Azərbaycanca

Uydurma “erməni soyqırımı”nda missioner izləri

12.10.2013 | 12:21

1381565911_anar-aliyev“Erməni məsələsi” ilə məşğul olan və bu barədə nisbətən məlumata malik olan hər kəs bilir ki, istər Osmanlı dövləti ərazisində, istərsə də Azərbaycanda ermənilərin kütləvi şəkildə yerli xalqa və hökumətə qarşı silahlı təşkilatlanması, üsyan, qətl və qığınlar öz-özlüyündən yaranmamışdır. Doğrudur, bunun yaranma səbəblərindən biri böyük dövlətlərin, xüsusilə çar Rusiyasının siyasi maraqlarına xidmət edirdi. Belə ki, rus imperializmi erməni kartından istifadə edərək, Osmanlıya daha çox təsir etmək, müharibədə ermənilərin xəyanəti nəticəsində türklər üzərində hərbi qələbələr qazanmaq, türk torpaqlarının işğalı və regionda möhkəmlənmək məqsədi güdürdü. Belə məqsədyönlü fəaliyyətin arxasında o dövrün Qərb dövlətləri də Osmanlını bölüşdürmək üçün planlar cızır və bu məsələdə erməni kartından və xristian təəssübkeşliyindən yararlanmağa çalışırdılar. Ermənilər də böyük dövlətlərin maddi və mənəvi dəstəyinə arxalanaraq təbəəsi olduqları türk dövlətinə qarşı üsyanlar qaldırır, dinc  əhalini qətlə yetirir və qovurdular.      

      Lakin məsələ tək bununla bitmir. Bu hadisələrin yaranma səbəblərinə nəzər saldıqda erməni əhalisinə Rusiyadan və Qərbən gələn maddi, ictimai-siyasi dəstəkdən əvvəl dini təsirin və xristian təəssübkeşliyinin izlərini görməmək mümkün deyildir.          

  Erməni qriqoriyan kilsəsinin dini işlərdən daha çox, erməni etnik üstünlüyü və erməni dövləti yaratmaq cəhdlərinin mövcudluğu tarixdən bəllidir. Xristianlığın qriqorianlıq dini təlimi digərlərindən – provoslav, katolik ,protestant üsulundan fərqli olaraq, yalnız erməni milli mənafeyinə xidmət etməyi və ermənilərin ən qədim xristian millət iddialarını irəli sürməsi ilə fərqlənir. Bu baxımdan qriqorianlıq təlimini erməni milli identifikasiyasının inkişafı uğrunda çalışan və gerçək dini dəyərlərdən uzaq bir cərəyan olması qərblilərin özlərinə də qıcıq doğurur. Lakin həmişə olduğu kimi erməni zalımlığı, qəddarlığının yanında “ağlayan, yalvaran erməni” obrazının olması onların müsəlmanlar tərəfindən əzilməsi fikrinin sürətlə yayılmasına rəvac vermiş və nəticədə lazım olan məqamda onlar Qərbdən dəstək almağı bacarmışlar.        

Bu dəstək əvvəlcə Türkiyəyə gələn ilk protestant missionerlərin dəstəyi ilə müşayiət olunmağa başladı.  1804-cü ildə “British and Foreign Bible Society” təşkilatına mənsub olduqları müəyyənləşən missionerlər əvvəlcə İzmirə, sonra isə Anadolunun ucqar bölgələrinə yayılmağa başladılar. 1819-cu ildə amerikan missionerləri də regionda görünməyə başladılar.

1896-cı ildə Amerika Birləşmiş Ştatlarından 7, İngiltərədən 4 ayrı kilsəyə mənsub olan missionerlər Osmanlı torpaqlarına yayıldılar. Təkcə amerikalı olduğu bilinən 176 missioner və onların 869 məhəlli köməkçiləri işə başladı. Çox keçmədi ki, Bursa, İzmir, Merzifon, Kayseri, Sivas, Trabzon, Ərzurum, Xarput, Bitlis, Van, Mardin, Antep, Maraş, Adana, Diyarbəkir, Urfa, Tarsus, Malatya və s şəhərlərdə missionerlər fəaliyyətə başladı. Bu fəaliyyət əsasən regionun xristian əhalisinin “maariflənməsi” adı altından aparılır və nəticədə ermənilərin gələcək üsyanının reallaşmasına doğru addımlar atılırdı. Hərçənd ki, missionerlər erməni üsyanlarını dəstəkləmədiklərini bildirsələrdə üsyana zəmin yaradılması üçüncidditəşviqat apardıqları dəqiqləşdirilmişdi. Bu təşviqat fəaliyyəti üsyanlardan əvvəl də, sonra da bölgələrdən gələn raportlarda öz əksini tapmışdır.     1381566197_anar-2

       Osmanlı hökuməti ermənilərə xalqa və dövlətə xəyanət etmələri səbəbindən xəbərdarlıq etmişdi. Hadisələrin böyüməsi ordunu ölkənin qərb sərhəddində müharibədə iştirakıvəşərq sərhədlərinin də qorunması ehtiyacını yaratmışdı. 1915-ci ilin 24 aprelində erməni komitələri dövlət tərəfindən bağlanır və 2345 nəfər erməni dövlət əleyhinə fəaliyyət göstərdikləri üçün tutulur. Dünya ölkələrində hər il “erməni soyqırımının ildönümü” kimi anılan 24 aprel həmin bu 2345 erməni şovinistin həbs olunduğu gündür.     

       Osmanlı hökumətinin bu qətiyyətli qərarına qarşı çıxan Eçmiədzin katolikosu Kevork, ABŞ prezidentinə bu teleqrafı göndərmişdi:         

   “Hörmətli prezident, Türk Ermənistanından aldığımız son xəbərlərə görə, orada qətliam başlamış və təşkil edilmiş terror səbəbindən erməni xalqının mövcudluğu təhlükə altına alınmışdır. Belə həssas bir vəziyyətdə böyük Amerikan millətinin əsl hisslərinə xitab edərək, insaniyyət və xristianlıq dini adına, böyük dövlətinizin diplomatik təmsilçilikləri vasitəsilə dərhal müdaxilə edərək, türk fanatizminin şiddətinə atılmış Türkiyədəki xalqımın qorunmasını rica edirəm. Kevork, bütün ermənilərin katolikosu.”  

(Kamuran, Gürün, “Erməni Dosyası”, TTK Basımevi, Ankara 1982, s,210)  

Bunu o kəs yazırdı ki, tarixboyu böyük dövlətlər qarşısında heç zaman tab gətirməyən, tabeçilik xüsusiyyətlərini götürən ermənilərin Osmanlıda ədavətdən uzaq, təhlükəsiz mühitinin olmasını bilirdi.  Osmanlı ərazisində təxminən uzun əsrlərdir məskunlaşan və bu dövlətin hərbi sistemi tərəfindən onlara zorakılıq edilməyən ermənilər təkcə XX əsrin əvvəllərində türklərə qarşı elə müsibətlər gətirdi ki, yalnız bundan sonra Osmanlı dövləti adekvat addımlar atmağa məcbur oldu.    

       Xristian missionerləri din pərdəsi altında erməni qriqoriyan keşişləri ilə birləşərək Anadoluda bu dinin təsir vasitəsini, ardıcıllarının sayını artırmağa çalışsa da, əslində əsas məqsədlərdən biri regionun xaçlı əhalisini narazılığa, üsyana sövq etmək və Osmanlı dövlətini bu üsyanlarla tamam taqətdən salmaq və parçalamaq idi.  Amerika tədqiqatçısı Samuel Uins yazır: “Rus silahlı qüvvələri işğal kampaniyasına başlamazdan əvvəl ölkədə yaşayan Osmanlı müsəlmanlarının inamını qırmaq məqsədilə xristianları səfərbər etmək üçün çar agentlərini bu ölkəyə göndərmişdi. Özləri də ortodoks xristianları olan ruslar düşünürdülər ki, qarşı tərəfdəki eyni din daşıyıcıları olan yunanlar, Balkanlarda yaşayan slavyanlar və ermənilərlə onları birləşdirən ümumi cəhətlər vardır.”       

     Bundan əlavə S. Uins yazır ki, “ İngiltərə və Fransa da oradakı missonerlik fəaliyyətini maliyyələşdirirdi. Bütün tarix boyu olduğu kimi həmin ölkələr öz maraqlarını həyata keçirmək üçün xristianlıq pərdəsi altında din xadimlərini yerlərə göndərir, onlar isə həm Xrist üçün, həm də öz ölkələrinin ali məqsədi üçün fəaliyyət göstərirdilər. Eyni əməliyyat Osmanlı İmperiyasında da həyata keçirilməli idi.” (Samuel A. Uins, “Ermənistan terrorçu “xristian” ölkənin gizlinləri, Bakı-2004, s,27)      

     Xristian missionerləri Osmanlı ərazisində yaşayan yəhudilərlə yanaşı, qriqorian ermənilərə də xüsusi diqqət yetirirdi.  Osmanlı ərazisində aparılan missionerlik fəaliyyətini bütövlükdə iki dövrə bölmək olar: 1820-1860 və 1860-dan sonra başlayan fəaliyyət. Birinci dövrdə missiya fəaliyyəti üçün konkret məkanlar müəyyənləşdirmək və onların əsas hədəflərini sistemləşdirmək nəzərdə tutulurdu. 1860-cı ildən sonrakı dövrdə isə missionerlər yəhudi və müsəlmanları xristianlaşdırmağın son dərəcə çətin olduğunu anladıqdan sonra əsas diqqəti ermənilər üzərinə yönəltdilər. Onların fəaliyyəti əsasən bu qruplara bölmək olar: Suriya və Fələstin missionu, Mərkəzi Türkiyə missionu, Qərbi Türkiyə missionu, Nasturiaysor missionu, Şərqi Türkiyə missionu, bolqar missionu. Bunların hamısı imperiyanın əraziləri olduğundan, həm hərəkət etmək asan və maneəsiz, həm də ermənilərin əsasən bu dövlətdə yaşamaları missionerlər üçün göydəndüşmə idi. Şübhəsiz ki, onlar təkcə “İncil”i təbliğ etmirdilər.Məktəb, kollec, Talas liseyi, internat, Bitlis Protestant liseyi, Bursa Amerika qız liseyi, Mardin qız liseyi, Mardin oğlan liseyi, Adabazarı qız məktəbi, Merzifon qız məktəbi, Xarput( indiki Elazığ şəhəri İlahiyyat məktəbi, Maraş İlahiyyat məktəbi, İstanbul Robert kolleci və digər təhsil müəssisələri missionerlərin yaratdığı bir növ “düşərgə”hesab olunurdu.        

 Missionerlərdən biri David Brover Eddu o zaman öz fəaliyyətini belə ifadə etmişdi. “Biz orada gələcək nəslin liderlərinə təlim veririk”. Bəli missionerlər bir neçə onillik keçdikdən sonra nəhayət ki, istəklərinə çatdılar. Osmanlı dövlətinin ərazisində kütləvi erməni üsyanları başladı.Missioner D.B. Eddunun qeyd etdiyi həmin “lider”lər erməniləri öz terrorçu çətələrində(qeyri-silahlı dəstə) birləşdirərək yerli və dinc türklərə qarşı kütləvi qətliamlar törədərək onminlərlə günahsız insanın həyatına son qoydular. Ermənilər bu üsyanlarla özlərini beynəlxalq ictimaiyyətə məzlum imicində təqdim edərək xristian dövlətlərin dəstəyini qazandılar. Bununla da gələcəkdə “erməni soyqırımı” adlanan saxta mif xarici mətbuatın əsas şüarına və Türkiyəyə qarşı əsas təbliğat vasitəsinə çevrildi. Bu mifdə ermənilərin üsyanlarda türklərə qarşı qeyri-insani davranışlarına və kütləvi dinc sakinin qətlə yetirilməsinə qarşı Osmanlı hökumətinin cavab tədbirlərini,  vətəndaşlarının təhlükəsizliyini təmin etmək cəhdlərini, ərazi bütövlüyünü qorumaq üçün atdığı addımları “soyqırım” kimi tanıtmaq və yaymaq əsas yer aldı.

 

Anar TURAN,  Tədqiqatçı-jurnalist, “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun təsisçisi və idarə heyətinin üzvü    

 

“KarabakhİNFO.com”            

12.10.2013 12:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*