Azərbaycanca

“ Üzünə kislata töküb yandırmış, alnına isə xaç şəkli çəkmişdilər ”

14.01.2013 | 17:40

1358171712_p1020091Müsahibimiz Tərtər rayon “Ağkənd” sakini döyüşçü Həsəni Nemət Maşallah oğludur. Nemət müəllim Tərtər rayonu istiqamətində döyüşüb həmin vaxtlar.

 

– Nemət müəllim , həmin vaxtları necə xatırlayırsınız?

 

– Onda, 25 yaşım var idi, 1991-ci il dekabrın 18-i “Tərtər özünümüdafiə batalyonu”na könüllü olaraq yollandım. Dekabrın 19-u ilk övladım, balaca Hikmətim dünyaya gəlmişdi. Döyüşdən icazə alıb, bir günlük gəlib körpəmə xəstəxanada baş çəkib batalyona qayıtdım.
Batalyon komandirimiz Milli Qəhrəman rəhmətlik Elman Hüseynov idi. Tərtər rayonunda doğulduğumdan bu ərazilərə yaxşı bələd idim. Düşmənin hansı yollarla bizə hücuma keçəcəyini çox yaxşı bilirdim. Döyüşçü yoldaşlarıma həmişə bələdçiliyi mən edirdim.

– Yadımdadır, siz bunu bir neçe dəfə qeyd etmisiniz ki, hərbiçi olmaq istəmisiniz, amma bu arzunuz müəyyən səbəblərdən alınmayıb.

– 1984-cü ildə Rusiyanın “Çelyabinsk şəhər Hərbi litseyində” oxuyurdum. Soyadım “Həsəni” olduğuna görə, Babayan adlı erməni zabiti məni litseydən çıxartmaq istəyirdi. Atam 1948-ci ildə cənubi Azərbaycandan gəlib. O vaxt, sovet höküməti vaxtı idi, bizlərə qayğı göstərmirdilər. Silah-sursatla hərbi xidmətdə və litseydə tanış olmuşam.

 

– Siz döyüşdüyünüz vaxtda, mülki əhali və əsir düşmüş hərbiçilərlə necə davranırdınız?

 

– Bilirsiniz necədi, biz könüllü batalyon idik, ona görə biz kişi kimi döyüşürdük. Yadımdadı bizim kənd sakinlərindən iki , yaşlı “ağsaqqalı” mal-heyvan otararkən sürü qarışıq əsir götürmüşdülər. Biz onları on gündən sonra erməni əsirləri ilə dəyişməyə müvəffəq olduq. O, iki nəfər yaşlı “ağsaqqalı” geri qaytarandan sonra gördük ki, onlara olmazın zülmünü ediblər, hətta ağızlarındaki qızıl dişlərini belə çıxarıblar. Çox şükür ki, onlara öldürməmişdilər. Onlar əsasən əsirləri ölü qaytarırdılar. Knyaz adlı döyüşçü yoldaşım var idi, çox mərd oğlan idi. Ermənilərə əsir düşmüşdü, bizdə isə, ikiuşaqlı erməni qadını əsir düşmüşdü. İnanın biz o qadınla və onun iki uşağıyla elə davranırdıq ki, onlar özlərini öz evlərindəki, kimi hiss edirdilər. Biz iki uşaqlı erməni ailəsini Knyazla dəyişmək qərarına gəldik. Dəyişilmə yerinə çatanda gördük ki, ermənilər bizdən erməni ailəsini alıb, Knyazın Traktorun qoşqusundakı, meyidini yerə atıb geri qayıtdılar. Onlar, bizim onları vuracağımızdan ehtiyat edib Traktoru sağa-sola sürürdülər ki, özlərini qorusunlar, amma elə oldu ki, özləri basdırdığı minaya düşüb göyə sovruldular. Knyazın meyidi isə, elə gündə idi ki, (gözləri dolur) üzünə kislata töküb yandırmışdılar. Alnına xaç şəkli çəkmişdilər. Belə hadisələr o qədərd olub ki…

 

-Nemət müəllim, neçə il döyüşdə oldunuz?

 

-Bütöv götürəndə 1991-ci ildən 1994-cü ilə kimi.

 

– Döyüş zamanı xəsarət almısınızmı?

 

– Yüngül xəsarət almışam. Yanımda bomba partlayıb, huşumu itirmişəm bir neçə gün özümdə olmamışam.

 

– Siz Tərtər və Kəlbəcər rayonları istiqamətində döyüşürdünüz. Amma, bu tərəfdən də Xocalı sakinləri sıxışdırılırdı. Həmin hadisələr yaddaşınızda necə qalıb ?

 

– Fevralın 25-dən 26-na keçən gecə bizə də xəbər çatmışdı ki, erməni və rus birləşmələri Xocalıya hücum ediblər. Biz onların fikrini yayındırmaq üçün atışmağa başladıq ki, bəlkə bu yolla onların Xocalıya hücumunu ləngidə bilərik. Amma mümkün olmadı, onlar çox güclü texnikayla təmin olunmuşdular. Onlar da, belə bir xüsusiyyət var idi. Hansısa yüksəkliyi almaq üçün rus hərbi birləşmələri gəlib o yüksəkliyi alıb onlara verirdi, sonra geri qayıdırdılar. Onların ordu sıralarında qara dərili vətəndaşlar da var idi. Ermənilərdə ordu döyüşmürdü, xüsusi pulla tutulmuş adamlar idi ki, bunların da çox güman ki, əksəriyyəti ruslar idi.

– İndi, Azərbaycanımızın çox güclü ordusu var və bunu qarşı tərəf də yaxşı bilir. Bizim hərbi büdcəmiz nəyinki, ermənistan ordusunun, hətta ermənistan respublikasının büdcəsindən çoxdu. Biz torpaqlarımızı azad edəcəyik, amma təbii ki, müəyyən vaxt var. Siz necə düşünürsünüz?

– Buna heç bir şübhəm yoxdu. Bizim çox güclü ordumuz və vətənpərvər gənclərimiz var. İnanıram ki, torpaqlarımızı geri qaytaracağıq. Mən bu yaşıma baxmayaraq, Ali Baş Komandanımız səfərbərlik əmri verərsə, mən də o gənclərə qoşulub torpaqlarımızın müdafiəsinə qalxmağa hazıram.

 

 

Vasif Əlihüseyn

“KarabakhİNFO.com”

 

 

 

14.01.2013 17:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*