Azərbaycanca

“Üzünü açdılar, baxdım, son dəfə Elgünlə vidalaşdım.”

07.02.2013 | 10:20

1360218850_elgn-krovun-atas-v-anasQarabağ müharibəsindən sonra atəşkəs elan edilsə də, təəssüflər olsun  ki, erməni tərəfinin atəşkəsə əməl etməməsi nəticəsində hələ də Azərbaycan Silahlı Qüvvələri şəhid verməkdədi. Müsahibimiz Cəlilabad rayon Söyüdlü kənd sakini şəhid Elgün Şükürovun atası Şükürov Rafiq və anası Şükürova Qızbəs xanımdır. Onlar bu gündə oğlanları Elgünün ölümüylə barışa bilmirlər. Çünki, Elgün hərbi xidmətini başa vurub evə gəlməyə düz 9 gün qalmış ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olub. Elgünün 7 yaşı olanda atası Rafiq Rusiyaya işləməyə yollanır və sənədlərini itirdiyindən geri qayıda bilmir. O, vaxtdan iki oğlan və üç qız uşağına Qızbəs ana özü baxmalı olur.

 

– Qızbəs ana,  bildiyimizə görə Elgünün atası Rusiyada olduğundan bütün problemlər sizin üzərinizə düşüb. Bu barədə danışardınız zəhmət olmasa.

 

– Beş uşaq anasıyam, həyat yoldaşım Rusiyada sənədlərini itirdiyi üçün, illər uzunu orada qalmalı olmuşdu. Beş uşağı özüm böyütməli oldum. Elgün ailədə ikinci uşaq idi. 2008-ci ilin yanvar ayının 16-ı idi, Elgün 18 yaşını qeyd edirdi. Çox sevincliydim çünki, səhərisi gün artıq hərbi xidmətə yollanırdı. Dost-tanış hamı gəlmişdi, həm doğum günü, həm də Elgünü hərbi xidmətə yola salmaq üçün yığıncaq idi.  Səhərisi gün xeyr-duayla Elgünü yola saldıq. Elgün hərbi xidmətini Füzuli rayon Abdulrahmanlı postunda aparırdı və telefon əlaqəsi saxlayırdıq. Elgünün bir ilin əsgəri idi ki, onun yanına getdim. Bizi komandirləri yaxşı qarşıladı, Elgünü gördük çox dəyişmişdi. Hiss edirdi ki, həm fiziki cəhətdən, həm də dünya görüşü baxımından çox irəliləmişdi.

– Qızbəs ana siz qayıtdınız və sonra nə oldu?

 

– Biz qayıdıb gəldik, yenə həmişəki, kimi telefon əlqəsi saxlayırdıq. Hər şeyin yaxşı olduğunu deyir, mənə səbrli olmağı məsləhət görürdü. Hərbi xidmətini başa vurub mənə yaxından kömək edəcəyini deyirdi.

“Üzünü açdılar, baxdım, son dəfə Elgünlə vidalaşdım.” Qızbəs ana, Elgünün şəhid olması xəbərini necə eşitdiniz?

 

– 2010-cu ilin iyun ayı idi, Elgünün hərbi xidmətini başa vurmağına bir aydan da az vaxt qalmışdı. Elə həmin ayın 19-dan 20-nə keçən gecə ermənilər atəşkəsi pozur və atışma başlayır. Elgün xidmət etdiyi Abdulrahmanlı postunda cavab atəşi ilə düşməni susdurmağa çalışır. Qarşı tərəf isə buna məhəl qoymur. Əsgər yoldaşlarından birini hərbi hissəyə yollayır ki, vəziyyət barədə xəbər versin. Özü döyüşür və qolundan yaralanır. Yaralı vəziyyətdə yenə döyüşür bunu görən erməni tərəfi Elgünü susdurmaq üçün əl qumbarası atır. Bu Elgünü susdurmaq üçün yeganə vasitə olur. Elgün yıxılır döyüşçü yoldaşları gəldikdə, artıq o dünyasını dəyişmiş olur.

– Belə başa düşdük ki, Elgünün həmin hadisə vaxtı evə qayıtmağına nə az, nə də çox, düz 9 gün qalmışdı?

 

– Bəli, həmin hadisədən bir həftə öncə Elgünlə telefonla danışdıq. Dedi ki, heç bir narahatçılığa səbəb yoxdu, hər şey yaxşıdı. Amma, oğlumu 21 iyun da tabutda gətirdilər ki, Elgün şəhid olub. (gözləri dolur) Döyüşçü yoldaşları, komandirləri hamısı gəlmişdi dəfn mərasiminə. Çox sağ olsunlar, bizi yalnız buraxmadılar.

– Güllə harasından dəymişdi, baxdınız?

 

– Mənə üzünü açdılar baxdım, son dəfə Elgünlə vidalaşdım. Bədənin harasından güllə dəyməsinə baxa bilmədim. Dəfn mərasimindən bir neçə ay sonra oğlum Elvini, Elgün xidmət etdiyi hərbi hissəyə çağırdılar. Orada Elvinə Elgünün şəhid olduqdan sonra çəkilmiş şəkillərini göstərmişdilər. Güllə Elgünün qolundan və kürəyindən dəymişdi.

– Qızbəs ana Allah rəhmət eləsin şəhidimizə. Siz bu gün bir şəhid ailəsi kimi necə yaşayırsınız?

 

– Hər şey yaxşıdı, Allaha şükür həyat yoldaşım çox çətinliklə də olsa qayıda bildi Rusiyadan. Prezidentimizə təşəkkür edirəm. Elgünə şəhidlik statusu verildi. Bizimlə maraqlanırlar və şəhid ailəsi olduğumuzdan güzəştlər olunur. Elgünün adını yaşatmaq üçün kənd orta məktəbinə adının verilməsini istəyirdik, onun üçün də müraciət etdik, tez bir zamanda həyata keçəcək.

 

 

Vasif Əlihüseyn

“KarabakhİNFO.com”

 

07.02.2013 10:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*