Azərbaycanca

Vəli ƏLİBƏYOV: “Bu gün beynəlxalq hüquq daha çox siyasiləşib”

14.08.2014 | 14:48

1939831_276075572549117_1567012563_oQərb dövlətlərinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdikləri soyuqluq, ikili standartlar problemin həllini daha da uzatmaqdadır.

 

Nə üçün Ermənistana qarşı ciddi təpki və təzyiqlə rastlaşmırıq ?

 

Qərbin Ermənistana illərdir səbr etməsinin səbəbləri nədir ?

 

Bu barədə Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri, AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov bunları dedi :

 

— Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həllində göstərdiyi qeyri-konstruktivliyin və bunun beynəlxalq ictimaiyyət tərəfindən laqeyd qarşılanmasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblərdən biri Azərbaycanın bəzi diplomatlarının və diasporumuzun yaxın illərədək Qarabağın işğal olunması ilə bağlı beynəlxalq aləmə düzgün formalaşdırılmış mesaj ötürməmələridir.

 

 

Yəni, bu gün beynəlxalq ictimaiyyət ərazi işğalı, insanlara qarşı qətliam kimi məsələləri siyasi məsələ hesab edərək bunlardan kənar olmağı üstün tuturlar. Onlar üçün önəmlisi insan, onun hüquqları, humanitar məsələlərdir. Diqqət yetirmişsinizsə, son illər biz artıq bunlar üzərində köklənən mesajlara üstünlük veririk və artıq bəzi müsbət tendensiyalar özünü göstərir.

 

 

QHT rəhbəri onu da vurğuladı ki, fikir versəniz, Qərbin bu gün sanksiyalar irəli sürdüyü ölkələr əsasən, Qərb dəyərlərinə təhlükə yaradırmış kimi təqdim edilir (məsələn, Suriya, Belarus…). Bəziləri isə, Qərbin özünə birbaşa təhlükə mənbəyi kimi davranmağa başlayıblar (məsələn Rusiya).

 

 

Bizim başlıca məqsədimiz Ermənistanı Qərbə olduğu kimi təqdim edə bilməkdir. Çünki, ikili standartların əksər səbəblərindən biri erməni lobbisinin gücü, erməni diasporunun maliyyə imkanlarıdırsa, başqa səbəbləri də bizim bu vaxta qədər təbliğat, təşviqat üsullarımızın zəif olması, təşkilatlanma mexanizminin keyfiyyətli qurulmamasıdır.

 

 

Sözsüz ki, bəzi dünya siyasətçiləri də etiraf edirlər ki, bu gün Qərb siyasətində ikili standart geniş vüsət almışdır. Bu tendensiya son zamanlar tez-tez müşahidə olunur. Xüsusilə Şərq ölkələrinə münasibətdə daha çox sezilir.

 

 

V. Əlibəyov bildirdi ki, Ermənistanın atdığı addımı Avropada, məsələn Albaniya atsaydı, çoxdan cəzalandırılmışdı. Çünki, həm müsəlmanlıq amili, həm də Avropanın mərkəzində belə bir problemin mövcudluğuna imkan verilməməsi burada rol oynayardı. Məsələn, Serbiyanın NATO tərəfindən cəzalandırılmasını xatırlaya bilərik. Burada regonal amil ilkin faktorlardan biridir. Ermənistan məsələsində bu qədər ikili standart mövqenin həm regional, həm də geosiyasi faktorları var.

 

 

İstənilən halda, təəssüfləndirici haldır ki, bu gün beynəlxalq hüquq daha çox siyasiləşib, dövlətlərin maraqları və konfessional göstəricilər qərarların qəbuluna ciddi təsir göstərir. Bu isə dondurulmuş münaqişələrin həllində çətinlik yaradır.

 

 

Anar TURAN,

“Xalq qəzeti”

14.08.2014 14:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*