Azərbaycanca

Uti possidetis juris beynəlxalq-hüquqi doktrinası və Dağlıq Qarabağ

11.12.2014 | 14:12

publika.az1407918819Qarabag-1SSRİ-nin dağılmasından sonra uti possidetis juris beynəlxalq-hüquqi doktrinası yenicə müstəqillik əldə etmiş dövlətlərin sərhədlərinin beynəlxalq, regional və milli legitimləşdirilməsinin əsasını təşkil etdi. Azlıqların müdafiəsi və diskriminasiyasının qarşısının alınması üzrə BMT alt komissiyasının üzvü A.Eyde qeyd edir ki, keçmiş SSRİ-yə daxil olan müttəfiq respublikaların uti possidetis juris (latınca – nəyə, necə və hansı həcmdə maliksənsə) prinsipi əsasında müəyyənləşdirməsi barədə BMT çərçivəsində konsensus əldə olunub. Bu isə o deməkdir ki, yeni yaranmış müstəqil respublikalarının sərhədləri keçmiş ittifaq respublikaların sərhədləri əsasında müəyyənləşdirilməlidir. Müstəqillik əldə etdiyi andan etibarən keçmiş Azərbaycan SSR-in sərhədləri yeni respublikanın sərhədləri qismində beynəlxalq hüquqa uyğun olaraq tanınıb və beynəlxalq hüquq sisteminin müdafiəsi altına düşüb.

 

 

Sadə dillə desək, Azərbaycan Respublikası müstəqillik əldə etdiyi andan etibarən DQMV-nin də daxil olduğu Azərbaycan SSR-in keçmiş inzibati sərhədləri beynəlxalq sərhədlər sayılır və beynəlxalq hüquqla qorunur. Bununla əlaqədar qeyd etmək lazımdır ki, SSRİ-nin süqutu ilə suverenliyinin dəyişdirilməsi və keçmiş müttəfiq respublikalar tərəfindən hüquq varisliyinin elan edilməsi onların müstəqillik əldə etdikləri ana qədər mövcud olan və daimi xarakter daşıyan sərhədlərini sarsıda bilməzdi.

 

 

Bu prinsip təzəcə yaranmış müstəqil bir dövlətin ərazisində hər hansı yeni dövlətin yaranmasını və ya həmin dövlətin sərhədlərinin dəyişilməsini qadağan edir. Uti possidetis juris prinsipi eyni zamanda ermənilərin “Dağlıq Qarabağ heç zaman Azərbaycanın ərazisinə aid edilməmişdir və bu əyalət SSRİ dövründə qanunsuz olaraq Azərbaycanla birlikdə olmuşdur” iddiasını da alt-üst edir. Bununla yanaşı, öz müqəddəratını təyinetmənin subyekti kimi xalq (millət) çıxış edir. Dağlıq Qarabağ Azərbaycan Respublikasının inzibati tərkib hissəsi olaraq əsasən Azərbaycan və erməni millətindən olan əhaliyə (xalq və millət yox) malikdir. Millətin və ya xalqın ayrılmaz bir hissəsini təmsil edən əhali isə “öz müqəddəratını təyinetmə”nin hüquqi subyekti kimi çıxış edə bilməz. Məhz buna görə Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququna müraciət etməsi mahiyyət etibarilə adi fırıldaqçılıqdır”.

 

 

Beləliklə, “Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında” Razılaşmanın 5-ci maddəsinə uyğun olaraq, 1991-ci ilin 8 dekabrdan etibarən “Razılığa gələn tərəflər Birlik çərçivəsində biri-birinin ərazi bütövlüyünü, mövcud sərhədlərinin toxunulmazlığını tanıyır və hörmət edirlər”. Bu yanaşma, həmçinin, 1991-ci il dekabrın 21-də Azərbaycan və Ermənistan da daxil olmaqla 11 keçmiş sovet respublikaları arasında imzalanmış Almatı deklarasiyasına da şamil edilib. Yəni, bu sənədləri imzalamaqla Ermənistan Dağlıq Qarabağı Azərbaycan Respublikasının ərazisinin bir hissəsi kimi tanıyıb.

 

 

Bununla yanaşı, sözügedən sənədləri imzalayan digər dövlətlər də Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırlar. Azərbaycan ərazi bütövlüyünü imperativ normalar çərçivəsində tanıyan BMT, ATƏT və digər beynəlxalq təşkilatlara daxil oldu.

 

 

Aynur Tağıyeva
“KarabakhİNFO.com”

 

 

11.12.2014 14:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*