Azərbaycanca

Xocalı soyqırımına dair ABŞ-da çəkilmiş ilk sənədli filmin premyerası keçirilib

23.02.2017 | 11:33

2

ABŞ kinematoqraflarının Xocalı soyqırımına dair ekranlaşdırdığı sənədli filmin Los Ancelesdə premyerası keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan APA-ya bildirilib ki, film ABŞ-da Xocalı soyqırımı mövzusunda çəkilmiş ilk ekran əsəridir. “Zülmətdən qaçarkən” (Running from the Darkness) adlı film dünyanın ən böyük və nüfuzlu yəhudi təşkilatlarından olan, 400 min yəhudi ailəsini özündə birləşdirən Simon Vizental (Simon Wisenthal) Mərkəzinin Tolerantlıq Muzeyində nümayiş etdirilib. Qeyd edək ki, Tolerantlıq Muzeyi dünyada Holokosta (yəhudilərin soyqırımı) həsr olunmuş ən böyük muzeylərdəndir.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşkil etdiyi premyerada Kaliforniya ştatının ali seçkili orqanlarının nümayəndələri, müxtəlif şəhərlərin merləri və şəhər şuralarının üzvləri, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin Los Anceles nümayəndəliyinin aparıcı əməkdaşları, Dövlət Departamentinin təmsilçiləri, xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsulları, Los Ancelesin xristian, yəhudi, müsəlman və digər dini icmalarının nüfuzlu din xadimləri, KİV təmsilçiləri və digər şəxslər iştirak edib.

Tolerantlıq Muzeyinin direktoru Lib Qeft belə bir önəmli tədbirə ev sahibliyi etməkdən məmnun olduqlarını bildirib. O qeyd edib ki, öz yaxın tarixində yaşadığı ağrılı faciələrə baxmayaraq, tolerantlıq ənənələrini qoruyub saxlayan Azərbaycan bu gün bütün dünyaya gözəl bir örnəkdir.

Baş konsul Nəsimi Ağayev çsadəcə Azərbaycan xalqının deyil, bütöv bəşəriyyətin yaddaşına qanlı ləkə kimi düşən Xocalı soyqırımının ekran əsəri vasitəsilə daha geniş ictimaiyyətə çatdırdıqlarına görə filmi ərsəyə gətirən bütün kinematoqraflara dərin təşəkkürünü bildirib. Diplomat qeyd edib ki, gələcəkdə buna bənzər faciələrin baş verməməsi, günahsız insanların öldürülməməsi üçün Azərbaycan bu istiqamətdə daim ictimai maarifləndirmə işinin aparılmasına böyük önəm verir.

Filmin istehsalçısı, Los Ancelesin “J-Connect” təşkilatının sədri Coş Kaplan rəhbərlik etdiyi təşkilatın xalqlar arasında sülhün təşviqinə və gücləndirilməsinə böyük önəm verdiyini bildirərək, Xocalı faciəsinin dəhşətləri ilə tanış olduqdan sonra bu faciənin daha geniş beynəlxalq ictimaiyyətə çatdırılması işinə laqeyd qala bilmədiklərini vurğulayıb. Filmin çəkiliş prosesi barədə danışan C. Kaplan layihə ilə əlaqədar kinematoqrafların dəfələrlə Azərbaycan səfər etdiklərini, Xocalı soyqırımının canlı şahidlərilə birbaşa təmas saxladıqlarını, onları ətraflı dinlədiklərini və onların ağrılarını filmdə əks etdirməyə çalışdıqlarını qeyd edib.

Sonra filmin nümayişi keçirilib. Filmin əsas süjet xətti Xocalı soyqırımının canlı şahidləri ilə aparılmış müsahibələr üzərində qurulub. Eyni zamanda, Xocalıda törədilmiş dəhşətli hadisələrlə bağlı ABŞ-ın ştat qanunvericilərinin və tanınmış din xadimlərinin bu soyqırımını pisləyən açıqlamalarına, tədqiqatçı alim və jurnalist rəylərinə, eləcə də, erməni hüquq müdafiəçisi Vahan Martirosyanın Xocalı faciəsinə görə Ermənistan rəhbərliyini sərt şəkildə tənqid edən fikirlərinə yer verilib. Filmdə V. Martirosyan qeyd edir ki, Xocalı qətliamı erməni xalqının vicdanında qara bir ləkədir. Xocalı soyqırımı zamanı azərbaycanlıların məruz qaldığı qəddarlıqları əks etdirən foto və video materiallar film boyunca tamaşaçıları dərindən kədərləndirib.

Filmdə, 2008-ci ildən bəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının əldə etdiyi nailiyyətlərindən, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində kampaniyanın oynadığı mühüm roldan bəhs olunub.

Tamaşaçıların böyük rəğbəti ilə qarşılanan nümayişdən sonra tədbirdə iştirak edən Los Ancelesin müsəlman icmasının rəhbərlərindən Mahomed Xan, Los Anceles “Piko Şul” yəhudi sinaqoqunun ravvini Yona Bookstayn və Los Ancelesin xristian dini icmasının tanınmış xadimlərindən olan, 40-dan çox kilsənin yaradıcısı yepiskop Xuan Karlos Mendez öz müvafiq dini ənənələrinə uyğun olaraq, Xocalı qurbanlarının ruhuna və Azərbaycanda və dünyada sülhün güclənməsi naminə birgə dua ediblər.

Tədbirdə sözügedən din xadimləri Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən təsis edilmiş “Dinlərarası Tolerantlıq Mükafatı” ilə təltif olunublar. Təltifolunma mərasimindən sonra hər üç din xadimi Azərbaycanın multikultural dəyərləri və güclü tolerantlıq irsi barədə çıxış edib, ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüblər.

Tədbir Azərbaycan və Avropa klassik musiqi əsərlərindən nümunələrin canlı ifası ilə başa çatıb.

Apa.az

23.02.2017 11:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*