Azərbaycanca

XİN-in sözçüsü: “Nalbadyanın yalanlarını ifşa etmək üçün…”

22.09.2014 | 10:42

Hikmet HaciyevEdvard Nalbadyan reallıq hissini itirib. O, diaspor qarşısında Ermənistanın uğursuz xarici siyasətinə və ölkəsinin təcridinin dərinləşməsinə ifrat yalan vasitəsilə çarəsiz bəraət qazandırmağa çalışır.

 

 

Bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Hikmət Hacıyev “Ermənistan Diaspor” konfransında Ermənistanın xarici işlər naziri E. Nalbadyanın söylədiklərinə şərh edərkən deyib.

 

 

H. Hacıyev qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin məhz bu prinsiplər əsasında həll edilməsi beynəlxalq ictimaiyyət tərəfindən birmənalı dəstəklənir: “Nalbadyanın yalanlarını ifşa etmək üçün yalnız 2014-cü ilin son 9 ayı ərzində Azərbaycanın əldə etdiyi diplomatik qələbələri qeyd etmək kifayətdir. Faktlar özlüyündə hər şeyi deyir”.

 

 

XİN rəsmisi xatırladıb ki, NATO-nun sonuncu sammitində təşkilata üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini ifadə ediblər. Onlar Cənubi Qafqazdakı münaqişələrin məhz bu prinsiplər əsasında həllini dəstəklədiklərini vurğulayıblar: “NATO sammitində də dövlətlərin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək və ya güc tətbiq edərək hədələməyin qəbuledilməzliyi vurğulanıb, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət edilməsinin vacibliyi qeyd olunub. Xatırladıram ki, unutqan olmuş Nalbadyan və onun prezidenti Serj Sarkisyan şəxsən bu toplantıda iştirak edirdilər”.

 

 

H. Hacıyev bu il iyunun 18-19-da İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici işlər nazirləri şurasının Ciddə Bəyanaməsində də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyi ilə həmrəylik ifadə olunduğunu, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərdə tarixi və mədəni irsin dağıdılmasını qınayan qətnamələr qəbul edilib: “ Həmçinin 28-29 may tarixlərində Qoşulmama hərəkatının Əlcəzairdə keçirilmiş XVII xarici işlər nazirləri iclasının yekununda qəbul olunmuş “Yekun Əlcəzair Sənədi”də münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həlli dəstəklənib. Eyni zamanda mayın 13-də Ərəb Dövlətləri Liqası – Mərkəzi Asiya – Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun yekun bəyannaməsində Ermənistan-Azərbaycan münaqişəsinin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında həllinin vacibliyi bir daha vurğulanıb”.

 

 

XİN sözçüsü deyib ki, E.Nalbadyanın istinad etdiyi ATƏT-in Minsk qrupunun 2009-2013-cü illər ərzində verdiyi bəyanatlarda ən vacib məqam status-kvonun qəbuledilməzliyi olub: “Status-kvo isə işğal və təcavüz və onların doğurduğu fəsadlar deməkdir. Beynəlxalq ictimaiyyətin mövqeyini əks etdirən bu təkzibolunmaz faktların müqabilində “beynəlxalq ictimaiyyət” dedikdə görəsən Nalbadyan kimi nəzərdə tutur?”

 

 

H. Hacıyev bir daha vurğulayıb ki, rəsmi İrəvan erməni ictimaiyyətini və diasporunu aldatmaq üçün cəfəngiyyatla məşğul olmaqdansa, Ermənistanın kəskinləşən tənəzzülünün qarşısını almaq üçün münaqişənin həlli istiqamətində konkret addımlar atmalıdır.

 

“KarabakhİNFO.com”

 

 

22.09.2014 10:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*