Azərbaycanca

Unudulan tarix – dəyişdirilən adlar (“Türk kitabı”ndan seçmələr)

15.05.2012 | 11:15

1337062386_minaxanm_tklliİrəvan

İndi Ermənistan respublikasının paytaxtı olan Yerevan (İrəvan) şəhərinin tarixi məhz türk xalqının tarixi ilə bağlı olmuşdur. Tarixən Çuxur Səəd bəylərbəyinin inzibati mərkəzi olmuş, Zəngi çayının sahilində türk qalası kimi tanınmışdı. İlk dəfə adı VII əsrdə (607-ci ildə) çəkilir. Vaxtilə bu şəhərin əhalisi daim türklərdən ibarət olmuşdur. Bunu şəhərdə olmuş səyyahlar, rəsmi yolçular öz qeyd və gündəliklərində daim göstərmişlər. Ermənilərin şəhərə axını digər bölgələrdə olduğu kimi Türkmənçay müqaviləsindən sonra başlamış və dərhal geniş vüsət almışdı. Şəhər və eləcə də şəhərətrafı yer, obyekt, sahə-ərazi adları türk dilində olmuşdu. Misal olaraq şəhərin daxilindəki tarixi ərazi adlarını “bərpa etməklə” göstərə bilərik. İrəvanda tarixi məhəllə adları: Təpəbaşı, Dəmir Bulaq, Toxmaq, Sabunçu, Yoncalıq, Börkçülər, Zal xan meydanı; məscid adları: Göy Məscid, Zal xan Məscidi, Qala Məscidi, Şəhər Məscidi, Novruz Əli Məscidi, Günlüklü Məscid, Gümbəzli Məscid, Hüseynəli Məscidi, Hacı bəy Məscidi və Qanlı Təpə, Üç Təpə, Qızıl Təpə… və daha onlarca şəhərdaxili adlar təmizcə türkcədir. Şəhərdə qədim türbə kitabəsində Əmir Səidin və onun oğlu Pir Hüseynin, habelə Qaraqoyunlular sülaləsinin digər üzvü Qara Yusifin (1410-1420), habelə oğlu Pir Budağın hökmdarlığından danışılır.

Şəhərdə sırf Şərq memarlığı üslubunda tikilmiş binalar içərisində Xan Sarayı xüsusilə diqqəti cəlb edirdi. 50-ci illərədək ondan konyak zavodunun anbarı kimi istifadə etsələr də nəhayət onu söküb həmin tarixi abidəni birdəfəlik məhv etmişlər. İndi İrəvanda bir vaxt onun əsas əhalisi olan bir türk belə yaşamır. Bunun kimi də İrəvanın türk tarixi adından Yerevan adına keçməklə sanki tarixi həqiqətin üzərinə də qara pərdə çəkdilər. Əslində hər biri yaxın olan, doğma olan adların cərgəsinə daxildir: Van, Naxçıvan, Ağvan, İrəvan…

Y.V.Çəmənzəminli “On beş gün Ermənistanda” adlı yol qeydlərində (1935) yazır:”Zəngi çayının kənarında qədim İrəvan qalasının izləri durur… Övliya Çələbinin təsvir etdiyi Fərhad paşa və Toxmaq xan qalaları və şəhərin sabiq üç dəmir darvazası təbiidir ki, bu gün yoxdur. Xan Sarayı və Zərbxana da məhv olub getmişdir.” Ədib sosializm təntənəsinin şıdırğı sevincində bu şəhərin yaraşığı olan qədim məsciddən söz açır: İrəvanın görkəmli asari-ətiqələrindən olan Göy Məscidə tamaşa etdik. Lacivərdi çinilərdən yapılmış qübbəsi, incə minarəsi və qapı cəbhəsi olduqca gözəldir. Mərmər mehrabı zərif işlənmişdir. Uzun çargül səhnin o başında cameyə qarşı incə bir mədrəsə tikilmişdir. Ortada bağ və hovuz var. Səhnin iki tərəfi hücrələrdir. Abovyan bağçasının yanında bu tərzdə bir mədrəsə də qalmışdır…” Çəmənzəminlinin vəcdlə təsvir etdiyi Fərhad paşa və Toxmaq xan qalaları İrəvanın bütün tarixi boyu Osmanli və Səfəvi dövlətlərinə mənsub olan vilayətlərdən biri olmasına işarət edir. Vilayətin qurucu əmirlərindən olan Toxmaq xan ləqəbli (əsil adı Ustaclı Şahqulu oğlu Məhəmməd Sultan) hakimin İrəvandakı abadlıq işləri böyük vüsət almışdı. İndi Şaumyan gölü adlandırılan gölü ermənilər özü də hələ Toxmaq gölü adlandırmaqdadır. Toxmaq xan sonra İranın İstanbulda elçisi kimi fəaliyyət göstərmişdir.Osmanlı vəziri Fərhad paşa isə 1582-ci ildə “Rəvan”a sərdar təyin edilmişdir.

21 avqustda Zəngi çayının şərq qıyısında Şahbağında Toxmaq xanın sarayı ortaya alınaraq qala salınmağa başladı. 45 gün içərisində daşdan 8 qülləli İç Qala (və ya Narın Qala) ilə 43 qülləli Dışkala, bir karvansara, bir came, bir hamam birlikdə yapıldı. 13 günə qalanı dövrələyən xəndəklər də qazılıb bitirildi. 50 şahi-top ilə mühafizələri və xəzinə quruldu. Rəvan bəylərbəyliyinə əski Kars valisi Dəli Xızır paşa təyin edildi. Vəzarətdən isə Cığaloğlu Yusif Sinan paşa bəylərbəyinin işinə məmur qılındı.3. Lala paşa dövründə isə 1577-ci ildə səyyahların heyran olduğu mərmər pilləkənlər, fəvvarələr çəkilmiş, bağçalar salınmışdı. Əlbəttə türk mədəniyyətinin yadigarlarının bir çoxu 1679-cu ilin güclü zəlzələsindən dağıldı. Sultan Murad dövrü İrəvan hakimi Fərhad paşa onları təmir etməyə girişsə də daha doğrusu, təzədən tikməli oldu. İrəvan nəinki Qafqazın, habelə Yaxın Şərqin mühüm və abad şəhərlərindən sayilirdi.

İrəvan xanlığı XVIII əsrdə yaranmışdı. Xanlıq Qırxbulaq, Zəngibasar, Vedibasar, Sərdarabad, Göyçə, Dərəçiçək, Abaran kimi 15 mahaldan ibarət idi. Tarixi İrəvanda böyük əraziləri tutan və sahibi həmişə türklər olan Dəlmə bağları və Cənubi Azərbaycanda Həsənli kəndi yaxınlığında sinəsində 6500 il bundan əvvəlki mədəni həyatın izlərini saxlayan Dəlmə təpə adları qohum tayfanın, dilin,vətənin ortaq cəhətlərini əks edən qiymətli faktlardandır.

 

Qara Bulaq. Karyagin. Füzuli

 

Bakıdan 318 km. aralıda Köndələnçayın (Araz çayının qolu) sağ sahilində yerləşir. Qara Bulaq keçmişlərdə bölgənin adı kimi mövcud idisə də, mərkəzi qəsəbənin adı Xan kəndi idi. Bunun da səbəbi var idi. Qarabağ xanları bu bölgəyə mənsub oymaqlardan çıxmışdı.

Qara Bulaq adı 1821-ci ildə dəyişdirilərək Karyagin qoyulmuş, rayon 1959-cu ilədək bu adla yaşamışdır. 1959-cu ildə Karyagin adı Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin şərəfinə Füzuli adı ilə əvəz olunmuşdu. Əsil adı Qarabulaq olan bu yurd böyük bir dövr boyunca işğalçı generalın adını daşıyırdı. Pavel Petroviç Karyagin 1761-ci ildə Poltavada zadəgan ailəsində doğulmuşdu. 1778-ci ildə çar Rusiyasının Kırımı zəbt edən işğalçı qoşunu tərkibində ilk döyüş təcrübəsinə yiyələnmiş, bu alayın tərkibində də 1784, 1791-ci illərdəki Rus-Türk müharibələrində  iştirak etmişdi.

General Valerian Zubovun Azərbaycana hərbi yürüşü Karyaginin qarşısında geniş yollar açdı. Azərbaycana 1796-cı ildən başlayan hərəkatda iştirak edir, 1806-cı ildən Qarabağın hərbi rəisliyi ona həvalə olunur. Bu torpaqların istilası zamanı göstərdiyi fəaliyyətlərə görə aldığı təltiflər içərisində çübhəsiz, adının bu torpaqda əbədiləşdirilməsi daha yaddaqalan hadisə oldu.

Abşeron rayonu müqəddəs Şıx kəndinin də adı 1939-cu ilədək Karyagin, sonra Xanlar olmuş, qəsəbə nəhayət bu günlərdə öz əsl adına qovuşmuşdur.

Vaxtilə böyük bir ərazinin adını bildirən Qarabulaqda hazırda XIX-cu əsrə aid məscid, rayonun ərazisində Qarğabazar kəndində XVII əsrə aid məscid, Karvansapa, türbə, Qoç Əhmədli kəndində XVIII əsrə aid məscid və s. qalmışdır.

Azıx mağarası qədim Qarabulaq torpağında (indi rayon mərkəzinə yaxın) yerləşir. Azıx mağarası yer kürəsindəki 5 tapıntıdan biridir. Məhz bu tapıntıya görə Azərbaycan Avropanın ən qədim sakinləri xəritəsinə daxil olmuşdur.

Şəhərin yaxınlığında, ondan 1-1,5 km aralı Köndələnçayın sağ sahilində orta və son Tunc dövrünə və Dəmir dövrününsə əvvəllərinə aid (eramızdan əvvəl II minillik) qəbir abidələri keçmiş mədəniyyətin möhtəşəm izləridir. Buradakı 20-yə yaxın kurqanlar – “Qara bulaq Kurqanları”- günümüzədək saxlanılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti  dövründə Qara Bulaq sancağı deyə nahiyə təşkil edilmişdi.

Yaxın illərədək Naxçıvanda, Xanlar r. və Qarabağda Stepanakert yaxınlığında Qarabulaq kəndləri (bu kənd də Köndələnçay üzərindədir) olmuşdur. Qara Bulaq Çeçen İnquş Respublikasında ( Sunja ray.) və Qazaxıstanda (Taldı Kurqan vil.) qəsəbə adıdır. Şəki rayonu ərazisindən də Qara Bulaq çayı axır. Vaxtilə Gürcüstanda da Orta Qara bulaq, Kiçik Qara Bulaq kəndləri var idi. Ermənistanın Azərbaycan vilayətlərində Qara Bulaq adlı iki kənd, İraqda Kərkük vilayətində Qarabulaq adlı kənd  olmuşdur. Qırğızıstanda (Tiyan Şan ray.) Kara Bulak yaşayış məntəqəsi vardır.

Təəssüf ki, rayonun adı dəyişdirildikdə onun belə qədim və dolğun mənaya malik köhnə Qara Bulaq adı heç kimin yadına düşməmişdir.

 

Minəxanım Təkləli

 

 

15.05.2012 11:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*