Azərbaycanca

Xocalı hadisəsi qətliamdır, yoxsa soyqırım?

05.03.2013 | 12:40
1362472654_terezi_300“Erməni qətliamı” yoxdur. Ermənilər türkləri qətl etmişlər”.                                   Amerikalı tanınmış tarixçi prof. J. Macharty   “Zaman” qəzetində erməni əsilli köşə yazarı, yazıçı Etyen Mahcupyan yazılarının birində belə bir ifadə işlədib: “Xocalı bir qətliam yaşandıgını etiraf edirəm. Ağlasığmaz bir vəhşət yaşanıb.” Bu müsahibə zamanı bir sual oxucularda yarana bilər:           Xocalı hadisəsi qətliamdır, yoxsa soyqırım? Bu günə qədər mətbuatda bu iki anlayışdan sıx-sıx istifadə edilsə də onların qarşılıqlı müqayisəsinə rast gəlinməmişdir. Lakin qeyd edilən anlayışların fərqinə varmadan bəzi mətbuat işçiləri hadisəni qətliam, digərləri isə soyqırım kimi qiymətləndirməkdədirlər. Əslində bu 2 anlayış həm etimologiyasına, həm də hüquqi qiymətinə görə bir-birindən fərqli anlayışlardır. Azərbaycan dilinin izahlı  lüğətində “qətliam” ələ keçirilən bir ölkənin bütün əhalisinin qılıncdan keçirilməsi, kütləvi qırğın kimi  dəyərləndirilir. Beynəlxalq hüquq kitablarında  qətliam əksəriyyətlə irq, din və ya siyasi düşüncə fərqliliyi səbəbiylə edildiyi qeyd edilir.  Bəzən də əqli çatışmamazlıqdan əziyyət çəkən şəxs  tərəfindən qrup və fərdi insanların da hədəfə alınaraq onları qətl etməsində rast gəlmək olar. Misal olaraq Norveçin paytaxtı Osloda 77 dinc ölkə vətəndaşını qətlə yetirən terrorçu və Norveç qatili Anders Breyvikin hadisəsin misal göstərə bilərik. Beynəlxalq hüquqda “genosid” termini, yunan dilində olan “genos” – nəsil, kök, soy mənasını verən sözlə, latın dilində “öldürürəm” mənasını verən “caedo” sözlərinin birləşməsi nəticəsində yaranan “genosid” termini – Azərbaycan dilində “soyqırımı” mənasını verməklə, ilk dəfə olaraq 1944-cü ildə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən Avropa yəhudilərinin faşistlər tərəfindən milli mənsubiyyətinə görə kütləvi şəkildə, dövlət səviyyəsində, planlı surətdə məhv edilməsi siyasətini ifadə edən bir termin kimi işlədilmişdir. Tarixən aparılan siyasətin sonrakı mərhələlərində ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilməsinə yönələn cinayət əməlləri “soyqırımı” adlandırılmağa başlandı. Beynəlxalq hüquq və yerli qanunvericlikdə açıq-aşkar yazılır: “Soyqırım – etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistematik şəkildə tam və ya qismən məhv edilməsidir.” Bu, “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın) 2-ci maddəsində “milli, etnik, irqi və ya dini qrupu tamamilə və ya qismən məhv etmək niyyəti ilə törədilmiş aşağıdakı hərəkətlərdən – qrup üzvlərini öldürmək; qrup üzvlərinə ciddi fiziki və ya mənəvi ziyan vurmaq, qrupun tam və ya qismən fiziki məhvi məqsədilə qrupda həyat şərtlərini düşünülmüş şəkildə aşağı salmaq; qrupda olacaq doğumların qarşısını almaq üçün tədbirlər görmək; (və) uşaqları bir qrupdan zorla digər qrupa köçürmək – biri” kimi nəzərdə tutulmuşdur. 9 dekabr 1948-ci ildə “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” BMT Konvensiyası qəbul edildi. Həmin konvensiyanın 2-ci maddəsinin tələbinə görə milli, etnik, irqi, yaxud dini qrupun üzvlərinin öldürülməsi, onlara ağır bədən xəsarətlərinin yetirilməsi, hər hansı qrup üçün qəsdən onu tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması, bu qrupdan olan doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi, uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi kimi hərəkətlər “soyqırımı” hesab edilir. Konvensiyanın 3-cü maddəsinin tələbinə görə soyqırımı, belə əməlləri törətməyə yönəlmiş gizli sövdələşmə, soyqırımı cinayətlərini törətməyə birbaşa və açıq təhrik, soyqırımı törətməyə yönəlmiş qəsd və soyqırımında iştirak etmək kimi əməllərin hər hansı birini törətmiş şəxslər, soyqırımı cinayətini törətmiş hesab olunur və cəzalandırılırlar. Cinayət qanunvericiliyində bu məfhuma uyğun xüsusi maddə də nəzərdə tutulmuş (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 105-ci maddəsi) və qeyd edilmişdir ki, soyqırım əlamətləri olmadan əhalini bütövlükdə və qismən məhvetmə əməli əhalini məhvetmə cinayəti kimi qiymətləndirilir. Soyqırım isə Azərbaycan Respublikası Cinayət  Məcəlləsində başqa bir maddə ilə (103-cü maddə) tövsif edilir və göstərilir ki, hər hansı milli, etnik, irqi və ya  dini qrupa, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədi ilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma, qrupun bütövlükdə və ya qismən fıziki məhvinə yönəlmiş yaşayış şəraiti yaratma, qrup daxilində doğumların qarşısını almağa yönəlmiş tədbirləri həyata keçirmə, bir qrupa mənsub olan uşaqları başqa qrupa keçirmə soyqırım cinayətinin tərkibini yaradır. Xocalı hadisəsini törətmiş ermənilərin əməlləri cinayət məcəlləsinin məhz bu maddəsi ilə tövsif edilməlidir. Bu hadisə Azərbaycanda və qardaş Türkiyədə “Xocalı qətliamı”, “Xocalı soyqırımı” kimi anılır. Ermənistanda isə bu əməliyyat “Xocalı döyüşü”, “Xocalı hadisəsi” terminləri ilə ifadə olunur. Qərb və dünya mətbuatı “Xocalı qətliamı” (ing. “Khojaly Massacre”, fr. “Massacre de Khodjaly”) terminindən istifadə etməyə üstünlük verir. Lakin Azərbaycan Respublikasının qoşulduğu BMT-nin “Genosid cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il konvensiyasının 6-cı maddəsi, Azərbaycan Respublikasının Cinayət və Cinayət-Prosessual məcəllələri Xocalıda soyqırımı kimi ağır cinayətləri törətməkdə ittiham olunan şəxslərin cinayət işlərinə Azərbaycan Respublikasının səlahiyyətli məhkəmələrində, yaxud yurisdiksiyası onun yurisdiksiyasını tanımış Beynəlxalq Cinayət Məhkəməsində baxılmasını və təqsirli şəxslərin layiqincə cəzalandırılması üçün bütün qanuni tədbirlərin görülməsini tələb edir. Azərbaycan Resbublikası Cinayət Məcəlləsində Xocalıda baş verən soyqırım və digər beynəlxalq cinayətləri törədən caniləri mühakimə etmək üçün maddələrin hamısı vardır. Ermənistanın müharibə zamanı beynəlxalq hüquq normalarına məhəl qoymaması ilə bağlı faktlar yalnız bununla bitmir. Beynəlxalq humanitar hüququn tələblərinə əsasən müharibə yalnız silahlı münaqişədə olan tərəflərin silahlı qüvvələri arasında aparılmalıdır. Mülki əhali döyüşlərdə iştirak etməməli və onlarla hörmətlə davranılmalıdır. “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyasının 3-cü maddəsinə əsasən mülki əhalinin həyatına və təhlükəsizliyinə qəsd, o cümlədən onların hər cür öldürülməsi, şikəst edilməsi, onlarla qəddar davranılması, onlara əzab və işgəncə verilməsi, insan ləyaqətinə qəsd, təhqir və alçaldıcı hərəkətlər qadağan edilir. Konvensiyanın 33-cü maddəsində isə qeyd olunur ki, heç bir mülki şəxs törətmədiyi hüquq pozuntusuna görə cəzalandırıla bilməz. Mülki əhaliyə qarşı kollektiv cəza tədbirlərinin görülməsi, mülki əhalini qorxuya salmaq, onlara qarşı terror hərəkətləri, bu insanların repressiyaya məruz qoyulması birmənalı qadağan edilir. Həmin Konvensiyanın 34-cü maddəsinə görə mülki əhalinin girov götürülməsi də qadağandır. Lakin təkcə Xocalıda 1000-dən artıq insanı girov götürən ermənilər bu prinsipə də aşkar sayğısızlıq nümayiş etdirmişdilər. Ermənistan silahlı qüvvələri bu hüquq normalarına məhəl qoymamış, Xocalıda dinc əhalininməhvi üçün ən qəddar üsullara əl atmışlar. Xocalı soyqırımı və işğalçı Ermənistanın torpaqlarımızda törətdiyi digər faciələr nəticəsində “İnsan hüquqları haqqında Ümumi Bəyannamədə”, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasında və digər beynəlxalq aktlarda təsbit olunmuş hüquq və azadlıqlar, o cümlədən insanların yaşamaq hüququ kobud şəkildə, kütləvi surətdə pozulmuş, insanların şərəf və ləyaqəti tapdalanmışdır. Qeyd edək ki, dünya təcrübəsində belə hallar çox olmuşdur. Misal olaraq 1962-ci ildə Burundi müstəqillik qazandıqdan sonra orada soyqırım adlandırılmış 2 hadisə baş vermişdir. 2002-ci ildə BMT Təhlükəsizlik Şurasına təqdim edilmiş Burundi üçün Beynəlxalq Araşdırma Komissiyasının son raportunda 1972-ci ildə tutsi ordusu tərəfindən hutuların kütləvi qətli və 1993-cü ildə hutu əhalisi tərəfindən tutsilərin qətliamı soyqırım kimi tanınmışdır. Daha bir misal Sabra və Şatila qətliamları 1982-2000-ci illər Cənubi Livan münaqişəsinin başlamasına yaxın dövrdə, 1982-ci ilin sentyabrında Sabra və Şatiladakı Fələstin qaçqın düşərgələrində Livan Maronit xristianları/Falanqa hərbi qüvvələri tərəfindən törədilmişdir. Qətliam qurbanlarının sayı 700-3500 olaraq hesablanır. Qətliama görə məsuliyyət icraçı kimi falanqaçılara və dolayı olaraq falanqaçıların müttəfiqi olan İsrailə aid edilir. .1982-ci ilin 16 dekabrında BMT Baş Assambleyası qətliamı tanıdı və bunun bir soyqırım aktı olduğunu bəyan etdi. “Qətliam bir soyqırım aktı hesab olunur” müddəası olan 2-ci bölmə 19 səsə qarşı 98 səslə keçdi, 23-ü səsvermədə iştirak etmədi. Bütün Qərb demokratiyaları səsvermədə iştirak etmədi lakin buna baxmayaraq qətilam termini özünü soyqrım termini ilə əvəz elədi bu prosesdə. Bütün bunlar deməyə əsas verir ki,

  1. Xocalıda baş verən cinayət soyqırım cinayəti idi. Çünki məqsəd konkret ərazidə yaşayan və konkret milli mənsubiyyətə məxsus olan əhali qrupunun məhv etmək olmuşdur.  Əməliyyatı  hazırlayanlar, onun həyata keçirilməsinə göstəriş verənlər və onu icra edənlər öz məqsədlərinə çatmış və əhalinin əhəmiyyətli hissəsini yaş, cins tərkibinə əhəmiyyət vermədən məhv etmişlər.
  2. Xocalıda baş verənlər İnsanlıq Əleyhinə cinayət idi. Çünki əməliyyatı həyata keçirən tərəf şəhər üzərində nəzarəti təmin edərək dinc əhaliyə qarşı amansız divan tutmuş, bütün yaş qrupuna daxil olan insanları qətlə yetirmiş, işgəncə vermiş, əsir götürmüş, uzunmuddət psixoloji və fiziki təzyiqlər altında saxlamış, cinsi zorlama, zorla hamilə etmə, orqanların çıxarılması kimi qəddar və hərbi əməliyyatlara aidiyyatı olmayan və mülki əhaliyə yönələn vəhşiliklər törətmişlər.
  3. Xocalıda baş verənlər hərbi cinayət idi. Çünki baş verən qətllər, digər zorakı hərəkətlər, şəhərin tamamilə yerlə yeksan edilməsi hərbi məqsədlərə çatmaq üçün zəruri olan hədlərdən çox kənara çıxırdı. Həyata keçirilən əməliyyatın məqsədi təkcə bir inzibati ərazi vahidinin işğal olunması deyildi, həm də bu şəhərin sakinlərinin və özünün məhvi idi.

Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, ermənilərin terrorçu, işğalçı əməllərinə qarşı qəti tədbirlər görülməmişdir. Lakin ölkə rəhbərliyinin bu məsələ ilə bağlı gördüyü işlər bizə əminliklə deməyə əsas verir ki, gec-tez nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək, işğalçı Ermənistan  dövlətinə qarşı sanksiyalar tətbiq edəcəklər.   Əlavə məlumat üçün: http://karabakhinfo.com/arasdirma/1025-xocal-soyqrm-beynlxalq-cinayt-kimi.html     Zaur Əliyev AMEA-nın əməkdaşı Diaspor və Lobbi Elmi Araşdırmalar mərkəzinin sədri Siyasi fəlsəfə doktoru     “KarabakhINFO.com”

 

05.03.2013 12:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*