Azərbaycanca

Verena Solian: “Qarabağ atlarına vurğunluğum məni qarabağlı etdi”

27.01.2014 | 13:26

1390816084_1551571_10203027500671187_444790773_nQarabağ atlarının ayaq səsləri hələ də Qarabağ torpağının qulaqlarında mərhəm bir səs kimi yaşayır. O səsi heç bir qüvvə silə bilməz. Çünki Qarabağ atlarının əzəl məskəni Qarabağdır. Vaxtilə Qarabağ ərazisində qazıntı işləri aparan arxeoloqlar burada atçılığın inkişafını ehtiva edən yüzlərlə maddi-mənəvi nümunə üzə çıxarıblar. Qədim çağlarda babalarımız heç də ata insandan əskik qiymət verməyiblər. İgidlər həmdəmi olan atlar bütün situasiyalarda insanlara arxa-dayaq olublar. Qarabağ atları Qarabağ üçün endemikdir (əslində endemik sözü daha çox bitkilər aləminə aiddir, ancaq Qarabağ atları sırf Qarabağa aid olduğu üçün bu fikri qeyd etdik-G.C), yəni o, ancaq Qarabağ torpağında yetişdirilib və onun varlığı Qarabağ şəraitilə bağlıdır.

Qarabağ atları ər hünərlidir…

Tarixdən bəllidir ki, Azərbaycan ən qədim zamanlardan atçılığın təşəkkül tapdığı ölkələrdəndir. Ümumiyyətlə, atçılığın, at bəsləməyin tarixini türklərlə bağlayırlar. Bir sıra tarixi mənbələrdə qeyd edilir ki, atlar ilk dəfə Türküstanın İrana yaxın bölgələrində əhliləşdirililməyə başlayıb. Maraqlıdır ki, türklər vəhşi təbiətdəki  atların əhilləşdirilməsinə bizim eradan əvvəl VIII-IV əsrlərdə başlayıblar. Bir çox tarixi mənbələrdə isə atın əhliləşdirildiyi ilk insan məskənləri kimi Xəzərin cənub- şərqi və Qarabağ zonası göstərilir. Araşdırmalara əsasən, Qarabağ atlarının əcdadı ən qədim zamanlarda Azərbaycan ərazisində  mövcüd olmuş atlar, əsas etibarı ilə Nesey atları sayılır. Atların Qarabağ torpaqlarında yüzillər boyu mövcudluğu bir xalq kimi bizim dünya arenasında qədim çağlardan böyük mövqeyə malik olduğumuzu bir daha sübut edir.

Bilirik ki, Qarabağda atçılığın inkişafına hər zaman xüsusi diqqət yetirilib.

Verena Solian: “Qarabağ atlarına vurğunluğum məni qarabağlı etdi”Belə ki, Qarabağ “Xan” zavodlarında Qarabağ atları artırılır, onların inkişafına diqqət yetirilirdi. Burada əsasən üç tipə aid atlar saxlanılırdı – Maymun, Qarnıyırtıq və Əlyetməz. Maymun tipinə aid olan atlar uzaq yürüşlərə davamlı olmaqla, sakit temparementli, hündürlüyə hoppanmağa bir qədər meylli olmaqları, Qarnıyırtıq tipinə aid olan atlar çox yaraşıqlı, boyunun hündür duruşlu olması, güc və davamlılığına görə, Əlyetməz tipi isə daha çox qısa məsafələrə qaçışda digərlərini ötən hündür sıçrayışlı, ceyranı xatırladan yaraşıqlı və oynaq bədən quruluşuna malik olması ilə tarixdə iz qoyublar. Bundan əlavə zavodçular Toxmaq tipinə də üstünlük verirdilər.

Bu atlar nisbətən iri bədənli, rəngi sarı-qızılı, ayaqları isə tünd kəhəri rəngdə olmuşdur. Qeyd olunan tiplərin nəsil başçıları 1869-cu ildə keçirilmiş “Ümumrusiya at sərgisi”ndə iştirak edərək, onlardan Maymun gümüş, Toxmaq bürünc medala, Üsmiyevlərin (Xan qızı Natavənın) Əlyetməz adlı atı isə attestata layiq görülmüşdür. Qarabağ atlarının tarixi qələbəsi bütün dünyada məşhurdur.

Qarabağ atları Azərbaycanın başucalığı olub

Qarabağ atlarının səs-sədası bildiyimiz kimi Azərbaycan sərhədlərini aşaraq başqa ölkələrdə də duyulub. Odur ki, Qarabağ atlarının cinsinə sahib olmaq istəyənlər çox olub. Tariximizin ən böyük işğallarından biri – Çar Rusiyasının Qafqazı, xüsusən də bu bölgənin incisi olan Azərbaycanı ələ keçirməsi acısıdır ki, onu yaşamağa məhkum olmuşuq. Rus işğalı Azərbaycan tarixinin ən ağrılı səhifələridəndir. Qarabağ atlarının Çar Rusiyasının diqqətində olması vacib idi. Müxtəlif ölkələrlə müharibə vəziyyətində yaşayan, ordusunu neçə-neçə işğallara hazırlayan Çar Rusiyasına Qarabağ atları kimi döyüşlərdən hər zaman qalib çıxmağı bacaran atlar gərək idi. Odur ki, Qarabağ atları üçün “Qızıl əsr” XIX əsrin 70-ci illərində Qarabağda “Yelizavetpol” atçılıq zavodu yaradıldı. Burada Qarabağ cinsli yaxşı madyanlar toplanmış və onlar qismən ərəb, hətta bəzi hallarda ingilis ayğırları ilə cütləşdirilirdi. Beləliklə, orta əsrlərdən  XIX əsrin sonlarına qədər uzun bir dövr ərzində Qarabağ atları bir sıra proseslərin fonunda onlar üçün “Qızıl əsr” hesab edilə bilən inkişaf yolunu keçmiş oldu. Qarabağ atçılıq zavodu yaradıldığı zamandan etibarən uğurla fəaliyyətə başladı.1952-ci ildə 6 baş tipik Qarabağ atı seçilərək “Ümumittifaq Kənd təsərrüfatı Sərgisi”ndə iştirak etmək üçün Moskvaya göndərildi. 1956-cı ildə Sovet hökuməti tərəfindən İngiltərə kraliçası II Yelizavetya zavodda yetişdirilmiş Zaman adlı ayğırın hədiyyə edilməsi cinsin tarixində önəmli hadisələrdən biri hesab olunur.Həmin atı kraliçaya məşhur Əli Tağıyev aparmışdı. 1960-1970-ci illərdə respublikada kənd təsərrüfatının inkişafı, “Ağdam” atçılıq zavodunun maddi texniki bazasının möhkəmləndirilməsi, cıdır yarışlarına marağın artması Qarabağ atlarının inkişafına münbit şərait yaratmışdır. Zavod yaradıldıqdan sonra cins daxilində ailə və xətlərin formalaşması, bir sıra Ümumittifaq sərgilərində və yarışlarda Qarabağ atlarının fəal iştirak etməsi məhz həmin illərə təsadüf edir. Sovetlər İttifaqının dağılması və Azərbaycanın müstəqillik qazanması qansız-qadasız qurtarmayaraq bu günümüzə qədər davam edən Qarabağ müharibəsi ilə təzahür etdi. Bu müharibə dinc əhalimizin kütləvi soyqırımı, milyonlara qədər qaçqın və məcburi köçkünlər ordusunun yaranması ölkənin təsərrüfat sisteminə, o cümlədən atçılığa da ağır zərbə vurdu…

Verena Solian: “Qarabağ atlarına vurğunluğum məni qarabağlı etdi”Fransız qadınlarına saç rəngi dəbi bəxş edən Qarabağ atları

Qarabağ atlarının spesifik rəngə malik olması bəllidir. Qarabağ atının rənginə valeh olanlar onun şərəfində tarixdə böyük bir dəbin əsasını qoyublar. Azərbaycandan kənarda, uzaq Fransada Qarabağ atları böyük hadisəyə səbəb olan bir tərzin əsasının qoyulmasına səbəb olub. Dediyimiz kimi  Qarabağ atının rənginin cazibədarlığı və orijinallığı bəllidir. Bunu sübut edən tarixi fakt kimi 1867-ci ildə Parisdə keçirilmiş at sərgisindən sonra həmin sərgidə nümayiş etdirilmiş və gümüş medala layiq görülmüş və “Xan” ləqəbli Qarabağ atının rəngindən valeh olan fransız qadınlarının öz saçlarının rəngini həmin atın rənginə oxşadaraq, qızılı-kürən rəngdə boyamasıdır. Bu isə sonradan sarı rəngin saç boyası kimi dəbə minməsinə gətirib çıxarıb.

Müasir Qarabağ atlarını xarekrerizə edərkən onların müxtəlif iqlim və təbii şəraitə yaxşı uyğunlaşmasını xüsusi qeyd etmək lazımdır. Hələ bir çox Sovet alimləri bu atların başqa iqlim şəraitinə pis uyğunlaşmasını iddia edirlər.

“İbrahim xanın atı  “Qarnıyırtıq” olub” 

Qarabağ atları yetişdirən, bu sahə üzrə mütəxəssis Yaşar Quluzadə “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına açıqlamasında qeyd etdi ki, Qarabağ atları Azərbaycan türklərinin yetişdirdiyi, babalardan qalan yadigar, milli sərvətdir. Bu at insana sədaqətlə bağlı olur. Qarabağ atları daha çevik, gözəlliyi ilə digərlərindən fərqli olur: “Onlar dağlıq yerlərdə əvəz olunmazdır. Qarabağ atı əsrlərlə formalaşmış bir cinsdir. Bu da qədimdən bəri atçılığı öyrənən alimlər tərəfindən öz təsdiqini tapıb.

Verena Solian: “Qarabağ atlarına vurğunluğum məni qarabağlı etdi”Belə rəvayət olunur ki, İbrahim xan ova çıxıbmış, ov zamanı qabanı yaralayıblar və yaralı qaban xanın üzərinə cumanda xanın mindiyi at onu müdafiə edib. Xanı ölümün cəngindən qopararaq, özünü təhlükəyə atıb və nəticədə qaban onun  qarnını yaralayıb, yırtıb.  Beləcə, adı qalıb “Qarnıyırtıq ”. Ondan törəyən atlar belə adlanır. Azərbaycanın qədimdən çox böyük atçılıq mədəniyyəti olub. Bəylərin, xanların hamısının at ilxıları olub. Bir-birinə at hədiyyə etmək, müxtəlif atları cütləşdirərək yeni cinslər yetişdirmək, müştərək cıdır yarışları keçirtmək kimi adətləri olub”.

Qarabağ atlarına tarixi qərəz…

Müsahibimiz bildirdi ki, Qarabağ atlarına qərəzli münasibət də olub: “Hər bir cinsin öz ölçüsü var. Rusiyada nəşr olunan bəzi kitablarda Qarabağ atlarının boy ölçüsü kiçik göstərilib. Əslində, bu belə deyil. Diterxisin 30 illik müşahidə təcrübəsi əsasında yazdığı kitabından seçmələr əldə etmişəm. Onun müşahidələrində belə bir yazı var: “Qarşımızda duran at Qarabağ cinsidir və onun boyu 1.5 metrdir ”. Bizim atlarımız heç də belə olmayıblar, əksinə hündür boylu olublar. Rus imperatorlarının tövlələrində Qarabağ cinsi atların xüsusi yeri olub. Təəssüf ki, hazırda baxımsızlıq və naşı münasibət üzündən bu cins tələf olmaq, tükənmək təhlükəsi ilə üzləşib.

Azərbaycan torpaqları ermənilər tərəfindən işğal ediləndən sonra atların çoxu ənənəvi yaşayış zonasından ölkəmizin ərazisinin dərinliklərinə gətirilib. Onların çoxu yeni şəraitə alışa bilmədiklərindən xeyli tələfat baş verib. Onun sözlərinə görə, hazırda Azərbaycan dövləti Qarabağ cinsli atların qorunub saxlanmasına və sayının artırılması istiqamətində müəyyən işlər görür”.

“Qarabağ”ına vurğun olan alman qadını

Dönə-dönə bildirdik ki, Qarabağ atının tərifini bütün dünya verib. Əcnəbilər həm bu atın gözəlliyinə, həm də əzəmətinə heyran qalıblar.

Azərbaycandan kənarda Qarabağ atlarının təəssübünü çəkən şəxslər də çoxdur.

Verena Solian: “Qarabağ atlarına vurğunluğum məni qarabağlı etdi”Onlardan biri də Almaniyanın Frankfurt şəhərində yaşayan Verena Solian adlı xanımdır. Bu xanımın rəhbərliyi ilə Almaniyada “Qarabağ atlarının dostları” klubu da fəaliyyət göstərir. Verena xanımın təşəbbüsü ilə Almaniyada Qarabağ atlarının kataloqu da dərc olunub.

Verena xanım dedi ki, atları çox sevir və onlara böyük həvəsi var: “… 1989-cu ildə at almaq üçün bazara getdim. Burada bir neçə cinsdən olan atlara baxdım və onlar arasında mənim diqqətimi məhz Qarabağ atı çəkdi. Bu hadisə 23 il bundan öncə baş verib. SSRİ-dən gətirilən Qarabağ atı məni valeh etdi. Bu atın qeyri-adi gözəlliyinə, füsünkar qamətinə, şax duruşuna məftun oldum. Bu at cinsi çox xoşuma gəldi. Və beləliklə, Qarabağ atlarına həvəsim yarandı, onlarla maraqlanmağa başladım. İlk Qarabağ atımın adını İnturist qoydum. Çoxlu sayda Qarabağ atım olub və indinin özündə də Frankfurtda Qarabağ atım var. Qarabağ atlarına olan vurğunluğum məni qarabağlı etdi”.

Almaniyalı xanım dedi ki, hazırda onun vətənində 7 Qarabağ atı var və bu atlar Frankfurt yaxınlığındadır: “ Atlara baxmaqdan böyük zövq alıram. Onu da deyim ki, Qarabağ atını ingilis atından fərqləndirən cəhət onun insana əziyyət verməməsidir. Bu atlara baxmaq üçün xüsusi proqram aldım. Onlara öz övladım kimi qayğı göstərirəm.  Mən yalnız Qarabağ atlarına baxıram. Bu atlara necə baxılmasını dəqiq öyrənmək üçün Azərbaycana dəfələrlə gəlmişəm”.

“Almaniya əhalisi Qarabağ atını tanıyırmı?”- deyə, xanım Solianadan soruşduqda, O,  bildirdi ki, 1989-cu ildə  Qarabağ atını alanda heç bir almaniyalı bu cins atı tanımırdı. Qarabağ atını ölkəsində O məşhur edib: “ Mən bu cins atın təbliği üçün  çox ölkələrə getdim. Nəinki Almaniyaya, hətta Avropanın bəzi ölkələrində də Qarabağ atını tanıtdırdım. Əvvəllər Almaniyada heç kim Qarabağ atını tanımırdı. Amma indi kimdən Qarabağ atı barədə soruşsan, dərhal o cins barədə məlumat verir” – deyə, cavab verdi.

Verena Solian: “Qarabağ atlarına vurğunluğum məni qarabağlı etdi”Almaniyada “Qarabağ atlarının dostları” klubu yaratmasından danışan müsahibimiz bildirdi ki, hər bir doğulan Qarabağ atını onlar türkləşdirib: “ Almaniya əhalisi artıq rus adı ilə təqdim edilən Qarabağ atlarını deyil, türkləşdirilmiş Qarabağ atını tanıyır. Biz yeni doğulan Qarabağ atlarına “Savalan”, “İnci”, “Turan”, “Tülay”, “Süsən”, “İpək”, “Qartal” və digər türk adlarını qoyduq. “Qartal” ləqəbli at Ərəbistanda keçirilən yarışda iştirak etdi. Həmin yarışda iştirak edən bu Qarabağ atı möhtəşəm şou göstərdi. Atın göstərdiyi şou festivalda iştirak edən hər bir kəsi heyran etdi. Biz həmçinin atları pasportlaşdırmışıq. Yəni, yeni at dünyaya gələn kimi ona xüsusi sənəd verilir. Həmin sənəddə atın Qarabağ atı olub-olmadığı, atın atası və anasının adı qeyd olunur. Eyni zamanda, biz, “Qarabağ atları” adlı bukletlər çap etdirmişik, qələmlərin üzərinə də “Karabakh Horse” yazdırmışıq. Bu cəmiyyət 2008-ci ildə yaranıb. Klub yaranan gündən biz, Qarabağ atlarının dünyaya çatdırılması istiqamətində mühüm işlər görürük. İndi klubun 50-dən çox üzvü var. Mən ixtisasca müəlliməyəm, həmçinin Almaniyanın siyasi təşkilatlarında da çalışıram. Bu işlərlə yanaşı Qarabağ atlarına da baxıram. Heç də mənə çətin deyil. Əksinə atlarla məşğul olmaq mənə xoşdur”.

Cıdır düzündəki sıldırım qaya Qarabağ atının yolunu gözləyir…

 

Qarabağ atlarının hünəri, gözəlliyi əcnəbilərin də ürəyini fəth edib. Sevinirik ki, artıq dünyada bu atlar vətənimizin adı ilə təqdim edilir. Qarabağ atları xalqımızın sərvətidir. Bu sərvətin sahibi bizlərik. Gəlin, qoruyaq Qarabağ atlarını, onlar insanların dostu, simsarıdır…

 Günel Cəlil

 

“KarabakhİNFO.com”

 

 

27.01.2014 13:26

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*