Azərbaycanca

XIX əsrdə Gürcüstana yeni erməni axınları

13.05.2013 | 15:14

1368443069_1309194946_150XIX əsrin əvvəllərindən başlayaraq Çarizmin Cənubi Qafqazda möhkəmlənmək və burada özünə etibarlı dayaq yaratmaq məqsədi ilə həyata keçirdiyi etnik-milli azlıqlar və onların yerdəyişmə siyasəti geniş xarakter almağa başladı. Xüsusilə, Türkiyənin müxtəlif şəhər və kəndlərindən Gürcüstanın bir sıra bölgələrinə köçürülən ermənilər burada maneəyə rast gəlmədən sürətlə məskunlaşdırılırdı. 

      Rusiya çarizminin Gürcüstana demoqrafik eksponsiyası XIX əsrin əvvəllərində daha geniş xarakter aldı. Gürcü torpaqlarına yenə də ermənilərin, rusların və başqa yad icmaların köçürülməsi, gürcü torpaqlarının zəbt etdirilməsi – mənimsənilməsi prosesi davam edirdi. Türkiyədə ermənilərə qarşı represiyaların gücləndirilməsindən sonra Gürcüstana onların mühacirəti artdı. Rusiyanın köməkliyi ilə ermənilər gürcü ərazilərini Axalkələk, Axalsixe, Borçalı, (Alaverdi, Şulaver, Sadaxlı) Tiflis, Qori və Kutais qəzalarını ələ keçirdilər. Ermənilər Gürcüstanda Ermənistanı bərpa etməyi düşünür-dülər. Bu məqsədlə erməni tacir – kommersantları Tiflisdə yaşayış yerləri alırdılar. Tiflisin ətrafyanı şəhərlərdə müxtəlif möhtəkirliklə boş yerləri ələ keçirirdilər və erməni qaçqınlarını ora köçürürdülər. Belə ki, Verada erməni qəbristanlığı yaxınlığında 20-ə qədər gürcü ailəsinin məskunlaşdığı şəhər ərazisində erməni Aramyans kimdənsə saxta bir adamdan xəlvətcə almış və sonra bütün gürcüləri oradan çıxartmışdır. Verada 300-ə qədər gürcü ailəsinin məskunlaşdırdığı Barataşvilinin yurdunu xəlvətcə bir erməni ələ keçirmiş və sonra bu yurdu başqa bir erməniyə satmışdır. Nəhayət, bu yurdu Aramyans almış və 300 gürcü ailəsini oradan çıxartmışdır(2, 28). Müəllif daha sonra qeyd edir ki, Kukiya ilə Didube arasındakı torpaqlar erməni Nadirova və Doluxanova məxsus idi. Bu yerlərdə 500-ə qədər gürcü peşəkarı yaşayırdı. Nadirov və Doluxanov onlarla mübahisə aparır. Bu yerləri elə baha qiymətə deyirdilər ki, gürcülər nə satın ala bilirdilər nə də icarə ilə onu götürə bilirdilər. Gürcülər, məcbur idilər ki, bu yerlərdən çıxa idilər(2, 28). Həmçinin, ermənilər Gürcüstanın Saatabaqo vilayətini, yəni atabəy Cakelinin torpaqlarını (indiki Axaltski qəzasını) özlərinin adına çıxmağa cəhd edirdilər. Məşhur qafqazşünas alim Veliçko qeyd edir ki, hər bir qafqazlı bilir ki, çariça Böyük Tamaranın bu vilayətdə yaşamağının açıq-aydın izləri hələ də durur, qəzanın müsəlman əhalisi gürcü dilində danışan türkləşmiş gürcülərdən ibarətdir və ermənilər ora XIX yüzilliyin birinci yarısında gəlməyə başlamışlar. Həm də onlar Türkiyədən qaçan ermənilərdir, yerli sakinlər deyil(9, 50).

 

XIX əsrdə Gürcüstana yeni erməni axınları      XIX əsrin II yarısında ermənilərin Gürcüstan ərazilərində məskunlaşma prosesinin davam etməsi və böyük torpaq sahələrini ələ keçirmələri haqqında Fəxri Valehoğlu “Qarapapaqlar və onların XIX əsr hərb tarixi” əsərində yazır: “Fon–Qakstqauzen XIX əsrin ortalarında Tiflis əhalisinin 1/3-ni (10000 nəfərini) ermənilərin təşkil etdiyini, onların həm sayca, həm də var-dövlətdə gürcüləri keçdiyini, gürcülərin ermənilərə nifrət etdiklərini, Koroğlunun atını oğurlayan Həmzənin erməni olduğunu və ermənilərin çoxunun yalançı olduğunu yazırdı”. Həqiqətən də XIX əsrin 20-ci illərinin sonlarında Cənubi Qafqaz ərazisinə kütləvi köçürülən ermənilər çox keçmədən məskunlaşdıqları ərazilərdə, o cümlədən Tiflis şəhərində rus havadarlarının yardımları ilə idarəetmə qurumlarında əsas vəzifələrə təyin olundular, böyük torpaq sahələri ələ keçirdilər və demoqrafik vəziyyəti sürətlə öz xeyirlərinə dəyişdilər(5, 49).

     XIX əsr boyunca ermənilərin gürcü torpaqlarına məqsədyönlü şəkildə köçürülməsi presesi nəticəsində Tiflislə yanaşı ölkənin cənub əraziləri də süni şəkildə məskunlaşdırıldı. Axalkələk və Axalsix əraziləri geostrateji baxımdan mühüm əhəmiyyət kəsb etdiyindən buraya ermənilərin köçürülməsi daha sürətlə həyata keçiril məkdə idi.

      Qeyd etmək lazımdır ki, 1801-ci ildə Şərqi Gürcüstan torpaqları və bütövlükdə  Gürcüstanın çar Rusiyası tərəfindən işğalı nəticəsində mülkləri və torpaqları əllərindən alınmış gürcü əsilzadələri buna qarşı mübarizə aparmaqdansa, keçmiş yaşam tərzlərini davam etdirmək üçün erməni tacirlərindən borc almağa başladılar. Yüksək faizlərlə borca düşən gürcü əsilzadələri beləcə ermənilərin əlində siyasi alətə çevrilməkdə idilər(1, 164). Bəhs olunan dövrdə osmanlı-rus ziddiyyətləri yeni mərhələyə qədəm qoydu və hadisələrin sonrakı gedişatı müharibəni qaçılmaz etdi. Beləliklə, 1828-ci ildə Osmanlı-Rusiya müharibəsi başladı və 15 avqust 1829-cu ildə bölgədə yaşayan türklərin Osmanlı torpaqlarına köç etmələrinə icazə verildi. Bəzi tədqiqatçılar 1828-1829-cu illər müharibəsi dövründə Axalkələkdə 100 mindən çox türkün yaşadığını, müharibədən sonra isə sayın 45 minə qədər düşdüyünu bildirməkdədirlər. Qeyd edək ki, müharibə nəticəsində Rusiyanın nəzarətinə keçən Axalkələk və Məshətidən zorla köç etdirilən təxminən 30 min türkün boşaltdığı kəndlərə Qars, Ərzurum və Bəyaziddən 14 min nəfər, digər bölgələrdən olmaqla 30 minə yaxın erməni buraya köç etdirildi(1, 164).  Axalkələkin ruslar tərəfindən işğal edilməsindən sonra gürcü əsilzadələri gürcü çarları tərəfindən Axalkələk torpaqlarının onlara verildiyini nəzərdə tutan sənədləri Paskeviçə göstərərək torpaqları geri almaq istəsələr də məqsədlərinə çata bilmədilər(1, 170). Beləliklə, ölkənin cənub və cənub-qərb torpaqları ermənilərin ixtiyarına verilməkdə idi. Bu haqda gürcü tarixçisi Otar Tetvadze yazır: “XIX əsr ərzində biz Axalkalak qəzasını tamamilə itirdik; çoxlu köçkünlər, eləcə də Borçalı və Axalsix qəzalarına yerləşdi. İndi də sığınacaq axtaranlar Gürcüstan ərazisində yerləşdirilsə, bu işi daha da çətinləşdirər və kəskinləşdirər. Bu bizim milli vəziyyətimizə böyük təhlükə yarada bilər və gürcü millətinin özünə zorla yetən torpaqlarımızın ala-bəzək olmasına hər bir vəchlə müqavimət göstərə bilmərik. Öz vətənimizdən didərgin düşənlər tam əmin olmalıdırlar ki, evsiz-eşiksiz qalmış ermənilər, assuriyalılar və başqalarının acizanə vəziyyətini yaxşı başa düşürük, canla-başla çətinliyə bəlaya düçar olanların dərdinə şərik olaraq imkan daxilində köməkliklər göstərəcəyik(2, 29).

 

    XIX əsrdə Gürcüstana yeni erməni axınları  1897-ci ildə aparılmış əhali siyahıyaalmasına görə Tiflis əyalətinin Axalsıx və Axalkələk bölgələrində 43 300 nəfər (31%) türk olmaqla toplam 141 500 nəfər əhali yaşayırdı. Bölgə əhalisinin 48%-ni ermənilər təşkil edirdilər. Rusiya hökumətinin erməniləri kütləvi bu bölgələrə köç etdirməsinin nəticəsində 1916-cı ildə bu bölgələrdə 80 000 erməni (46%), 59 min nəfər türk (34%) və 29 mini gürcü (17%) olmaqla yerdə qalan digər millətlərdən olmaqla 172 000 nəfər əhali yaşamaqda idi(1, 171). Qısaca olaraq qeyd edə bilərik ki, təkcə 1853-1856 və 1877-1878-ci illər Osmanlı-rus müharibələrində Axalkələkdə yaşayan türklərin böyük bir qismi Osmanlıya köç etdi. 1897-ci ildə əhalinin siyahıyaalınmasına görə, Tiflis əyalətinin Axalsıx və Axalkələk bölgələrində 43 300-ü (31%) türk olmaqla ümumi 141 500 nəfər əhali yaşayırdı. Bölgə əhalisinin 48%-ini isə ermənilər təşkil edirdilər. Rusiya hökumətinin erməniləri sürətlə bu bölgəyə köçürməsi nəticəsində 1916-cı ildə burada 80 min erməni (46%), 59 min türk (34%) və 29 min gürcü (17%) yerdə qalan başqa millətlərdən olmaqla birlikdə 172 min əhali yaşayırdı(1, 171).

 

     XIX əsr boyunca Cürcüstanın cənub-qərb bölgəsinin, eləcə də Axalsix və Axalkələk ərazilərinin aborigen əhalisi olan müsəlman gürcülərin bu ərazilərdən köçürülməsi presesi mərhələli şəkildə həyata kecirilməkdə idi. Axalsıx paşalığından xoca və mollaların təbliğatı nəticəsində müsəlman gürcülər özlərinin dədə-baba yurdlarını kütləvi şəkildə tərk edərək Osmanlıda məskunlaşdılar. Eçmiədzin və Ərzurumun erməni yepiskopları ilə işgüzar yazışmaları olan Axalsıx vilayətinin icra hakim-qubernatoru general Vasil Behbudov onların köçüb getməsinə hər cür şərait yaradırdı. V. Behbudov Paskeviçin razılığı ilə axalsıxlı bəylərə öz ev-eşiklərini satmağa və Türkiyəyə köçməyə ixtiyar vermişdi. 1870-ci ilin başlanğıcında V. Behbudovun “böyük əməyi” nəticəsində Axalsıx müsəlman gürcülərindən tamamilə təmizləndi. Müsəlman gürcülərin kəndləri boşaldı. Axalsıxın keçmiş paşalığında və Axalsıxın özündə erməni müstəmləkəçilərinin böyük ordusunun yerləşməsi çətinliklə üzləşdi. Evsiz müstəmləkəçiləri zorla yerli gürcülərin yaşadığı ərazilərdə məskunlaşdırdılar. Qocaların, dulların xüsusi evlərini əllərindən aldılar. Zərərçəkmişlər əllərindən alınan ev-eşiklərini geri ala bilmirdilər və başqa yerlərə köçməyə məcbur olurdular(3, 45).

 

XIX əsrdə Gürcüstana yeni erməni axınları       Ermənilərin daha çox can atdıqları və əsrlərdir bu ərazilərdə yaşamaq arzusunda olduqları və nəhayət çarizmin himayəsi ilə məskunlaşdıqları digər ərazi Samtsxe-Cavaxetiya bölgəsi idi. Qarapapaqların (tərəkəmələr) tarixi vətəni olan Samtsxe – Cavaxetiya bölgəsi XIX əsrin əvvəllərinədək etnik rəngarənglik baxımından aşınmaya məruz qalmamışdı. Bəhs olunan dövrdə baş vermiş müharibələr və ermənilərin bu ərazilərə, xüsusilə də qarapapaq kəndləri ətrafına kütləvi şəkildə yerləşdirilmələri onların əksərinin tədricən Çıldır, Ərdahan və Qars mahallarına üz tutub köçməsinə səbəb olmuşdur. Qeyd etmək lazımdır ki, 1828-1830-cu illərə kimi, ermənilər bu bölgədə yaşamamışlar. Bu illərdə Cavaxetiya əhalisinin 35%-ni gürcülər təşkil etmişlər. Lakin 1829-cu ildə çar Rusiyasının varlı ermənilər tərəfindən ələ alınmış məmurları, əlbəttə Paskeviç başda olmaqla, bu bölgəyə Ərzurumdan 20 min erməni ailəsi köçürdü. Burada yaşayan gürcüləri isə məcburi olaraq öz torpaqlarından qaçmağa vadar etdilər. Cavaxetiyanın demoqrafik vəziyyəti süni yolla ermənilərin xeyrinə həll olundu(15, 58). Beləliklə, 1828-1829-cu illər rus-türk müharibəsindən sonra ermənilərin Cavaxetiyada məskunlaşması nəticəsində buradakı İmrəhəsənli/Əmirhəsənli tayfasına aid olan tərəkəmələrin bir qismi həmin bölgənin Rusiya hüdudlarındakı Niyal düzünün Lebis, Van, Qarzamet, Kiondra, Daşlıqışlaq, Ələncə kəndlərinə köçüb, Lebis cəmiyyətini yaratmışdılar(5, 60).

 

     Tanınmış gürcü tarixçisi Bondo Arveladze uzunmüddətli araşdırmalar nəticəsində gəldiyi qənaətə görə, 1828-1830-cu illərdə Cavaxetiyanın əsas sakinlərinin 90%-ni gürcülər təşkil edirdi. Bu illər ərzində Rus imperiyası Türkiyədən öz məkrli əməllərinə görə qovulmuş erməniləri Gürcüstan torpaqlarında yerləşdirdi. Həmin illərdə bölgəyə 40 mindən artıq erməni ailəsi paylaşdırıldı. Bundan sonra ermənilərin sayı nahiyədə, zorla çıxarılmış gürcülərin   sayını üstələdi. Tarixi saxtalaşdırmaqda ermənilərin mahir usta olduqlarını bir rus keşiş belə ifadə edir: “Qafqazda rus inzibati orqanları digər xalqlarla müqayisədə, ermənilərə daha geniş səlahiyyətlər vermişdi. Gürcülərə nisbətdə ermənilər böyük imtiyazlara  malik olurdu. Buna görə də Gürcüstan torpaqlarının bir qismini ermənilər zor gücünə zəbt edə bildilər. Onlar Axalkalaki, Borçalı nahiyyələrində məskunlaşdılar. Ermənilər bu bölgələrdə yerləşən kimi aborigen gürcüləri sıxlaşdırmağa başladılar. Ruslar gürcülərin onlara qarşı göstərdiyi səmimiliyi, rus qartalının qanadları altında pənah tapdığını nəzərə almalıydı, ancaq rus bürokratları bunun əvəzinə təcavüzkar erməni xalqına daha çox istinad edib, himayəçilik göstərdi. Əlbəttə, belə davranışın alt qatında siyasi baxışlar dururdu: ilk növbədə Cavaxetiyada yaşayan yerli aborigen xalqları-gürcüləri və türkləri qızışdırıb bu bölgədən çıxarmaq, ermənilərin nahiyədə sayını artırmaq(8, 13). Əslində Rusiyanın imperialist siyasətinin başlıca məqsədi Samtsxe-Cavaxetə ermənilərin köçürülməsi zamanı ermənilərin təhlükəsizliyini təmin etmək deyil, Gürcüstanın özündə gürcü əhalisinə qarşı çıxan, ona zidd olan qeyri-gürcü etnik mühitin yaradılması idi. Bu, həddindən artıq irəlilərə hədəflənmiş və yaxşı düşünülmüş əks gürcü xəyanətkar planı idi(3,  45).

 

     XIX əsrdə çar Rusiyası Cavaxetiyanı ələ keçirmək, burada yaşayan və əvvəllər gürcü olan müsəlmanları da xristian etmək niyyətində idi. Müsəlman gürcülərin Osmanlıya köçürülməsi üçün pul da xərcləyirdilər. 1829-1830-cu illərdə Samtsxe-Cavaxetiyadan 35 min müsəlman gürcü Osmanlıya köçürüldü. Qısaca olaraq qeyd etmək lazımdır ki, burada müsəlman gürcülər katolik gürcülərlə birlikdə yaşayırdı. Tanınmış gürcü alimləri Şota və Otar Tetvadze qardaşları yazır ki, Samtsxe-Cavaxetiyadə elə bir şəhər, qəsəbə, kənd yox idi ki, orada gürcü müsəlmanları ilə birlikdə gürcü katolikləri də yaşamaya idi. Ərzurumdan erməni katoliklərin köçürülməsindən sonra müsəlman gürcülərini zorla Türkiyəyə köçürmüşlər, qalan gürcü katoliklərini isə erməniləşdirmişlər. Erməni katoliklərini Sxaltbila, Qulikani, Turtsx, Alaastan, Vargav, Varevan, Eştia, Torna, Abdaxevi, Supli, Sinauban, Naoxrebi, Balaçir, Culqan kəndlərində yerləşdirdilər. Onlar bir-birilərinə qaynayıb-qarışaraq gürcü katoliklərini də erməniləşdirdilər.  Erməni Qriqoryan kilsəsinin rəhbərləri Samtsxe-Cavaxetdə məskunlaşan zaman ətrafda yaşayan gürcüləri, erməni həyat tərzinə uyğunlaşdırır, erməni dini məktəbləri açır, sonra da hər cür yolla gürcülərin milli və dini mənsubiyyətini erməniləşdirməyə çalışırdılar. Müəyyən hallarda təkcə Samtsxe-Cavaxetdə deyil, hətta Gürcüstanın digər güşələrində buna nail də olurdular. Məhz bu səbəbdən sonrakı illərdə Samtsxe-Cavaxetdə gürcülərin sayı əhəmiyyətli dərəcədə azaldı. Məsələn, 1894-cü ildə Axalsıx qəzasında 19041 nəfər erməni, 32809 nəfər azərbaycanlı və yalnız 5642 nəfər gürcü yaşayırdı. Əgər bu göstəriciləri 1886-cı ilin göstəriciləri ilə müqayisə etsək, görərik ki, gürcülərin sayı ¼  dəfə azalmışdır. Erməni və azərbaycanlıların sayı müvafiq olaraq ⅓ və 2 dəfə artmışdır. XX əsrin əvvəllərindən başlayaraq Türkiyədən təkcə Samtsxe-Cavaxetə daimi yaşamaq üçün 25 mindən çox erməni köçüb gəlmişdir. Köçüb gələn ermənilərin əksəriyyəti Axalkalak, Axalsıx, Azqur, Xertvis və digər yerlərdə məskunlaşdı. Bəhs olunan dövrdə Axalkalak və Axalsıx əhalisinin əksəriyyəti erməni idi(2, 45-46).

 

XIX əsrdə Gürcüstana yeni erməni axınları       Mənbələr göstərir ki, təkcə 1876-cı ildə Tiflisdəki əhalinin 36,16%-i (37610 nəfər) ermənilər, 29,62%-i (30813) ruslar, 21,3%-i gürcülər (22156 nəfər), 13%-i (13445 nəfər) isə başqa millətlərdən, 1896-cı ildə isə 48%-i ermənilərdən ibarət olubdur. 1917-ci ildə Tiflis quberniyasında 418651 gürcü və 139939 erməni, Tiflis şəhərinin özündə isə 62337 gürcü və 83977 erməni yaşayıbdır(5, 49).

      Xüsusilə qeyd etmək lazımdır ki, ermənilər Tiflisin daha məhsuldar torpaqlarını mənimsəməklə böyük ərazilərə yiyələnmişdilər. Belə ki, Tiflis quberniyasının statistik komitəsinin 1886-ci ildə nəşr olunmuş siyahısında Tiflis şəhərindəki torpaq sahələrinin əksəriyyətinin sahibinin erməni olduğu göstərilir. Bu siyahıya yalnız bir türk isminə-Qırcanis-Ortacaladakı 6 desyat 600 sajendən ibarət 3 saylı sahənin sahibi Mehdi bəy Hüseynoğlunun adına rast gəlinir(5,  49).

     Artıq qeyd edildiyi kimi, 1897-1902-ci illərdə Gürcüstana təxminən 55 min erməni gəldi, Tiflisdə ermənilərin sayı 46,7 mindən 124,9 minə qədər çoxaldı ki, bundan da təqribən 68 mini yeni gələn idi(2, 29).

    XIX əsrdə Gürcüstanın Tiflis, Axalsıx, Axalkələk bölgələri ilə yanaşı Qara dənizin sahillərində yerləşən Abxaziya əraziləri dəermənilərin hədəfinə çevrildi. Daha çox dənizsahili ərazilərdə məskunlaşmağa üstünlük verən ermənilər burada XIX əsrin ikinci yarısından etibarən məskən salmağa başladılar. Əvvəlcə, onlara kənd təsərrüfatının inkişafı məqsədi ilə Abxaziyanın ərazisində tütün sahəsi həvalə olundu. Ermənilər tütün plantasiyalarını məhv edir, əvəzində müxtəlif meyvə ağacları əkirdilər. Bununla onlar burada ipəkçiliklə məşğul olacaqlarını nümayiş etdirirdilər. Daha sonra bu sahələrə ayrılmış torpaqları da özəlləşdirib, payçı oldular. Beləliklə, həmin torpaq sahələrini ələ keçirdilər. Bir sözlə, ermənilər yerli sakinləri dövrəyə alıb, yerli məmurların köməyi ilə torpaq sahələrini böyütməyə müvəffəq oldular.

     Göründüyü kimi, XIX əsrin II yarısından başlayaraq Çar Rusiyasının Gürcüstanda həyata keçirdiyi demoqrafik ekspansiya “uğurla” yerinə yetirilməkdə idi. Gürcü torpaqlarından zorla köçürülən yerli müsəlman gürcülərin yerinə Türkiyədən çoxsaylı erməni ailələri məskunlaşdırılmaqda idi. Beləcə, on minlərlə erməni məhsuldar gürcü torpaqlarını dəyər-dəyməzinə, bəzən də zor gücünə mənimsəməkdə idi. Demək olar ki, ölkənin dörd bir yanına səpələnmiş ermənilər burada demoqrafiq vəziyyəti öz xeyirlərinə dəyişməyə müvəffəq oldular. Böyük torpaq sahiblərinə yiyələnən erməni icma üzvləri qısa müddətdə iri mülkədarlara çevrilməyə başladılar. Qısa müddətdə ticarətdə uğur qazanan ermənilər iri şəhərlərdə özlərinin ticarət evlərini yaratmağa başladılar. Eyni zamanda burada erməni diasporunun ilkin rüşeymləri yaranmağa başladı. Bu proses XX əsrin əvvəllərindən etibarən təşəkkül tapmağa başladı.

 

 

Taleh Cəfərov
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi Avropa xalqları tarixi

və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi

 

KarabakhİNFO.com

 

                                            İstifadə olunmuş ədəbiyyat

  1. Hatəm Cabbarlı. Ermenistanın bölge politikasında Gürcistan: tarihi sürecte   karşılıklı ilişkiler, Ermeni Araştirmaları, sayı 6, yaz 2002, səh. 158-159
  2. Şota Tetvadze, Otar Tetvadze. XX əsrdə Gürcüstanda erməni mühacirətinin yeni axınları, Qarapapaqlar, 2009, Fevral №02(20)
  3. Şota Tetvadze, Otar Tetvadze. XIX əsrin birinci yarısında ermənilərin Kvemo Kartli və Samtsxe Cavaxet bölgələrinə  kütləvi şəkildə köçürülməsi, Qarapapaqlar, 2008, iyul, № 5 (13), səh. 43-46
  4. Bəxtiyar Nəcəfov. Düşmənin iç üzü. XIX əsrin sonu XX əsrin əvvəllərində Türkiyə və Cənubi Qafqazda erməni terrorizminin tarixi, Bakı, Çaşıoğlu, 2007, I cild, 438 s.
  5. Fəxri Valehoğlu. Qarapapaqlar və onların XIX əsr hərb tarixi, Bakı, Səda, 2005, 246 s.
  6. Hakan Kontarçı. Kıskaçtakı bölge Kafkasya, İstanbul, Kilim matbaası, 2006, 256 s.
  7. Ermənistan və Gürcüstan arasında soyuq savaş, Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzi,Təzadlar qəzeti, 12-14. 02. 2009
  8. Bondo Arveladze. Ermənistanın siyasi və etnik sərhədləri. 1877-1948-ci illər, Daşnaq xisləti, Hürriyyət qəzeti, gürcü dilindən çevirdi: Nəriman Əliyev, № 208(1852) 26-29 oktyabr 2009, səh.13
  9. V.L.Veliçko. Qafqaz. rus işi və tayfalararası məsələlər, Bakı, Azərbaycan nəşriyyatı, 1995, 189 s.
  10.  Fəxri Hacıyev. Ermənilərin Cənubi Qafqaza kütləvi köçləri və 1905-ci ildə törətdikləri qətliamlar barədə (Gürcüstan arxiv mənbələri əsasında), Diplomatiya aləmi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin jurnalı, № 27, 2010, 40-44 s.
  11.  İlya Çavçavadze. Erməni alimləri və fəryad edən daşlar, Bakı, Azərbaycan nəşriyyatı, 1995, 80 s.
  12.  T. Qasımova. Gürcü meydanı, erməni minası, Region plus, № 3 (3) 27 mart 2006, səh. 12-16
  13.  Kadir Sancak. Üç taş oyunu: Kafkasyada hassas gengeler, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi Konfransı materialları, Bakı, Qafqaz Universiteti, 25-26 aprel 2013, səh.148-149
  14.  Гурам Мархулия. Армяне в поисках Армении, издательство Универсал, Тбилиси 2010, стр. 293
  15.  Armenian treason and Georgia, Baku 2008, s. 72
  16.  Fuad Axundov. Heç bir saxtakarlıq ermənilərin “gəlmə” olması faktını gizlədə bilməyəcəkdir, Region plus, № 3 (3), 27 mart  2006, səh. 7-8
  17.  Mehmet Fatih. Gürcistandakı etnik ve bölgesel sorunların yakın tarihi ve bugünü, TÜRKSAM, 04 ocak 2010 Temmuz dönemi, www. Turksam/org
13.05.2013 15:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*