Azərbaycanca

“Xocalıda soyqırım həyata keçirməyi Qaradağlıda məşq etdilər”

17.02.2014 | 10:37

1392618950__mg_0893Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynovun “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibəsini təqdim edirik:

 Eyvaz müəllim, Siz həm də Qarabağ müharibəsi veteranısınız. Xocavənd özünümüdafiə dəstəsinin komandiri olmusunuz. Sizcə, Qaradağlı faciəsinin əsas səbəbi nə idi?   

 

– Öncə qeyd edim ki, Xocavənd rayonu 1992-ci il 2 oktyabr tarixdə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunub. Erməni təcavüzü nəticəsində rayon sakinlərindən 145 nəfər qətlə yetirilib. Bu, rayonun azərbaycanlı  əhalisinin hər 50 nəfərindən biridir. 300 nəfərdən çox rayon sakini sağlamlığını itirib. Hazırda rayon əhalisi məcburi köçkün kimi ölkənin 36 rayonunda məskunlaşıblar.

 

Rayonun əhali sayı baxımından ən çox itki verən və böyük döyüş yolu keçən kəndlərindən biri də Qaradağlıdır. Bütövlükdə 20-yə yaxın erməni kəndinin əhatəsində olan Qaradağlı kəndi keçmiş Martuni və Xankəndi yolunun üzərində  yerləşirdi. Ermənilərin 4 il idi ki,  bu yoldan gediş-gəlişi kəsilmişdi və ermənilər digər erməni kəndlərindən salınmış yoldan istifadə edirdilər. Öz kəndlərini tək başına müdafiə edən qaradağlılar doğma yurdun hər daşı, hər qayası uğrunda sonadək mübarizə apardılar.

 

Artıq Qaradağlının halqası tam sıxılırdı. Belə ki, kəndin 12 km aralıda yerləşən olan Xocavənd kəndi 1991-ci ilin 19 dekabrında işğal edildi. Yaxınlıqda yerləşən Malıbəyli kəndi 1992-ci ilin  12 fevralında yandırıldı. Hamıya aydın idi ki, növbəti hədəf Qaradağlıdır. Kənddə vəziyyət getdikcə çətinləşir, faciənin törədiləcəyi gün hər dəqiqə yaxınlaşırdı. Fevral ayının 14-də Kənxurd (Zori Balayanın anadan olduğu kənd), Qağarza, Ağkənd, Aşan, Müşkabad, Xankəndi (Stepanakert) və digər kəndlər istiqamətindən erməni quldurları xarici muzdluların və Xankəndində yerləşən Sovet ordusunun 366-cı alayının texnikasından və canlı qüvvəsindən istifadə etməklə əlaqəsi hər tərəfdən kəsilmiş, köməksiz qalan Qaradağlı kəndinə qəti və sürətli hücuma keçdilər. Sadə silahlarla az miqdarda təmin olunmuş qaradağlılar düşmənlə qeyri bərabər döyüşə girdilər.

 

-Ermənilər Qaradağlı soyqırımında dinc əhaliyə hansı işgəncələr veriblər?

 

– Dörd il ərzində hər gün Qaradağlı kəndi ermənilərin hücumuna məruz qalıb, hər gün kənddə demək olar ki, bir qanlı hadisə törədilib. 1992-ci il 17 fevral tarixdə Qaradağlı kəndinin işğalı zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər ermənilər tərəfindən güllələnib, öldürülən və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üzərlərini torpaqlayıblar. Bu hadisə, həmin gün təsadüf nəticəsində sağ qalan Hüseynov Vidadi Qardaşxan oğlunun gözləri qarşısında baş verib. Faciənin dəhşəti bir də onda idi ki, atanın-ananın, qardaşın gözləri qarşısında doğmaları güllələnirdi. Həmçinin Qaradağlı –  Xankəndi yolu üzərində yerləşən erməni kəndlərində insanlar maşınlardan düşürdülüb və hamının gözü qarşısında güllələniblər.

Əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə əsirlikdən azad edilib. Əsir götürülənlərdən 10 nəfəri qadın, 2 nəfəri məktəbli olub. Azad olunanların 5 nəfəri qadınlar olmaqla 18 nəfər aldıqları sağalmaz yaralardan sonra vəfat ediblər. Əsirlikdə saxlanılanlara qarşı vəhşi, vandalizm hərəkətləri ilə davranılması, insanların başlarının kəsilməsi, diri-diri basdırılması, dişlərinin çəkilməsi, ac-susuz saxlanmaları, döyülərək öldürülmələri insanlığa qarşı törədilmiş cinayət hadisəsi idi. Kənddə  2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb, 43 ailə öz başçısını itirib, 1 ailədən hər iki valideyn qətlə yetirilib, 146 uşaq yetim qalıb. Qaradağlı kəndində 91 nəfər, kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qocalar, 10 nəfəri qadın, 8 nəfəri məktəbli  olub.

 

İşğal nəticəsində kənddə 200 yaşayış evi,  1 mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana binası və  çoxlu sayda digər sosial obyektlər dağıdılıb.

 

-Qaradağlının işğal olunması Xocalı faciəsinə hansı yol açdı?

 

-Ermənilər nəyin bahasına olursa-olsun fevral ayında bu kəndi işğal etməyə çalışırdılar. Yəni Qaradağlı həmişə təhlükədə idi. Bu kəndin işğal edilməsinə  Monte Melkonyan rəhbərlik edib. Onlar uzun mübarizədən sonra bu kəndi işğal etdilər. Bundan sonra artıq, Xocalıya növbə çatmışdı. Ermənilər Ağdam istiqamətindən gələn təhlükənin qarşısını almaq və ya dislokasiyanı hərəkət etdirə bilmələri üçün Xocalı mütləq əllərində olmalı idi. Xocalı onların xirtədyində qalan bir sümük idi. Yəni Xocalı onların bütün hərəkətlərinə mane olurdu. Ermənilər sanki, Xocalıda soyqırımının həyata keçirilməsini Qaradağlıda məşq etdilər.

 

– Qaradağlını müdafiə etmək üçün bizim nəyimiz çatmırdı?

 

– Biz, Qaradağlıya gücümüz çatan köməkliyi edirdik. Oktyabr ayında da gedib bir müddət orada  qaldıq. 1992-ci ilin yanvar, fevral aylarında ermənilər Qaradağlıya hücuma keçəndə, iki dəfə Martuniyə hücum etdik. Onda orada əhali daha çox idi. Oranı müdafiə etmək, ümumiyyətlə, çətin məsələ idi. O vaxt bizə kömək edən, səsimizə səs verən yox idi.

 

-Qaradağlı faciəsi, ümumiyyətlə, soyqırımlarımıza qarşı dünya birliyinin etinasız yanaşmasıyla bağlı fikirlərinizi bilmək istərdik. Bu baxımdan beynəlxalq aləmə necə çağırış edərdiniz?

 

– Dünya birliyi bizim bu faciələrimizə göz yumur. Sanki dünya kordur. Beynəlxalq təşkilatlar ikili mövqe tutublar. Soyqırıma məruz qalmış insanlar kimi dünya ictimaiyyətindən tələb edirik ki, bizim bu haqq işimizi tanısınlar. İstəmirik ki, bizim tərəfimzi tutsunlar. Biz itəyirik ədalətin tərəfini tutsunlar. Yəni Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalı hamısı soyqırımla nəticlənib. Ermənilər bütün kəndlərdə bunu ediblər. Ona görə, beynəlxalq ictimaiyyətdən tələb edirik ki, ermənilərin iç üzünü tanısınlar.

 

 

 

 

Fuad Hüseynzadə

 

“KarabakhİNFO.com”  

17.02.2014 10:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*