Azərbaycanca

Xocalı: məhv edilmiş şəhərin gizlinləri

26.02.2013 | 17:19

1361884011_xocalimBiz üstündən cəmi 21 il ötmüş, böyük faciəni yaşamış bir millətin nümayəndələriyik. Bircə gecənin içərisində sorağı minilliklərdən gələn Xocalımızı itirmişik…Bəşər tarixində soyqırımına və buna bənzər kütləvi qətliamlara aid nümunələr az da olsa, vardır. Lakin bütöv şəhəri mühasirəyə alıb, bir gecənin içərisində yer üzündən silmək, silahsız, dinc əhalini kütləvi surətdə qətlə yetirmək, şikəst etmək, körpədən tutmuş, qocaya qədər heç kəsə aman verməmək, meyitləri təhqir etmək, eybəcər hala salmaq… Budur erməni vandalizminin iç üzü.

         … Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə xüsusi qəddarlıqla və planlı şəkildə törədilmiş bəşəri cinayət, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasətinin ən vəhşi forması idi. Gecə yarısı şəhər toplardan və ağır artilleriyadan şiddətli atəşə tutuldu. Mühasirəyə alınan dinc əhali Ağdama çatmaq ümidi ilə şəhəri tərk etdi. Şəhərin çıxış yollarında pusqu qurmuş düşmən amansız şəkildə 613 nəfəri  qətlə yetirdi. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. 8 ailə tamamilə məhv edildi,25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynindən birini itirdi. 487 nəfər yaralandı ki, onlarında 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150-si itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 milyard rubl dəyərində ziyan vuruldu. Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı.  

      Həmin müdhiş gecədən iki gün sonra tərkibində yerli jurnalistlərin də olduğu qrup vertolyotla azərbaycanlıların həlak olduqları yerə çatdı. Gördükləri mənzərə hamını dəhşətə gətirdi. Yamac, dağ-dərə cəsədlərlə dolu idi. Martın 1-də xarici jurnalistlər də bu dəhşətli canlı görüntülərin şahidi oldu. Meyitlərin üz dərilərinin soyulması, qulaqlarının, burunlarının kəsilməsi, gözlərin çıxardılması, çoxsaylı bıçaq və güllə yaraları, ağır texnika ilə əzilmələr, yandırma halları aşkar edildi.

Bu, eynilə Mir Mövsüm Nəvvabın və Məmməd Səid Ordubadinin öz əsərlərində işıqlandırdıqları 1905-1906-cı illərdə baş vermiş erməni-azərbaycanlı münaqişəsi, 1918-ci ildə baş vermiş dəhşətli mart qırğınları zamanı da baş vermişdir. Göründüyü kimi, bir əsrlik tarix belə bu vəhşi xalqın “dəsti-xəttini” dəyişməmişdir. O zaman da qadın, qoca, uşaq, bilinmədən heç kəsə rəhm olunmamışdı, xüsusi qəddarlıqla öldürülmüşdü. Xocalıda da rəhm edilmədi. O zaman da meyitlər təhqir olunurdu, müasir dövrümüzdə Xocalıda da təhqir olundu.

         Fransanın paytaxtı Parisdə nəşr olunan “Krua 1Eveneman” jurnalı 1992-ci ilin 25 fevral buraxılışında yazırdı : “Ermənilər Xocalıya hücum etmişlər.Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər barədə xəbər verirlər.” Londonda  çıxan “Tayms” qəzeti də  4 mart 1992-ci il tarixli nömrəsində yazırdı ki, “Çoxları (meyitlər- A.T.) eybəcər hala salınmışdır, körpə qızın ancaq başı qalmışdır.”

 “İzvestiya” qəzeti də hadisələrin təfsilatını bu şəkildə verərək yazır: “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir. Kişilərin skalpları götürülmüşdür.”

 Bu gün ermənilər Xocalıda törətdikləri vəhşilikləri cidd-cəhdlə inkar etməyə çalışırlar.  Lakin təkcə “Le Monde” qəzetinin yazdıqları erməni vəhşiliyini  göstərmək üçün daha bir nümunədir. Parisdə nəşr olunan bu məşhur qəzetin 14 mart 1992-ci il tarixli sayında yazılır: “Ağdamda olan xarici jurnalistlər, Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxardılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, reallıqdır.” Maraqlıdır ki, erməni lobbisinin çox güclü dayaqlara sahib olduğu Fransada Le Monde qəzetində gedən bu faktın qarşısı necə alınmayıb maraqlıdır. Çox güman ki, alınmağa cəhd edilib. Lakin həqiqət bu qədər böyük olanda onu saxtalaşdırmaq qeyri-mümkündür.

                  Amerikalı  yazarı dəhşətə gətirən görüntülər

 

Xocalı: məhv edilmiş şəhərin gizlinləri

“…Sonuncu dəfə Xocalıda bir ay əvvəl olmuşdum. O vaxt artıq ora getmək təkcə vertolyotla mümkün idi. Ermənilər Ağdama gedən yolu tutmuşdular. Azərbaycanın hökumət rəhbərləri qəti şəkildə inkar etsələr də, Xocalıda nəsə dəhşətli bir olayın baş verdiyi məlum idi. Vaxt itirmədən Londonun  “İndependent”indən Xyu Poupla Ağdama yola düşdük. Axırıncı dəfə Əliflə getmişdik ora. O deyirdi ki, son üç ayda ucqar kəndlərin hamısını ermənilər bir-bir  işğal ediblər. Azərbaycanlıların əlində yalnız Xocalı qalıb ki, onların  da arasında yol kəsilib. Bizim hamımızı satıblar, əgər hökumət istəsə, Ağdama gedən yolu bir gündə açar.  Eşitdiklərimizə inana bilmirdik. Onlar deyirdilər ki, ermənilər rus əsgərləri ilə birləşərək fevralın 25-i  gecəsi Xocalı şəhərini Yer üzündən silib, yüzlərlə insanı qətlə yetiriblər.  Sağ  qalanların  üz-gözləri  cırıq-cırıq, ayaqları yalın, soyuqdan və qışqırmaqdan səsləri çıxmırdı. Raziyə Aslanova adlı bir qadın ağlaya-ağlaya bildirdi ki, həyat yoldaşını və kürəkənini onun gözləri qarşısında öldürüblər, qızı isə itkin düşüb. Yüzlərlə, bəlkə də min nəfər mülki şəxs onları müdafiə edən bir ovuc döyüşçü ilə birgə bildirçin ovundakı kimi gülləbaran edilmişdi. Cəsədlərin çoxu əlçatmaz yerlərdə, meşədə, dağlarda qalmışdı. Xocalı insan məskəni deyil, qarğaların sakin olduğu məkana bənzəyirdi. Bir gecədə min ölü? Bu, qeyri-mümkün kimi görünürdü. Lakin biz kiçicik araşdırma aparandan sonra ölənlərin sayı barədə deyilənlərin həqiqət olduğunu gördük…

 “Röyter” agentliyinin müxbiri Elif Kaban sarsılaraq sanki ağlını itirmişdi. Həyat yoldaşım Hicran iflic olmuşdu. Fotoqraf Oleq Litvin huşsuz hala düşmüşdü. İnsanlar dəhşətli şeylər danışırdı. Bir qrup insan ənənəyə uyğun olaraq ölüləri yuyub, kəfənləyib iri yük maşınlarına dolduraraq dəfn olunmaq üçün qəbiristanlığa daşıyırdı. Bəzi meyitlərin başlarının  dərisi  soyulmuşdu,  bədənlərinin  müxtəlif hissələri kəsilmişdi.”

Bu fikirlər sözsüz ki, hansısa bir azərbaycanlının müşahidələri və gəldiyi nəticə deyildir. Bu, dəhşətli soyqırımı qurbanlarının canlı şahidi və Qərb mətbuatına Xocalı haqqında gerçək bilgiləri ilk dəfə ötürən ABŞ-dan olan yazıçı-jurnalist Tomas Qoltsun xatirə qeydləridir. Məsələ bundadır ki, Tomas Qolts kimi obyektiv jurnaslitlərin qeydləri kifayət qədərdir. Lakin ermənilər utanmadan Xocalıda etdiklərini nəinki etiraf etmək, üzr istəmək   istəmir, hətta gələcək nəsilləri də yeni Xocalı faciələri törətməyə ruhlandırır, xalqımızı terrorla hədələyirlər.

                  Xocalıdakı amansızlıq Xatından da dəhşətlidir  

 

 Xocalı: məhv edilmiş şəhərin gizlinləriErməni-daşnak ultra-millətçiləri və onların havadarları,  az qala, bir  əsrə yaxındır ki, hər  il uydurma  “erməni genosidi” gününün bütün dünyada qeyd olunması üçün dəridən-qabıqdan  çıxır,  öz  yalanlarını  bəşəriyyətə sırımağa çalışırlar. Məzlumluq və zəiflik pərdəsinə  bürünmüş erməni lobbisi XX əsrin sonunda öz etdikləri soyqıımı dünyanın diqqət mərkəzindən kənarlaşdırmaq üçün hər vasitəyə əl atırlar. Hərçənd anlamırlar ki, 1992-ci ilin 1915-ci ildən ən böyük fərqi budur ki, sonuncuda kamera, videotexnika, fotoaparatlar, hadisə yerinə gələn jurnalistlər mövcud idi. Bu böyüklükdə hadisəni təhrif etməyə çalışmaq, boynundan atmaq kimi cəhdlərin heç bir faydası yoxdur. Kifayət qədər ciddi faktlar və videomateriallar ermənilərin bu soyqırımına şahidlik etməkdədir. Biz ölənləri də, itkin düşənləri də olduğundan fərqli səpkidə təqdim etmirik. Bizim statistikamız faktlardır ki, bunu da danmaq qeyri-mümkündür. Elementar olaraq jurnalist Yuri Poleneyevin “Qarabağ qan girdabında ” kitabındakı qeydləri buna bir daha sübutdur: “Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər. 1992-ci  ilin  fevralın 25-dən 26-na keçən gecə Xocalı Şəhərinin sakinlərinə vəhşicəsinə divan tutuldu. Xocalıda yalnız ölülər qaldı”. Poleneyevin bu qeydləri həqiqəti əks etdirirdi. Çünki qatı irqçılikdə ittiham olunan alman faşistləri belə Xatında, ermənilərin Xocalıda törətdikləri qədər dəhşətli,iyrənc qəddarlıq etməmişdilər.

 Bu hadisə ilə bəşəriyyət növbəti Xatın faciəsini yaşadı. Beynəlxalq miqyasda millətçi kimi tanınan erməni icmalarının, diaspor və lobbilərinin birgə hazırladıqları “Böyük Ermənistan” planının ilkin fazası, hərəkatın ilk bəndi “Haydad” və “ASALA” terror təşkilatları ilə birgə icra  olundu. Bu soyqırımı əməliyyatı zamanı keçmiş SSRİ Müdafiə Nazirliyinə məxsus hərbi texnika, tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər, istifadəsi qadağan olunan “dairəvi” güllələr, digər silahlar sınaqdan çıxarıldı. Həmin qanlı gün, saat 23.00 radələrində  Xocalıya müxtəlif istiqamətlərdən hücum həyata keçirildi. Qarqar çayının Həsənabad kəndi tərəfindən, təyyarə limanının şərqindən, İncik təpədən, donuzçuluq kompleksi istiqamətindən  –  çayın  sol  və  sağ  tərəfindən,  Daşbulaq-Xocalı  yolu səmtindən, Norgux-Xocalı  istiqamətindən, Daştəpə tərəfdən, Bozdağ və nəhayət, Əsgəran tərəfdən Xocalı üzərinə qoşun yeridildi. Ətraf aləmdən ayrı düşmüş, gücü yalnız özünümüdafiə qruplarının ov tüfənglərinə çatan əhali nizami rus ordusu və vəhşi erməni quldurlarına müqavimət göstərmək  iqtidarında  deyildi.  Xocalılar vəhşiliklə üz-üzə qaldı.

 Bu hərbi-siyasi cinayət zamanı Azərbaycan xalqı həm fiziki, həm mənəvi-psixoloji, həm maddi-iqtisadi sarıdan güclü zərbə aldı. Azərbaycan türklərinin antik mədəniyyət arealından biri sayılan Xocalı-Gədəbəy ərazisində mövcud olan  abidələrin bir çoxu erməni vandalizminin qurbanı olmuşdur. Hələ m.ə. VIII-VII əsrlərə aid olan Xocalı-Gədəbəy mədəniyyəti abidələri yaşayış yerləri, emalatxanalar, qəbirlərdən və ibadətgahlardan ibarətdir. Mədəniyyətin yayıldığı ərazilərdə tədqiqatçılar tərəfindən misəritmə kürələri (Mingəçevir), mis tunc məmulatları hazırlayan emalatxana (Topal həsənli) qalıqları, çaxmaq daşından alət və silahların istehsal tullantıları aşkar edilmişdir. Amma, təəssüf ki, indi bu mədəniyyət abidələrinin Xocalıdakı hissəsi yerlə-yeksan olunmuşdur. Çünki erməni vandalizmi üçün qədim mədəniyyətin mövcudluğunun əhəmiyyəti yoxdur. Onlar əvvəldən yaxşı başa düşürdülər ki, Xocalı-Gədəbəy mədəniyyət arealı azərbaycanlıların bu torpaqlarda aborigenliyini sübut edir. Bu abidələri saxlamaq heç bir halda ermənilərə sərf etmədiyindən dağıdılmışdır.

Ümumiyyətlə, işğala haqq qazandırmaq üçün erməni təbliğatçılarının ortaya atdığı saxta ərazi iddiaları zaman-zaman xalqımıza böyük bəlalar gətirdi. Təəssüf ki, Ermənistanın hərbi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilmədi, bu dəhşətli cinayət cəzasız qaldı. Beynəlxalq Cenevrə Konvensiyasına əsasən, Ermənistan Respublikasına qarşı sanksiyalar tətbiq edilməli olduğu halda, bu cinayətin iştirakçılarının heç biri cəzalandırılmadı. Bu gün də davam edən bu cəzasızlıq Ermənistanın daha da yeni iddialara qapılmasına və xülyalarını gerçəkləşdirmək üçün kütləvi qırğınlara meyillərini artırır. Əminəm ki, Ermənistan Azərbaycanın tənəzzülünü yaxalamaq üçün dərhal zərbə vurmanın zaman fürsətini gözləyir.  Onlar Xocalıda nə etmişdilərsə, digər işğal olunmuş rayonlarımızda da bunları etmişdilər. O dəhşətli gecədən xilas olanların əksəriyyəti şəhid milli qəhrəman Əlif Hacıyevin başçılıq etdiyi kiçik özünümüdafiə batalyonunun şücaəti sayəsində sağ qalmışdır. Bu gün bəlkə də digər rayonlarımızdan olan məcburi köçkünlərimizin arasında xocalılıların niyə belə cüzi sayda olduqlarını görəndə bunu anlamaq çətin deyil. Çünki onların əksəriyyəti həmin gecə öldürülmüş və itkin düşmüşdür.

   

                  366-cı alayın canfəşanlığı

 

         Alay Xocalı və Şuşanın azərbaycanlı kəndlərinin atəşə tutulması və işğalında dəfələrlə iştirak etmişdir. Əslində, bu hərbi birləşmə SSRİ-dən daha çox Ermənistanın irqçi maraqlarının birbaşa təminatçısına çevrilmişdi. Bunun səbəblərindən biri də bu idi ki, alay rəhbərliyindən tutmuş, sıravi əskərlərədək şəxsi heyətin, yarısını milliyyətcə ermənilər təşkil edirdi.

  1991-ci ilin  avqust ayında SSRİ-nin dağılması prosesi sürətləndi, çox keçmədən sovet ordusu Azərbaycan ərazilərini tərk etməyə başladı. Bu proses ermənilər üçün bir fürsətə çevrildi, çünki ermənilər hələ SSRİ dağılmazdan əvvəl Qarabağı ələ keçirmək üçün gərgin əmək sərf edirdilər. 1998-2008-ci  illərdə Ermənistanın prezidenti olmuş Dağlıq Qarabağ ermənisi Robert Köçəryanın çoxdan hazırladıqları bu plana necə aydınlıq gətirməyi barədə “BBC”, “Moscou Times” və “The Times of London” – da çalışan jurnalist, “Black Garden” kitabının müəllifi Tomas de Vaal yazır: “Sovet ordusu Qarabağdan  çıxandan  sonra  biz  azərbaycanlılarla baş-başa qaldıq. Lakin biz təşkilatlanmışdıq və ən azı 3-4  illik gizli  təcrübəmiz var  idi. Ərazidəki bütün  sovet  silahları bizə qaldı və onların silahları aparmalarına icazə vermədik”.

Sovet silahlarını ələ keçirdikdən sonra ermənilərin Qarabağa hücumları intensivləşdi. Onların ilk məqsədləri Xankəndi ətrafındakı kəndlərdən azərbaycanlıları çıxarmaq və Ermənistanla qurudan əlaqələri bərpa etmək idi. 1991-ci  il sentyabrın 24-də Ağdərənin İmarət Qərvənd, oktyabrın 30-da Tuğ, noyabrın 12-də Axullu, 19-da Xocavənd, dekabrın 15-də isə Cəmilli kəndləri 366-cı motoatıcı alayın hərbçiləri və zirehli texnikanın dəstəyi ilə işğal olundu. Fevralın əvvəlində  isə növbəti Azərbaycan kəndləri Malıbəyli, Qaradağlı və Ağdaban ermənilər tərəfindən işğal olundu və bu zaman 99 mülki insan həyatını itirdi, 140 nəfər isə yaralandı.

 Beləliklə, Xankəndinin ətrafı azərbaycanlılardan təmizləndi. Xocalı ətrafındakı mühasirə həlqəsi isə yavaş-yavaş daralmağa başladı. Bununla da Xocalının işğalı reallaşdı.

Hərbi hissənin komanda heyətinin mənəviyyatsızlığı o həddə çatmışdı ki, güya əhalinin müqaviməti ilə rastlaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədilər. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 nəfər, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak etmiş hərbiçisi əmrə tabe olmaqdan boyun qaçıraraq Qarabağda qaldı. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi.  Nəticədə silahsız Azərbaycan əhalisi güclü silahlanmış erməni nizami birləşmələri ilə üz-üzə qaldı.

         Vladimir Savelyev Xankəndindəki 366-cı alayda yerləşən 02270 nömrəli hərbi hissəsinin əks-kəşfiyyat şöbəsinin rəisi olub. Xocalı faciəsinin ilk məlumatlarını toplayan, hadisələrin şahidi olan polkovnik  1992-ci il noyabr ayının 26-da, 1994-cü il martın 19-da, 1998-ci il avqustun 22-də və nəhayət, 2000-ci ilin iyul və dekabr  aylarında  BMT-yə, Avropa  Şurasına,  sonda  Baş  Kəşfiyyat  İdarəsinə  “məxfi  arayış”ını təqdim edir. O, son arayışlarını “zabit Puqaçov” imzası ilə göndərib. Polkovnik erməni terror təşkilatları ilə Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdikləri  hərbi əməliyyatları izləyərək, fakt və sənədlərdə, “Agentura” gücü ilə əldə etdiyi informasiyalarda bütün olub- keçənlərin şərhini verib etiraf edir: “… Mən bütün bunları yazmaya bilmərəm. Hər şey gözlərim önündə baş verib. insanların, uşaq və qadınların,  hamilə  gəlinlərin  güllədən  keçmiş bədənlərini unuda bilmirəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə on doqquz səhifəlik məxfi arayışı həm Kremlə, həm də MN-ə, VKİ-nin generallarına göndərdim. Oxuyun ,– dedim”.

 Bu, bir zabitin xatirələridir ki. Kaşki 366-cı alayın bütün kontingenti bu cür düşünəydi. Lakin onlar bu bəşəri cinayətə imza atmaqdan çəkinmədilər. Baxmayaraq ki V.Savelyevin  özü də 366-cı alayın heyətinə daxildir. Lakin o, rus zabitinin şərəfinə ləkə gətirən bu cinayətdə iştirakından vicdan əzabı çəkdiyini etiraf edir. Polkovnik bu barədə yazır: “…  Bütün bunları anlaya bilmirəm. Bu oyunlara rus zabitlərini qoşmaqla onları alçatdılar, şərəfinə lənət damğasını vurdular… Mən on addımlığımda güllə yarasında can verən səkkiz-doqquz  yaşlı  qızcığaza  heç  cür  kömək  əlimi uzada bilmədim. Allahın mənə lənət edəcəyi gündən qorxuram…”

Onu da xüsusi olaraq qeyd edək ki, həmin gün ermənilərin özünümüdafiə dəstəsi adı ilə vuruşan, əslində     ASALA terror təşkilatının Xankəndində yaradılmış özəyinin başçısı kimi tanınan İllarion Allahverdiyan 24 nəfər rus zabitinə və əsgərinə pul mükafatları elan etdi.  Məsələn, şəxsi heyətin önünə çıxarılmış rus zabiti Yevgeni Qolubevə üstündə ASALA yazılmış 25 qramlıq qızıld medal və beş min ABŞ dollarını təntənəli surətdə təqdim etdi. Və yaxud, həmin gün sıravi Anastas S. İvanova  10 min ABŞ  dolları  təqdim  etməklə  İrəvanda  onu  gözləyən “Hunday” markalı avtomobilin sənədlərini verdi. Bu fakt ermənilərin Xocalı faciəsini törətmək üçün 366-cı alayın heyəti ilə əvvəlcədən razılığa gəldiyini və bu aktın sırf soyqırımı və qarətçilik xarakteri daşıdığını təsdiqləyir. Ermənilər üçün nəyin bahasına olursa-olsun Xocalı işğal edilməli və əhali məhv edilməliydi. Onlar bu işğal üçün tarixlərində görünməmiş şəkildə “səxavət” göstərməyə hazır idilər. ASALA və dünyada öz mənfur əməlləri ilə ad çıxarmış digər erməni terror birləşmələrinin Xocalı faciəsində iştirakını “Valer aktuel” jurnalı (Paris) 14 mart 1992-ci il tarixli nömrəsində verilən məlumatlarla da təsdiqləyir: “ Bu muxtar regionda erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları vardır. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər ”.

                               David Xeyriyanın “ Xaç uğrunda” əsəri və Roma Papası II İohan Pavelin məxfi məktubu

 

Xocalı: məhv edilmiş şəhərin gizlinləri         Bəzi erməni dairələri bunları etiraf etməkdən çəkinsələr də, təkzibolunmaz faktlardan qaçmaq mükün deyil. Kimliyindən asılı olmayaraq bu faciəni görən insanın vicdanı oyanmalı idi, heç olmasa bu vandalizmə haqq qazandırmamalı idi. Bunu isə ermənilərdən, onların ziyalılarından gözləmək sadəlövhlük olardı.  Çünki bu millətin hətta ziyalıları belə Xocalıda törədilən soyqırıma haqq qazandırır və bu hadisəni törətməkləri ilə “milli” qürur duyurlar. Livanda yaşayan erməni jurnalsiti David Xerdiyan da belələrindəndir. O, özünün “Xaç uğrunda” əsərində yazdıqları ilə bunu bir daha təsdiqləyir. Müəllif yazır: “Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (bu daşnak azərbaycanlıları belə adlandırır) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o, yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o, hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi…”

 Sözsüz ki,  yazıçının öz əsərini “Xaç uğrunda” adlandırmasından bəllidir ki, bu insanın qeyri dinlərin mənsublarına münasibəti hansı səviyyədədir. O, bütün əsərini xristianların tiran hakimiyyətinin qurulmasına və hər kəsin məcburi xristianlaşdırılmasına, özlərinin “müqəddəs” hesab etdiyi amallara yönəldib. Bundan əlavə, Xocalıda ağlamaq və imdad səsləri gəldiyini qeyd edən müəllifin öldürülənləri təhqir etməsi, onlara “alçaq monqol” deməsi ermənilərin nə qədər insani hisslərdən, vicdan anlayışından uzaq olduğunu bir daha isbatlayır.

 Ən acınacaqlı hal isə odur ki, hətta Roma Papası belə bu soyqırımı hadisələrinə dini-tolerant mövqe sərgiləmək, qırğını pisləmək əvəzinə şəxsi mövqeyini öz statusuna yaraşmayan şəkildə nümayiş etdirmişdi. Belə ki, 1992-ci  ilin fevral ayının 4-də  Roma Papası  II  İohan Pavelin Dağlıq Qarabağ özünümüdafiə dəstələrinə və rus qoşun birləşmələrinin generallarına məxfi məktubu daxil olur. Məktubda o, bu vuruşmanın “dini mücadilə” olduğunu xatırladır, onlara dua edəcəyini açıqlayırdı.  Roma Papası Dağlıq Qarabağ uğrunda vuruşmanı “din uğrunda savaş” kimi qiymətləndirib yazır: “… İmkan olarsa, Xocalıya gəlib orada həlak olan erməni qardaşlarımın ruhu qarşısında və döyüş məkanlarında baş əyəcəm…”  Papa dediklərini sübut edərək  2003-cü  ilin  sentyabr  21-də Ermənistana gəlir və Qarabağın işğalı zamanı öldürülən ermənilərin məzarlarını yad edir.

Biz yalnız onu bilirik ki, Xocalı soyqırımında iştirak etmiş ermənilərin və onların havadarlarının hərəkətləri insan haqlarının kobud şəkildə pozulması ilə müşayət olunmuş beynəlxalq hüquqi aktların – Cenevrə Konvensiyası, Ümumdünya İnsan Haqları Bəyannaməsi, Vətəndaş və Siyasi hüquqlar barədə Beynəlxaq Sazış, Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi barədə Bəyannamənin tələblərinə məhəl qoyulmamasıdır.

Beləliklə, yuxarıda sadaladığımız faktlardan da aydın olur ki,  Xocalı  hadisələrinin  dünyada soyqırımı  kimi  tanınması  və qiymətləndirilməsi, həmçinin cinayətkarların cəzalandırılması üçün kifayət qədər hüquqi və real əsaslar vardır. Ermənilər tərəfindən Xocalı əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş əməllər beynəlxalq hüquqa müvafiq olaraq beynəlxalq cinayət  –  genosid kimi qiymətləndirilməli və bu ümumbəşəri cinayətə beynəlxalq məhkəmələr ədalətli hüquqi qiymətini verməli və buna görə günahkarlara cəza müəyyənləşdirməlidir.

                Şahidlərin tükürpədici etirafları

 

         Mirzə Allahverdiyev:   Biz həmin gün Horagül istiqamətində postda dayanmışdıq. Amma “Finski” evlər  yananda geri çəkildik. Fevralın 26-da onların çoxu “Beşmərtəbə” deyilən yerə toplaşmışdı. 100-ə qədər adam vardı orda. Sonra çıxıb Boz Dağ istiqamətində irəlilədik. Fevralın 28-də ermənilər mühasirəyə alıb  tutdular bizi. Həmin  saat əl-ayağımızı bağlayıb başladılar döyməyə, işgəncə verməyə. Sonra apardılar Əsgərana.  Orada bizi milis idarəsinin həbs otağında saxlayırdılar. Bir neçə qızıl dişim vardı. Yerə yıxıb əl-ayağımı  bağladılar. Başladılar  kəlbətinlə dişlərimi sökməyə. Kəlbətinlə dartır, çəkiclə vururdular dişimə, ağrıdan inildəyir, zarıyırdım. Yalvarır, yaxarır, bu işgəncəyə son qoymağı xahiş edirdim. Neçə saat huşsuz qaldığımı bilmirəm. Amma gözümü açanda hiss etdim ki, qızıl dişlərimi sındırıb götürüblər. Ermənilərin verdiyi işgəncə yalnız qızıl dişlərimi  sındırmaqla bitmədi. Söyüş, təhqir, təpiklə vurmaq, döymək hər gün olurdu. Girovluqda qaldığım 18 günün elə bir vaxtı olmadı ki, mənə işgəncə verməsinlər. Yaman vəhşi idilər, gözlərini qan tutmuşdu. Ürəklərində heç bir insaf, ədalət yox idi. Bizi  döyməkdən, təpikləməkdən ləzzət alırdılar. Bir dəfə isə məni çılpaq  soyundurub dubinka ilə döydülər. Ürəkləri soyumadığından götürüb ikinci mərtəbədən atdılar məni yerə. Bütün bədənim əzilmişdi. Necə kinli, qəzəbli idi bu ermənilər bizə qarşı? Edik adında bir erməni vardı. Hər gün içəri girib mənə özünəməxsus xüsusi işgəncə verirdi. Ağır çəkmələri ilə əllərimin üstünə çıxıb tapdalayır, əzir və bundan ləzzət alırdı. Mənim iniltim, qışqırtım ona təsir etmirdi, əksinə kefi açılırdı… Ermənilər tez-tez bizə deyirdilər: “Sizi qıracağıq, buralardan tamam qovacağıq. Donuzlarımızı gətirib Kürdə suvaracağıq”. Hər gün bizə bir parça çörək, bir balaca qabda da su verirdilər. O çörəyi, suyu verəndən sonra gəlib möhkəm döyürdülər. On səkkiz gün girovluqda qalandan sonra məni dəyişib Ağdama gətirdilər. Öyrəndim ki, anamı da ermənilər bir neçə gün girov saxlayıb, qızıl üzüyünü alıb buraxıblar. Qardaşım Elşəni isə mənim günümə salıblar. Girovda işgəncələr verib qızıl dişlərini söküblər. Öyrəndim ki, ermənilər iki qardaşımı öldürüblər.

10 yaşlı Ramil Həsənov:  “Ermənilər gələndə meşəyə qaçdım. 3 gün ac-susuz  orada  qalmışam. Susuzluqdan ölürdüm, çoxlu qar yemişəm”.

4 yaşlı Fuad Gülməmmədov: “Ermənilər məni tapança ilə ayağımdan vurdular”.

Sənan Abdullayev :   “Bir  gün  meşədə  qaldıqdan sonra  ermənilər  bizi  tapıb Əsgərana gətirdilər. Anam, atam, 16 yaşlı bacım meşədə öldü. Ruslar, ermənilər, sırğalı zəncilər uşaqların gözü qarşısında mənə işgəncələr verirdilər. Sonra bizi içərisinə su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaq üçün uşaqları bir gün əlimdə saxlamışam”.

Camal Orucov:  “16  yaşlı  oğlumu  güllələdilər.  23  yaşlı  qızımı  iki  əkiz  oğlu  ilə,  18  yaşlı  hamilə qızımı əlimdən aldılar”.

Xədicə Abdullayeva:  ” Bir  sutka meşədə qaldıqdan  sonra  atam,  anam və 16 yaşlı bacım  şaxtaya  tab gətirmədilər. Sağ qalan xocalılarla birgə məni də girov götürdülər. Bizi ac-susuz. döşəməsinə  su doldurulmuş zirzəmidə saxladılar. Bir daşnakla dəyişdırıldım. İndi iki ayağımdan da məhrumam.”

“… Elbrus Abbasov: “Əsirlik müddətində Artur və Slavik adlı serjantlar və Feliks adlı leytenant bizi dayanmadan döyürdülər. Onlar Xocalı sakinləri Novruzov Ələsgər Xanlar oğlunu və Vəliyev Elçin Vəkil oğlunu döyüb işgəncə verməklə öldürmüşdülər”.

(ŞAHİD – Xocalı sakininin dediklərindən) Hər tərəfdən Xocalını mühasirəyə almışdılar. Güllə yağış kimi yağırdı. Adamlar elə ev  paltarında, başmaqda, alt paltarında birtəhər canını götürüb meşəyə qaçdı. Gecə idi. Göz-gözü görmürdü. Ermənilər meşəni də mühasirəyə almışdılar. Tələyə salıb xeyli də orda qırdılar. Birtəhər, sürünə-sürünə  canımızı  qurtardıq. Bir yerə toplaşmış ailələrin,  körpələrin  üstündən  BTR-lər  keçib  onları  torpağa  qarışdırdı. Qurtulan  çox  az  adam oldu. Böyük oğlum elə Xocalıda qaldı. Meyidini sonra xarici jurnalistlər gətirdilər. Kiçik oğlumu da orda itirdim. Bilmirəm, əsirdir, ya öldürüblər.

 Xocalı: məhv edilmiş şəhərin gizlinləri        Sonda hadisələrin bir şahidi də var ki, onun fikirlərini də bildirməyi özümüzə borc bilirik. Bu şahidin digərlərindən fərqi isə onun zərərçəkən yox, zərbəvuran tərəf olmasıdır. Bu, bədnam Ermənistanın cinayətkar prezidenti Serj Sarkisyandır. “ Black Garden” kitabının müəllifi Tomas de Vaal yazır: “Hazırkı Ermənistan prezidenti Serj Sarkisyandan Xocalının işğalı barəsində  soruşduqda  o,  belə  cavab  vermişdir:  “ Düşünürəm ki, əsas məsələ başqa şeydədir. Xocalı olayına  qədər azərbaycanlılar fikirləşirdilər ki, bizimlə zarafat etmək olar, onlar fikirləşirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməzlər. Biz bu yanlış təəssüratı dağıda bildik. Baş verənlər göz önündədir.”. Beləliklə, bu, tipik bir erməninin fikridir. Bu, o erməninin fikridir ki, dövlətə başçılıq edir və erməni xalqının simasını müəyyənləşdirir.

       Hər halda bir şəhərin məhvi ilə nəticələnən bu dəhşətli faciə heç zaman  Azərbaycan xalqının yaddaşından silinməyəcək və gec-tez haqq-ədalət öz yerini tapacaq, cinayətkarlar məsuliyyətə cəlb olunacaqlar.

Anar TURAN

KarabakhİNFO.com

 

MƏNBƏLƏR:

  • N. Zamanov, R. Əliyev, Ş. Səlimbəyli. Erməni terroru: Qarabağda müharibənin başlaması. Hadisələr…Faktlar…-  Bakı: 2008, S. 337-350.
  • Azərbaycan tarixi, ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər. Bakı-1993-cü il, s.43—44
  • Qasım Qırxqızlı . Əsrin faciəsi – Xocalı. Bakı: 1999, S.17-23
  • M. Ələkbərzadə. Tarixin bir günü və ya günün tarixi. Bakı: 2005, S. 64-72.
  • Akif Aşırlı. Türkün Xocalı soyqırımı. Bakı: 2005, S. 30-36.
  • “Azərbaycan” qəzeti -2010. 26 fevral.-N 45.-S.6.
  • Thomas DE WALL  Black Garden Armenia and Azerbaijan through Peace and War. New –York Univercity Press, 2004.
  • Həvva Məmmədova, Xocalı: şəhidlər, şahidlər, Bakı, 2003, s. 16.
  • Сванте КОРНЕЛЛ,  Конфликт в  Haгорном  Карабахе:  динамика  и  перспективы     решения.www.sakharov-center.ru/ publications/azrus/az_015.htm.
  • David Xeyriyan. Xaç uğrunda. Livan, “Şərq” mətbəəsi, səh.62-63            

 

26.02.2013 17:19

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*