Allahverdiyevin həyat salnaməsi də onun tarixindən ayrılmazdır. 90 ildən çox ömür sürən, üç soyqırımının dəhşətlərini görən və bütün həyatını xalqına həsr edən bu insan Xocalının ilk ziyalılarından biri olmuşdur.

Qasım Allahverdiyev əsil-nəcabətli yerin oğlu idi. Möhkəm soy-kökdən “boy atmışdı”. Təsadüfi deyil ki, həyatı da elə bil atası İmamqulunun mənalı ömrünün davamına çevrilmişdi.

İmamqulu kişi seyid, imam nəslindən idi. Mərd, igid, hörmətli, xeyirxah bir insan kimi tanınırdı. Onun bütün bu xüsusiyyətləri zaman-zaman daha çox üzə çıxırdı. Vaxt gəldi və İmamqulu Nuru Paşanın Qarabağın azadlığı uğrunda vuruşan atlı əsgərləri sırasında yüzbaşı kimi döyüşdü və böyük xidmətlər göstərdi.

Təbii ki, döyüşlərdə onun köməyi çox gərəkli idi. Çünki yerli adam kimi coğrafi mövqe ilə əsgərləri yaxından tanış edirdi, hər daşına, hər ağacına bələd olduğu ərazilər barədə bir növ, onlara ətraflı məlumat verir, üstəlik, özü də hünər göstərirdi.

1918-ci ildə Xocalı ikinci dəfə yandırıldı. Kənd əhalisi bu başıbəlalı yurdun birinci soyqırımını hələ unutmamışdı. 1905-1907-ci illərdəki qanlı olaylar hələ də xocalılıların yuxularına girir, onları dönə-dönə dəhşətə gətirirdi.

Bu dəfə ermənilərin törətdikləri vəhşiliklərdən sonra salamat qalmış Xocalı sakinləri Şuşanın Malıbəyli kəndində məskunlaşmışdılar. Erməni quldur dəstələri Malıbəyli və qonşu Quşçular kəndinin əhalisini də vahimə içərisində saxlayırdılar. Onlar əliyalın Xocalı sakinlərinə gündüzlər su gətirməyə belə aman vermirdilər və bundan xüsusi zövq alırdılar. Odur ki, kişilər gecələr evlərə su daşımalı olurdular.

Belə gərgin dövr-zamanda İmamqulu kişi də xocalılıların məskunlaşdıqları məhəlləyə gəlir, bulaqdan atla camaata su aparırdı. Malıbəylinin yaxınlığındakı yeganə içməli su mənbəyi novlu bulaq idi. Bu xəbər ermənilərə çatan günü burada pusqu qurulur. Öz el-obası üçün həyatını riskə atan İmamqulu kişi düşmən tərəfindən əvvəlcə izlənilir.  Əlbəttə, Nuru Paşanın əsgərinin silahsız olmadığı aydın məsələ idi. Buna görə də erməni öz riyakar xislətinə sadiq qalaraq yenidən hiylə işlədir. İmamqulu gecə su qabının birini doldurub bulaqdan iki-üç addım aralandıqda atı fınxırmağa və ayaqlarını yerə döyməyə başlayır. O, silaha əl atmağa belə macal tapmır və vurulur.

Namərd gülləsindən yaralanan İmamqulu ölümə təslim olmaq istəmir. Su qabını sinəsinə sıxaraq sürünə-sürünə kəndə çatmağa can atır. Lakin bacarmır, qanı dupduru bulaq suyuna qarışaraq doğma Qarabağ torpağı boyu axıb gedir… Beləcə, İmamqulu kişi qeyri-adi bir “döyüş”də, zülmət gecədə düşmən məkrinin qurbanı olub, şəhid zirvəsinə çatır. Ömrünü övladlarına bağışlayaraq əbədiyyətə qovuşur və Malıbəyli kəndində dəfn olunur. Bəs həyatını Vətən, el yolunda qurban verən bu atanın övladlarının taleyi necə olur?

Qarabağın dağlıq hissəsində Nuru Paşanın döyüşçüləri erməni quldurlarını tərk-silah etdikdən sonra xocalılılar öz doğma yurd yerlərinə qayıdırlar. Lakin onların evləri – torpaqları viran edilmişdi. Məsələn, Qışlaq kəndi adlanan bölgədə (hissədə) bircə salamat ev belə qalmamışdı. Ermənilər hətta qapı və pəncərələri də söküb daşımış, bununla məkrlərini “yatırda” bilməyib hər yana od vurmuşdular. Kəndin ərazisindəki iki su quyusunu da dağıtmışdılar.

Bu zaman İmamqulunun ailəsinin başında böyük oğlu Qasım dayanırdı. Şəxsiyyətini təsdiq edən sənədə görə onun 16 yaşı vardı. Əslində isə Qasımın təvəllüdü yazıldığından 5-6 il əvvəl idi. Çünki 1905-ci ilin qırğınlarını dəqiqliyi ilə xatırlayırdı. Xocalı bəylərinin adlarını bir-bir çəkərək Qasım söyləyirdi ki, onlar həmin vaxt Xocalının yaşlısını, cavanını başlarına toplayıb təzə yurd yerini Qışlaqdan bir-iki kilometr aşağıda, magistral yolun yaxınlığında salmağı məsləhət görmüşdülər: “Köhnə Qışlaqdakı kösövə dönmüş divarlar isə tarixə yadigar qalsın” – demişdilər.

Xocalılılar belə də etmişdilər. Lakin bir qədər irəliyə gedərək elə buradaca qeyd etmək yerinə düşər ki, keçən əsrin 60-cı illərində ermənilərin Yer üzündəki vəhşi pəncələrinin izlərini silmək istəyən bu mənfur millətin nümayəndəsi Silva Kapitukyan “Karvan hələ yoldadır” kitabını yazdı. Bundan sonra ermənilər vaxt itirmədən Xocalıda saxlanan “açıq səma altında muzey”i buldozerlərin cənginə verib yerlə yeksan etdilər. Qışlaqdakı qədim qəbiristanlığı traktorlarla şumladılar…

Bütün bunlar Xocalının tarixindən və hər bir xocalılının taleyindən keçən olaylardır. Odlara qalanmış doğma kəndin mənzərəsini Qasım da ömrünün sonuna qədər unuda bilmirdi. Həm də təsəvvür etmirdi ki, ahıl yaşında bundan da böyük dəhşətləri görüb sonra dünyadan köçəcək. Bununla belə o, gənc yaşlarından mətinləşmiş, çətin anlarda özünü itirməmişdi. Xocalılılar Qışlaqda yeni kənd quranda Qasımın artıq anası da yox idi. Bahar xanımın incə qəlbi erməni zülmlərinə dözməmişdi və o, hələ 1916-cı ildə haqq dünyasına qovuşmuşdu. Anasının vəfatından sonra Qasım və kiçik bacısı Bənövşə xeyli vaxt dayılarının – Qarabağın tanınmış bəylərindən olan Hacı Zeynalın nəvəsi Həsən kişinin himayəsində yaşamışdılar.

Sovet hakimiyyəti qurulduqdan sonra Qasım Allahverdiyevi Şuşa rayonunun Xocalı kəndi üzrə komsomol katibi seçirlər. Kənd cavanlarından Şükür Məmmədov, Bəşir Mustafayev, Talıb Abışov və başqaları bu təşkilata üzv yazılırlar. Şükür Qasımın müavini idi. İkisi birlikdə hər ayın axırında Şuşaya gedir, hesabat iclaslarında iştirak edirdilər. Bu, hər dəfə dağ yolları ilə 22-24 kilometr məsafə qət etmək demək idi.

Qısa arayış: 1923-cü ildə, SSRİ təşkil olunandan sonra Leninlə Mikoyan Azərbaycanda Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaratdılar. Xankəndini DQMV-nin mərkəzi elan edərək şəhərə düşünülmüş şəkildə xalqımızın düşməni, satqın və riyakar Stepan Şaumyanın adını verdilər. Əhali bu şəhərə “ştab”, yəni, “qərargah” deyirdi. Çünki SSRİ-nin silahlı qüvvələrinin qərargahı burada yerləşirdi. Rayonu genişləndirmək üçün Xocalını Şuşanın tərkibindən çıxarıb oraya birləşdirdilər.

Getdikcə Qasım öz gələcək təhsili, sənəti ilə bağlı da qayğılanmağa başladı. Elə buna görə də Bakıya gələrək aqronomluq məktəbinə daxil oldu və 30-cu illərin əvvəllərində təhsilini bitirdi. Qasım bilərəkdən bu sahəni seçmişdi ki, kəndə bir mütəxəssis kimi köməyi dəysin. Belə də oldu.

Qasım kəndə yaxşı bir mütəxəssis kimi qayıtdı. Cavan olmasına baxmayaraq, onu kolxoz sədri seçdilər.

1930-cu illərin sonu – 1940-cı illərin əvvəllərində Xocalı DQMV-nin iqtisadi həyatında mühüm rol oynayırdı. O dövrün təbirincə desək, qabaqcıllığı əldən vermir, beşillik planları dörd ildə yerinə yetirirdi. Bu bölgənin (o zaman kənd adlansa da, əslində, bir rayon idi) kənd təsərrüfatının bütün sahələrində nailiyyətlər əldə etməsində təbii ki, Qasım kişinin zəhməti və təşkilatçılığı əvəzsiz idi. Burada heyvandarlıq, tütünçülük, tərəvəzçilik, baramaçılıq, bağçılıq inkişaf edir, dövlət planları az qala ikiqat yerinə yetirilirdi. İndiki nəslə tarixdən məlum olan “Staxanovçular hərəkatı”nda da xocalılılar irəlidə gedirdilər.

Vilayətin milliyyətcə erməni olan rəhbərlərinin gözü bu yüksəlişi heç götürmək istəmirdi. Onlar əsasən ermənilərin məskunlaşdıqları kəndləri abadlaşdırır, Xocalını isə həmişə diqqətdən kənarda qoyurdular. Bununla belə, kolxoz sədri Qasım Allahverdiyev Xocalıda yetişdirilən taxılın bolluğuna uyğun saxlama anbarları, tütün sexi tikdirməyə, quşçuluq və maldarlıq fermalarını genişləndirməyə nail olmuşdu. Bütün bunlar kənd camaatının ərzağa olan tələbatının daxili imkanlar hesabına ödənilməsinə imkan yaradırdı. Üstəlik, dövlətə də nə qədər məhsul təhvil verilirdi.

Ermənistanın Dərələyəz bölgəsindən, öz dədə-baba torpaqlarından Xocalıya pənah gətirmiş azərbaycanlılara burada Qasım kişinin başçılıq etdiyi xeyriyyəçi dəstə xüsusi qayğı göstərirdi. Bu, erməniləri çox qıcıqlandırırdı və onlar hər vasitə ilə həmin xeyirxahlığın qarşısını almağa çalışırdılar. Lakin Qasım Allahverdiyev təmkinli və tədbirli adam idi, öz məqsədinə də nail olurdu.

1940-cı illərin əvvəllərində təsərrüfatda qazanılan nailiyyətlərə görə Qasım Allahverdiyev “Lenin ordeni”nə layiq görüldü. Lakin onun şanı-şöhrəti heç bir orden və mükafatla ölçülmürdü. Hələ cavan ikən el arasında ağsaqqal nüfuzu qazanmışdı. Təkcə Xocalı camaatı deyil, bütün Qarabağ əhli onu çörəkli kişi kimi tanıyırdı. Əli ruzi-bərəkətli, nəsihətləri uğurlu, məsləhətləri ağıllı olardı. Evindən qonaq-qara əskik olmazdı. Elçiliyə Qasım kişini aparardılar ki, çox get-gələ düşməsinlər. Onun xeyir-duası ilə evlənən cavanlar xoşbəxtlik tapardı. Eldə-elatda bu kişinin sözünü heç kəs yerə salmaz, bircə kəlməsi ilə qan-dava yatırılardı.

Ümumiyyətlə, ağır müharibə illərində Qasım öz həmyerlilərinə çox gərək idi. Burada vəziyyətin digər kəndlərə nisbətən yaxşı olmasında onun əməyi az deyildi. Xocalıda dəyirman işləyir, ehtiyat kimi saxlanan arpa və qarğıdalı camaata paylanırdı. Beləliklə, xocalılılar çörəksiz qalmırdılar. Hərənin qapısında ən azı bir malı-heyvanı vardı. Zəmilərdən cəbhəyə taxıl biçilib göndərilirdi. Arxa cəbhədə kişiləri mətinliklə əvəz edən qadınlar üstəlik ön cəbhəyə də kömək göstərirdilər.

Bununla belə, Qasım Allahverdiyev mənəvi rahatlıq tapa bilmirdi. Yaşıdlarının odlu cəbhələrdə vuruşduqlarını xəyalına gətirəndə vicdan əzabı çəkirdi, fikirləşirdi ki, əlim-ayağım sağ, gözüm görür, mən niyə burada olmalıyam?

Qasımın müharibəyə getməməsi üçün bronu da vardı. Bununla belə, 1942-ci ildə yenidən – artıq üçüncü dəfə Xankəndiyə hərbi komissarlığa gedir. Qərarı qəti olur və hərbi komissara deyir:

– Mən kənddə qadınların, qocaların üzünə baxa bilmirəm. Hamıya izah edə bilmirəm ki, mən niyə buradayam və nəyə görə müharibəyə getməmişəm. Xahiş edirəm, məni cəbhəyə göndərin. Buradakı işimi isə davada əlil olub qayıtmış kişilər və artıq çətinliklərə alışmış qadınlar da görə bilərlər.

Beləliklə, təkid edərək 1942-ci ilin sentyabr ayında müharibəyə göndərilir. O zaman Krımda qızğın döyüşlər gedirdi. Qasım əvvəlcə Mahaçqalaya, oradan Mozdoka, sonra da birbaşa döyüşlərə yollanır. Burada azərbaycanlılar çox idi. Hər gün neçəsi igidliklə həlak olurdu. Qasım da mərdliklə döyüşmək əzmində idi. Hələ gənc yaşlarından atası ona silahla necə davranmaq lazım olduğunu öyrətmişdi. Amma tezliklə alman təyyarələri Allahverdiyevin  vuruşduğu polku bombaladı. Xeyli əsgər həlak oldu. Yaralıları isə almanlar əsir götürdülər. Onların arasında Qasım kişi də vardı.

Düşərgədə əsirlərə ən ağır işlər gördürürdülər. Müharibənin sonlarına yaxın bir gün Amerika əsgərləri düşərgənin qapılarını açaraq əsirləri şəhərdə sərbəst gəzməyə buraxdılar. Küçədə almanlar  gözə seyrək dəyirdi, hamısı zirzəmilərə doluşmuşdu. Əsgərlər şərait yaratmışdılar ki, əsirlər açıq qalmış mağazalardan ərzaq götürə bilsinlər. Hamı bir ağızdan deyirdi: “Hitler kaput!” Bu, Qasımın da həyatında bir dönüş anı idi.

Müharibə qurtarandan sonra əsirləri bir sıraya düzüb deyirlər:

– Moskvaya çatan kimi Stalin sizi güllələdəcək, ən yaxşı halda Sibirə sürgün edəcək. Kim Sibirə getmək istəyirsə, bir addım irəli çıxsın. Kim də istəməsə, xarici ölkələrdən birinə gedə bilər.

Əsirlərin bəzisi başqa ölkələrə getmək arzusunda olduqlarını bildirdilər. Bu an Qasımın gözləri önünə neçə illər intizarda, əzab-əziyyətdə olan ömür-gün yoldaşı Əfruz xanım, onu göz yaşları içində müharibəyə yola salan yeganə qardaşı Saleh gəldi. Qasım davaya yola düşəndə Əfruz ana olmağa hazırlaşırdı. Odur ki, atası cəbhədə vuruşarkən doğulan uşağın adını Mübariz qoymuşdular. Üzünü görmədiyi övladını, eləcə də ondan böyük iki uşağını bağrına basmaq üçün Qasımın ürəyi uçunurdu. “İndi Zahid 10 yaşındadır, maşallah, böyük oğlandır. Ofelyanın isə 6 yaşı var. Məktəbə getməyinə az qalır. Mən evdən çıxanda tumurcuq boyda idi” – deyə bir anda xəyalından keçirdi. Qasım ürəyində bütün el-obasını, əzizlərini, doğmalarını görməyə ümid bəsləyə-bəsləyə sıradan bir addım qabağa çıxdı…

Bu ümid, bu qərar ona sanki Tanrının bir töhfəsi oldu…

Qasım Allahverdiyevin ailə tarixçəsi həm də xalqın o dövrdə keçdiyi yolun qısa bir salnaməsidir. Belə ki Qasım ilk dəfə olaraq Xocalıda “komsomol toyu” edir. Sonra da Əfruz xanımı Həkim müəllimin sinfinə yazdırır ki, savadlansın. Bununla həm də “savadsızlığın ləğvi” üçün şəxsi nümunə göstərir. Bundan sonra başqa kişilər də qız-gəlinin yazıb-oxumağı öyrənməsinə sədd çəkmirlər.

Q.Allahverdiyev müharibəyə getdikdən sonra kolxoz sədri vəzifəsində bir müddət Bəşir Mustafayev çalışmağa başlayır. Lakin ermənilər onu heç nədən həbs edir, azadlığa çıxandan sonra isə uzun müddət briqadir işləyir. Müharibənin son illərində kolxoz sədri vəzifəsi Qasımın dostu və komsomol silahdaşı, müharibədə yaralanıb ordudan tərxis olunmuş Şükür Məmmədova etibar edilir.

Qasım müharibədən sonrakı quruculuq illərində var qüvvəsi ilə çalışır. Təcrübəli aqronom kimi bağçılığın, bostançılığın, tərəvəzçiliyin yenidən dirçəldilməsi üçün təcili tədbirlər görür. Dövlətə əla növ məhsul, tütün yarpağı təhvil verilir. Planlar bir qayda olaraq artıqlaması ilə yerinə yetirilirdi. Mütəxəssis olaraq ildə eyni sahədən bir neçə dəfə bol məhsul (qarpız, yemiş, paxlalı bitkilər, kartof,  kələm, xiyar, pomidor və s.) götürməyə nail olurdu. Onun üsulu ilə dağətəyi ərazidə yetişdirilən məhsul ətraf rayonların əhalisinə də paylanılırdı. 50-ci illərdə artıq Xocalı sakinlərinin özləri də şəxsi təsərrüfatlarından ildə bir neçə dəfə məhsul götürməyi öyrəndilər. Bölgədə bar-bərəkət aşıb-daşırdı.

XX əsrin 60-cı illərinin sonu və 70-ci illərinin əvvəllərində Xocalı sovxozu yarandı. Bu zaman Qasım kişinin yaşı da artıq 70-i haqlamışdı. Amma əli işdən-gücdən soyumurdu. O, quşçuluq fermasının müdiri vəzifəsində çalışır, bağçılıq, bostançılıq sahəsində aqronom kimi fəaliyyət göstərirdi. Stalinin ölümündən sonra “əsir” adı da üstündən götürüldü. “Əmək və müharibə veteranı” tituluna layiq görüldü, medallarla təltif olundu.

Qasım Allahverdiyev insanların yaxşı keyfiyyətlərini dəyərləndirməyi bacarırdı. O, istedadı, qabiliyyəti, əməyi ilə xalqa xeyir verənləri çox sevirdi. Məsələn, Xocalı sakini, yurdunun sayılıb-seçilən ağsaqqalı  Məhəmməd Sadıqov baytarlıq üzrə təhsil almasa da, vaxtilə yaşlı insanlardan atları müalicə etməyi öyrənmişdi və bu səriştəsi ilə təsərrüfata kömək etməsi Qasım kişiyə çox xoş gəlirdi.

Azərbaycanın Milli Qəhrəmanı Tofiq Hüseynovun babası Həzrətqulu kişi kənddə həm bərbər, həm də dantist (diş çəkən) kimi çalışırdı. Şahlar Nağıyev isə bir neçə sənətə yiyələnmişdi. O, həm bərbərlik peşəsini öyrənmişdi, həm də toylarda gözəl kamança çalırdı. Şahların qardaşı Ağalar isə Qasım kişinin təkidi və maliyyə yardımı ilə mühasibatlıq texnikumunu bitirmişdi. Kazım Həsənov və Camal Abışov Xocalının ilk maşın mexaniki və sürücüləri idilər. Yusif Nağıyev, Milli Qəhrəman Araz Səlimovun atası Bahadur Səlimov mexanizator, Əkbər Əzizov, İsmayıl Əliyev, Milli Qəhrəman Əlif Hacıyevin əmisi Azad Məmmədov, İsmayıl Nağıyev bacarıqlı traktorçu idilər. Onların hamısını Qasım kişi əməllərinə və şəxsiyyətlərinə görə yüksək qiymətləndirirdi. Həm də bu insanlar əsilli-nəcabətli, tanınmış, nüfuzlu bəy nəslindən idilər.

Kökdən, qandan-gendən gələn xüsusiyyətlər Qasım kişinin oğul və qızlarına da sirayət etmişdi. Ata onların həkim sənətinə yiyələnməsini çox arzulayırdı. Onun bu sənətə böyük ehtiramı vardı. Həm də düşünürdü ki, həkim hər yerdə, bütün zaman və şəraitlərdə öz sənəti və biliyi ilə gərəklidir. Ata nəsihəti uşaqların da ürəyindən oldu. Belə ki Qasım kişinin altı övladından beşi tibb sahəsində təhsil aldı. Oğulları Zahid, Mübariz və Eldəniz, qızı Yaqut Azərbaycan Tibb Universitetinin yetirməsidirlər. Digər qızı Fənarə Türkmənistanda tibb texnikumunu bitirib. Yalnız böyük qızı Ofelya BDU-nun filologiya fakültəsini qurtararaq həyatını gənc nəslin təhsil və tərbiyəsinə həsr edib.

Qasım kişi gənc yaşlarından sədaqətlə xidmət etdiyi sovet hakimiyyətinə, cavan vaxtlarından üzvü olduğu Kommunist Partiyasına çox inanırdı. Odur ki, 80-ci illərin sonunda ermənilərin yenidən torpaq iddiasına düşdüklərini eşidəndə demişdi: “Erməni heç nə eləyə bilməz. Buna sovet hökuməti yol verməz”.

Çox təəssüf ki, bizlər hamının ürəyini öz qəlbimiz kimi təmiz bilmişik. Unutmuşuq ki, namərd həmişə arxadan zərbə endirər.

Odur ki, 1988-ci il sentyabrın 18-də Xocalıya ilk təhlükəli hücum ediləndə Qasım kişi də sanki diksinib yuxudan oyandı. Bu, dəhşətli soyqırımına gedən yolun başlanğıcı idi… Bundan sonra bölgəyə odlu silahla manevrlər, həmlələr edilirdi. Mərmilərdən biri Lətif kişinin həyətində partlayaraq onun cavan oğlu Zahidin həyatını yarımçıq qırdı.

Bir mərmi isə Qasım kişinin evinin divarının bir hissəsini və pəncərəsini dağıtdı. Bu, Qasım Allahverdiyevin həm də inamına, ümidinə, mənəviyyatına atılan güllə idi.

Çox keçmədi – 1989-cu il yanvarın 9-da Qasım Allahverdiyev dünyasını dəyişdi. Xocalının üçüncü soyqırımının ərəfəsi idi. Əslində, o, bu soyqırımının əvvəlcədən şahidi və sonda isə şəhidi oldu…

Yaşasaydı, indi 110 yaşında idi. Qarabağ kimi uzunömürlülər diyarında bu nə yaş idi ki?! Amma o, qədim Xocalı elinin tarixinin bir parçasına çevrildi. İntizarlı ruhu, qərib məzarı bizim o ellərə qayıdacağımızı gözləyir…

“Azərbaycan”

 

02.11.2012 11:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*