Azərbaycanca

Ukraynada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb

05.06.2015 | 14:46

trend_kiev_tedbir_050615__(19)

Ukraynanın paytaxtı Kiyevdə “Düşüncə” Gənclərin İnkişafına Yardım” İctimai Birliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına dair layihənin təqdimatı olub.

Trend-in məlumatına görə, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin ofisində baş tutan təqdimatda çıxış edən “Düşüncə” Gənclərin İnkişafına Yardım İctimai Birliyinin sədri Emil Hüseynli bildirib ki, layihənin məqsədi Dağlıq Qarabağa edilən qanunsuz səfərlərin qarşısını almaqdır. Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə gerçəkləşən layihə əsasında Dağlıq Qarabağa qanunsuz səfərin qarşısını almaq üçün yeni informasiya portalı yaradılır. İnformasiya portalı beş dildə – Azərbaycan, rus, ingilis, alman və fransız dillərində fəaliyyət göstərəcək.

E.Hüseynli qeyd edib ki, bu gün Azərbaycan hökumətinin prioritet fəaliyyətlərindən biri Dağlıq Qarabağa edilən qanunsuz səfərlərin qarşısını almaqdır: “Biz də bu işə öz töhfəmizi vermək niyyətindəyik. Bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirəcəyik ki, xarici vətəndaşlar aldanaraq Dağlıq Qarabağa getməsinlər. Bildiyiniz kimi, Ermənistan dövləti çox hallarda ölkələrinə dəvət etdiyi şəxsləri aldadaraq Dağlıq Qarabağa aparırlar və bundan şou düzəldirlər. Ona görə də bu istiqamətdə xarici vətəndaşların daha çox maarifləndirilməsinə ehtiyac var”.

Tədbirdə iştirak edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, bu cür informasiya portalının yaradılması önəmli hadisədir. Çünki bu gün Dağlıq Qarabağ həqiqətləri ilə bağlı maarifləndirici tədbirlərə ehtiyac var və bu işdə atılan hər bir addım təqdirəlayiqdir: “Biz diaspor təşkilatı olaraq informasiya saytının Ukraynada daha çox tanınması üçün ideoloji işlər aparacağıq. Çünki Ukrayna vətəndaşları da aldanaraq Dağlıq Qarabağa aparılıblar və bir neçəsinin adı Azərbaycan Xarici İşlər Nazirliyinin qara siyahısındadır”.

Sonra çıxış edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva qeyd edib ki, Dağlıq Qarabağ həqiqətlərinin təbliği ilə bağlı görülən hər bir iş dəstəklənməlidir: “Ukraynada yaşayan azərbaycanlı gənclər də öz növbəsində bu layihəyə qoşularaq informasiya saytının tanınmasına töhfəsini verəcək. Çox təəssüf ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər edən xarici vətəndaşlar az deyil”.

Azərbaycan Televiziyasının Ukrayna və Şərqi Avropa ölkələri üzrə xüsusi müxbiri Mövsüm Qədiroğlu çıxışında qeyd edib ki, güclü erməni lobbisinə qarşı bu cür saytların fəaliyyətə başlaması Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında bir körpü rolunu oynayacaq: “Hesab edirəm ki, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycanın diaspora və qeyri-hökumət təşkilatları yeni yaradılacaq saytın təbliği üçün öz dəstəyini verməlidir. Bu iş koordinasiyalı şəkildə həyata keçirilməlidir”.

Tədbirdə iştirak edən Azərbaycan-Ukrayna Beynəlxlaq Alyansın sədri Elmar Məmmədov isə çıxışında deyib ki, Azərbaycan dövləti Dağlıq Qarabağ həqiqətlərinin dünyada tanıdılması üçün öz maliyyə imkanlarından səmərəli istifadə edərək müvafiq layihələrə yardım edir: “Bu isə ümumilikdə, erməni lobbisinə tutarlı cavabdır. Düşünürəm ki, belə bir saytın yaradılması da Azərbaycan hakimiyyətinin göstərdiyi diqqətin məntiqi nəticəsidir və öz bəhrəsini verəcək. Hər bir azərbaycanlı isə bu işdə öz töhfəsini verməlidir”.

Trend.az

05.06.2015 14:46

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*