Azərbaycanca

Xocavənd rayonunun işğalından 21 il ötür

02.10.2013 | 18:00

1380722782_111111Yenə qanlı bir tarix… Yenə qanlı bir səhifə… 1992-ci il 2 oktyabr – Azərbaycanın tarixi ərazisi olan Xocavənd rayonu qəsbkar erməni quldurları tərəfindən işğal olundu. Bu gün artıq Xocavənd rayonunun işğal olunmasından 21 il ötür. 21 ildir ki, Xocavənd rayonunu yalnız xatirələrimizdə canlandırırıq. Xocavənd rayonunun işğalı Azərbaycanın tarix səhifəsinə qara hərflərlə yazılıb. Artıq 21 ildir ki, 2 oktyabr tarixini Xocavənd rayonunun işğal günü kimi qeyd edirik. Bədxah ermənilər tərəfindən işğal olunan Xocavənd rayonu 1 şəhər, 2 şəhər tipli qəsəbə və 81 kənddən ibarətdir. Bu gün Xocavənd həsrəti ilə yaşayan soydaşlarımızın yurd həsrətini başa düşmək o qədər də çətin deyil. Torpaq həsrəti çəkiləcək ən acı həsrətdir.       

   Xocavənd rayonu qədim tarixə malikdir. Təbii sərvətlərlə zəngin bir ərazidir. Mənfur qonşumuzun vandalizmi nəticəsində Xocavənd rayonu ərazisində olan tarixi-mədəniyyət abidələri dağıdılaraq məhv edilib. Xocavənd rayonu ərazisində, Salakətin kəndinin yaxın­lığında (Quruçay vadisində) 1,5 milyon il yaşı olan Azıx mağarası, həmçinin qədim tarixə malik Tağlar mağarası, Tuğ kəndi ərazisində yerləşən V-VIII əsrlərə aid «Ritiş» qalası, Ərgünəş dağının yamacında sıldırım qayalar üzərində yerləşən «Ərgünəş» qalası, Düdükçü kəndi ətrafında XIII əsrə aid «Rzaqulu Bəy» türbəsi, Xocavənd kəndi yaxınlığında «Aşıqlı Qoşa» günbəzi, Böyük Tağlar kəndində «Alban» məbədi (1241-ci il), Tuğ kəndindəki «Qırmızı» məbəd adlı X əsrə aid tarixi memarlıq və incəsənət abidələri və s. var. Erməni təcavüzü nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinə nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid Alban kilsəsi, I-V əsrlərə aid Alban qəbiristanlıqları, Salakətin kəndi əra­zi-sindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan Alban qəbiristanlıqları, Əmirallar kəndi yaxın­lı­ğındakı (keçmiş Bəhrəmli kəndi ərazisində) Bəhrəmli piri, Muğanlı kən­dində yerləşən Seyid Rza günbəzi, Qaradağlı kəndi əra­zisindəki Yel piri və neçə-neçə qiymətli maddi memarlıq abidələrini göstərmək olar.     

     Ermənilərin Azərbaycana qarşı işğalçılıq siyasəti təkcə hərbi terrorla ölçülə bilməz. Bu mənfur siyasət işğal altında olan torpaqlarımıza qarşı iqtisadi, siyasi, mədəni, ekoloji terrorun həyata keçirilməsinə gətirib çıxarıb.  Düşmən tapdaqları altında olan Xocavənd rayonunun ərazisi də həmçinin bütövlükdə ekoloji terrora məruz qalıb. Azıx mağarasını ermənilər silah anbarına çeviriblər. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları qırılaraq məhv edilib, Xonaşen çayının kənarlarında bitən təbii meşə isə tamamilə məhv edilib.          1988-ci ildən başlayan Qarabağ müharibəsi zamanı Xocavənd rayonu Azərbaycanın bütövlüyü uğrunda 13 nəfəri qadın və 13 nəfəri uşaq olmaqla 145 şəhid verib.       

   Bu gün yenə də kədər hissi ilə Xocavənd rayonunun işğalını qeyd edirik. Torpağın bütövlüyü uğrunda axıdılan günahsız insanların qanı yerdə qalmayacaq. Artıq Azərbaycan öz haqq səsini bütün dünyaya çatdırmaqdadır. Artıq dünyanın xeyli hissəsi ermənilərin yalançı, saxtakar faktlarından xəbərdardır . Biz artıq informasiya müharibəsində də bədxah qonşularımıza qalib gəlirik. Bizim üstünlüyümüz onların haqlı olaraq narahatlığına səbəb olur. Cəmi 1 yaşını qeyd etməsinə baxmayarq “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı günbəgün öz fəaliyyətini genişləndirməkdədir. Jurnal Qarabağ haqqında həqiqətləri artıq 10 dildə bütün dünyaya çatdırır. Bu isə düşmənlərimizi hədsiz dərəcədə narahat edir və onlar da tez-tez sayta haker hücumları edirlər. Amma onların bu hücumu “KarabakhİNFO.com” əməkdaşlarını əsla ruhdan sala bilməz. Biz bilirik ki, hücum etmək işğalçı qonşularımızın köhnə adətidir. “KarabakhİNFO.com” beynəlxalq e -jurnalı yalnız və yalnız bir deviz altında irəliyə doğru addım atır: “HƏDƏFİMİZ QARABAĞDIR!”  

Sevda Sevinc

“KarabakhİNFO.com” 

02.10.2013 18:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*