Azərbaycanca

Xocalı hadisəsindən sonra, döyüşə getməyə qərar verdim

17.07.2013 | 13:29

1374053109_aida-xAzərbaycan tarix boyu mənfur qonşusuna qucaq açıb evinin, ailəsinin əziz qonağı bilib. Sonda xəyanətinə tuş gəlib. Əslində ömür boyu xisləti bu olub erməninin, oğurluq, talançılıq, qansızlıq, insanlığa sığışmayan soyqırımlar.  Qarabağ müharibəsində qəhrəmanlıqları ilə ad çıxaran əsgər və zabitlərimiz çox olub. 

 

Bu gün müsahibim:

 

     Qarabağ uğrunda gedən döyüşlərdə Bərdə Özünü müdafiə  batalyonun  komandir  müavini olmuş, hazırda Polis mayoru rütbəsini daşıyan  Aida Şirinovadır.  O,  Azərbaycan Hərb tarixində ən yüksək vəzifəyə ucalmış xanımlarımızdandır. Aida xanımla biz bu yaxınlarda Qarabağ Şəhidlərinə həsr olunmuş bir muzeyin açılışında qarşılaşdıq. Tədbirdə o, mənim diqqətimi çox çəkdi. Ona yaxınlaşıb tanış oldum. Çünki hamının ona yüksək diqqət, hörmət və ehtiramı məndə də o, xanıma qarşı tanımadan bilmədən xoş təsürat yaratdı.  O, mənə özü haqda yazıçı Canalı Mirzəliyev tərəfindən yazılmış “Müqəddəs hissin təzahürü” kitabını bağışladı. Kitabı alan gün oxumağa başladım.Kitabı oxuyub onu daha yaxından tanıdıqdan sonra, Aida xanımla görüşməyi özümə borc bildim. Zəng vurdum görüşmək istəyimi bildirdim o, da sağ olsun etiraz etmədi. Görüşdük. Sən demə, onunla bağlı yazıçı Meyxoş Abdullahın qələmə aldığı “Komutan” kitabı da bu yaxınlarda işıq üzü görəcəkmiş. İnanıram ki, döyüşçülərin “qaqa” kimi tanıdığı Aida xanımın ağrılı-acılı,  keşməkeşli döyüş yolu sizin üçün də maraqlı olacaq.

 

–  Aidə xanim sizin üçün müharibə anlayışı nədir?

 

Müharibə anlayışını mən bu yaxınlarda işiq üzü görəcək “Ey Türk oğlu, qalx ayağa” kitabımda belə ifadə etmişəm:

 

MÜHARİBƏ NƏDİR?

 

M- məhrumiyyət

Ü-ümüdsizlik

H-həsrət

A-ayrılıq

R-rəzalət

İ-itki

B-bədbəxtlik

Ə-ədalətsizlik

 

Mənə elə gəlir ki, müharibənin insanlara verə biləcəyi bəlalar burda daha aydın izah olunur.

 

Xocalı hadisəsindən sonra, döyüşə getməyə qərar verdim–  Belə bir deyim var, “deyirlər döyüş uzaqdan adama asan görünür”. Sizin üçün necə döyüşmək çoxmu çətin oldu? 

 

–  Elə yaxşı deyilib, doğru deyilib ki, çox şey uzaqdan asan görünür. Bilirsinizmi müharibəyə dəli-dolu insanlar gedir.  Hər gün  hər saat, hər an ölümlə üz-üzə dayanan və özü də şəhidlərlə bərabər gündə neçə dəfə ölüb-dirilən insanlar , müharibənin çətin və ya asan olduğunu daha yaxşı dərk edirlər. Bunları görməyənlərə isə hər şey asandır.

 

–  Təbii ki, müharibə yalnız itkilərə səbəb olur. Qazandığınız nə oldu desəm…?

 

–  Müharibə elə özü itki deməkdi. Yəni insan torpağını vətənini, elini obasını, əzizlərini, ev-eşiyini həyatda nəyi varsa hamısını itirir. Təbii ki, itirdiyin qazandıqlarından çox olur. Qazancın isə belə bir şərəfli həyat yolu keçirsən və kamilləşirsən. Bütün çətinliklərə dözməyə alışırsan.

 

 –  Siz cəbhənin hansı istiqamətlərində gedən döyüşlərdə iştirak etmisiniz?

 

–  Ağdərə bölgəsində gedən bütün döyüşlərdə  eləcə də Marağa, Marquşağan, Aşağı Yuxarı Çaylı, Həsənqaya, Hasapet, Drambon, Çıldıran və s kimi bütün kəndlərdə gedən döyüşlərdə iştirak etmişəm.

 

–  Necə oldu ki, müharibəyə getməyə qərar verdiniz?

 

Bilirsinizmi Qarabağ bölgəsində bu hadisələr 1988-ci ildə başlamışdır. Mənfur qonşular Xankəndində hər gün mitinqlər edir, yollara çıxır, Ağdamdan Şuşaya gedən yolu kəsir, maşınları daşqalaq edir, insanları yaralayır və girov götürürdülər. Artıq bıçaq sümüyə dayanırdı, insanların səbri tükəndi. Əraziyə  rus qoşunlarının nəzarət etməyinə baxmayaraq, hər gün bu vəziyyət daha da çətinləşirdi.  Günbəgün cəbhədən aldığımız ağır xəbərlər, dinc əhalinin vəhşicəsinə öldürülməsi, əsr götürülməsi təbii ki, bu millətin bir övladı kimi mənim də içimdə bir qisas hissi oyatdı. Nəhayət 1992-ci il Xocalı soyqırımından sonra qəti qərara gəldim ki, mən də döyüş bölgəsinə gedim. Demirəm ki, mən nəsə çox böyük işlər edəcəkdim. Sadəcə heç olmasa ehtiyacı olan yaralılara kömək edə bilərdim. Həm də sanki, hadisələrin içində olub, mən də bir vətəndaş kimi vətən borcunu qaytarmaq istəyirdim. Odur ki, heç bir çətinlikləri düşünmədən cəbhəyə getdim.

 

 

 –  Sizə mane olan olmadımı?

 

Niyə olmadı, o qədər getmə, sənin ürəyin belə işlərə dözməz, sən qız uşağı müharibədə nə işin var deyənlər az olmadı. Mən qərarı bir dəfə verirəm. Bunu məni tanıyanların hamısı yaxşı  bilirdi.

 

  –  Bəs ananız mane olmadımı?

 

–  Əlbəttə ki, ana ürəyidir, içində  bəlkə də getməyimi istəmirdi. Ancaq mənim qərarıma çox böyük hörmətlə yanaşdı.

 

 Xocalı hadisəsindən sonra, döyüşə getməyə qərar verdim  –  Necə oldu ki, Bərdə özünü müdafiə batalyonu yarandı?

 

– 1992-ci ildə artıq müharibənin çox kəskin şəkil aldığı bir vaxt idi. Beləliklə, bölgədə özünü müdafiə batalyonları yaranmağa başladı. Köçkünlər yaşayan “Pioner” düşərgəsində də Bərdəli Elçin Əliyev bir batalyon yaratdı. ( Sonra həmin batalyon MN-də 733 saylı hərbi hissə adlanırdı). Elçin müəllim Dəniz Donanmasında çalışıb. İşinin peşəkarı idi.  Bu hissə təxminən bizim evimizdən 2,5 km aralı idi. Elçin Əliyevin batalyonu həm də idmançılar batalyonu adlanırdı. O, özü həm də güləş üzrə idman ustası idi.

 

 –  Aidə xanım bilirik ki, Batalyona gəlişinizdən qısa müddət ərzində Batalyon komandır müavini təyin olunmusunuz. Kişilərlə çiyin-çiyinə belə məsuliyyətli işdə çalışmaq, təbii ki, biz müharibə şəraitini nəzərdə tuturuq sizə çətin olmadı ki?

 

– Əksinə əsl kişilərlə bir cərgədə durmaqdan şərəf duyurdum.

 

Mən arımı atmadım,

Namusumu satmadım.

Kişilər cərgəsində,

Kişi kimi yaşadım.

 

Mənə elə gəlir bu misralar sizin suala daha dolğun cavab verir.

 

– Nəyə görə sizi “Qaqa” deyə çağırırdılar?

 

–  Bilirsiniz Batalyonda çox gənc yeniyetmə əsgərlərimiz vardı. Mən onların çoxunun adını yadımda saxlaya bilmədiyim üçün  onlara “qaqa” deyə müraciət edirdim. Bir də ki, müharibə, hər gün ölümlə üz-üzə dayanmaq, bizi bir-birimizə daha da doğma – qardaşdan artıq etmişdir. Bu “Qaqa” sözü dəstə tərəfindən o qədər səmimi qarşılandı ki, çox məhşur bir ifadəyə çevrildi. Beləcə günlərin bir günü fərq etdim ki, onlar da mənə qaqa deyirlər. Bu mənim həyatda qazandığım ən gözəl ayamalardan biridir. Demək mən onu qazandım.

 

 – Atəşkəsə qədər həmin Batalyondamı fəaliyyət göstərdiniz yoxsa …?

 

– Xeyr, mən sonra  1993-cü ildə Şuşa Rayon Polis Şöbəsində işə dəvət aldım. İşə başladım. 1994-cü ilin əvvələrində Ağdərə Polis şöbəsində Azyaşlılar üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışdım. Və daha da ön xəttə oldum.  1998-ci ildə Qaradağ rayon Polis idarəsində Pasport qeydiyyat bölməsinə baş inspektor vəzifəsinə təyin olundum.  2008-ci ilin iyul ayından isə, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində çalışıram.

 

 – Aidə xanım, Hərb tarixində özünüzə məxsus yer tutan və müharibənin qaynar nöqtələrində xidmət edən bir hərbiçi kimi Qarabağ savaşının qələbə ilə nəticələnəcəyinə inanırsınızmi? Buna bizim qüvvəmiz varmı?

 

Mən haqqa inanıram. Ədalət bizim tərəfimizdə olduğuna görə gec-tez ədalətin zəfər çalacağını görəcəyik.

 

Namussuza arsıza,

Dərs verməyə gücüm var.

Kaş bir gün deyələr ki,

Qarabağa hücum var.

 

– Aida xanım, bu günkü gənclərə nə arzu edirsiniz?

 

 Yalnız haqqın bayrağı altında dayanmalarını arzu edirəm.

 

Xocalı hadisəsindən sonra, döyüşə getməyə qərar verdim– Sonda vaxtınızı bizə ayırdığınız və dəvətimizi qəbul edib gəldiyiniz  üçün sizə təşəkkür edirik.

 

  Vasif Əlihüseyn

 

 “KarabakhİNFO.com”

 

 

 

 

 

 

17.07.2013 13:29

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*