Azərbaycanca

“Uruqvay parlamenti sədrinin Dağlıq Qarabağa səfəri münaqişənin həlli prosesinə maneə törədir”

14.11.2012 | 19:04

 

1352907245_images“Uruqvay parlamenti sədrinin  Dağlıq Qarabağa səfəri münaqişənin həlli prosesinə maneə törədir”

 

Bildiyimiz kimi Uruqvay parlamentinin sədri Xorxe Orikonun Dağlıq Qarabağ səfər etməsi və separatçı rejim rəhbərləri ilə görüşməsi Azərbaycan dövləti və ictimaiyyəti tərəfindən müsbət qarşılanmayıb. Bu səfər həm iki ölkə arasındakı əlaqələrə həm də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənmə prosesinə öz mənfi təsirini göstərə bilər. Eyni zamanda Minsk qrupunun beynəlxalq ictimaiyyət tərəfindən tanınmamış qondarma respublikaya digər dövlət rəsmilərinin səfərlərinə laqeyd münasibəti də burada qərəzli mövqenin olduğu təsəvvürünü formalaşdırır.  Məsələ ilə bağlı politoloqlarımızın fikrini öyrəndik.

Millət vəkili Fazil Mustafanın fikrincə, Azərbaycan dərhak həmin ölkələrə müxtəlif səviyyəli emisarlar göndərib, dostlar tapmağa çalışmalıdır:” İstəsək də,istəməsək də həmının ağzını bağlamaq olmaz. Hər bir məsələdə cavab fəaliyyətini gücləndirməliyik. BMT-də Uruqvaya qarşı kampaniyaya başlamalı, bu dövlətin maraqlarının əleyhinə olan qonşu ölkələrlə təması artırmalıyıq. Hər halda bu ciddi bir hadisədir və Azərbaycan Uruqvaya qarşı bütün təbliğat imkanlarından yararlanmalıdır”.

“Uruqvay parlamenti sədrinin  Dağlıq Qarabağa səfəri münaqişənin həlli prosesinə maneə törədir”Millət vəkili, Dağlıq Qarabağ İcmasının üzvü Rövşən Rzayev isə Uruqvay parlamenti sədrinin Dağlıq Qarabağa səfərini onun Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məlumatsızlığından qaynaqlandığını bildirib. Millət vəkili problemdən çıxış yolunu  Azərbaycan dövlətinin Ermənistanın apardığı işğalçılıq siyasəti barədə beynəlxalq ictimaiyyətə çatdırmaqla bağlı fəaliyyətini yenə də beynəlxalq hüquq normaları çərçivəsində davam etdirməkdə gördüyünü vurğuladı.

Politoloq Rövşən İbrahimov da məsələyə münasibət bildirərkən diqqəti yüksək vəzifəli şəxslərin “DQR”-ə səfərinin beynəlxalq hüquqa zidd olmasına çəkdi: “İlk öncə onu deyim ki, Uruqvayın parlament sədrinin bu səfəri  tamamilə beynəlxalq hüquqa ziddir, çünki Azərbaycanın icazəsi olmadan, işğal olunmuş ərazilərə gediş ve gəliş, ölkə qanunları ilə məhdudlaşdırılıb. Uruqvayın parlament sədrinin işğal olunmuş ərazilərə bu növ səfəri,  həmin dövlətin  separatçı rejiminin bir tərəfli elan olunmuş müstəqilliyinin tanıması kimi qələmə almağa imkan verir ki, bu da boş  polemikanın ötəsinə keçmir. Yenə də, öz ölkəsinin parlament sədri, deputatı olan şəxs bu növ addımlardan çəkilməli idi və bu növ hərəkətlərin iki ölkə arasında münaqişənin həlli üçün aparılan danışıqlara maneçilik törətdiyini anlamalı idi. Odur ki,  xarici işlər nazirliyi artıq Uruqvay dövlətinə rəsmi nota göndərib.”

Politoloq Sahil İsgəndərov Minsk qrupu həmsədrlərinin dünya ölkələri tərəfindən tanınmamış qondarma Dağlıq Qarabağ respublikasına Uruqvay parlamentinin sədri Xorxe Orikonun səfərinə rəsmi münasibət bildirməməsini çox ciddi səhlənkarlıq kimi qiymətləndirdi:

“ Azərbaycan dövləti bu cür analoji hadisələr zamanı aidiyyatı dövlətlərə notalar göndərəndə, həmin dövlətlər bu insanların rəsmi şəxs olmadığını bildirirlər. Lakin hazırda Dağlıq Qarabağa səfər edən Uruqvay parlamentinin sədri rəsmi şəxs olduğu üçün Minsk qrupu mütləq buna reaksiya verməli, mövqe ortaya qoymalı idi. Çox vaxt həmsədrlər verdikləri açıqlamalarda qarşı tərəfləri təhrikedici bəyanatlar verməməyə çağırdıqlarını qeyd edirlər. Bəs yüksək vəzifəli şəxslərin separatçı respublikaya səfərinə niyə etiraz etmirlər?! Niyə Ermənistanın Xankəndində, Xocalıda hava limanlarını işə salmaları ilə bağlı verdikləri qərarlara münasibət bildirmirlər?! Ermənistanın analoji addımları, eyni zamanda belə səfərlər də təhrikedici xarakter daşıyır və birbaşa münaqişənin həlli prosesinə ciddi zərbədir. Avstraliyanın Yeni-Uels ştatının “DQR”-i tanıması və sözügedən səfər bir daha münaqişənin nizamlanmasında maraqlı olmayan qüvvələrin olduğunu təsdiqləyir. Digər tərəfdən diqqətinizi ona yönəltmək istəyirəm ki, qondarma “erməni soyqırımı”nı tanıyan ilk dövlət Uruqvaydır və bu dövlətin parlament sədrinin “DQR”-ə səfəri açıq şəkildə deyilməsə də, Ermənistanın işğalçılıq siyasətinə və qondarma soyqırımla bağlı Ermənistan dövlətinin “2015-ci il planı” na dəstək verməkdir.”

 

 

Söhrab İsmayıl

14.11.2012 19:04

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*