Azərbaycanca

Ümummilli lider: komparativist təhlil

12.12.2014 | 15:57

tagievaimnAzərbaycan Respublikası nisbətən kiçik bir ölkədir. Amma onun daxili və xarici vəziyyəti, regional geosiyasi durumu, arzuolunmaz qonşu ilə müharibə vəziyyətində olması və s. kimi amillər onun siyasi cəhətdən idarəolunmasını xeyli çətinləşdirir. Ona görə də Azərbaycan Respublikası böyük ölkələrə nisbətən çətin idarə olunan kiçik dövlətlər siyahısındadır. Ölkədə baş verən siyasi proseslər, dövlət çevrilişinə edilən cəhdlər və burada xarici qüvvələrin marağı, ölkədə milli-etnik münaqişə ocaqlarının yaradılmasına edilən cəhdlər və s. buna misal ola bilər.

 

 

Böyük siyasi xadim və tarixi şəxsiyyət olan Heydər Əliyevin xalqın ümumi çağırışı və dəvəti ilə ikinci dəfə hakimiyyətə qayıdışına qədər respublikada siyasi vəziyyət mürəkkəb olaraq qalırdı. Ölkə təxminən vətəndaş müharibəsi həddinə gəlib çatmışdı. Amma 1993-cü ildən sonra vəziyyət dəyişdi. Mahir siyasətçi olan Heydər Əliyev yaranmış vəziyyəti dərhal qiymətləndirdi və tezliklə də ondan çıxış yolunu tapdı. Qabaqcıl siyasi liderə xas olan belə bir xüsusiyyət qərb politologiyasında çox yüksək qiymətləndirilir. Onu politologiya dilində belə bir terminlə ifadə edirlər: «making approach», yaxud «making decesion», yəni hadisələrə vaxtında yanaşa bilmək, qərar qəbul etmək, seçim edə bilmək bacarığı. Respublikada işlər qısa bir müddətdə öz qaydasına düşdü, sosial-siyasi sahədə xeyli dəyişikliklər baş verdi, daxili və xarici siyasət yenidən quruldu.

 

 

Azərbaycan xalqı özünün çoxillik tarixi inkişafında böyük şəxsiyyətlər, hökmdarlar, sərkərdəlr, siyasi liderlər və mütəfəkkir dövlət xadimləri yetişdirmişdir. Onların içərisində milli liderimiz Heydər Əliyevin xüsusi çəkisi vardır. Heydər Əliyevi digər tarixi şəxsiyyətlərdən fərqləndirən bir xüsusiyyət də onun həm rəhbər, həm də siyasi lider olmasıdır. Halbuki, belə bir xoşbəxtlik heç də hamıya qismət olan bir şey deyildir. Siyasi lider anlayışı politoloji fikirdə hələ kifayət qədər tədqiq olunub öyrənilməmişdir. Bu elə mürəkkəb və çoxsahəli bir problemdir ki, ona nə qədər çox əsər həsr olunsa da onun hansısa bir tərəfi yenə də öyrənilməmiş qalır. Məsələn, Napoleona iki mindən çox əsər həsr olunub.

 

 

Ümummilli lider Heydər Əliyevin Azərbaycanın siyasi və ideoloji həyatında oynadığı rola da bir sıra əsərlər həsr olunmuşdur və indi də yazılır. Bu kitablarda Heydər Əliyev görkəmli dövlət xadimi və siyasətçi kimi qiymətləndirilmişdir. Heydər Əliyev tərəfindən dövlət siyasəti səviyyəsinə qaldırılan azərbaycançılıq həm də yeni müstəqil dövlətin ideologiyasına çevrilmişdir. Bu ideologiyanın elmi-nəzəri əsasını ümummilli liderin zəngin nəzəri irsi və real siyasi fəaliyyəti təşkil etmişdir. Yaranmış real vəziyyətdə türkçülüyü və islamçılığı da özündə birləşdirən azərbaycançılıq bütün respublika əhalisini öz ətrafında birləşdirən inteqrativ bir faktor rolunu oynadı. Bu kitablarda həm də belə bir fakt vurğulanır ki, biz Heydər Əliyevin zəngin elmi nəzəri irsinə bir nəzəriyyə, ideologiya və siyasət kimi yanaşmalıyıq. Nitşe yazırdı: «Elə mövzular vardır ki, onlar haqqında ancaq pafosla danışmaq olar». Belə mövzulardan biri də güclü şəxsiyyətlər, hökmdarlar və siyasi liderlər haqqında olan fikirlərdir. Politoloji fikir tarixində mövcud olan belə fikirlərin bir neçəsinə nəzər salaq:

 

 

Platon siyasi liderləri «həqiqəti ilkin dərk edənlər» adlandırırdı. Aristotel yazırdı ki, liderlər xüsusi insan tipləridir. Qustav Lebon və Ziqmund Freyd liderləri psixologiya qanunlarına yiyələnmiş adamlar sayırdılar. H.Makiavelli «Güclü dövlət və güclü hökmdar» şüarını irəli sürürdü. Hegelə görə, siyasi liderlər tarixi inkişaf qanunauyğunluqlarını başqalarından daha tez başa düşən insanlardır. Marksizmə görə, tarixi şəraitin tələb etdiyi anda ona uyğun siyasi liderin meydana gəlməsi tarixi zərurətin nəticəsidir. Fransız Qaltoni siyasi liderliyi irsiyyətlə əlaqələndirirdi. Talkott Parsonsun «ardıcıllar» konsepsiyasında göstərilir ki, siyasi liderlər o adamlardır ki, onlar başqalarını öz ardınca aparmaq qabiliyyətinə malikdirlər, daha doğrusu özünün ardıcıllarını yetişdirə bilənlərdir. Y.Cennigsen yazırdı ki, yalnız şəraitin Napoleon üçün yetişməsi kifayət deyil, habelə Napoleonun da şərait üçün yetişməsi zəruridir. E.Şpranqer insanlar arasında xüsusi bir «siyasət adamı» tipinin mövcud olduğunu qeyd edir. Bu adam isə gec-tez «hakimiyyət ustasına» çevrilir. Maks Veber siyasi liderləri xarakterizə edərkən onların üç növünü göstərirdi:
1. Ənənəvi;
2. Xarizmatik;
3. Leqal-rasiona.

 

 

Bütün bu keyfiyyətlər şübhəsiz ki, Heydər Əliyevin şəxsində öz təsdiqini reallığa çevirir. Heydər Əliyev bu xüsusiyyətlərin hər birini müəyyən qədər özündə birləşdirir. Amma bunlardan onunçün daha xarakterik olanı xarizmadır. Heydər Əliyevin şəxsiyyətində və siyasi fəaliyyətində xarizmatik elementlər vardır:

 

 

Əzmkarlıq, şəxsi təşəbbüskarlıq, yenilməzlik, təmizlik, siyasi liderlərə xas mərdlik və vəziyyətdən tez baş çıxarmaq, natiqlik və sərkərdəlik qabiliyyəti və s. bütün bunların hamısı onda var idi. H.Lasuel Z.Freydin və Q.Lebonun psixoanalizə dair nəzəriyyəsini siyasətə tətbiq edərək yazırdı ki, xarizmatik siyasi liderlər bəzən özlərini unudur və rəhbərlik etdikləri xalqın və dövlətin mənafeyinin özlərininkindən yüksəkdə dayandığı qənaətinə gəlirlər. Həqiqətən də bir sıra böyük siyasi liderlər kimi Heydər Əliyev də xalqın və dövlətin mənafeyini daim özünün şəxsi mənafeyindən yüksəkdə tuturdu, zatən onun başqa, özünə məxsus heç bir mənafeyi yox idi, bu ancaq xalqın və millətin mənafeyi idi. Onu da məhz bu böyük siyasi xadim həyata keçirirdi.

 

 

Heydər Əliyevi dünyanın adları aşağıda çəkilən böyük siyasətçilərilə müqayisə etmək olar.
1. Afina strateqi Perikl (b.e.ə. V əsr) ilk dəfə olaraq demokratiyanı bir siyasi rejim olaraq tətbiq etmiş və fasiləsiz olaraq 20 il ona rəhbərlik etmişdir.

 

 

Heydər Əliyev də uzun illər respublikaya ədalətlə və mənsub olduğu xalqa sədaqətlə rəhbərlik etmişdir. Onun hakimiyyəti illərində respublika və onun xalqı demokratiya sahəsində irəliyə doğru böyük addımlar atmışdır. Xalqı demokratiya rejiminə alışdırmaq elə də asan məsələ deyildi. Çünki uzun illər totalitar rejimdə yaşayan xalq birdən-birə demokratiya qapılarının taybatay açıldığından sanki məst olmuşdu. Hərənin ağzından bir avaz gəlirdi, xaos və özbaşınalıq respublikanı başına götürüb gedirdi. Belə bir vaxtda hakimiyyətə yenidən qayıdan (1993-cü ildə) Heydər Əliyev xalqa bir tərəfdən totalitarizmdən xilas olmağa, digər tərəfdən isə onu yeni ictimai quruluşla ayaqlaşmağa köməklik göstərdi. Xalq sanki qəflət yuxusundan ayılıb yeni dünyaya düşdü. Artıq onun qarşısında köhnəlikdən heç nə qalmamışdır; yeni rejim və ona rəhbərlik edən yeni siyasi lider! Bu siyasi lider isə Heydər Əliyvdən başqa bir kəs ola bilməzdi!

 

 

2. Siseron Mark Tuli. Siseronun Roma xalqı və respublikanın qarşısındakı xidmətləri, əsərləri, məktubları, real siyasi fəaliyyəti ölçüyə gəlməz dərəcədədir və elə axırda da onu məşhur edən də Romaya olan sədaqəti oldu. Romanı tiraniyadan xilas edən Siseron onun Antonionun simasında yenidən geri qayıtmasını istəmirdi. Bu da onun Antonio tərəfindən ölümə məhkum edilməsinə səbəb oldu və müəyyən siyasi mülahizələr ucundan Oktavian Avqust da buna mane ola bilmədi, amma sonradan onun böyük mütəfəkkir və vətəndaş olduğunu etiraf etməli oldu. Siseron satqın Lentulun Romanı yandırmaq planlarının üstünü açmış və onun Romadan qovulmasına nail olmuşdu. Bu xidməti sayəsində ona «Romanın atası» adı verildi. Bu tarixi paralelliyi bizdə də aparmaq olar. H.Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq istəyən qüvvələr əslində bununla respublikanı parçalamaq və onu düşmənlər qarşısında tərkisilah etmək istəyirdilər. H.Əliyev isə bu fitnəni vaxtında ifşa etdi və respublikanı labüd fəlakətdən xilas etdi. Bu və digər xidmətləri onun «ümummilli lider» adını alması ilə nəticələndi.

 

 

3. Oktavian Avqust Sezar. 30 illik hakimiyyəti illərində Avqust Romanı möhtəşəm bir şəhərə çevirdi. Ölkə bir qərinə ərzində siyasi stabillik dövrünü yaşadı. Daşlardan və mərmərdən tikilmiş saraylar, fontanlar və istirahət guşələri, eynilə Avqust Sezar kimi Heydər Əliyv də Bakını sivil bir Avropa şəhərinə çevirdi və bu proses indinin özündə də prezident İlham Əliyev tərəfindən davam etdirilir.

 

 

4. Mustafa Kamal Atatürk. Türk dövlətinin parçalanmasının qarşısın almış, onun müstəqilliyini və suverenliyini təmin etmişdir. Mustafa Kamal Atatürk türk xalqını səfərbərliyə alaraq onun düşmənləri ilə müəyyən siyasi sazişlərə girmiş və onun sosial-iqtisadi, siyasi-ideoloji bütövlüyünə və tərəqqisinə nail olmuşdur. Heydər Əliyev də bu yolla gedərək ermənilərlə atəşkəs imzalamış (1994), xalqına sülh bağışlamaqla onun sosial inkişafına və tərəqqisinə səbəb olmuşdur. Bu sülhün nəticəsində Azərbaycan öz qüvvələrini yenidən toplamaq və hərbi cəhətdən güclənmək imkanları əldə etdi, beynəlxalq aləmdə isə bu siyasət ermənilərin iç üzünün açılmasına və təcavüzkar kimi tanınmasına gətirib çıxardı. Azərbaycanın həm daxili, həm də xarici siyasətində bir dönüş yarandı, onun beynəlxalq miqyasda nüfuzu yüksəldi. Ölkədə siyasi stabilliyin və vətəndaş həmrəyliyinin bərqərar olduğunu görən xarici iş adamları buraya investiya qoymağa başladılar, yeni neft-qaz layihələri işlənib həyata keçirildi. Azərbaycana valyuta idxalı gücləndi və bu da əhalinin sosial tələbatlarının ödənilməsində xeyirli oldu. Azərbaycan öz büdcəsini artırıb güclənməyə və tədricən regionda lider dövlətə çevrilməyə qədəm qoydu. Bunu hazırda hətta xarici ekspertlər də qəbul edir. Belə tarixi paralellər çoxdur və belə müqayisəli təhlillərin sayını istənilən qədər də artırmaq olar. Bütün bunlar Heydər Əliyevin dahi siyasi rəhbər olmasını sübut edən faktlardır.

 

“KarabakhİNFO.com”

 

 

12.12.2014 15:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*