Qarabağımızı itirməklə itirdiklərimiz təkcə torpaqla, yurdla məhdudlaşmır. Bu həm də mədəniyyət, təbiət, sərvət itkisidir. Qarabağın hər bir guşəsi təbiətinin füsunkarlığı ilə insanı heyran edir. Şuşa adı gələndə yada düşənlərdən biri də Xarıbülbüldür. Xarıbülbül Şuşanın simvolu hesab olunur. Xarıbülbülü şuşalılardan başqa kimsə gözəl təsvir edə bilməz. Qarabağ döyüşlərində öz qəhrəmanlığı ilə fərqlənən, Ağdamdan olan qəhrəmanımız Elməddin Sərdar Xarıbülbül haqqında “KarabakhİNFO.com” e-jurnalına fikirlərini bildirib.
Elməddin Sərdar bildirir ki, Xarıbülbül dünyanın hər yerində var. Səhv eləmirəmsə Xarıbülbülün 42 növü var. Amma Şuşada bitən Xarıbülbül Azərbaycanda bitən xarıbülbüllərin hamısından fərqli idi. Fərqliliyi nədə idi? Rəng fərqliliyi var idi.
“Biz həmişə Xarıbülbülün məskəni kimi Şuşanı bilirdik. Amma Azərbaycanın digər yerlərində, Şamaxıda, Qubada, Dəvəçidə də xarıbülbül var. Bütün dağlıq ərazilərimizdə xarıbülbül bitir. Amma müxtəlif yerlərdə bitən Xarıbülbüllər bir-birinə bənzəmirlər, fərqlidirlər” – deyə şuşalı qəhrəmanımız öz fikirlərini ifadə edib.
Elməddin Sərdarın sözlərinə görə, Azərbaycanda xarıbülbülün 23 növü var. Şuşada isə bu bitkinin əsas məskəni Cıdır düzü idi. Xarıbülbül əsasən Cıdır düzündə bitirdi. Bir də Şuşada Qızıl Qaya deyilən yerdə Xarıbülbül çox olardı. Biz gedib oradan xarı bülbül yığardıq.
Elməddin Sərdar Xarıbülbül barədə uşaqlıq xatirələrindən də danışıb: “Xarı bülbül yığmaqda öz aramızda yarış keçirərdik. Kim daha çox xarı bülbül yığacaq? Xarı bülbül tək halda bitirdi. Bir neçə xarı bülbülü bit yerdə görmək mümkün deyildi. Biz əsasən xarıbülbülü Qızılqaya deyilən yerdən yığardıq”.
Qəhrəmanımız Ağdamda keçirilən “Xarıbülbül” festivalını xatırladır: “Yadıma gəlir ki, gənc yaşlarım idi, hər il Ağdamda “Xarıbülbül” festivalı keçirilirdi. Həmin festivala dünyanın bir çox yerindən qonaqlar gəlirdilər. Xarı bülbül aprel ayının axırı – may ayının əvvəlində bitərdi. Ömrü isə çox qısa idi. Cəmi 15-20 gün ömrü olardı bu gözəl gülün.
Bülbül, səni kim uçurtdu,
Kim daldan-dala qaçırtdı,
Kim sənə badə içirtdi,
Kimlər oldu saqi, bülbül?!
Xarıbülbülün elmdə digər adı da var – Qafqaz qaş səhləbi. O, toxumla çoxalan çoxillik bitkidir. Xarıbülbül Orxideyalar (Orchidaceae lat.) fəsiləsinə, Ofris (Ophrys lat.) cinsinə aiddir. Ofris cinsinin 50-dən çox növü var və bunların bir çoxu Azərbaycanın müxtəlif bölgələrində və ümumiyyətlə Qafqaz ərazisində mövcuddur. Digərləri isə Türkiyə, Yunanıstan, Krım və başqa yerlərdə bitir.
Xarıbülbül adlandırdığımız bitki latınca – Ophrys Caucasica və ya Ophrys Mammosa adlanır, lakin mən təxmin edirəm ki, Ofris cinsinə aid olan və Azərbaycanda bitən bütün növlərə el arasında xarıbülbül deyilir. Ophrys – yunan mənşəli sözdür, mənası “qaş” deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə üstdən aşağı “baxmağına” eyham ediblər.
Bəli, Şuşada bir gül bitir. Adına xarıbülbül deyirlər. Onu da qeyd edirlər ki, bu gül başqa heç bir yerdə bitmir. Burada yaranan musiqi, muğam, folklor başqa heç yerdə yaranmayıb. Xarıbülbül yalnız Şuşa məhəbbətindən cücərir. İlhamın və məhəbbətin Şuşadakı cövhəri başqa heç yerdə olmur. Bir folklor nümunəsində deyilir: “Şuşadan Tehrana – Fətəli şahın yanına gəlin getmiş İbrahimxəlil xanın qızı, şairə Ağabəyim ağa öz doğma torpağından Tehrana karvan-karvan torpaq gətizdirir və burada “Vətən bağı” saldırır. “Vətən bağı”nda Şuşanın bütün dağında, dərəsində bitən güllər, çiçəklər bitir, Xarıbülbül isə bitmir. Heç olmasa qərib şairənin Vətən həsrətini azacıq da olsa ovutmaq üçün bitmir”.
Bu rəvayətdə Şuşanın təbiətinə məxsus təkrarsızlığına işarə olunub. Nə vaxta qədər bu təkrarsızlıq yalnız xatirələrdə, düşüncələrdə qalacaq?! Şuşasız milli fauna və flora, Qarabağsız Azərbaycan mümkündürmü?! Əsla yox!!!
Ən betər müsibətimiz odur ki, xarıbülbül əsir düşdü. Artıq 20 ildən çoxdur ki, Vətən bağı xarıbülbülsüz yaşayır.
“Vətən bağı” al-əlvandır,
Yox içində xarı bülbül.
Nədən hər yerin əlvandır,
Köksün altı sarı, bülbül?!
Yəqin ki, bu mahnıda yuxarıda xatırlatdığımız rəvayətdən bir yadigardır və onun da sözləri Şuşadan ayrı düşən Ağabəyim ağaya məxsusdur. Bu günkü Şuşa kədərinin yanında Ağabəyim ağanın kədəri nədir ki?!
Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ,
Tehran cənnətə dönsə
Yaddan çıxmaz Qarabağ
Şuşanın nazlı gülü xarıbülbül haqqında dillərdə bir çox əfsanələr dolaşır. Əfsanələrin birində xarıbülbülün gülə olan sevgisindən yarandığı deyilir: “Biri varmış biri yoxmuş, bir bülbül varmış. Bu bülbül bir gülə aşiq olubmuş. O gülü sevir, onun başına dolanır, onun üçün cəh-cəh vurur və onu qoruyurmuş. Günlərin bir günündə bir arı gülü görür və onun şirəsini dadmaq istəyir. Həmən an bülbül arının gülə doğru uçmağını görüb, sinəsini qabağa verib, tez arının qarşısını kəsir. Onlar havada toqquşurlar və arı bülbülü sancır. Lakin bülbül ölmür, onun sevgisi və cəsarəti onu, sancdığı arıyla birlikdə başqa bir gülə – xarıbülbülə döndərir”.
Bəli, Vətən bağı bu gün də “al-əlvan”dır – şəhidlərimizin axıdılan qanı ilə!!! Gəlinlərin və cənazələrin büründüyü örtüklərin, toy libasının və xonçaların bəzəndiyi haşiyələrin qarası ilə. Laçın səmasının əsir düşən mavisi və Cıdır düzünün yaşılı ilə!!! Ölümün zaminə aldığı və taleyin girov saxladığı bütün rənglərin qisas, ağrı və acı, xəcalət və həya qarışığı ilə!!!
Dünyada ən əzabkeş iki rəng ağlayır – xarıbülbülün köksünün sarısı və bağrının qarası… Həyadan, xiffətdən öldü xarıbülbül!!!
Qarabağla bağlı dəyərlər təkcə bizim milli tarixin və milli təbiətin deyil, müasir mənəvi ekologiyanın milli, mənəvi genofondu olaraq qalır. Tarixə belə bir itki ilə daxil olmağa mənəvi haqqımız varmı?!
Qarabağdan yol gələr,
Bölünər qol-qol gələr.
Sevincim kasad olub,
Qanlı xəbər bol gələr.
Sevda Sevinc
“KarabakhİNFO.com”