Azərbaycanca

Xocalı-bəşəriyyətə qarşı cinayət

27.02.2014 | 17:48

1393508396_mmmd-hmdzadMəmməd Əhmədzadə

Azərbaycan Respublikasının Argentina Respublikasındakı Səfiri

Bəşəriyyət tarixində baş vermiş ən qəddar qətliamlardan biri olan və Xocalı soyqırımı adı ilə tanınan faciə 22 il öncə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində dinc azərbaycanlı əhalisinə qarşı törədilmişdir.
1992-cı ildə fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə misli görünməmiş vəhşiliklər törədərək Xocalını işğal etmiş və yüzlərlə dinc azərbaycanlını məhv etmişdir. Bu faciədə 103 qadın və 63 uşaq daxil olmaqla 613 günahsız və silahsız insan həlak olmuşdur. Onların arasında 56 nəfəri xüsusi amansızlıqla qətlə yetirilmiş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmiş, 1275 nəfər əsir götürülmüş və sonradan onların böyük əksəriyyətinin azad edilməsinə baxmayaraq, 150 nəfərin taleyi bu günədək naməlumdur.
Xocalı soyqırımı Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin ilhaqı məqsədilə başlanan Ermənistan və Azərbaycan arasındakı münaqişə zəminində baş vermiş təsadüfi bir hadisə deyil, məqsədli şəkildə törədilmiş kütləvi qətl hadisəsi idi. Xocalı Ermənistan hərbi təcavüzünün zirvə nöqtəsi idi, hansı ki, bu təcavüz nəticəsində Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon daxil olmaqla, ümumilikdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20%-i işğal edilmişdir və etnik təmizləmə nəticəsində 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.
Ermənistan rəhbərliyinin Xocalıda baş vermiş və münaqişə dövründə həyata keçirilmiş digər cinayətlərə görə cavabdehlikdən imtina etməsinə baxmayaraq, qəddarlıqla həyata keçirilmiş bu hadisələr çoxsaylı müstəqil mənbələr və hadisə şahidləri tərəfindən sənədləşdirilmişdir. “Black Garden: Armenia and Azerbaijan Through Peace and War” kitabında Thomas de Waal Xocalı qətliamının səbəblərini etiraf edən Ermənistan Respublikasının hazırki prezidenti Serj Sarkisyandan sitat gətirir: “Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmağa qadir olmayan insanlardır. Biz bu stereotipi dağıtmağa nail olduq. Və bu da baş verdi”. Human Rigths Watch (HRW) təşkilatı öz hesabatında Xocalıda baş verənləri “Ermənistan-Azərbaycan münaqişəsi boyunca bu günədək baş vermiş ən böyük qətliam” kimi təsvir etmişdir.

Beynəlxalq ictimaiyyəti bu faciə barədə məlumatlandırmaq məqsədilə 2008-ci ildən etibarən aparılan “Xocalıya Ədalət” (www.justiciaparajodyali.org.ar) şüarı altında beynəlxalq kampaniya geniş əks-sədaya səbəb olmuşdur.
Xocalı hadisələri də daxil olmaqla Ermənistan tərəfindən azərbaycanlı dinc əhaliyə qarşı törədilmiş digər cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalı və onlara lazımi siyasi və hüquqi qiymət verilməlidir. Belə ki, cəzasız qalan cinayətlər yeni cinayətlərə yol açır.
Bu məqsədlə ilk öncə münaqişə həll olunmalıdır. 20 ildən artıq Ermənistanın təcavüzü davam etdirməsinə və Azərbaycan ərazilərinin işğal altında olmasına baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması üçün cəhdlərini davam etdirir. Əfsuslar olsun ki, Ermənistanın məqsədi münaqişə ilə bağlı hazırki status-kvonu saxlamaqdır və bu ölkənin bu cür destruktiv mövqeyinin nəticəsidir ki, münaqişə hələ də öz həllini tapmamışdır. Erməni hərbi qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını və azərbaycanlı qaçqın və məcburi kökünlərin öz yurdlarına qayıtmasının təmin edilməsini tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Asambleyasının 2008-ci il 62/243 saylı qətnaməsi, ATƏT, Avropa Şurasının Parlament Asambleyası, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş sənəd və qətnamələr Ermənistan tərəfindən icra edilməməkdədir.
Münaqişə ilə bağlı hazırki status-kvo nəinki yalnız regionda sülh və təhlükəsizliyə təhdid yaradır, həmçinin Ermənistandakı ağır sosial-iqtisadi vəziyyəti daha da çətinləşdirir. Azərbaycan güclü iqtisadiyyata malik olmaqla, regional inteqrasiya və əməkdaşlığın əsas iştirakçısı və Avropa ilə Xəzər hövzəsini birləşdirən beynəlxalq əhəmiyyətli enerji və infrastruktur layihələrinin müəllifi olan ölkədir. Münaqişənin həlli nəinki regiona sülh gətirəcək, həmçinin Ermənistanı da regional əməkdaşlığa cəlb edəcək və bu ölkənin çətin sosial-iqtisadi problemlərinin həllinə yardım edəcəkdir. Əgər Ermənistan rəhbərliyi həqiqətən də münaqişənin həllində, regionda sülhün bərqərar olunmasında və əhalisinin firavan gələcəyinin təmin edilməsində maraqlıdırsa, bunun üçün, konstruktivlik nümayiş etdirməli, beynəlxalq hüquqa hörmət etməli və yuxarıda sadalanan beynəlxalq təşkilatların tələblərini yerinə yetirməlidir.

 

www.azembassy.org.ar

 

 

27.02.2014 17:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*