Azərbaycanca

Xəmsə – Alban Məlikliyi

17.01.2013 | 17:16

1358428296_kilseErməni saxtakarlarının faktları təhrif edərək, dünya ictimaiyyətinə yanlış məlumat şəklində ötürdüyü mövzulardan biri də vaxtilə Qarabağın ərazisində mövcud olmuş “Xəmsə Məlikliyi” mövzusudur. Ermənilər bu məlikliyi bütün dünyaya “erməni məlikliyi” kimi tanıda bilmişlər. Azərbaycanda isə bu məsələyə xüsusi fundamental tədqiqat əsərləri həsr olunmadığından bizim müəlliflər də çox zaman bu səhv ifadədən istifadə etmiş, sözügedən ifadə hətta “Azərbaycan tarixi” kitablarına da düşmüş və uzun müddət belə tədris olunmuşdur. Bəs, həqiqət nədən ibarətdir?

Öncə “məliklik” anlayışını gözdən keçirək. Dilimizdəki “xanlıq”, “bəylik”, “xaqanlıq”, “şahlıq”, “sultanlıq” və s. kimi ifadələrlə eyni cərgəyə daxil olan bu kəlmənin kökündə titul bildirən “məlik” kökü durur və kəlmə “məlik tərəfindən idarə edilən inzibati ərazi” anlamına gəlir. “Məlik” termininə gəlincə isə, o sami mənşəlidir və müxtəlif fonetik variantlarda bütün sami xalqlarının dilində, o cümlədən arami, ibrani (qədim yəhudi), ərəb və s. dillərdə işlənmiş və qonşu xalqların dilinə də məhz bu dillərdən keçmişdir. Sözün kökündə “mlk” kökü durur ki, “malik olan” mənasını verir. Məlik titulu ayrı-ayrı dövr və ölkələrdə müxtəlif statuslarda istifadə olunmuşdur. Əgər sami xalqlarında daha çox hökmdar mənasında işlənibsə, müsəlman ölkələrində müsəlman hökmdarlardan asılı olan yerli qeyri-müsəlman, o cümlədən xristian bəylər belə adlandırırlırdı. Azərbaycanda Hülakülər (Elxanlılar) dövründə, daha dəqiq desək bu sülalənin İslamı qəbul etməsinə qədər ölkənin müəyyən bölgələrinə rəhbərlik edən hökmdar oğulları da belə adlanmışlar. Deyilənlərdən belə nəticə çıxır ki, “Xəmsə” məlikliyi Qarabağda qeyri-müsəlman bəylərin (knyazların) idarəsində olan inzibati bir ərazi olmuşdur. Bunun belə olduğunu tarixi mənbələr də təsdiqləyir.

Mirzə Adıgözəl bəyin “Qarabağnaməsin”də verilən məlumata görə, Qarabağın “Xəmsə” adı ilə məşhur olan beş mahalının hər birinin öz adı olub: “Bu mahalların sayı beş olduğundan, onlara Xəmsə adı  verirlər, çünki ərəb dilində beş ədədinə “xəmsə” deyilir. Həmin mahalların biri – Dizaqdır. Məlikləri Məlik Yegan adlanır. O, Loridən qaçıb gəlib, Nadir şahın səltənəti dövründə və onun əmri ilə məliklik taxtında oturub. İkincisi – Vərəndədir. Məlikləri Şahnəzərlilər Göyçə əsilzadələrindəndir… Oradan qaçaraq gəlib Qarabağda Vərəndə mahalının məliklik camından sərxoş olmuşdur. Üçüncüsü – Xaçındır. Məlikləri Həsən Cəlal övladlarıdır. Dördüncüsü – Çiləbyurd mahalıdır. Məlikləri Məlik Allahquludur. Əsilləri mağavizdən gəlmədi… Nadir şahla Osmanlı sərkərdəsi Köpürlü oğlu Abdulla paşa arasında olan müharibədə, Məlik Allahqulu çox şücaət və igidlik göstərdi. Nadir şah da məliklik xələtini onun qabiliyyətli vücuduna layiq görmədi, ona sultanlıq rütbəsi və xələt verdi… Beşinci – Talış mahalıdır. Məlikləri Məlik Usubdur. Əsilləri Şirvandan gəlmədir”.

Yuxarıda deyilənlərdən belə aydın olur ki, Xaçın məlikləri (bəyləri) alban knyazı (bəyi) Həsən (Əsən) Cəlal Dövlənin soyundan olan yerlilər idilər. Digər məliklər isə Qarabağa kənardan gəlmişdilər və bu ərazinin köklü soylarından deyildilər. Bununla belə, onların köçüb gəldikləri ərazilərin hamısı tarixi Albaniyanın ərazisi olduğundan  onların da Xaçın məlikləri kimi alban soylu olduqlarını tam qətiyyətlə söyləyə bilərik. Yəni söhbət ermənilərdən (haylardan) yox, birmənalı şəkildə xristian albanlardan gedir.

Xaçın məlikləri dışında digər məliklərin Qarabağa kənardan gəldiyini erməni müəlliflərinin özləri də, o cümlədən tanınmış erməni yazıçısı Raffi də təsdiq edir. Xaçın məliklərinə gəlincə, onların bir vaxtlar, daha dəqiq desək,  1214-cü ildən Xaçın bəyi olmuş Əsən Cəlalın törəmələri olduqları və soylarının onun vasitəsilə Albaniyanın ilk hökmdar sülaləsinə – Aranşahlara və bu sülalənin əsasını qoyan ilk Arran (Albaniya) şahı Arana qədər uzandığı məlumdur.

Tarixi saxtalaşdırmaqda mahir olan erməni müəllifləri, təbii ki, Aranı da, aranşahları da, Əsən Cəlalı da erməni knyazı kimi təqdim etməyə çalışırlar. Bir vaxt onun qaldırdığı bayrağı qondarma “Arsax respublikası”nın rəsmi bayrağı elan ediblər. Amma bu kimi saxta əməllərlə gün kimi göz qamaşdıran, açıq-aşkar olan faktların üstünə kölgə salmaq mümkün deyildir.

Albaniyanın ilk hökmdar sülaləsi olmuş Aranşahları Nuh oğlu Yafəsin soyuna bağlayan Musa Kağankatlı özünün “Alban tarixi” kitabında sülalənin ilk nümayəndəsinin Aran (Arran) adlı hökmdar olduğunu bildirir və Aranı Sisakan nəslinə aid edir. İlk hökmdarının adı ilə bu sülalə tarixi ədəbiyyatda bəzən “Aranilər” də adlandırılır. Lakin onun haqında məlumatlar çox azdır. Aranın davamçılarının fəaliyyəti haqqında məlumatlar isə, demək olar ki, yox səviyyəsindədir. Kağankatlı yalnız onların adını sadalamaqla kifayətlənir. Məlum olur ki ki, Aranilər (Aranşahlar) müxtəlif dövrlərdə güclü Parfiya dövlətinin təsiri altına düşmüş və yarımasılı vəziyyətdə ölkəni idarə etmiş və sonradan Arsaklar sülaləsi ilə əvəz olunmuşlar.

Bilavasitə Əsən Cəlala gəlincə, alban tarixçisi Kirakos Gəncəli özünün “Alban ölkəsinin qısa tarixi” adlı kitabının 55-ci bölümündə Əsəsn Cəlal haqqında məlumat verərək onu Xaçın bəyi adlandırır, Batı xanın suriyalı xristianlar tərəfindən tərbiyə edilən və xristianlığı qəbul edən oğlu Sartax tərəfindən qəbul edildiyini, Sartaxın Əsən Cəlalı atasının yanına apardığını qeyd edərək yazır ki, Batı xanın fərmanı ilə türklərin (Səlcuqluların) onun babalarının əllərindən aldıqları Çiraberd, Akan və Qarqar vilayətləri Əsən Cəlala qaytarıldı, o vergilərdən azad edildi və alban katalikosu Nersesin katalikosluq hüququ təsdiqləndi. Maraqlıdır ki, əsli alban türkcəsində olan, bir fəsli bizim tərəfimizdən nəşr edilən “Alban ölkəsinin qısa tarixi” kitabını rus dilinə “Ermənistan tarixi” adı ilə tərcümə edərək ona çoxlu əlavə və dəyişikliklər edən erməni saxtakarları kitaba Əsən Cəlalın guya erməni olduğu barədə kiçik bir əlavə etməkdən də çəkinməmişlər. Bunu edərkən “alban patriarxı katalikos Nerses” ifadəsini “erməni patriarxı katalikos Nerses” ifadəsi ilə əvəz etməyi unutmuşlar.

Yeri gəlmişkən qeyd edək ki, katalikos Nersesin bir moizəsi dövrümüzədək alban türkcəsində yetişmişdir və tərəfimizdən “Qafqaz albanlarının dili və ədəbiyyatı” kitabına daxil edilərək dərc edilmişdir. Eyni kitaba Əsən Cəlalla eyni dövrdə yaşamış məşhur alban ilahiyyatçıları Mxitar Qoş və onun şagirdi dyakon Vanağanın da alban türkcəsində qələmə aldıqları bir neçə əsəri də daxil edilmişdir.

Onu da qeyd edək ki, Əsən Cəlalın tikdirdiyi Xəzinədağ (Qanzasar) məbədinin üzərindəki kitabədə alban katalikosu Nersesin də adı vurğulanmaqdadır ki, bu da Xaçın bəyliyinin bir alban bəyliyi olduğunu birmənalı şəkildə təsdiqləyir. Belə ki, məbədin kitabəsindəki yazı bu cümlələrlə bitir: “Kilsə 689 (1240) – cu ildə Albaniya katalikosu Nerses tərəfindən izzətlənmişdir. Bu yazı Rəbbin iradəsi ilə təsdiqlənmiş və ona qarşı çıxanlar Tanrının və onun müqəddəslərinin lənətini qazanacaqlar”.

Dövrümüzədək Əsən Cəlalın öz dəsti-xətti ilə yazılmış bir xatirə yazısı da çatmışdır ki, bu yazı Matedaranda “387 saylı əlyazma” şifrəsi altında qorunmaqdadır. Yazının rusca tərcüməsi isə Vrej Atabeqyanın “Hökmdar, sərkərdə və müqəddəs Əsən Cəlal Dövlənin tarixi” adlı məqaləsində təqdim edilməkdədir və bu məktub da sözügedən şəxsin alban olduğunu bir daha birmənalı şəkildə təsdiq edir: “Mən Əsən Cəlal Dövlə kilsənin sülh içində olması məqsədi ilə ailəmlə birlikdə Şərqə – oxçuların hökmdarlarının yanına,  Şimal soyu (tatarlar) tərəfə  yollandım. Mən və arvadım Mamğan və Tanrı tərəfindən əta edilmiş oğlum Atabəy Şimal-Şərq qarşısında baş əydik. Və mən dünyanın kənarına, hökmdarın – Mengü xanın hüzuruna getdim. Və beş ildən sonra geri döndüm. Eləcə də mamağan və Atabəy döndülər. onlar öz məkanlarına qayıtdılar və mən Təbrizdə olduğum müddətdə mamağanı dəhşətli ölüm haqladı və onu Məsihin dərgahına apardı. Mən isə qayıdanda öz işıqlı evimi – bütün əsgər və atlı cəngavərlər, eləcə də  kilsə və müqəddəslərin hüzur yeri olan evimi qəm içində, sakitləşmək bilməyən göz yaşları içində gördüm. Və budur, bir il sonra, 1261-ci ildə hazırda müqəddəsdən də müqəddəs taxtında oturaraq  xeyirli işlərlə məşğul olan müqəddəs ata Nersesin xeyir-duası ilə bizim müqəddəs, maarifpərvər Alban taxt-tacında gözəl xanım, Tanrı qulu Mamağanın xatirəsinə Müqəddəs İncili bərqərar etdik…”

Məlumat üçün bildirək ki, 1702-1727 – ci illər arasında Alban katalikosu olan və “Alban ölkəsinin qısa tarixi” adlı kitabı ilə şöhrət tapan məşhur alban tarixçisi Esayi Əsən Cəlali də Əsən Cəlal Dövlənin soyundan olmuşdur.

Bəxtiyar Tuncay

“KarabakhİNFO.com”

 

17.01.2013 17:16

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*