Azərbaycanca

Xalçam harda, yurdum orda…

03.02.2014 | 10:30

1391409410_roya-tagiyevaLətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq elmləri doktoru, professor Röya Tağıyeva Azərbaycan xalça sənəti, xüsusilə də Qarabağ xalçaları ilə bağlı “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibə verib:

– Qarabağda xalçaçılıq sənəti nə vaxtdan yaranmağa başlayıb?

 

-Qarabağda xalçaçılığın yaranma tarixi Azərbaycanda xalçaçılığın yaranma tarixi ilə bağlıdır. Ona görə ki, bu ərazidə, həmçinin də Qarabağda artıq e.ə. II minillikdən – Tunc dövründən bu günə kimi xalçaçılığın inkişafı izlənilir. Bu da sözsüz ki, elə amillərlə əlaqəlidir ki, Azərbaycanın təbiəti, ərazisi maldarlığın, xüsusilə də qoyunçuluğun inkişafı üçün əlverişli idi. Onunla əlaqədar da Azərbaycanda, xüsusilə də Qarabağ ərazisində xalçaçılığın yaranması bu kimi amillərlə və xalqın həyat tərzi ilə sıx bağlı idi. Xalça insanların həyatının ayrılmaz əşyalarından idi, xalça haqqında “Xalçam harda, yurdum orda” deyirdilər. Xalçadan alaçıq qururdular, evi xalça və xalça məmulatları ilə bəzəyirdilər. Xalça həm də insanların yol yoldaşı idi.

 

Qarabağ xalçaları haqqında VII əsrdən etibarən məlumatlar verilir. Alban tarixçisi Musa Kalankatlı yazırdı ki, bu ərazidə çox gözəl xalçalar toxunur. Onun da təsdiqi olaraq ərəb tarixçiləri X-XI əsrlərdə Azərbaycanın müxtəlif ərazilərində xalçalığın inkişafından, zənginliyindən danışırdılar. Ərəblər xüsusilə Bərdə xalçaları haqqında yazırdılar ki, Bərdə xalçalarının tayı-bərabəri yoxdur.

 

– Röya xanım, Qarabağ xalçaları hansı özünəməxsus xüsusiyyətləri ilə seçilir?

 

– Azərbaycanın xalça sənəti 7 əsas məktəbə bölünür. Bu bölgünü görkəmli alimimiz Lətif Kərimli tərəfindən aparılıb. Bu bölgülərin də hər birinin özünəməxsus xüsusiyyətləri var. Bunlar hər bir bölgənin yerli təbiətindən, tarixindən asılı olan bir amildir. Bu da onun naxışlarında, onun rəngində öz əksini tapırdı. Qarabağda müxtəlif cür xalılar toxunurdu. Qarabağ xalçaları digər regionların xalçalarından özünəməxsusluğu ilə seçilirdi, rəngarəng olurdu. Qarabağ xalçaçılarının ənənəvi motivləri ilə yanaşı özünəməxsus yaradacılıqları da olub. Onların xalça sənətində bir çox xalça məktəbinin izini görmək olar, ancaq onlar onu özlərinə məxsus tərzdə işləyiblər. Qarabağ xalçalarında qədim kompozisiyalarla yanaşı həmişə yenilik də hiss olunub. Onlar həmişə incəsənətə açıq olublar. Qarabağ xalçalarının yaradıcı xüsusiyyətlərindən biri də Avropa motivlərini özündə əks etdirməsi və eyni zamanda bununla yanaşı ümumi xalça kompozisiyasına xələl gətirilməməsidir. Onlar onu elə tərzdə işləyiblər ki, sanki onlar da milli ornamentdir.

 

Xalçam harda, yurdum orda...Qarabağ xalçaları Azərbaycanda yaşayan qeyri-azərbaycanlılar tərəfindən də toxunub, amma onların işləri bir növ nüsxədir və heç də yaxşı olmayan nüsxədir. Amerika alimi Corc Barna öz məqaləsində qeyd etmişdir ki, Şuşada 3 xalça toxunmuşdur, birinin üzərində erməni hərfləri vardı və o, qeyd edirdi ki, bu üç xalçalarda Qarabağ xalçalarına məxsus şuxlux, incəlik yoxdur. Qarabağ xalçalarının özünəməxsus bu cür xüsusiyyətləri var ki, biz onu qoruyub saxlamalıyıq.

 

Ermənilər Qarabağ xalçalarını özününküləşdirmək üçün hansı saxtakarlıqlara əl atırlar?

 

– Ermənilər öz mənfur iddialarından əl çəkmirlər. Erməni mətbuatında məlumatlar yayılıb ki, ermənilər xalça muzeyi açmaq istəyirlər. Sözsüz ki, onların həmin muzeydə təqdim edəcəkləri xalçalar da bizim xalçalardır. Hansı ki həmin xalçaları özləri nümayiş etdiriblər. İndi bizim üçün çox vacibdir ki, bu xalçalar haqqında, onların Azərbaycana məxsus olması barədə dünyaya daha çox məlumat yayaq. Sözsüz ki, emənilər həmin xalçaların nüsxələrini toxuyublar, amma bu, nüsxədir, bu, onların sənəti deyil. Bu barədə xarici alimlər də qeyd edir. Qarabağ xalçaçılığında “Əjdahalı” xalça növü vardır ki, ermənilər həmin xalçaları öz xalçaları kimi təqdim edirlər. Qeyd etmək istəyirəm ki, onlar Azərbaycan xalçalarıdır. Onların 150-dən çox növü hazırda Vaşinqton muzeyində saxlanılır. Bəzi nümunələri Türkiyədə saxlanılır.

 

Xüsusilə vurğulamaq istəyirəm ki, 2013-cü ilin iyun ayında amerikalı bir kolleksioner vəfat etdikdən sonra onun həyat yoldaşı həmin kolleksionerin XVII əsrə aid olan bir “Əjdahalı” xalçasını bizim muzeyə hədiyyə edib. Bu da o deməkdir ki, artıq beynəlxalq miqyasda da bu xalçaların Azərbaycana aid olduğunu bilirlər. Yenə də ermənilər buna biganə qalmadılar. Onlar bildirdilər ki, necə ola bilər ki, bir amerikalı erməni xalçasını Azərbaycana hədiyyə edir. “Əjdahalı” xalçaları beynəlxalq miqyasda Azərbaycan xalçaları kimi tanıyırlar. Bunu tanınmış tədqiqatçı, xalça sənətinin klassiki Artur Po öz məqaləsində ermənilərin “Əjdahalı” xalçalar haqqında uyudurmalarından yazırdı. Artur Po öz məqaləsində həmin “Əjdahalı” xalçaların Azərbaycana məxsus olduğunu sübut etmişdir. Vaşinqton muzeyinin keçmiş direktoru da yazırdı ki, bu xalçalar heç şübhəsiz Azərbaycana məxsusdur, o öz məqaləsində qeyd edirdi ki, biz erməni xalçaları tanımırıq, ermənilər yalnız Sovet dövründən etibarən xalça toxumağa başlayıblar. O qeyd edirdi ki, XX əsrin əvvəlinə qədər heç bir erməni xalçası mövcud olmayıb. Bu da çox təqdirə layiqdir ki, bunu Amerika mütəxəssisi qeyd edirdi.

 

– Röya xanım, sonda nəyi qeyd etmək istərdiniz?

 

-Əsas vacib olan odur ki, biz bu gün də Qarabağ xalçalarını yaşadaq. Ermənilər bizim xalçalarımız haqqında çox söz deyə bilərlər, öz adlarına çıxara bilərlər, amma onlar Qarabağ xalçalarını yaşada bilməzlər, bu, onların sənəti deyil. Biz isə bu sənəti qorumalı, saxlamalı və gələcək nəsillərə ötürməliyik. Dövlətimiz tərəfindən də xalça sənətinə böyük diqqət göstərilir. Bildyiniz kimi dekabrın 2-də cənab prezident Xalça Muzeyinin yeni binasının təqdimatını keçirtdi.

 

Mən təklif edirəm ki, xalçaçılıq sənətini yaşatmaq üçün o əsas fənn kimi orta məktəblərdə tədris edilsin. Ona görə ki, əvvəllər uşaqlar göz açanda görürdülər ki, onun anası, nənəsi xalça toxuyur. Amma indi uşaqlar bunu öz evlərində görə bilmirlər. Ona görə də istəyirəm ki, bu fənn kimi məktəblərdə tədris edilsin. Bu sənət bizim xalqın qanında var, onu inkişaf etdirmək lazımdır.

 

 

P.S. növbəti məqaləmizdə Qarabağın məşhur “Əjdahalı” xalçaları barədə ətraflı məlumat verəcəyik .

 

 

 

 

Sevda Qurbanqızı

 

 

“KarabakhİNFO.com”

 

03.02.2014 10:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*