Azərbaycanca

Xocalı faciəsi: real faktlar və həqiqətlər

26.02.2014 | 13:21

1393406178_xocali-soyqirimi22 ildir Azərbaycan xalqı Xocalı faciəsini fəryadla yad edir. Heç başa düşmək olmur dünyanın düz vaxtında ermənilərin törətdikləri cinayəti, yüzlərlə dinc əhalinin gülləbaran edilməsi və girov götürülməsi faktlarına beynəlxalq demokratlar necə ağızlarına su alıb, heç səslərini çıxarmırlar. Belə biganəlik olar? Bəlkə bu qırğın ingilisə, fransıza qarşı olunsaydı onda özlərini insan haqlarının müdafiəçisi sayılan beynəlxalq təşkilatlar, qərb dövlətləri və beynəlxalq məhkəmələr özlərini necə aparardılar? Biz, Azərbaycan xalqı başa düşürük və bilirik Xocalı faciəsini rus ordusunun 366-cı alayı törədib və nə vaxtsa bunun cavabını verməli olacaqlar. Ancaq niyə bütün dünyada insan haqları azadlığını qorumaq naminə yaradılan BMT və onun Təhlükəsiz Şurası Ermənstana qarışı qəbul etdiyi qətnamələrini yerinə yetirmir?

 

Kim nə deyir-desin, o qənaətdəyik ki, tarixdə bənzəri olmayan müsibətin başımıza gətirilməsinin ən böyük günahkarlarından biri, bəlkə də birincisi unutqanlığımızdır. Əgər elə olmasaydı ermənilərin hələ 1905, 1918-1920-ci illərdə xalqımıza qarşı törətdikləri soyqırımı unudulmaz, əzəli torpaqlarımız olan Göyçə və Zəngəzur hesabına qanımıza susayan düşmən Ermənistan Respublikası yaranmazdı, daşnak nəvələrinə xalqın taleyini həll edə biləcək “yağlı vəzifələr” verilməzdi. Nəhayət, “qardaş olub Hayastan – Azərbaycan” – oxuya-oxuya torpaqlarımız hissə-hissə pay verilməzdi. Axı, biz tarixin ibrət dərslərindən nəticə çıxarmadıqca düşmən daha da azğınlaşır. Və nə qədər ki, iblisin başı əzilməyib bizə dinclik yoxdur.

 

Çoxları belə hesab edir ki, Dağlıq Qarabağa erməni işğalının 1988-ci ildən hesablanır, ancaq bizim fikrimizcə bu hadisələr 1984-cü ildən başlayıb. O zaman Stepanakert adlanan Xankəndi rayon Partiya Komitəsinin birinci katibi Qriqoryan və DQMV daxili işlər idarəsinin rəisi Ağacanyan Əsgəran rayonunun Pirənəçi kəndində yerli azərbaycanlılara qarşı əsl qəddarlıq nümayiş etdirib, insanları vəhşiliklə qırdılar, kəndi yerlə-yeksan etdilər. Bu hadisədən sonra onu törədənlər cəzalandırılmadı və heç bir tədbir görülmədi. Bu hadisədən sonra cəzalanmayan ermənilər rahatlaşaraq Topxana hadisələrini törətdilər.

 

SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmişdir. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilmişdir.

 

90-cı illərin əvvələrində Ermənistanın rəsmi dairələri «Daşnaksütyun», ASALA, MAQ, «Erməni birliyi», «Erməni Azadlıq Cəbhəsi» və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədi ilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstərmişlər.

 

Erməni silahlı dəstələrinin Xocalıya hücümunu şəhərin əlverişli, strateji mövqeyi ilə əlaqələndirmək olar. 7000 əhalisi olan Xocalı Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşirdi. Qarabağdakı yeganə aeroport da Xocalıda idi. Bu faktı ABŞ-ın Karnegi Fondunun proqram direktoru, Qarabağ üzrə tanınmış britaniyalı ekspert Tomas de Valla müsahibə verən Ermənistanın hazırki prezidenti Serj Sərkisyanla müsahibədə açıq-aşkar görmək olar. Xocalı faciəsinin iştirakçısı olan Sərkisyan müsahibəsində deyir: “Xocalı bir vaxtlar bütün Qarabağı çox bezdirirdi, çünki orada aeroport var idi, Ermənistanla yeganə əlaqəmiz hava nəqliyyatı ilə idi, çünki orada OMON var idi, orada nə isə araşdırırdılar, insanları həbs edirdilər.”

 

1988-ci il fevralın 12-də ermənilər Əsgəran rayonunda ilk açıq millətçi çıxışı edəndə, bir gün sonra isə keçmiş Azərbaycan KP MK-nın ikinci katibi Konovalov erməni fəallarının iclasından biabırcasına qovulanda artıq faciənin çertyojunun ilk cizgiləri çəkilirdi. Daha bir gün sonra-fevralın 14-də respublika DİN-in qüvvələri Əsgəran-Stepanakert bölgəsinə yeridildi və heç bir tədbir görmədən geri qaytarıldı. Onları SSRİ Silahlı Qüvvələrinin qoşunları əvəz etdi.

Xocalı şəhəri 4 yaşayış məntəqəsinin—Xocalı, Qaladərəsi, Dərələyəz, Həsənabad kəndlərinin  birləşməsindən yaranmışdı. 1988-ci il hadisələrinə qədər Xocalının 1000 nəfərə qədər sakini vardı. Xocalı şəhərinin ümumi sahəsi 160,2 ha idi.  Şəhər Xankəndindən 14 kilometr aralıda—şimal-qərb tərəfdə yerləşirdi. 1992-ci ilin noyabr ayına kimi, yəni Xocalı ermənilərin tam mühasirəsinə düşənə qədər şəhərdə 5800-5900 nəfər adam yaşamışdı. Bu şəhərdə Özbəkistandan qovulmuş 54 Məhsəti türkü, Ermənistandan yaşayış yerlərini məcburi tərk etmiş 80, Qarabağın müxtəlif  yerlərindən qovulmuş 210 və respublikanın digər yerlərindən köçmüş 50 ailə də məskunlaşmışdı.

 

1991-ci ilin noyabrında keçmiş SSRİ DİN qoşunları Dağlıq Qarabağdan çıxarıldıqdan sonra Xocalıya quru yolla gediş-gəliş tam kəsilmiş. əlaqə ancaq “AZALAERO-nun vertolyotları vasitəsilə həyata keçirilmişdir. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa marşrutu ilə uçan vertolyot ermənilər tərəfindən vurulduqdan sonra Xocalı şəhəri ilə bu əlaqə də kəsilmişdir.

 

Yanvarın 2-dən şəhərə elektrik enerjisi verilməsinin qarşısı alınmışdı. Şəhəri yalnız adi atıcı silahları olan yerli özünümüdafiə dəstələri qoruyurdular. Əlbəttə, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadir deyildilər. Fevralın ikinci yarısından başlayaraq Xocalı Ermənistan silahlı birləşmələri tərəfindən tam mühasirəyə alınmışdı. Dinc sakinlərin dəstələr halında və ya təklikdə mühasirədən çıxmaq üçün göstərdiyi bütün cəhdlərin qarşısı alınırdı. Bu faktı amerikan jurnalisti Tomas Qols  təsdiqləyərək yazırdı: “Xocalıda telefonlar işləmirdi. Orada heç nə işləmirdi. Elektrik enerjisi, yandırmaq üçün neft yox idi. Su gəlmirdi. Kənar dünya ilə Xocalını birləşdirən yalnız hər səfərində təhlükə ilə üzləşən vertolyot idi. Xocalının ətrafdan təcrid olunması gecə düşdükcə daha çox hiss olunurdu. Səhər isə hərəkətsiz, bir yerdə dayanmış insanları gördüm. Ətrafda vaxt keçirmək üçün nə çayxana, nə də restoran var idi.”

 

Araşdırmalarımız zamanı məlum olur ki, “Asala” terror təşkilatına məxsus hərbi düşərgədə təlim görmüş 26 nəfərlik mütəşəkkil qrup artiq yanvar ayından Xankəndində idilər və 366 -ci polkun komandiri Yuri  Zarviqarovun razılığı ilə Xocalı üzərinə hazırlanan hücum planında iştirak etmək üçün hazır idilər.

 

Əməliyatda 366 – ci polkun Artileriya divizyonu, Zenit artileriyası, Tank rotası, 23 ədəd PDM – i, ruslardan ibarət 463-cü əlahiddə kimyəvi mühafizə hissəsi, 909 saylı Əlahiddə kəşfiyat batalyonu iştirak etmək üçün hazırlanmış idi. 1992 -ci il 23 yanvarında 366-cı polkun 194 nəfər ləzgi, tatar, qazax ,özbək və ürək qızdırmadıqları digər müsəlman əsgərlərini tərxis etmişlər.  Tərxis olunmuş hərbiçilərin yerini isə Fransa, ABŞ, Liviya və sair kimi ölkələrdə fəaiyyət gostərən terrorçular idilər.

Xocalı hadisəsinə 4 gün qalmış – fevralın 22-də Azərbaycan Respublikasının o zamankı prezidentinin yanında  baş nazir, «MTN»nin sədri və digərlərinin iştirakı ilə Təhlükəsizlik Şurasının  iclası oldu. Həmin iclasda qərara gəldilər ki, əgər Xocalıdan camaat çıxarılsa, ermənilər bunu oraya girmək üçün əsas kimi qəbul edəcəklər. Yəni biz özümüz onları Xocalıya girməyə təhrik etmiş olacağıq. Hətta Təhlükəsizlik Şurasının üzvləri də inanmırdılar ki, ermənilər sonradan genosidə çevrilən belə bir işə gedərlər. Onlar düşünürdülər ki, xalq ordan getsə Xocalını özümüz təslim etmiş olacağıq. Bu siyasi uzaqgörənliyin olmaması, situasiyanı bilməmək Xocalı hadisəsinə gətirib çıxırdı.

 

Xocalı şəhərinə hücum əməliyyatına 366-cı alayın zabitləri Seyran Ohanyan (hazırda – işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan Respublikasının yaratdığı oyuncaq qurumun “müdafiə naziri”), Yevgeni Nabokix, Valeri Çitçyan rəhbərlik etmişlər. Dinc əhaliyə qarşı soyqırımı cinayətlərində fəal iştirak etmiş alayın hərbi qulluqçularının, habelə digər cinayətkarların bir çoxunun adları bu gün Azərbaycan tərəfinə məlumdur.

 

Xocalıya hücum zamanı “Strela-10” raket qurğusundan istifadə edilib. Bu raketin  tərkibində olan kimyəvi maddələr düşdüyü yerdə uzun zaman zəhərlənmənin qalması səbəbilə bu silahın döyüş zamanı tətbiq olunmaması ilə bağlı 1973, 1982, 1984, 1985-ci illərdə imzalanan konvensiyalara imza atmasına baxmayaraq Xocalıda istifadə edən Ermənistan hələ də beynəlxalq təşkilatlar tərəfindən ciddi xəbərdarlıq almayıb.

 

İstintaqla müəyyən edilmişdir ki, erməni silahlı qüvvələri Xocalı şəhərinə quldurcasına gecə saat 22 radələrində basqın etmişdir. Əvvəlcə şəhəri şiddətli artilleriya atəşinə tutmuşlar. Sonra isə çoxsaylı ağır tanklar, PDM və zirehli transportyorlar vasitəsilə şəhərə daxil olmuşlar. Evlərində yatmış dinc əhalini vahiməyə salaraq vəhşicəsinə məhv etməyə başlamışlar. Bu zaman qadın, uşaq və ya qocaya aman vermədən qarşılarına çıxanı atəş yağışına tutaraq tank, PDM və digər texnika altına salaraq əzmiş, məhv etmişlər. Xocalıya hücuma hazırlıq fevralın 25-də axşam 366-ci alayın hərbi texnikasının döyüş mövqelərinə çıxması ilə başlanılmışdı. Şəhərə hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq atəşdən sonra başlandı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əskəran istiqamətində qaçmağa məcbur olmuşdu. Tezliklə aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçıvanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsilmiş və onlar gülləbarana tutulmuşlar.

 

Mühasirədən çıxmağı bacarmış dinc sakinləri yollarda,meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Azğınlaşmış cəlladlar insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmış, cəsədlərin bir qismini minalamışlar.

 

Xüsusi qəddarlıqla öldürülənlərin bəzilərinin adlarına və başlarına gətirlənlərə nəzər salaq: Telman Orucov, 1956-cı il təvəllüdlü, başının dərisi soyulub; Yelmar Əbdülov, 1949-cu il təvəllüdlü, başının dərisi soyulub; Fitat Həsənova, əlləri kəsilib; Bahadur Səlimov, 1928-ci il, cəsədi yandırılmış; İqbal Aslanov, 1970-ci il, yandırılıb, cinsiyyət üzvü kəsilib; Dilarə Nurəliyeva, gözləri çıxarılıb, döşləri kəsilib; Firəngiz Kərimova, 1935-ci il, bədəni tam doğranıb, gözləri çıxarılıb, döşləri kəsilib; Firuz Kərimov, 1960-cı il, diri-diri yandırılıb; Allahverdi Hüseynov, 88 yaşında, diri-diri yandırılıb; Ağayar İmani, 1989-cu il, diri-diri yandırılıb; Cəbrayıl Rəcəbov, 1961-ci il, gözləri çıxarılıb, qulaqları kəsilib; Canan Fərzəliyev, diri-diri yandırılıb; Ənahət Hümbətova, 1976-cı il, gözləri çıxarılıb, döşləri kəsilib; Hafiz Nuriyev, başı kəsilib; Hidayət Eyvazov, 1964-cü il, başı kəsilib; Vidadi Mustafayev, 1961-ci il, erməninin qəbri üstündə başı diri-diri kəsilib; Təvəkkül Əmirov, 1955-ci il, diri-diri yandırılıb; Əhməd İsayev, 1968-ci il xəncərlə başı kəsilib…

 

O vaxt Xocalıya yaxın olan ərazilərdə 12 dənə BMP, 12 dənə T-72 tankı, 44 dənə BRDM, 4 QRAD, 3000 atıcı silah, 3000-dən artıq qüvvə olmasına baxmayaraq kimlərinsə əmri ilə köməyə göndərilmədi. Xocalı hadisələri zamanı Binədə 7 helikopter var idi, amma onlardan biri də Xocalıdan insanları xilas etmək üçün havaya qalxmadı. Yeganə olaraq  Ağdam özünümüdafiə batalyonları Əsgərana hücum etdi, Qaraqaya yüksəkliyi alındı. Həmin hadisədə Qaraqaya alınmasaydı, Xocalıdan sağ çıxan olmayacaqdı. Xocalıda mülki insanlar üçün koridor yaradılması isə yalandır. Xocalıda insanların ən çox qətlə yetirildiyi yer «koridor» adlanan həmin ərazi olub.

Bir sıra rəsmi və qeyri-rəsmi mənbələr Xocalı faciəsi zamanı Azərbaycan tərəfindən 613 nəfərin öldüyünü bildirirlər. Onların heç də hamısı qətlə yetirilməyib. Bəzilərini qaçış zamanı qarda don vurub. Ölənlərin 60-dan çoxunun uşaq olduğu güman edilir. Bundan başqa, Xocalı sakinlərindən 490-na yaxınının yaralandığı, 1270-dən çoxunun isə əsir alındığı bildirilir. Ancaq bütün bu rəqəmlərin dəqiqliyi bir qədər şübhəli görünür.

 

Şəhər blokadaya düşənə qədər orada təqribən 7 minə yaxın sakinin olduğu deyilirdi. İşğal ərəfəsində isə bu rəqəmin təqribən 2500-ə endiyi güman edilir. Xocalı şəhərində yerli əhali ilə yanaşı Ermənistandan qaçqın düşən azərbaycanlıların və Özbəkistandan qovulan Axıska türklərinin bir hissəsi də məskunlaşdığından ölənlərin sayının daha çox olması faktın təsdiqləmək olar.

 

Xocalıda insanlığa qarşı baş verən cinayət barədə “Azərinform”un “Xocalı od içində” R-14 qrifli məlumatı Azərbaycan dövlət televeziyasına göndərilmiş, SOS siqanlı verilməsini istəmələrinə baxmayaraq teleşirkətin rəhbərliyi tərəfindən efirə buraxılmamışdır.

 

Xocalı şəhərində hərbi əməliyyatdan sonra 366-cı alayın cinayətdə iştirakının izlərini itirmək üçün alay tələm-tələsik Dağlıq Qarabağdan çıxarılıb Gürcüstana aparılmış, bu zaman hərbi texnikanın böyük hissəsi, yəni 9 tank, 4 zirehli transportyor, 70 piyada döyüş maşını, 4 “Strela-10” raket qurğusu, 8 top, 57 minaatan və digər silah-sursat erməni birləşmələrinə təhvil verilmiş və azərbaycanlı əhaliyə qarşı sonrakı cinayət əməllərində istifadə edilmişdir.

Ermənistanın prezidenti Serj Sarkisyanın cinayətdə bilavəstə iştirakı bu barədə Qarabağ münaqişəsindən bəhs edən “Qara bağ” kitabının müəllifi, məşhur jurnalist Thomas de Vaala verdiyi müsahibədə təsdiqlənmişdir. Müsahibəsində  aşkar surətdə Xocalı planının dinc əhaliyə qarşı soyqrım siyasəti əsasında hazırlandığını etiraf edir. Sarkisyan etiraf edir ki, “Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu.”

 

Xocalıda baş verən qanlı hadisənin soyqrım olduğunu digər ermənilər də etiraf edirlər. Onlardan biri,  Xocalı soyqırımı ilə əlaqədar ən mənfur, ən mənhus dırnaqarası yazılar, əsərlər yazmış müəllif Nazaryandır. Onun “Xocalı işi” adlı xüsusi qovluğu İnternetdə vardır. Hətta orada da yazılır: “Əlbəttə, heç şübhə yoxdur ki, Xocalı hadisələri genosidi xatırladır, genosidə bənzəyir”. Yəni Xocalı məsələsində Azərbaycan xalqına qarşı ən böhtançı, uydurma, qeyri-elmi mövqedən çıxış edən erməninin belə bir etirafı olduqca ciddi məsələdir.

 

Kanada ermənisi, hüquqşünas Vaskel Sitaryan İspaniyada nəşr edilən “Levante” qəzetinin 1992-ci ilin martın 26 sayında yazır: “Biz ermənilər 26 fevral Xocalıda baş verən hadisələrlə bağlı özümüz-özümüzü dünyada rüsvay etdik. Bizim üçün ağır olan beynəlxalq məhkəmələr qurulacaq. Kimdir erməni millətini məhkəmə qapılarına sürükləyən?”.

 

Helsinki Vətəndaş Asambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri Karen Ohancanyan müsahibəsində deyir: Mən Ermənistanda yeganə adamam ki, Xocalıda yaşayan Azərbaycan millətindən olan dinc vətəndaşlara qarşı zorakılığa görə şəxsən öz adımdan üzr istəmişəm.

Azərbaycan Respublikasında Xocalı faciəsi ilə bağlı başlanan istintaq iş üzrə 3000 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib. 800-dən artıq  ekspertiza keçirilib. Nəticədə 39 nəfərin (onlardan 18-i keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının hərbi qulluqçuları, 8-i Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşlarıdır) Xocalı qətliamında iştirakı tam sübuta yetirilib. Onlar axtarışdadırlar.

 

Xocalı faciəsi: real faktlar və həqiqətlərXocalı faciəsinin xüsusi amansızılıqda həyata keçirilməsini  beynəlxalq mediada təsdiq edir. Rusiyanın “Moskovski komsomolets” qəzeti 29 yanvar 1994 sayında gedən bir yazını diqqətinə çatdırım: “Xocalıdan əsir gətirilənləri gördük. Lakin onlar daha yaşamağa yaramırlar. Qışın şaxtasında onları sübh tezdən yalınayaq qarın-buzun üzərinə çıxarırlar. Başlarından soyuq su tökür, başlarında şüşə sındırırlar… Bir erməninin bir azərbaycanlı uşağı ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə və başına o qədər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı”.

 

İngiltərənin “Frant line news” telekompaniyasının əməkdaşı Rori Patriks efirdə demişdir: “Naxçıvanik kəndi (Xocalı ətrafında) yaxınlığında mən onlarla eybəcər hala salınmış meyidlər gördüm. Bunlar Xocalı şəhərinin dinc əhalisi, yaxın məsafədən güllələnmiş uşaqlar, qadınlar, qocalar idi”.

 

Ekspertizalarla müəyyən edilib ki, Xocalının məhv və talan edilməsi nəticəsində Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan artıq ziyan vurulub. İş üzrə istintaq tədbirləri davam etdirilir.

 

Biz dünyanın diqqətini məsələnin törədilmə xarakterinə, metodikasına yönəltməliyik ki, mədəni dünyada XX əsrin sonunda insanlığa qarşı belə bir vandalizm aktı törədilmişdir. Bu bəyanatda çox haqlı olaraq hesab edirik ki, Xocalı hadisəsi eyni ilə Xatında, Lidiçedə baş verənlərin təkrarıdır. Xatına, Lidiçeyə münasibətlər necədirsə, uyğun addımlar ataq. Xatın, Lidiçe beynəlxalq hüququn subyekti oldu və bütün ölkələrin qanunverici orqanlarına, siyasi həyatlarına, dərsliklərinə daxil oldu, biz də çalışmalıyıq ki, Xocalı faciəsini dünyaya tanıdaq. Əgər bu gün Xatında muzey varsa, niyə dövlət dəstəyi ilə Xocalı muzeyi yaradılmasın? Xocalıda baş verən hadisələr uzaq keçmiş deyil, nə 1915-ci, nə də 1943–1944-cü illərin hadisəsidir, bu günümüzün hadisəsidir. Dünyada elə bir soyqırımı hadisəsi yoxdur ki, Xocalı qədər lentlərdə, fotolarda təsbit edilmiş olsun.

 

Xocalı soyqırımı zamanı ermənilər tərəfindən törədilən ağlasığmaz vəhşiliklər və qəddarlıqlar göstərdi ki, bizim hər an qanımızı içməyə hazır olan milli düşmənlərimiz var! Həm də onlar lap yaxında, qonşuluğumuzda yaşayırlar. Bu hadisə digər düşmənin – vəzifə hərisliyinin xalqı neçə fəlakət girdabına  sala biləcəyini də əyani şəkildə göstərdi. Bəşəriyyət nəsli kəsilən və kəsilməkdə olan heyvanlar barədə “Qırmızı kitab” yaradıb. Bəs yox edilmiş,  yer üzündən silinmiş Xocalının və xocalıların “qırmızı kitab”ı hanı? Tarixçilərin, salnaməçilərin yazdıqları bəs nədir?  Bu gün biz anım günləri deyil, Xocalıya ƏDALƏT üçün hüquqi sənədlər hazırlamalı və dünyanı Xocalı faciəsi barədə məlumatlandırmaqla günahkarların cəza almasına çalışmalyıq.

 

Zaur Əliyev ,

 

 AMEA-nın əməkdaşı,

Siyasi elmlər üzrə fəlsəfə doktoru 

 “Diaspor və Lobbi Elmi Araşdırmalar” mərkəzinin sədri,

 

 

26.02.2014 13:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*