Azərbaycanca

Xocalı soyqırımının təbliğatının nəticələri

26.02.2014 | 15:23

1393413494_xocali3Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşaiyət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideoloqlarının “Dənizdən-dənizə Ermənistan” adlı sərsəm bir “ideya”sını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi. Bu “ideya”nın ən ağır nəticələrindən biri ermənilərin 22 il əvvəl törətdikləri Xocalı soyqırımı oldu. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil. Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Bu gün artıq dünya Xocalıdan, ermənilərin bu vəhşiliyindən danışır. Bu da Azərbaycanın informasiya müharibəsində apardığı təbliğatın nəticəsidir. Lakin biz bununla kifayətlənməməliyik. İldən-ilə təbliğatın yeni formalarını tapmalıyıq ki, istədiyimiz hədəflərə daha tez çataq. Elə fikirlərini öyrəndiyimiz ekspertlər də bu fəaliyyətdə davamlı yeni addımların atılmasının vacibliyini vurğuladılar. Millət vəkili Fərəc Quliyev bizimlə söhbətində dedi ki, Xocalı soyqırımını tanıyan dövlətlərin hökumətlərinə təşəkkür olaraq müraciətlər göndərilməlidir. Onun fikrincə, BMT-nin dörd qətnaməsinin həyata keçirilməsi və bu qətnamələrin həyata keçirilməsindən ötəri hərbi və ya qeyri-hərbi sanksiyaların tətbiq olunması üçün də qətnamə layihələrinin qəbul olunması vacibdir: “Biz Xocalıyla bağlı dünyaya müəyyən məlumat verə bilmişik. Dünya da çox kiçikdir, artıq hər şeydən məlumatlıdır. Amma bunun yekun nəticələrini almağı bacarmalıyıq. Haaqa Məhkəməsində artıq cinayətkarlar konkret şəkildə adları çəkilməklə cəzalandırılmalıdır. Eyni zamanda işğalın nəticələri aradan qaldırılmalıdır. Artıq buna daha çox fikir vermək lazımdır. Yəni bu, tarixin uzaq zamanında törədilən soyqırımı deyil ki, yalnız biz onu tanıdaq. Biz real nəticələr almaq üçün çalışmalıyıq”.

Xocalı soyqırımının tanıdılmasının Dağlıq Qarabağ probleminin həllinə hansı təsiri var?

 

Xocalı soyqırımının təbliğatının nəticələri Milli Məclis Aparatının Analitik informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Xocalı soyqırımının tanıdılması və dünyada qəbul olunması çərçivəsində indiyə qədər əldə edilən nəticələr Ermənistanı artıq son bir-iki ildə narahat etməyə başlayıb: “Bu onun göstəricisidir ki, biz təbliğat hədəfinə çatırıq. Əgər onlar buna qarşı əks-təbliğat qurmağa cəhd edirlərsə, deməli, biz bu fəaliyyətdə düzgün yoldayıq. Onu da demək lazımdır ki, artıq bu şəraitdə ermənilərin əks-təbliğatları onların istədikləri nəticələri vermir. Elə ermənilərin özlərindən artıq deyənlər var ki, onlar törətdikləri bu qırğını etiraf etməlidirlər. Bunu biz bu yaxınlarda erməni mətbuatından da gördük”.

Təbliğat prosesində müəyyən çətinliklərin olduğunu deyən A.Ağayevin sözlərinə görə, soyqırımın tanıdılmasına nail olmaq istəyiriksə, bu çətinlikləri gözaltına almalıyıq: “O çətinliklərə qarşı bizim taktiki addımlarımız olmalıdır. Çətinliklərdən biri ikili standartlar məsələsidir. Hər kəsə məlumdur ki, ikili standartlar hansı məsələlərdən qaynaqlanır. Amma bizim üçün çətinlik yaradan odur ki, biz müsəlman ölkəsi olaraq, bəzi hallarda bu məsələlərlə rastlaşırıq. Biz bu çətinliklərə baxmayaraq, fəaliyyətimizi gücləndirməliyik. Bu fəaliyyət mütəmadi, sistemli aparılmalıdır. Yəni bu işdə milli iradə ortaya qoyulmalıdır. Azərbaycan xalqı Xocalı soyqırımı dünya tərəfindən etiraf olunmayınca və bu məsələ beynəlxalq məhkəməyə çıxarılmayınca geri çəkilməyəcək”.

Politoloq əldə etdiyimiz nəticələrin daha çox Amerika, Avropa və dünyanın digər regionlarını əhatə etdiyini vurğuladı: “Bu nəticələrə bizə yaxın olan ölkələrdə də nail olmalıyıq. Əlbəttə, bu regionda işləmək çətindir. O mənada ki bütövlükdə Dağlıq Qarabağ münaqişəsinə münasibətdə bizim yaxın regionda böyük bir dövlətin siyasətinin necə olması məsələsi təsirsiz ötüşmür. Amma biz bunları nəzərə almalıyıq”.

Şöbə müdiri dedi ki, Xocalı soyqırımının tanıdılmasının müsbət  nəticələrinin Dağlıq Qarabağ problemi ilə bağlı Ermənistanla siyasi, hərbi qarşıdurmamızda bizə xeyri var: “Çünki Xocalı faciəsi Dağlıq Qarabağ münaqişəsinin dəhşətli nəticələrindən biridir. Bu mənada da Xocalı soyqırımını nə qədər çox ölkələrdə tanıtsaq, nə qədər beynəlxalq təşkilatlarda bizə lazım olan nəticələr əldə etsək, Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ədalətli mövqeyinə daha çox yardımçı ola bilərik”.

“Xocalı hadisələri haqda bədii filmlərin çəkilməsinə çox böyük ehtiyac var” 

 

Xocalı soyqırımının təbliğatının nəticələri Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da Xocalı soyqırımı ilə bağlı kifayət qədər faktların çatdırıldığını, geniş təbliğat işlərinin aparıldığını qeyd etdi: “Dünyanın elə bir ölkəsi yoxdur ki, orada Xocalıyla bağlı tədbirlər keçirilməsin. Və kifayət qədər də bu işlərin nəticəsi var. Ermənilər Qarabağ müharibəsi, Xocalıyla bağlı bir-birlərini ittham edirlər ki, təbliğatda Azərbaycana uduzurlar”.

Onun fikrincə, biz çalışmalıyıq beynəlxalq ictimaiyyəti erməni vəhşilikləri ilə bağlı daha çox məlumatlandıraq: “Çalışmalıyıq ki, geniş məlumatları çatdıraq. Sadəcə, məlumatları yaymaqla kifayətlənməməliyik, həm nəticəsi olan bir iş görülməlidir. Hesab edirəm ki, həm dövlət, həm QHT-lər, xüsusilə diaspor təşkilatları səviyyəsində işlər daha da gücləndirilməlidir. Hər hansı bir işi görəndə də axıra qədər getmək lazımdır”.

A.Nağı düşünür ki, bu günləri Xocalı hadisələri ilə bağlı dünyanın qəbul edəcəyi bədii filmlərin çəkilməsinə çox böyük ehtiyac var: “Çünki bədii filmlərin auditoriyası daha genişdir. Bizdə hələ ki daxilə yönəlik filmlər çəkilir. Amma xaricə yönəlik filmlər çəkməliyik. Məsələn, Azərbaycanda “Dolu” tipli filmlərin sayı artırılmalıdır”.

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”

 

26.02.2014 15:23

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*