Azərbaycanca

Xocalı faciəsi zamanı əsir düşənlərin taleyi

26.02.2014 | 15:58

1393415213_sahin-sayilov11992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə insanlıq tarixinin ən dəhşətli cinayətlərindən biri – Xocalı faciəsi baş vermişdir. Azərbaycan Respublikası ərazisində 2-ci erməni dövləti yaratmaq iddiasında olan separatçı erməni silahlı birləşmələri, keçmiş Sovet Ordusunun Xankəndindəki 366-cı alayının köməyi ilə həmin gecə Azərbaycanın Dağlıq Qarabağ vilayətində yerləşən Xocalı şəhərinə ağır zirehli texnikanın vasitəsi ilə qəflətən hücuma keçmişdir.

Şəhərdəki hücumdan xəbərsiz olan, əksəriyyəti qoca, qadın və uşaqlardan ibarət dinc əhalini müdafiə edəcək hərbi qüvvə olmamışdır. Həmin gün onlarla Xocalı sakini yağı düşmənimiz olan ermənilər tərəfindən əsir götürülmüşdür. Əsir götürülənlərə insanlığa sığmayan işgəncələr verilmişdir. Xocalı faciəsi zamanı əsir götürülən soydaşlarımızın həyatının necə olması  barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi  Şahin Sayılova müraciət etdik.

 

Şahin Sayılov mövzu ilə bağlı  “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibə verdi:

 

–         Şahin müəllim,  Xocalı soyqırımı  zamanı bu şəhərin sakinləri hansı taleyi yaşayıb?

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texni­ka­sı­nın bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir. Xocalının işğalı zamanı bir gecədə şəhərdəki hücumdan xəbərsiz 613 nəfər – 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla,  işgəncələrlə öldürülmüş, insan­ların başları kəsilmiş, gözləri çıxarılmış, hamilə qadınların qarınları süngü ilə deşik-deşik edilmişdir. Hücumda həmçinin mayor Ohanyan Seyran Muşeqoviçin (hazırda Ermənistan Respublikasının Müdafiə naziridir)  komandanlığı altında 366-cı alayın 2-ci taboru, Yevgeni Na­bo­kixinin komandası altında 3-cü  taboru, 1 saylı taborun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. (“Xocalının işğalına dair istintaq materiallarından”)

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəl­cə­dən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mər­kə­zi­nin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təh­qi­rə məruz qalması  faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Eks­per­­tiza zamanı  müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfə­rin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da  qeydə almışdır.

Xocalı faciəsi zamanı əsir düşənlərin taleyi
 

–         Xocalı soyqırımı zamanı neçə nəfər itkin düşmüşdür ? 

Hazırda Dövlət Komissiyasında Xocalı soyqırımı zamanı itkin düşmüş şəxs kimi 185 nəfər qeydiyyata alınmışdır və barələrində axtarış-araşdırma işləri aparılır.  Onlardan 26  nəfər uşaq (11 qız) , 59 nəfər qadın, 44 nəfər isə  qocadır (21 qadın).

  

–          Onların sonrakı taleyinin aydınlaşdırılması üçün iş aparılırmı?

 

Dövlət Komissiyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş bütün vətəndaşlarımızın, o cümlədən Xocalı soyqırımı zamanı itkin düşən hər bir şəxsin sonrakı taleyinin aydınlaşdırılması üçün gündəlik axtarış-araşdırma prosesini həyata keçirir. Bu barədə Komissiyanın mətbuatda yaydığı materiallardan, o cümlədən Komissiyanın rəsmi internet səhifəsindən (www.human.gov.az) ətraflı məlumat almaq olar.

 

–          Məlumdur ki, əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarına Ermənistan hərbçiləri tərəfindən işgəncələr verilib…

 

Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb, ürəkləri parçalanmış, əksər meyitlər isə tikə-tikə doğranmışdır. Xocalı soyqırımı şahidlərinin başlarına gələnlər haqqında verdikləri ifadələri sizə deyirəm:

 

Heydərov Camal Əbdülhüseyn oğlu – “Qaraqaya deyilən yerin yaxınlığındakı fermanın 2 kilometrliyində eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti  var idi. Qətlə yetirilmiş uşaqların sinəsini yarıb, ürəklərini parçalamış, əksər meyitləri isə tikə-tikə doğramışdılar”.

 

Heydərov Şahin Zülfüqar oğlu – Naxçıvanlı kəndi (Xocalı)  yaxınlığında 80-ə yaxın meyit görüb. Meyitlər qorxulu vəziyyətə salınmış, başları kəsilmişdir. Milis mayoru Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin, Səlimov Mikayıl da qətlə yetirilənlər arasında olmuşdur.

 

Hümbətov Cəlil Hümbətəli oğlu – Ermənilər onun gözü qarşısında həyat yoldaşı Firuzə, oğlu Muğan, qızı Simuzər və  gəlini Südabəni güllələmişlər.

 

Xocalı faciəsi zamanı əsir düşənlərin taleyiPaşayeva Kübra Adil qızı – Kətik meşəsinə girəndə ermənilərin mühasirəsinə düşmüşdür. Gizləndiyi kolluqdan həyat yoldaşı Paşayev Şura Tapdıq oğlu və oğlu Paşayev Elşad Şura oğlunun güllələnməsinin şahidi olmuşdur.

 

Əmirova Xəzəngül Təvəkkül qızı – Xocalı işğal olunan zaman erməni silahlıları onun ailəsini bütünlüklə girov götürmüşdür. Ermənilər Xəzəngülün anası Rayanı, 7 yaşlı bacısı Yeganəni və xalası Göyçəni güllələyib, atası Əmirov Təvəkkülü isə benzin tökərək, yandırmışlar.

 

Əliyeva Zoya Əli qızı -150 nəfərə qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Əhmədova Dünya və onun bacısı Gülxar donaraq, ölmüşdür.

 

Mustafayeva Kübra Əliş qızı – “Ermənilər bizi girov götürən kimi yanımdakı altı nəfəri yerindəcə güllələdilər”.

 

Kərimova Səidə Qurban qızı – “12 nəfərlə birlikdə girov götürüldük. Ermənilər qızım Nəzakəti, Tapdığı, Səadəti, İradəni işgəncə ilə öldürdülər”.
Nəcəfov Əli Ağami oğlu – “Ermənilər qaçan adamları mühasirəyə alaraq, 30-40 nəfəri yerindəcə güllələmişlər”

 

–          Xocalı soyqırımı zamanı əsir-girov götürülmüş neçə nəfər azad olunmuş şəxs kimi Dövlət Komissiyasının qeydiyyatındadır?

 

Xocalı soyqırımı zamanı əsir-girov götürülmüş  381 nəfərin azad edilməsi barədə məlumat Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Onlardan 112 nəfər (45 qız)  uşaq,  190 nəfər qadın, 74 nəfər (35 qadın) isə qocadır.

 

 

 

Günel Cəlil

 

“KarabakhİNFO.com”

26.02.2014 15:58

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*