Azərbaycanca

Uydurma Erməni soyqırımı iddiaları

24.04.2013 | 08:44

1363083771_zaur-ekilYəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin soyqrım termini təklif edənə qədər dünya siyasətçiləri və hüquqşünasları bu cür cinayətlərə konkret bir ad verməmişdi. İlk dəfə 1944-cü ildə Rafael Lemkin Avropa yəhudilərinin faşistlər tərəfindən kütləvi surətdə məhv edilməsi siyasətini ifadə etmək üçün «soyqırım» terminini işlətdi. Yunan dilində genos – «nəsil, kök, soy» sözü ilə latın dilində caedo – «öldürürəm» sözlərinin birləşməsindən «genosid» termini belə yarandı. İndiyə qədər dünyanın bir çox ölkələri «genosid» terminini tərcümə etmədən orijinalda işlədirlər. Azərbaycanın siyasi və hüquqi leksikonuna isə 1990-cı illərdə «soyqırım» kimi daxil olan bu termin insanlıq və insanlar əleyhinə olan bəşəri bir cinayəti ifadə edir. Hansı dildə işlənməsindən asılı olmayaraq cinayətin təfsiri bu əmələ məruz qalmış millətin, etnosun, irqi və ya dini qrupun soyunun, kökünün kəsilməsini əks etdirir.

Tarixi faktlar və sənədlər sübut edir ki, 1915-ci il hadisələri soyqrım terminindən nə qədər uzaq olsa da  Ermənilərin Azərbaycanlılara qarşı törətdikləri məlum «münasibəti» də bir millət olaraq kökümüzün kəsilməsinə yönəlmiş hərəkətdir.

 

Professor Nuru Məmmədovun fikrincə Azərbaycan və Türkiyə torpaqlarına göz dikən erməni daşnakları və millətçiləri hiyləgər siyasət yeridərək monoetnik və “türksüz Ermənistan” uğrunda qərinələr boyu gizli və bəzən leqal müharibələr aparmış, “dənizdən–dənizə” böyük imperiya yaratmaq üçün türk xalqlarına qarşı soyqırım siyasəti yeritmişdir. Onlar özlərinin məkrli və avantürist niyyətlərini həyata keçirmək məqsədilə tarixdə görünməmiş cinayət və vəhşiliklərdən, kütləvi qırğınlar və vandalizmdən istifadə etmişlər. Şovinist ruhlu erməni millətçiləri tərəfindən yeridilən bu mənfur siyasət tarixin bütün zamanla-rında türk xalqlarına qarşı ölüm, işgəncə, məşəqqət və məhru-miyyətlərlə müşayiət olunan faciə dolu qaçqınlıq, didərgin həyatı, torpaq və yurd həsrəti gətirmişdir. Bu gün Azərbaycan torpaqla-rının 20 faizini işğal edən erməni təcavüzkarları xalqımıza ağır məşəqqətlər gətirmiş, 1 milyondan çox azərbaycanlını qaçqına, didərginə və məcburi köçkünə çevirmişdir.

 

Tədqiqatlarda göstərilmişdir ki, erməni millətçiləri özlərinin sərsəm və xəyali planı olan “böyük Ermənistan” imperiyasını yaratmaq üçün ən çirkin üsullara belə əl atmaqdan çəkinməmişlər. Belə ki, ermənilər ayrı–ayrı zamanlarda tarixi faktları saxta-laşdıraraq özlərini guya soyqırıma məruz qalan tərəf kimi göstər-mişlər. Lakin faktlar göstərir ki, ermənilər bütün zamanlarda azərbaycanlılara və türklərə qarşı kütləvi qırğınlar, sui–qəsdlər və terrorlar törətmiş, dinc əhalini ucdantutma məhv etmişlər.

 

Aparılan araşdırmalardan aydın olur ki, ermənilərin ərazi iddiaları və etnik–təmizləmə siyasəti çar Rusiyası və Sovet ittifaqlarının Türkiyəyə qarşı ərazi tələbləri ilə sıx vəhdət təşkil etmişdir və bu məsələlər əslində Türkiyə ilə Azərbaycan torpaqlarının parçalanmasına, bölünməsinə və işğal edilməsinə istiqamətlənən məkrli və avantürist bir siyasət olmuşdur ki, bu da zaman–zaman özünü göstərmişdir. Erməni millətçilərin hiyləgər siyasətinin reallaşmasında Moskvanın xüsusi maraqları olmuşdur. Tarixin müxtəlif zamanlarında—istər çar hakimiyyətinin və istərsə də totalitar sovet reciminin rəsmi dairələri cənub sərhədlərinin genişləndirilməsində və möhkəmləndirilməsində erməni sindromundan istifadə etməyə və Cənubi Qafqazda imperiya sərhədlərini Türkiyə torpaqları hesabına şişirtməyə, beləliklə, öz geosiyasi maraqlarını həyata keçirməyə ciddi səy göstərir, fürsət düşən kimi praktik tədbirlərə əl atırdı. Nəticədə “erməni məsələsi”ndən istifadəyə görə azərbaycanlıların soyqırımı və deportasiyası təşkil edildi. Azərbaycan və türk xalqlarının tarixi taleyi məkrli siyasətə qurban verildi.

 

Araşdırmalardan aydın olur ki, erməni millətçilərin həya-sızlığı, terror və təxribatçı fəaliyyətləri iyirminci yüzilliyin 80–ci illərin sonlarında daha təhlükəli şəkildə tüğyan etməyə başlayır. Ermənilər açıq şəkildə Qarabağı və Naxçıvanı işğal etmək siyasə-tinə başlayırlar, nəticədə Azərbaycan—Ermənistan münaqişəsi və Dağlıq Qarabağ müharibəsi başlayır. Etnik təmizləmə siyasəti aparan erməni ekstremistləri silahlı yolla Azərbaycan torpaq-larını işğal edir, müharibə şiddətlənir, ermənilər monoetnik dövlət yaradırlar, Ermənistan ərazisində yaşayan yerli əhali olan azərbaycanlılar doğma yurdlarından tamamilə qovulurlar.

 

Dünya ictimaiyyəti bilməlidir ki, vaxtı ilə paytaxtı belə olmayan ermənilər İrəvan şəhərini 1918–ci il mayın 29–da ələ keçirib özlərinə “paytaxt” etdilər. 1918–ci il Batum müqaviləsinin şərtlərinə görə 9 min kvadrat kilometr əraziyə malik olan ermənilər hazırda 45 min kvadratkilometr əraziyə malikdir ki, oraya da işğal edilmiş Azərbaycan torpaqları daxildir.

Məlumdur ki, bəşər tarixində çox soyqırımlar törədilmiş, yüz minlərlə adam günahsız yerə qanına qəltan edilmişdir. Lakin heç bir xalq erməni cəlladları qədər qəddar olmamış, vəhşiliklər və vandalizm törətməmişlər. Erməni daşnaklarının vəhşiliyi bütün zamanlarda özünü qabarıq göstərmiş və insanların nifrətinə səbəb olmuşdur. XX yüzillik boyu erməni cəlladları tərəfindən dəfələrlə törədilən qanlı qırğınlar, bütün dəhşətləri ilə insan zəkasına sığmayan və dilə gətiriləsi mümkün olmayan bir faciədir və türk xalqlarına qarşı əsil genosid və soyqırımı siyasətidir. Xüsusilə XIX–XX əsrlərdə türk və azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində yüz minlərlə günahsız adam məhv edilmişdir.

Zaman–zaman gerçəkləşdirilən və planlı şəkildə həyata keçirilən erməni niyyətləri əslində dənizdən–dənizə, sonra isə dünya okeanlarına çıxmaq üçün “böyük Ermənistan” dövləti yaratmaq siyasətinin bir hissəsidir. Həm də bu yolda erməni millətçiləri ən iyrənc metodlardan istifadə etməkdən belə çəkinməmişlər. Erməni terrorçu dəstələri hələ XIX yüzilliyin ikinci yarısında Türkiyənin Zeytun (1862, 1878 və 1884–cü illərdə), Sasun (1880–ci ildə), Van (1884–cü ildə) vilayətlərində qanlı qırğınlar törətmiş və bu qırğınlar nəticəsində 2 milyondan çox Anadolu türkü öldürülmüşdür. XX yüzilliyin əvvəllərində isə Bakıda, Şuşada, İrəvan və Naxçıvan mahallarında, Qarabağda, Borçalıda, Qazaxda, Zəngəzurda, Gəncədə, Qubada, Tiflisdə və başqa yerlərdə azərbaycanlıları kütləvi şəkildə amansızcasına məhv etmişlər. 1905–1907–ci illərdə, 1918–1920–ci illərdə, 1948–1953–cü illərdə və 1988–1993–cü illərdə Azərbaycan xalqının başına gətirilən müsibətlər əslində genosid və soyqırımı siyasətidir. Beləliklə, XX yüzillikdə Azərbaycan xalqı 4 dəfə soyqırımına məruz qalmış və nəticədə 2 milyondan çox azərbaycanlı bu məkrli siyasətin günahsız qurbanı olmuşdur.

 

Tarixi keçmişi unutmaq və tarixi hadisələri danmaq olmaz. Bu gün tarixi həqiqətlərin üzə çıxarılmasına, gizli arxiv sənədlə-rinin araşdırılmasına, görkəmli tarixçilərin və antik alimlərin fundamental əsərlərində göstərilən faktların dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac vardır. Dünyaya özünü “məzlum xalq” kimi tanıtmağa çalışan erməni başkəsənləri hər yerdə geniş təbliğat apararaq uydurma “erməni soyqırımı”nın tanınmasına ciddi cəhd etmişlər və bu gün də bu yolda yorulmadan çalışırlar.

Bəs uydurma “erməni soyqırımı” məsələsi haradan yaranıb? Tarixən məlumdur ki, “erməni məsələsi” Şərq məsələsinin tərkib hissəsi kimi meydana gəlmiş və böyük dövlətlər özlərinin işğalçı məqsədlərini həyata keçirmək üçün ondan bir vasitə kimi istifadə etmişlər. Şərq məsələsinin mahiyyəti isə Osmanlı imperi-yasının torpaqlarının bölüşdürülməsindən, Türkiyənin bir dövlət kimi məhv edilməsindən, Türkiyənin torpaqları hesabına erməni bufer dövlətinin yaradılmasından ibarət idi. Habelə həmin məsələ Şərqə yiyələnmək uğrunda çar Rusiyası və Qərb dövlətləri arasında beynəlxalq münaqişələrin ifadəsi, Şərq xalqlarına qarşı işğalçılıq planlarının təzahürü idi. Şərq siyasətinin həyata keçiril-məsi üçün ermənilərdən istifadə edildi və Türkiyə ərazisində yaşayan ermənilər başlıca hədəf seçildi. Birinci dünya müharibəsi zamanı Antanta dövlətləri müharibədə Almaniyanın tərəfində çıxış edən Türkiyəyə təzyiq göstərməyə başladılar. Bu təzyiq getdikcə gücləndi, hətta, 1914–cü il oktyabrın 29–da Rusiya Türkiyəyə müharibə elan etdi. Belə bir vaxtda Türkiyə ərazisində yaşayan ermənilər böyük bir ordu yaradıb Rusiyanın köməyi ilə silahlandılar və hər yerdə türkləri qırmağa başladılar. Erməni silahlı dəstələri türkləri qəddarcasına doğrayır, tonqallarda yandırır, gözlərini çıxarır, başlarının dərisini soyur, körpələri nizəyə keçirirdilər. Ermənilərin bu vandalizmi nəticəsində 600 min türk öldürüldü. Təbii ki, Türkiyənin başı bu zaman mühari-bəyə qarışdığı üçün daxildəki prosesləri diqqətdən yayındırmışdı. Ancaq hadisələri belə görən Türkiyə dövləti və türk hərbi komandanlığı erməni cəlladlarına cavab vermək məcburiyyətində qaldı. 200 min erməni Türkiyədən ölkənin cənub hissələrinə, o cümlədən İraq, Suriya və digər yerlərə köçürüldü. Köçürülən ermənilərin bir hissəsi Qarabağda, Qərbi Azərbaycanda (indiki Ermənistanda), Bakıda məskunlaşdırıldı. Göründüyü kimi, baş verən qırğınların başlıca günahkarı ermənilər və daha çox ölən isə türklər olmuşlar. Ancaq zaman keçdikcə ermənilər tarixi faktları saxtalaşdıraraq və ölən ermənilərin sayını süni surətdə şişirdərək əvvəlcə 600 minə, sonra 800 minə, daha sonra isə 1,5 milyona qaldırmışlar. Halbuki 1914–cü ildə Türkiyə ərazisində cəmi 1.294.851 nəfər erməni yaşamışdır ki, bu da ümumi əhalinin (18.520.016) cəmi 6,9 faizini təşkil edirdi.

 

Türkiyənin tanınmış tədqiqatçı alimi, professor İsmail Ürçelik “Ermeni iddiaları ve gerçekler” adlı kitabında göstərir ki, Birinci Dünya müharibəsi ərəfəsində və müharibə illərində ermənilər öz istəklərini gerçəkləşdirmək üçün Rusiyadan dəstək alırdılar. Rusiya vəd etdi ki, yeni bir Ermənistan qurulmağa kö-mək edəcək. Bundan sonra Türkiyə ərazisində yeni–yeni erməni hərbi alaylarının təşkili prosesi sürətlənirdi. Bu alaylara erməni liderləri başçılıq edirdilər. Hətta bu erməni hərbi birləşmələrinin fəaliyyətini əlaqələndirmək üçün Tiflisdə Erməni Uluslararası Bürosu yaradıldı. Bir çox xarici ölkələrdən gələn ermənilər hesabına könüllü hərbi birləşmələrin sayı getdikcə çoxalırdı. Qısa zamanda Rusiyadan, İrandan, Amerikadan, İngiltərədən, Frans-adan, Bolqarıstandan, Rumıniyadan və hətta Buxaradan gələn ermənilər təşkil edilən könüllü erməni alaylarına daxil olurdular. Onlara xüsusi təlimat keçirdilər. Təqribən 180 minə qədər erməni belə təlim keçmişdi. Təlim keçən erməni casuslarına təxribat işləri ilə məşğul olmaq, adam öldürmək, türk ordusuna arxadan zərbə vurmaq tapşırığı verilmişdi.

Qəribədir ki, həmin casus erməni silahlıları gecələr evlərə basqın edir, dinc əhalini öldürür, səhərə qədər vəhşiliklər edir, gündüzlər isə özlərinin hərbi alaylarına çəkilirdilər. Bu gizli taktiki əməliyyatları müəyyənləşdirmək isə Osmanlı dövləti üçün xeyli çətinliklər yaradırdı.

 

Əslində Osmanlı hökuməti ermənilərin bu təxribatçı fəaliyyəti barədə xəbərdar idi və buna görə də Ənvər paşa erməni patriarxını çağıraraq ona: “… ermənilərə sədaqət bəslənildiyi bir durumda, onların (ermənilərin) müsəlmanlara və Osmanlı dövlətinə zərər verdiklərini, patriarxın onlara nəsihət verməsini, əks halda və nəticə çıxarmayacağı təqdirdə ən ciddi əsgəri tədbirlərin alınacağını və qəti addımın atılacağını söyləmişdir”. Ancaq ermənilər çox öncədən nə şəkildə hərəkət edəcəklərini qərarlaşdırmış olduqlarından bunların heç bir faydası olmamışdır.

Nəticədə 1914–cü il avqustun əvvəllərində Osmanlı hökuməti səfərbərlik haqqında qərar verdi. Hökumətin bu zəruri tədbirinə adekvat olaraq erməni liderləri öz murdar əməllərini həyata keçirmək üçün erməni alaylarına şifrəli təlimatlar göndərdilər və əks hücuma başlamaq tapşırığı aldılar. Bu vaxt Eçmiədzin katalikosu Kevork Rusiyanın Qafqazda baş valisi Voronsov–Daşkova müraciətlə ermənilərin Rusiya tərəfindən himayəsini istəyərək Osmanlı dövlətinə qarşı savaşacaqlarını söyləmişdir. Voronsov–Daşkov isə işğal ediləcək Osmanlı torpaqlarında (altı vilayət) bir Erməni dövlətinin Rusiya tərəfindən tanınacağını elan etmişdi. Rusiya çarı II Nikolay da eyni vədi vermiş və ermənilərin ruslarla birlikdə türklərə qarşı vuruşması barədə bəyannamə elan etmişdi. “Daşnaksutyun” partiyası erməniləri silahlanmağa, yeni bir Ermənistanın yaradılması vaxtının çatmasına, bu yolda Rusiyanın köməyinə bel bağlamağa, Türkiyə əleyhinə silaha sarılmağa dair şüarlarla çıxışlara başladı, ədavəti qızışdırdı.

 

Erməni silahlı dəstələrinin ilk çıxışları Zeytunda başlandı (17 avqust 1914–cü il) və getdikcə genişləndi. Erməni hərbçiləri Anadoluda və Qafqazda türklərə qarşı görünməmiş vəhşiliklərə başladılar. Yüz minlərlə müsəlmanı, qoca, uşaq, qadın, qız, xəstə və əlil olanları sistemli şəkildə qətlə yetirdilər. Jəbhədən dönən yaralı türk əsgərlərini amansızcasına öldürdülər. Osmanlı ordusunu arxadan vuraraq, köməyə gələn bütün ehtiyat yollarını bağlamışdılar. Rəsmi dövlət dairələrinə hücum edərək, ictimai binalara erməni mühafizə dəstələri düzənləmişdilər. Ermənilərin bu vəhşi əməllərinə qatılmayan kimsəni, hətta erməni də olsa belə öldürürdülər. Zeytun, Kayseri, Bitlis, Sivas, Trabzon, Ankara, Adana, Urfa, İzmir, Bursa və daha bir çox yerlərdə ermənilər ağıla gəlməyəcək vəhşiliklər törətmişdilər. Osmanlı dövləti çox ağır günlərini yaşayırdı.

 

Beləliklə, türklərin kütləvi şəkildə məhv edilməsi Osmanlı dövlətini çıxış yolu axtarmağa, ciddi və qəti hərəkət edərək əks tədbirlər görməyə məcbur etdi. Onu da unutmaq olmazdı ki, Türkiyənin başı bu zaman dünya müharibəsinə qarışmışdı, cəbhədə ağır itkilər verirdi. Bu zaman 180 min erməni yaraqlısı rus qoşunu tərkibində Türkiyənin dinc əhalisini amansızcasına qırır və onları məhv edirdi.

 

Təbii ki, erməni silahlı dəstələrinin türklərə vurduğu ağır zərbələr və günahsız türk əhalisinin kütləvi məhv edilməsi, habelə ermənilərin yaşadıqları bu dövlətə xəyanəti Türkiyə dövlətini ciddi qərarlar qəbul etməyə məcbur etdi. Buna görə də 1915–ci il aprelin 24–də Türkiyənin daxili işlər naziri Tələt paşa İstanbul və digər böyük şəhərlərdə erməni komitələrinin təcili bağlanması, millətçi erməni rəhbərlərinin həbsi və sənədlərinin müsadirəsi haqqında əmr verdi və 600 nəfər həbs edildi. Bundan sonra 1915–ci il mayın 30–da döyüş bölgəsində yerləşən ermənilərin daha təhlükəsiz yerlərə köçürülməsi barədə çox ədalətli və humanist bir fərman da verildi. Fərman 14 valiyə göndərildi və qısa müd-dətdə həyata keçirilməsi tapşırıldı. Fərmana əsasən köçürülən ermənilər üçün hər cür şərait yaradılmışdı. Hətta əmlakını aparmaq istəməyənlər onu pulla sata bilərdilər. Mənbələrdən məlum olur ki, köçürülən ermənilərin çoxu könüllü olaraq sonradan xarici ölkələrə mühacirət etmişdir.

 

Hadisələrin, faktların və mövcud tarixi şəraitin araşdırılması belə bir nəticə çıxarmağa əsas verir ki, köçürülmə ilə əlaqədar Türkiyə hökumətinin verdiyi qərar düzgün idi. Hətta Türkiyə hökumətinin köçürülmələrin və onların əmlakının təhlükəsizliyinin təmin edilməsi barədə göstərişləri, onun nə qədər ədalətli olduğunu bir daha göstərir. Çünki türk xalqı heç kəslə düşmənçilik etməmiş, tarix boyu qonşu xalqlarla həmişə dost və mehriban qonşuluq münasibətində olmuşdur. Fəqət xain çıxan ermənilər, nankor olan erməni millətçiləri və hərbi ədavəti qızışdıran keşişlər, qırğınları qızışdıran daşnaklar olmuşlar.

 

Erməni quldurları 1916–cı il mayın 11–də Türkiyənin Malazgird şəhərində 20 min adamı vəhşicəsinə öldürmüş, mayın 22–də isə Van şəhərində 15 min adamı məhv etmiş, 1000 nəfər körpəni boğmuşdular. 1918–ci ilin yanvarında Türkiyənin Qətranlı kəndində 1400 uşağı bir yerə yığaraq yandırmışlar. Martın 17–də Urmiyada 10 min dinc sakini öldürmüşlər. J. və K.Makkartilərin tədqiqatına görə XX əsrin əvvəllərində ermənilərin törətdikləri qanlı hadisələr zamanı 2,5 milyon müsəlman öldürülmüşdür.

Erməni millətçiləri və onların daşnak rəhbərləri o vaxtdan bu günə qədər bar–bar bağıraraq hadisələri saxtalaşdırır və 1915–ci il aprelin 24–ünü “erməni soyqırımı” kimi qələmə verməyə çalışırlar. Təəssüf ki, tarixdən bixəbər olanlar, o zamankı tarixi şəraiti bilməyənlər və ya o zamankı hadisələrin obyektiv təhlilini bacarmayanlar bu yalançı təbliğata inanırlar. Ancaq fakt faktlığında qalır, tarix isə olanların canlı şahididir. Faktlar isə göstərir ki, ermənilər türklərə qarşı genosid və soyqırım siyasəti aparmışlar. Çünki türklərin itkisi qat–qat çox olmuşdur. Bunu ermənilər də çox yaxşı bilirlər. Onda sual yaranır: bəs nəyə görə ermənilər böhtandan əl çəkmir və   “erməni genosid”ini türklərin boynuna zorla qoymağa çalışırlar? Bunun cavabı ABŞ–dakı erməni liderlərindən biri Ross Vartanyanın fikirlərindən aydın görünür: “Genosid layihəsi qəbul edilsəydi, bunu əldə rəhbər tutub, Türkiyədən əvvəlcə təzminat, sonra da Qara dəniz sahillərinə sərhəd olan Şərqi Anadoluda bir erməni dövlətinin qurulması üçün torpaq tələb edərdik”. Deməli, daşnaklar “böyük Ermənistan” ideyasından hələ də əl çəkməmişlər və avantürist məqsədlərini həyata keçirmək üçün böhtançı və uydurma “erməni genosidi”ni əldə bayraq etmişlər.

 

Artıq dünyanın tanınmış alimləri, mütəxəssisləri yalançı “erməni genosi”dini birdəfəlik rədd edir və aparılan ciddi tədqiqatlardan sonra belə bir soyqırımın olmasını faktlar və dəlillərlə inkar edirlər. Fransız alimi Jorc de Malevil özünün “Armyanskaya traqediya 1915 qoda” əsərində zəngin tarixi faktlarla göstərir ki, XIX əsrin son rübünə qədər türklərlə ermənilər əsrlər boyu rahat yaşamış, lakin “Daşnaksutyun” partiyası yarandıqdan sonra bu mehriban münasibətlər qəddar düşmənçilik münasibətlərinə çevrilmişdir. Müəllif sübut edir ki, 1915–ci il hadisələri daşnakların türklərə qarşı düşmənçilik hərəkətlərindən törəmişdir. Müəllif tarixi faktlara əsasən qəti şəkildə deyir: “1915–ci ildə “genosid” olmamışdır”.

 

ABŞ alimləri Jastin Makkarti və Karolin Makkarti tarixi faktlara əsaslanaraq belə bir obyektiv nəticəyə gəlmişlər ki, erməni soyqırımı uydurmadır və böhtandır. Adı çəkilən müəllif-lər “Turki i armyane” adlı tədqiqat əsərində sübut edirlər ki, Şərqi Anadoluda soyqırım olmamışdır. Erməni daşnak quldur dəstələri Türkiyədə, İranda, Azərbaycanda, Qafqazda türk və azərbaycanlıları vəhşicəsinə qırır, məhv edirdilər. Tarixi faktlar-dan məlumdur ki, daşnak generalı tayqulaq Andranik Zəngi-basar, Qəmərli, Vedibasar, Şərur, Naxçıvan ərazisində, quldur general Dro Dərələyəz mahalında, qaniçən general Silikov Göyçə mahalında, general Ncde Zəngəzur mahalında olmazın vəhşi-liklər törətmişlər. Jastin Makkarti “Genosid olmuşmu?” əsərin-də göstərir ki, XX əsrin yalnız birinci rübündə ermənilərin törətdiyi qırğınlarda 2 milyona yaxın türk öldürülmüş, yaralanmış və qovulmuşdur.

 

Professor Musa Qasımlı haqlı olaraq qeyd edir ki, 1914-cü ilin sentyabr ayının 23-də Rusiya Xarici İşlər Nazirliyinin 3-cü siyasi şöbəsinin məsləhətçisi Klen İstanbuldakı səfir Girsə 25851 saylı teleqramında yazırdı ki, “Ailə baş komandanla Qafqaz canişinliyinin razılaşmasına əsasən Türkiyə ilə müharibə olacağı təqdirdə ermənilərin, aysorların, kürdlərin üsayanını vaxtında hazırlamaq barədə qərar qəbul edilmişdir. Dəstələr (Cənubi Azərbaycanı nəzərdə tutur) fars adminstasiyasından xəbərsiz konsulların və hərbi rəislərin rəhbərliyi ilə hazırlanacaq”. Həmin teleqramda göstərilirdi: “Tüfənglər, silahlar hazırdır, lazım olanda veriləcək, maliyyə də vardı, dəstələr yalnız bizim razılığımızla hərəkətə başlayacaqlar”.

Bu, silahlı dəstələrin necə yaradılması prosesindən xəbər verir. Bu teleqramdan bir müdət əvvəl 1914-cü il avqustun 24-də Qafqaz canişini Vorontsov 441 nömrəli teleqramında Sazanova yazırdı ki, türklərə qarşı erməni dəstələri yaradılır. “Türkiyə ilə müharibə olacağı təqdirdə onlardan istifadə ediləcək, buna görə 25 tüfəng , 12 milyon patron verilməsi ilə bağlı Hərbi Nazirliklə danışıqlara girməyinizi xahiş edirik”.

 

Əsas göstərişlər Moskvadan, Peterburqdan verilirdi. 1914-cü il sentyavbrın 20-də 760 nömrəli teleqramında Vorontsov erməni silahlı dəstələrin  yardılması barədə Sazanova məlumat verirdi və konkret hazırlandığı yerləri və rəhbərlərini göstərirdi. Teleqramda aydın şəkildə göstərilirdi- erməni silahlı dəstələri Poltda, Sarıqamışda, Kağızmanda və İğdırda rus hərbi rəislərinin Azərbaycanda (orda Cənubi Azərbayca nəzərdə tutulurdu) Xoydakı konsul general Voroponovun, Makudakı konsul Orlovun, Urmiyadakı konsul Vedenskinin və konsul Andreyevskinin rəhbərliyi ilə hazırlanır. Bunlar tarixi sənədlərdir. 1914-cü il sentyabrın 23-də 4180 nömrəli teleqramında general Yanoşkeviç Sazanova yazırdı ki, Çar 2-ci Nikolay bu təkliflərin hamısı ilə razıdır. Beləliklə, Osmanlı ilə Çar Rusiyası müharibəyə girdikdən sonra erməni silahlı dəstələri dinc türk əhalisini arxadan vurdular. Həm həmin ərazidə yaşayan ermənilər hökümətə qarşı qiyam qaldırdılar, həm də imperatorluğun hər yerində yaradılan erməni silahlı dəstələri dinc insanlara divan tutmağa başladılar.

 

Ermənilərin soyqırım iddialarına əsasən guya 1915–ci ildə Osmanlı dövlətinin köçürmə siyasəti nəticəsində 1,5 milyon (əvvəllər 300 min, sonra isə 600 min deyirdilər) erməni ölmüşdür. Bu yalançı iddianı əsaslandırmaq üçün ermənilər müxtəlif xarakterli “sənədlər” hazırlamış, faktları saxtalaşdırmış və fikirlər uydurmuşlar. Avropanın, Amerikanın, Türkiyənin və dünyanın bir çox alimləri həmin faktların yalan və uydurma olduğunu elmi dəlillərlə sübut etmişlər. Ancaq əlimizdə daha təzə bir fakt vardır. Belə ki, 2004–cü ilin may ayında görkəmli türk alimləri tərəfindən hazırlanmış fundamental bir kitab işıq üzü gördü. Kitabın adı belədir: “Ermənilər: Sürgün və köç” Amerikanın, Fransanın, İngiltərənin, Almaniyanın və digər ölkələrin arxivlərində uzun müddət axtarışlar və tədqiqat işləri aparan alimlər erməni soyqırımına aid heç bir materiala rast gəlməmişlər. Kitabda yer verilən sənədlər içərisində ingilis arxivlərindən əldə edilmiş qeydlər ermənilərin soyqırımı iddialarının əsassız, yalan və böhtan olduğunu isbat etməkdə çox dəyərlidir. Belə ki, ermənilərin soyqırım iddialarını ifşa edən yeni faktlar ortaya çıxır. Birinci Dünya müharibəsindən sonra ingilislər 1917–1919–cu illər arasında ermənilərin siyahıya alınmasını aparmışlar. Bu siyahıya alınmada indiyə qədər kimsənin bilmədiyi nəticələr ortaya çıxmışdır. Siyahıya alınmanın nəticəsində məlum olmuşdur ki, 1919–cu ildə Osmanlı torpaqlarında yaşayan ermənilərin sayı 1 milyon 602 min nəfərdir. Buradan belə bir nəticə çıxır ki, “soyqırım” olan yerdə əhalinin sayı 102 min artmışdır! Bu, necə ola bilər?  Deməli, ingilis arxivlərindən əldə edilən sənədlər və rəqəmlər erməni “soyqırımı”nı qəti şəkildə rədd edir.

Adı çəkilən kitabda 1914–cü ildə Osmanlı dövlətində erməni əhalisinin sayına aid rəqəmlər də verilmişdir. Göstərilir ki, müharibə dövründə aclıq və xəstəliklərdən ölənlər də olmuşdur ki, ölənlərin içərisində, ermənilər, türklər, kürdlər və b. xalqların nümayəndələri də var. Arxiv sənədlərinə görə 1915–1918–ci illərdə Osmanlı ordusunda 3 milyon adamın xəstələndiyi, 711 min nəfərin isə yaralandığı müəyyən edilmişdir.

 

Çox maraqlı faktlardan biri də odur ki, xarici ölkələrin arxivlərində ciddi mühafizə edilən materiallarından aydın olur ki, Türkiyə hökumətinin sürgün qərarı cəmi 500 min ermənini əhatə etmişdi. (Halbuki ermənilər dünyaya car çəkib bağırırlar ki, sürgünə məruz qalan ermənilər 1,5 milyondur). Deməli, xarici ölkə arxivlərinin sənədləri də ermənilərin uydurmalarını rədd edir. Beləliklə, arxiv sənədləri, tarixi faktlar və tarixi həqiqətlər belədir ki, ermənilər özləri özlərinə quyu qazmış, yaşadıqları yerin və torpağın, yedikləri çörəyin, içdikləri suyun və udduqları havanın qədr–qiymətini bilməmiş, ermənilərə hərtərəfli kömək edən və onları türk torpaqlarında yerləşdirən adamların zəhmətini bilərəkdən yerə vurmuşdular. Nəticədə “özgəyə quyu qazan özü düşər” zərb məsəlinə, atalar sözünə uyğun olaraq Allahın qəzəbinə düçar olmuşlar.

 

Tarixçi alimlərin tədqiqatlarında göstərilir ki, 1914–1915–ci illərdə ermənilər müxtəlif hərbi birləşmələr və quldur dəstələri yaradaraq Türkiyənin Zeytun, Maraş, Qeysəriyyə, Diyarbəkir, Ərzincan, Bitlis, Van, İskəndərun, Muş, Trabzon, Ankara, İstanbul və b. şəhərlərində, habelə bütün Şərqi Anadoluda on minlərlə türk vətəndaşını öldürmüş, vəhşiliklər etmiş, şəhər və kəndləri yandırmış, qiyamlar qaldıraraq türk xalqı və Osmanlı dövləti üçün real təhlükə yaratmış, beləliklə, Türkiyə dövlətinin torpaqlarında yeni bir erməni dövləti yaratmaq xülyası ilə soyqırımlar törətmişlər.

 

Ermənilər tarix boyu müxtəlif yalanlar uyduraraq ayrı–ayrı adamları, dövlət və hökumət rəhbərlərini inandırmağa çalışmış, qondarma “erməni soyqırımı”nı qəbul etdirməyə ciddi cəhdlər etmiş, bəzən də istədiklərinə nail ola bilmişlər. Ancaq erməni yalanları ayaq tutsa da yeriməmiş, sonralar ifşa olunmuşlar.

“Erməni soyqırımı” iddiaları 1950-ci illərdən – yəni “soyqırım” ifadəsi rəsmən beynəlxalq hüquqi status alandan cəmi iki il sonra gündəmə gəlib. Kilsənin irəli sürdüyü iddialar Amerika və Avropada erməni lobbisinin dəstəyilə böyük bir kampaniyaya çevrilib.

 

Ermənilər ilk “soyqırım” qərarının qəbuluna Uruqvayda nail olublar. 1965-ci il aprelin 20-də Uruqvay parlamenti 24 apreli “Erməni soyqırımını anma günü” kimi tanıyıb (Uruqvay parlamenti 2004 və 2005-ci illərdə daha iki bəyanatla qərarını yeniləyib).

Bundan 17 il sonra – 1982-ci il aprelin 29-da Kiprin yunan icması analoji qərar qəbul edib. “Erməni soyqırımı”nı tanımış bütün ölkələrin sıralaması isə belədi:

Uruqvay – 20 aprel 1965, 2004, 2005

Cənubi Kipr – 1982

Argentina – 1993, 2003, 2004, 2005, 2006, 2007

Rusiya – 1995, 22 aprel 2005

Yunanıstan – 25 aprel 1996

Kanada – 1996, 2000 və ən son olaraq 21 aprel 2004

Livan – 1997, 11 may 2000

Belçika – 26 mart 1998

Vatikan – 2000

İtaliya – 17 noyabr 2000

Fransa– 18 yanvar 2001

İsveçrə – 16 dekabr 2003

Slovakiya – 30 noyabr 2004

Hollandiya – 21 dekabr 2004

Polşa – 19 aprel 2005

Almaniya – 16 iyun 2005

Venesuela – 14 iyul 2005

Litva – 15 dekabr 2005

Çili – 2007

 

Beləliklə, 1950-ci illərdən kampaniya başladan, 1965-ci ildə ilk rəsmi qərarın qəbuluna nail olan ermənilər 45 il ərzində əsilsiz iddialarını 19 ölkədə qərar və ya bəyanat şəklində qəbul etdiriblər. Daha 2 dövlətin (İsveç və ABŞ-ın) Xarici Əlaqələr Komitəsi müvafiq qətnamə layihəsini təsdiqləyib.

“Erməni soyqırımı” iddialarının yayıldığı areal da maraqlıdı – Avropa və Amerika. Avropada qərar qəbul edən ölkələrin çoxu Türkiyənin qapısını döydüyü Avropa Birliyinin üzvüdü. Amerikada isə “soyqırım”ı tanıyan yalnız Kanada və üç Latın Amerikası ölkəsi deyil. Türkiyənin “strateji müttəfiqi” ABŞ-da “soyqırım”ı tanıyan ştatların sayı 30-a çatıb. ABŞ Konqresinin gündəliyində “soyqırım”la bağlı iki layihə durur. ABŞ prezidentləri isə hər il aprelin 24-də “soyqırım” sözünün yarım addımlığından keçirlər. Ermənilərin tarixi yalanlarının ən çox yayıldığı ölkə Fransadır. Fransanın bir qrup nüfuzlu tarixçi alimləri “erməni soyqırımı”nı ifşa edən sensasiyalı bəyanatla çıxış etmişlər. 2005–ci ildə Fransanın tanınmış “19 tarixçi alimi aldadıcı qanunlara etiraz edir” başlığı ilə çıxış etmişlər. Həmin müraciətlərində tarixçi alimlər bildirmişlər ki, müxtəlif illərdə ölkə parlamentində qəbul olunmuş və tarixi gerçəklikləri deyil, siyasi mənafeləri əks etdirən bir sıra qanunlar aldadıcı xarakter daşıyır və ləğv edilməlidir. Tarixçi alimlər bildirmişlər ki, ölkə parlamenti həmin qanunları qəbul edərkən tarixçi alimlərin fikirlərini öyrənməyiblər. Ona görə də onu pisləyiblər. Müraciətdə vurğulanır ki, Fransa hökuməti və parlamenti tarixlə bağlı hər hansı qanun qəbul olunarkən mütləq tarixçi alimlərin fikirlərini diqqətlə öyrənməli və onların mövqeyini nəzərə almalıdır.

 

Bu müraciətin bizim üçün xüsusi əhəmiyyəti ondadır ki, Fransa tarixçilərini qəzəbləndirən və Fransanın tarixi üçün alçaldıcı hesab edilən qanunlar arasında 2001–ci il yanvarın 29–da qüvvəyə minmiş uydurma “Erməni soyqırımının tanınması haqqında” qanun da var. Bu sənədə də mənfi münasibətini bildirən fransız alimləri onun tarixi həqiqətləri saxtalaşdırmaqda adətkar olmuş, ikiüzlü siyasət yeritməyə vərdiş etmiş ermənilərin və güclü erməni lobbisinin təzyiqi ilə Fransa dövləti tərəfindən qəbul olunduğuna etiraz ediblər. Heç bir hüquqi əsası olmayan uydurma “erməni soyqırımı”nın tanınması barədə qanunun Fransa üçün alçaldıcı sənəd olduğunu qeyd edən tarixçi alimlər onun ləğvini tələb ediblər.

 

Fransa parlamentinə uydurma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsi təqdim edilib 2012-ci ildə Xalq Hərəkatı Uğrunda Hərəkat Partiyasının deputatı Valeri Buaye qondarma “erməni soyqırımı”nı inkara görə cinayət məsuliyyəti nəzərdə tutan yeni qanun layihəsini parlamentə təqdim edib. Erməni mətbuatına istinadən yaydığı məlumata görə, qanun layihəsi Milli Assambleyanın sədarətində dekabrın 19-da qeydiyyatdan keçib. Layihə 1881-ci ildə qəbul olunmuş söz azadlığı barədə qanuna dəyişiklik edilməsini nəzərdə tutur. Dəyişiklik qəbul edilsə, qondarma “erməni soyqrımı”nı inkara görə cinayət məsuliyyətinin nəzərdə tutulması üçün hüquqi əngəl aradan qalxmış olacaq.

Ümumiyyətlə ermənilərin və erməni lobbisinin hədəfi “4 T” adlanan tələblərinin yerinə yetirilməsidir:

  • “Soyqırım”ın dünyada tanınması;
  • Türkiyənin “soyqırım”ı tanıması;
  • Türkiyənin “soyqırım”a uğramış adamların varislərinə təzminat ödəməsi;
  • Türkiyənin Şərqində ermənilərə torpaq verilməsi;

Birinci hədəfə faktiki olaraq yaxınlaşıblar. Artıq demək olar ki, bütün Qərb mətbuatı və ictimaiyyəti “soyqırım” iddialarını qəbul edir. Qalır məsələnin hüquqi və siyasi tərəfi. Bunun üçün ABŞ Konqresinin qərarı həlledici əhəmiyyət daşıyır. Bu qətnamə başqa ölkələrin qərarlarına bənzəməyəcək. Həmin layihə keçsə, İngiltərə başda olmaqla Türkiyənin digər müttəfiqləri, beynəlxalq qurumlar da hərəkətə keçəcək, üstəlik, erməni lobbisinin Türkiyədən təzminat tələbləri ciddi bir əsasla gündəmə gələcək. Ermənilər bu qərarı qəbul etdirməyə çox yaxındırlar.

Ermənilər sadəcə tanınmayla kifayətlənməyiblər, adıçəkilən ölkələrin əksəriyyətində “soyqırım” abidələrinin qoyulmasına nail olublar, bədnam iddialarını təbliğ edən 45000 sayt yaradıblar, filmlər çəkdiriblər, bəzi ölkələrdə (Almaniyada) mövzunu dərsliklərə salıblar, kitablar yazdırıblar və indi də demokratik Avropa dövlətlərində “soyqırım yoxdu” deyənin cəzalandırılmasını qanuniləşdirirlər.

 

Bu yaxınlarda isə katolik dünyasının yeni seçilən papası Xorxe Mario Berqolio (I Françesko) illər əvvəl qondarma erməni “soyqırımına” dəstək verib. Məlumata görə, Berqolio Buenos Ayres kardinalı olduğu 2006-cı ildə bu şəhərdə keçirilən 24 aprel qondarma erməni “soyqırımı” ilə bağlı tədbirdə aparıcılıq edib. Tədbirdə Türkiyəyə müraciət edən Xorxe Mario Berqolio bu ölkəni qeyd-şərtsiz qondarma erməni “soyqırımını” qəbul etməyə çağırmışdı.

 

İngilis yazıçısı və publisisti S.F.Dikson-Conson tərəfindən 1916-cı ildə yazılmış «Ermənilər» kitabında «erməni  genosidi» barədə ermənilərin özlərinin uydurduğu əfsanələri puça çıxarılır. O, qeyd edir ki, “Qərb aləmində erməni məsələsini şişirtməyin başqa bir üzü vardır – o da hakimiyyət üçün yeni bir fürsətdir». O əlavə edir ki, ermənilərə üz vermiş ağır  çətinliklərin, faciələrə gətirib çıxara biləcəyinin günahı, onları anlamadıqları işə təhrik edənlərin üzərinə düşür.”

Buna baxmayaraq ermənilərin uydurma soyqrım iddialarını rədd edən faktlar da çoxluq təşkil edir. 2001-ci il martın 13-də İsveçrə parlamenti yunan əsilli deputat Cozef Ziyadisin Türkiyədə ermənilərin «soyqırımı»na məruz qalması haqqında ölkə parlamentinə təklif etdiyi qanun layihəsi rədd etdi. İsveçrə xarici işlər naziri C.Deiss ermənilərin saxtakarlığına işarə edərək: «…87 il əvvəl olduğu iddia edilən və əsli  bilinməyən hadisəyə görə Türkiyə ilə əlaqələrimizi poza bilmərik».

 

İrland mənşəli ABŞ tarixçisi Semyuel Vimsin «Ermənistan: Böyük yalan. Xristian-terrorist dövlətinin tapmacası» kitabı artıq dünyada əks-səda yaradıb. Kitabda erməni xalqının terrorçu  millət, Ermənistanın isə on böyük  miqdarda maddi yardımı idxal, terrorçunu isə ixrac edən ölkə olduğu sübut olunur. Kitabda qeyd olunur ki, «müasir erməni  terrorizmi iki əsas səbəbə görə inkişaf edir: birincisi, 1890-cı ildən etibarən erməni kilsəsi terrorizmə yardım edir. İkinci səbəbi  isə bu ölkədə mövcud olan siyasi quruluşla bağlıdır».

«Merets» partiyasının sədri və keçmiş təhsil naziri Yosi Sariq 2000-ci ildə məktəb proqramlarına erməni soyqırımını əlavə etməyi irəli sürərkən Türkiyənin İsraildəki səfirliyi böyük hay-küy qaldırdı… Onda da Simon Peresin məşhur sözləri  səsləndi: «bu parlamentin deyil, tarixçilərin işidir». Məktubda daha sonra deyilir ki, Xolokost nəticəsində yəhudilər vətən yaratmağa başladıqları halda ermənilər «xəyallarına və ürəklərinə həmişəlik əsir olan müqəddəs Ararat dağının və parçalanmış vətən nostaljisini həkk etdilər». Həmçinin erməni ictimaiyyətinin təsiri ilə Ermənistan XİN İsrail xarici siyasət idarəsinə etiraz  notası göndərdi.

 

İnanırıq ki, dünya tarixi həqiqətləri biləcək, erməni millətçilərinin və erməni işbazlarının uydurduqları yalançı “soyqırımın” mahiyyətini anlayacaq və bu avantürist uydurmanı birdəfəlik dəf edəcək, tarixi ədalət arxiv sənədlərinin dili ilə zəfər çalacaq. O zaman zəka və müdriklik, tarixi ədalət qalib gələcək.

 

 

Zaur Əliyev

AMEA-nın əməkdaşı

Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri

Siyasi fəlsəfə doktoru

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

24.04.2013 08:44

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*