Azərbaycanca

“Vətənpərvərlik mövzusunun təbliği aşağı səviyyədədir” –

02.08.2013 | 14:29

1375438426_b1Müsahibimiz  “Azərbaycan”  qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovdu.

  – Jurnalist kimi Qarabağda nə vaxtdan fəaliyyətə başladınız?

 

–  Qarabağ müharibəsi başlayandan “Həyat” və “Azərbaycan” qəzetlərinin oradakı bölgə müxbiri olmuşam. 1991-ci ildən torpaqlar işğal olunana qədər ailəmlə köçüb orada yaşamışam. O vaxt çoxları mənə irad tuturdu ki, camaat Bakıya köçür, sən niyə bura gəlmisən? Camaatda yüksək əhval-ruhiyyə var idi. Döyüşçü oğlanlar var idi ki, saqqal saxlayırdılar. Üzümüzü Xankəndini ermənilərdən  azad edəndən sonra qırxacağıq – deyirdilər. Əslində isə məsələnin mahiyyəti başqa cür idi. Biz üzdə olanları bilirdik, Rus imperiyasının ermənilərə verdiyi dəstəkdən xəbərsiz idik. Küçələrimizə erməni adları verilirdi, fikir vermirdik, vəzifələrdə erməni katibələr işləyirdi, fərqinə varmırdıq. Ermənilər bu yolla bizim dəyərlərimizə sahib çıxmağa çalışdı. Əvvəl 1988-ci ildə daş müharibəsi başladı, sonra insanları girov götütürdülər. Azərbaycanlılardan silahlar  yığıldı, amma ermənilərə silahlar paylandı. Sonra isə əliyalın Qarabağ camaatı silahlı ermənilərlə mübarizə apardı. Könüllü özünümüdafiə batalyonları yaradılmışdı və bu dəstələrin hər birində Azərbaycanın elə bir bölgəsi yox idi ki, oradan kimsə qatılmasın. Qarabağ bütün Azərbaycanı birləşdirdi sanki, hər bölgə Qarabağa öz oğul payını, şəhid payını verdi. Ona görə də indi elə bir bölgəmiz yoxdur ki, orada şəhid qəbirstanlığı olmasın.

 

     –  Amma məğlub olduq…

 

–  Mən buna məğlubiyət deməzdim. Çünki, biz döyüşdük, imkanımız olan qədər mübarizə apardıq. Uduzmağımızın kökündə xəyanət durdu. Xəyanətkarlıq edən o vaxtkı müdafiə naziri Rəhim Qazıyev və onun mətbuat xidmətinin rəhbəri Leyla Yunus idi, hansı ki, bütün informasiyaları xaricə ötürürdü. Mən indi də qəzet səhifələrində Rəhim Qazıyevin şəklini görəndə həmin qəzetin murdarlandığını düşünürəm və o qəzetə əl vurmaq belə istəmirəm. Bu insanın xəyanətinin nəticəsində məğlub olduq. Bu cür insanların hərəkətinə göz yuman Ayaz Mütəllibov da bu xəyanətlərə imkan yaratmış oldu. Qətiyyətsiz, Moskvanın diktəsi ilə hərəkət edən bir insanın rəhbərliyi müharibədə uduzmağımızın başlanğıcını qoydu. Ayaz Mütəllibovu bir insan kimi xarakterizə etmək fikrim yoxdu, amma rəhbər kimi o bacarıqsız biri idi.

 

     – Xocalı faciəsi Qarabağdan başlayan köçü daha da sürətləndirdi. Sizcə, insanları qorxudan faciənin dəhşətləri idi, yoxsa camaat artıq silahsız mübarizə aparmaqdan usanmışdı?

 

– Xocalı soyqırımından sonra artıq Qarabağda insanlar arasında qorxu hissi yaranmağa başlamışdı. Çünki o faciədən sonra hər kəs belə bir aqibətdən sığortalanmadıqlarını bilirdilər. Bundan başqa, müharibə ancaq Qarabağda hiss olunurdu. Ağdama gedəndə Qərvənddən o yana dəhşətli bir mənzərə görürdüm – ölüm , itki,dağıntı, top-tüfəng səsindən səksəkə içində yaşayan camaat, Qərvənddən bu yana isə hamı öz kefində idi. Paytaxtda hiss olunmurdu ki, Qarabağ kimi bir bölgə əldən gedir.

 

– İyirmi ildən artıq az müddət deyil, zamanın uzanması bizi Qarabağdan uzaqlaşdırmır ki?“Vətənpərvərlik mövzusunun təbliği aşağı səviyyədədir”

 

–  Mümkün deyil. Baxın görün, neçə ildən sonra Almaniya, Vyetnam birləşdi. Mümkün deyil ki, Qarabağ da nə zamansa işğaldan azad olunmasın. Sadəcə zamana ehtiyac var. Hadisələrin bu qədər uzanacağını heç kəs bilmirdi. Məsələnin kökü çox dərinliyə gedib çıxır. Arxivləri öyrənə bilməyək deyə üç dəfə əlifbamız dəyişib, xalqlar dostluğu, proletar beynəlmçilik prinsipi altında gözümüzü bağlayıblar. Bu prinsiplər altında erməniyə düşmən demək olardı?

 

  –  Etiraf edək ki, Qarabağ mövzusu kütləvi informasiya vasitələrində geniş oxucu auditoriyası olan mövzu deyil. Bu mövzunu oxucuya sevdirmək üçün nə etmək lazımdı?

 

–  Qarabağ mövzusu elə mövzudur ki, bunu hər adam yaza bilməz.  Bu mövzunu ürəyinin qanı ilə yazmasan oxunmaz. Bu hissi içində daxili sevgiynən yoğurmasan oxucuya təsir etməz. Bizdə mövzuya bu cür yanaşan azdır. Ümumiyyətlə, Azərbaycan mətbuatında vətənpərvərlik mövzusunun təbliği çox aşağı səviyyədədir. Jurnalistlər bu mövzudan qaçırlar, yazanlar isə o səviyyədə yaza bilmirlər ki, oxunaqlı olsun. Qarabağ mövzusunu qəzet səhifələrindən əskik etmək olmaz. Təhlillərlə, qəhrəmanlıqlarımızla, döyüşçülərimizlə birgə xatırlamalıyıq. Qarabağda uzun illər müharibə şəraitində yaşayanlar da qəhrəmandı. Ən azından onların yaşantılarına mətbuat biganə qalmamalıdı. Bizim millət torpaq sevərdi və biz torpaqlarımızı qorxub tərk etməmişik. Lazım olan qədər döyüşmüşük, şəhid vermişik. Odur ki, insanlarda ruh düşkünlüyü, ümidsizlik yaranmasına imkan verməməliyik. Bu işi kütləvi informasiya vasitələri etməlidi. Nəyə görə televiziyalarımızın qəhrəmanı ancaq Nadir Qafarzadə, Faiq Ağayev olmalıdı? Niyə mənim xalqımın zabiti, əsgəri yaxşı mənada efiri zəbt eləməsin?

 

    –  Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun layihələrindən biri də məhz Qarabağla bağlıdı. Layihə çərçivəsində yazılanlardan razısınızmı?

 

– Yetərli qədər peşəkarlıqla yazılmır. Müəyyən nöqsanlar var. Hansısa xəbəri xarici mətbuatdan götürüb, mövzuya çevirirlər. Qarabağ mövzusunda yazmaq üçün qarabağlı doğulmaq şərt deyil. Əsl azərbaycanlı olmaq kifayətdir ki, bu mövzuda ürəkdən yazasan.

 

 “Vətənpərvərlik mövzusunun təbliği aşağı səviyyədədir”  –   Qarabağ müharibəsindən bəhs edən ilk kitablardan biri –  “Qeyrət və xəyanət”in  müəllifi olmusunuz. İndi niyə yazmırsız? Məsələn, Aqil Abbasın “Dolu” romanını son illər  bu mövzuda yazılan ən yaxşı nümunə kimi dəyərləndirmək olar…

 

–  Mən ssenarist deyiləm və həm də Azərbaycan qəzetindəki baş redaktor guşəsində Qarabağ, vətənpərvərlik mövzusunda qarşılaşdığım qeydlərimi müxtəlif formada yazıram.  Aqil Abbasın “Dolu” romanı haqqında bir səhifə yazı yazdım, amma film haqqında heç nə yaza bilmədim. Əsər başqa şeydi, film başqa. Mən  “Dəli Kür” əsərini çox sevirəm. Amma film başqa cür alınıb nəsə. Ümumiyyətlə, bizim yazıçılar, ssenaristlər bu məsələdə çox passivdilər. Bir vaxtlar bəhanə edirdilər ki, müharibə hələ bitməyib, bizi hadisələrdən ayıran zaman qısadı deyə nəsə yazmaq çətindi. İyirmi ildən artıq vaxt keçib, ssenari yazan, film çəkən indiyədək edərdi. Bizdə filmi peşəkarlar yox, diletantlar çəkir. Xarici təcrübədə əksər vaxt film əsərdən güclü olur, filmin əlavə imkanları var. “Qladiator”, “Spartak”, “300 Spartalı” kimi filmlər bizdə niyə çəkilməsin? Pulumuz yoxdu bəyəm? Bəs ayrılan 25 milyon manat nədi? Sadəcə çəkmək həvəsimiz yoxdu. Çadır şəhərciyində elə mənzərələr var idi ki, neçə-neçə filmin ssenarisi ola bilərdi. Indi yoxdu o çadırlar, söküldü, həmin insanlar da köçürüldü. Azərbaycan o dönəmi yaşadı, çadır ömrü gördü, amma onu lentə alan olmadı. Yataqxana, çadır ömrü yaşayan yüzlərlə ailəlin hər birinin taleyi bir filmdi.

 

Bu arada qeyd edim ki, bir yazı yazmışam. Rüstəm İbrahimbəyov ölkəyə gələndə verəcəm qəzetdə. Bu həm də mənim ona bir film sifarişimdi. O gəlsin mən ona deyəcəm, çəksin, aparsın müsabiqələrə bu cür tanıtsın vətənimizi.

 

    – Bəlkə gəlmədi?

 

– Gələcək… Göndərəcəklər.

 

    –  Belə məlum olur ki, sizin hər hansı köşə yazınız baş verən və yaxud baş verəcək bir hadisəylə bağlı olur və siz ürəyinizdən keçənləri deyə bilirsinizmi?

 

–  Vaxtim çox azdı. Vaxt məhduiyyəti üzündən o qədər yarımçıq yazılarım var ki, bitirə bilmirəm. Yazıya köklənmək lazımdı. Mən həm də o yazıları yazmaqla jurnalistləri də bu səmtə yönəltmək istəyirəm.

 

–  Siz həm də Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin üzvüsünüz. Odur ki, Milli Ordunun vəziyyəti sizi maraqlandırmaya bilməz.

 

–  Mən ordunun içində olmuşam həmişə. Nə zaman Ağdama getsəm, görüşlərdən birini hökmən orduya  salıram. Orduda müəyyən qüsurların olması labüddü və mən deyə bilmərəm ki, orduda qüsurlar yoxdu. Təsəvvür edin ki, hərəsi bir ailədən gəlmiş insanlardı və onların adaptasiya müddətinədək anlaşılmazlıqlar ola bilər. Amma düşünürəm ki, zabitlərimiz də məsuliyyətli olmalıdı. Adi söz-söhbətlərə görə əsgəri incitmək olmaz. Əvvəl tutaq ki, biz Sovet Ordusunda xidmət edirdik, rəhbər başqa millət idi. İndi axı öz millətimizin balasıdı, onlara qarşı ancaq hamı doğması kimi davranmalıdı.

 

Heç bir qəzet bilməyərəkdən ordu haqqında xoşagəlməz sözlər yazmır. Bu o qəzetlərdi ki, xaricdən maliyyələşir və orada Azərbaycan əleyhinə yazılar olmalıdı.

 

    –  “Azərbaycan” həm də talesiz bir qəzeti olub və belə bir tale yaşamış qəzeti “diriltmək” çətindi, həm də məsuliyyətli. Siz qəzetin taleyinə hansı prizmadan yanaşırsınız və bildiyimə görə nəşrin tamamlama işlərini heç kimə etibar etmirsiniz?

 

–  Ölkənin adını daşıyan bir qəzetdə işləmək şərəflidi. Mən “Azərbaycan”da işə müxbirlikdən başlamışam və bu gün də özümü bu qəzetin həm də müxbiri sayıram. Mən bu qəzetə rəhbərlik edəndən bəri qəzetin şriftindən tutmuş, tərtibatına, loqotipinə, mövzu seçiminə  qədər dəyişmişəm. Qəzet hər dəfə çapa hazırlananda isə sonda təbii ki, mənim yoxlamamdan keçməsi vacibdi.

 

Amma bu qəzet həqiqətən talesiz, bəxtsiz qəzetdi. Bu qəzetdə Ceyhun Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, Üzeyir Hacıbəyli kimi şəxsiyyətlər redaktor olublar. Ceyhun Hacıbəyli Parisə gedəndən sonra burada hakimiyyət devrilir və o, Azərbaycana qayıda bilmir. Üzeyir Hacıbəyli ömrününü sonunadək qardaşına normal yaşaması üçün aylıq pul göndərirmiş. Ceyhun Hacıbəyli sona qədər “Azərbaycan” qəzeti üçün yazırmış. Demokratik Cümhuriyyətin çöküşü zamanı hakimiyyəti təhvil vermək məsələsi elan olunanda, arxadan səs gəlir və görürlər ki, qəzetin redaktoru olmuş Şəfi Rüstəmbəyli hönkürtü ilə ağlayır. Sonra onu Türkiyədə ermənilər qətlə yetirib. Xəlil İbrahim isə Azərbaycanın ilk izahlı lüğətini yaradan şəxs olub və o da sürgündə ömrünü başa vurub. Üzeyir Hacıbəylinin isə istedadı xilas edir. Bu qəzetdə kim rəhbərlik edibsə, hamısının həyatı faciəvi sonluqla bitib.

 

    –  Ehtiyatlanmırsınız?“Vətənpərvərlik mövzusunun təbliği aşağı səviyyədədir”

 

– Qətiyyən (gülür). Mən də öz növbəmdə bu qəzetin mükəmməl olması üçün çalışıram. “Azərbaycan” qəzeti mühafizəkar qəzetdi və bu mənim istəyimdi ki, klassik qəzet nümunəsi ortaya qoyaq. Kadr sarıdan problemimiz var mən artıq dövlət qurumlarının məbuat xidmətləri üçün kadr yetişdirmək istəmirəm. Əziyyət çəkirik, öyrədirik sonra  ayrı-ayrı dövlət qurumlarında işə gedirlər, biz yenə işçisiz qalırıq. Amma hər bir halda biz peşəkarlığımızı qoruyub saxlayırıq, qeyri-peşəkar yazıları vermirik. Yeganə qəzetdi ki, 2003-cü ildən bəri elektron variantının arxivini yığırıq. Gələcək nəsillər kağız axtarmayacaq, onlara elektron  variant lazım olacaq.

 

Mənim hazırda çalışdığım qəzetin nəşri qadağan olunanadək çıxan 443 sayının “podşivka”sını əldə etməkdi. Azərbaycandakı bütün arxiv idarələrini, lazım olan yerlərin hamısını axtarmışıq, yoxdu. Mənim son ümidim Moskvadakı arxiv idarəsinə qalıb. O vaxt izini itirblər ki, sovet Azərbaycanında yaşayan insan bilməsin ki, onun ölkəsi müstəqil olub və belə bir qəzeti olub, yoxsa yenidən müstəqillik eşqinə düşərlər.

 

Zaur Qəriboğlu

Naibə Qurbanova

Foto:  Hidayət Qəriboğlu

 

“KarabakhİNFO.com”

02.08.2013 14:29

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*