Azərbaycanca

Vəli Əlibəyov: “Qərb siyasətçiləri artıq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını qəbul etməyə başlayıblar”

05.03.2015 | 19:03

h8adrm7k0cdmg07i00hnsrsam5aşpa

AŞPA Sədarət Komitəsinin Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlılarla bağlı qəbul etdiyi qərara münasibət bildirmək üçün Siyasi Texnologiyalar Mərkəzinin prezidenti Vəli Əlibəyova müraciət etdik. V.Əlibəyov, qəbul olunan qərarın mühümlüyünü qeyd edərək dedi: “Əminliklə demək olar ki, son zamanlar Azərbaycan tərəfi bir çox beynəlxalq qurumlarda, əsasən də, AŞPA-da, Ermənistan tərəfini ciddi məğlubiyyətə uğradır, darmadağın edir. Uzun müddət aparılan işlər nəticəsində artıq qərb siyasətçiləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını qəbul etməyə başlayıblar. Orada oturanların böyük əksəriyyəti, o cümlədən də, erməni deputatlar, artıq alışıblar ki, əgər Elxan Süleymanov və ya başqa deputatımız işğal faktı ilə bağlı təşəbbüslə çıxış edirlərsə, bu təşəbbüs Azərbaycanın haqq səsini eşidib işğala öz etirazlarını bildirən AŞPA deputatlarının əksəriyyətinin dəstəyini qazanacaq. Son qətnamə layihəsi də buna bariz bir misaldır. Əsas diqqəti ona yönəltmək lazımdır ki, son zamanlar qəbul edilən qətnamə layihələrinin adlarında birbaşa olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi faktı da öz əksini tapıb. Misal kimi, bir müddət əvvəl yenə də millət vəkili Elxan Süleymanovun hazırlayıb təqdim etdiyi “Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində gərginliyin artmasına dair” qətnamə layihəsinə əsasən məruzə hazırlayacaq məruzəçinin təyin edilməsini göstərmək olar. Və ya, Ermənistanın işğalı altında olan Sərsəng su anbarı ilə bağlı “Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair”  müzakirələri və məruzəçinin təyin edilməsi faktı. Beynəlxalq ictimaiyyət artıq işğal faktını qəbul etməyə məcbur edilib. Beynəlxalq arenada diplomatik qələbə bizdədir. Diplomatik qələbə isə gec-tez ümumi qələbəyə gətirib çıxaracaq”.

AŞPA-da müzakirənin əsirlikdə olan soydaşlarımızın taleyinə necə təsir edəcəyinə münasibət bildirən V.Əlibəyov qeyd etdi ki, hansısa real nəticənin olacağına inanmır: “Beynəlxalq təşkilatlar, o cümlədən, AŞPA-nın qəbul etdiyi qərarların demək olar ki, əksəriyyəti, boş cızmaqaradan başqa bir şey deyil. Bu təşkilatlar öz nüfuzlarını elə itiriblər ki, hətta Ermənistan kimi cırtdan bir dövlət onlara məhəl qoymur. Bu dəfə də, təəssüf ki, belə olacağını proqnozlaşdırıram. Lakin buna baxmayaraq, bu qələbədir, və torpaqlarımızın qaytarılması prosesinə ciddi bir tövhədir”.

05.03.2015 19:03

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*