Azərbaycanca

Xudu Məmmədov haqqında xatirələr

14.01.2014 | 16:01

1389702422_310855_505228832870410_414993100_nUşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər.

                                                                                           Xudu Məmmədov

 

Xudu Məmmədov yaxın tariximizdə xalqımızın yetişdirdiyi unikal şəxsiyyətlərdən biridir. Qeyri-adi fenomen şəxsiyyət olan Xudu müəllimin alimliyi, elmi fəaliyyəti, şəxsiyyəti və milli mənliyi bir-birini təbii şəkildə tamamlayırdı. Xudu Məmmədov böyük alim olmaqla bərabər xalqımızın yaxın ictimai-siyasi tarixində öz yeri olan, türkçülük ideyalarının yaşaması və təbliği yolunda çalışan və keçən əsrdə sovet rejiminin hökm sürdüyü dövrdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan azsaylı ziyalılarımızdan biri idi.

1927-ci ildə Qarabağda – Ağdamın Mərzili kəndində dünyaya göz açmışdı. Atası Surxay kişi tanınmış ziyalılarımızdan biri olub. Leninqrad Tikinti Akademiyasını bitirmişdi. Anası Yaxşı xanım evdar qadın idi. Üç övladı – Xudu, Oqtay, Məhbubun üstündə yarpaq kimi əsər, onların təlim-tərbiyələrinə ciddi diqqət yetirərdi.

Doğma kəndlərində 7 illik məktəbi bitirdikdən sonra yeniyetmə Xudu rayon mərkəzindəki orta məktəbdə təhsil alır. 1946-cı ildə O, Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olur. Ali təhsilini başa vuranduqdan sonra Azərbaycan EA-nın Kimya İnstitutunda əmək fəaliyyətinə başlayır. Çox keçmir ki, O, dəqiq elmlər üzrə nəinki respublikamızda, keçmiş ittifaq məkanında ən istedadlı tədqiqatçı kimi tanınır. Kəşfləri, ixtiraları, samballı elmi məqalələri maraqla qarşılanır, müəllifinə şöhrət gətirir, nüfuz qazandırır.

Xudu Məmmədov haqqında xatirələrDoğma Mərzili kəndinə hər gəlişində həmkəndliləri Xudu bəyin başına toplaşar, hal-əhval tutduqdan sonra Xudu müəllimi sorğu-suala tutmarmışlar. Belə görüşlərin birində həmkəndlilərindən birinin, “Xudu müəllim əsl alim kimə deyilməlidir?” sualına Xudu müəllim belə bir cavab verir:

– Bilirsiz, əgər alim danışanda elmdən uzaq olan adam onu başa düşsə və ona qiymət verərək, “o nə danışır, onun dedikləri elə mənim bildiklərimdi” – desə, deməli, əsl alim odur. Yox, əgər “o nə danışır, mən heç nə başa düşmədim” desə, deməli, o əsl alim deyil.

Dünyanın elm nəhəngi ingilis Con Bernal 1953-cü ildə Moskvada keçirilən elmi konfransda öz “dahi tələbəsi” haqda guya söz tapa bilməyən rus akademikinin fikrinə belə qüvvət verib:

“Bizdəki və sizdəki “pensioner” kristalloqrafların həll edə bilmədiklərini sizin 25 yaşlı “pioner” tələbəniz – cənab Xudu Məmmədov həll etmişdir!”

 Beləliklə, Xudu bəyə 25 yaşında böyük alim titulu verdilər.

Şair Ənvər Əhməd yazır: “Xudu müəllim ağlayırdı. İrəli gedib: – Niyə ağlayırsan, Xudu müəllim, – dedim – sizdən çıxmaz iş. Üzünü yana çevirdi. Sonra dönüb Ağdama sarı uzun-uzadı baxdı. Gözü yenə doldu: – Ənvər, Allaha rəvadırmı bu torpaqlar bizim əlimizdən alınsın, – deyib, daha da kövrəldi. Biz də ona qoşulduq. Bir az ara verib dedi ki, mənim ürəyimə nəsə damıb, Ənvər. Bu gecə yuxumu qarışdırmışam. Millətimin başında qara buludlar dolanır.”

Tanınmış Qırğız yazıçısı Çingiz Aytmatov Xudu müəllimlə görüşündən sonra yazır: “Elmlə sənətin qeyri-adi uğurlarını kəşf edən, zəkası ilə “cansız təbiət” terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə də, xarakterinə də, sadəliyinə də vuruldum. Fəxr edirəm ki, Türk dünyasında Xudu Məmmədov kimi ziyalı var.” Çingiz Aytmatov Xudu Məmmədova yazırdı:  “Siz məndən təkcə 1 il 2 gün yox, bütün parametrlərlə böyüksünüz, mənim əziz Xudu müəllimim!”

Akademik Teymur Bünyadov yazır: “Xudu Məmmədov kristalloqrafiya elmi sahəsində ingilislərin, yaponların və bəzi qabaqcıl dövlətlərin alimlərinin fikirlərini təkzib etmiş, öz kəşflərini, dünya əhəmiyyətli ixtiralarını yaratmışdır. Xudunun ixtiraları təkcə elmi, nəzəri deyil, həm də böyük təcrübi əhəmiyyət kəsb edir. Elmimizdə, həyatımızda Xudu məktəbi, Xudu dünyası yaşayır”.

Xalq şahiri Bəxtiyar Vahabzadə Xudu Məmmədov haqqında yazır: “Xudu içində yaşadığımız sistemin məhvə labüd olduğunu, cəmiyyətin təbii qanunları nəticəsində yaşamağa qabil olmadığını dəlillərlə sübut edərdi. O, cəmiyyətdəki hər şeyi təbiət qanunları ilə ölçərdi. O, deyərdi ki, əgər cəmiyyətdə təbiətə yad bir qanun yaranarsa, bu qanunun yaşamağa haqqı yoxdur. Bu mənada kommunizm insanın təbii hisslərinə ziddir. Kommunizm kabinentdə yaranmış fantastik bir ideolgiyadır, insana qarşı çevrilən bir idealogiya cəmiyyətdə duruş gətirə bilməz. O, bunu təbiət qanunları əsasında elə sübut edərdi ki, mən buna inanmaya bilməzdim.”

Xudu Məmmədov haqqında xatirələrBəxtiyar Vahabzadənin Xudu Məmmədov barədə söylədiyi bu xatirə Xudu Məmmədovun kimliyi haqda çox şey deyir. “1970-ci illərin sonlarında bir gün Nurəddin Rzayevlə Xudu Məmmədovun evində qonaq idik. Söhbətimizin mövzusu əsasən Azərbaycanın gələcəyi və Türkiyə ilə münasibətləri ətrafında idi. Nədənsə söhbət hərəmizin ən müqəddəs arzusu barədə oldu. Mən dedim ki, mənim ən müqəddəs arzum Azərbaycanın güneyli-quzeyli birliyini və xoşbəxtliyini görməkdir. Nurəddin dedi ki, ən böyük və müqəddəs arzum Azərbaycanın gələcəyinin parlaq olmasını görməkdir.

Xudu isə dedi: “Ən böyük arzum budur ki, bir gün qapımız döyülsün, gedib açım görüm ki, əlində süngülü tüfəng olan türk əsgəridir. Soruşsun ki, kommunist Xudu Məmmədov burada yaşayır? Deyim ki, bəli, mənəm… Desin ki, biz Türkiyədən gəlmişik Azərbaycandakı sonuncu kommunist olan Xudu Məmmədovu güllələməyə.”

Xudu Məmmədovun yaxın dostu Şahmar Əkbərzadənin xatirə-qeydlərindən: “Xudu müəllimin xarakterinə uyğun heç bir ədəbi əsərin obrazına, nağıl-dastan qəhrəmanına rast gəlməmişəm. Xudu müəllim xoş xəbər eşidəndə fərəhlənər, şadlanardı, çöhrəsinə nur gələrdi. Bəd soraqdan isə sifəti göyərər, əlini ürəyinin üstünə qoyardı. Elə köks ötürərdi ki, eşidənin bağrı dağlanardı. Xudu müəllim sadə, təvazökar, həddən artıq qayğıkeş idi. Söhbətləşən zaman az danışardı. Bəzən mənə elə gələrdi ki, o, demədiyini baxışları ilə həmsöhbətinə çatdırır.”

Filologiya elmləri doktoru, Azərbaycan-Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri dahi alim haqqında yazır: “Mənim fikrimcə, Xudu Məmmədov Üzeyir Hacıbəylidən sonra Azərbaycanın ən böyük ziyalısıdır. Mən bunu qətiyyən Mirzə Fətəli Axundovun, Mirzə Cəlilin, Sabirin, Müşfiqin, Səməd Vurğunun çiyninin üstündən demirəm. Ancaq əgər bir adamın mədəniyyətə, tarixə baxışını zirvə kimi götürsək mənim üçün bütün dahilərimizin xidmətləri unudulmamaqla, Üzeyir bəy bir zirvədir, Xudu Məmmədov da başqa bir zirvə – yeni dövrün zirvəsi. O, əslində Azərbaycan xalq hərəkatının ilk şəhididir. Azərbaycanda Nobel mükafatını almağa layiq olan, alim idi. Xudu müəllimin arxasında nə Mason təşkilatı, nə Avropa Birliyinin liberal qurumları, nə də özünün yaşadığı ölkənin akademiyası vardı. Amma o, Nobel mükafatını haqq edirdi. Odur ki, ondan sonra kristalların quruluşuna əsərlər həsr eləyənlər bu mükafatı aldı, amma Xudu müəllim ala bilmədi. Amma bu, dərd deyil. Əsas dərd odur ki, biz onu itirdik.”

1980-1990-cı illərdə Ağdam Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışan Sadıq Murtuzayev “Xudulu günlərim…” yazısında qeyd edir: “Dəmirağac yaylasında tikinti başlamalı idi. Xudu müəllim çox təkidlə tikintidə layihənin düzgün yerinə yetirilməsinə rəhbərlik edəcəyini bildirdi. Onun xəstə olduğunu, tikinti gedəcək sahədə şəraitin ağır olmasını göstərdikdə, o inadından dönmədi. Bina çox sürətlə tikildi. Tikintinin açılışına Ağdamdan vertalyotla Daxili İşlər Nazirinin müavini general Tofiq Aslanovla birgə getdik. Kəlbəcərin kəndlərindən açılışa çoxlu adam gəlmişdi. Xudu müəllimin sevincinin həddi-hüdudu yox idi. Xatirəsi bütün Azərbaycan xalqı üçün əziz olan general Həzi Aslanovun oğlu general Tofiq Həzi oğlu Aslanovla tanışlıq onun sevincinə sevinc qatmışdı. Binanın açılışı böyük el şənliyinə çevrildi, Kəlbəcər aşıqları Dəlidağa səs salmışdı. Binanın qəlbi bir yerində Ağdamın ağ daşından “AĞDAM” sözü yazılmışdı. Xudu Məmmədov çıxış edərkən qeyd etdi ki, bu söz Ağdamın bu dağlarda əbədi məskunlaşmasının rəmzidir.”

Xudu Məmmədov haqqında xatirələrAXC-nin banisi M.Ə.Rəsulzadənin ən yaxın silahdaşlarından biri olan Məhəmməd Kəngərli yazır: 1969-cu ildə Xudu Məmmədova  üçrəngli bayrağımızı hədiyyə elədim və O, bayrağı gizli şəkildə Azərbaycana gətirir.”

Akademik Səlahəddin Xəlilov yazır: “Xudu Məmmədov bir neçə illik tədqiqatların yekunu olaraq 1960-cı ildə «Kalsium-silikatları və hidrosilikatların kristallokimyası» monoqrafiyasını yazır. Sement silikatlarının quruluşuna dair monoqrafiya yazılmasına London nəşrlərindən sifariş olsa da, ingilis dilini yaxşı bilməsinə baxmayaraq, bu monoqrafiyanı Xudu Məmmədov öz dilimizdə yazdı. Silikat kimyası üçün fundamental əhəmiyyətə malik olan bu  əsər  Azərbaycan  elm  tarixində   kristallokimyaya dair doğma dilimizdə ilk kitab idi. Monoqrafiya ingilis və ya rus dillərində çap olunsa idi, dünya şöhrəti qazanmış gənc türk alimi X.Məmmədovun dünya elminə böyük töhfəsi olardı. Ancaq “mənim ilk oxucum öz millətim olmalıdır” kəlamları bu insan haqqında çox söz deyirdi.”

Məmməd Çıraqın “Zirvə” kitabında müəllif yazır: “Xudu müəllim İngiltərədə olarkən türk tələbələri və aspirantları ilə tez-tez görüşərmiş. Belə görüşlərin birində türklər Xudu müəllimin “kommunist” olduğunu öyrənirlər. Kommunist partiyasına nifrət edən türklər Xudu müəllimə deyirlər ki, əgər Türkiyədə bilsələr ki, SSRİ-də onca nəfər sizin kimi kommunist var, onda Türkiyə başdan-başa kommunistlər ölkəsi olardı..”

Rusiyada yaşayan Azərbaycan Yazıçılar Birliyinin üzvü Sultan Mərzili yazır: “Ötən əsrin 70-ci illərində Azərbaycanda ilk dəfə övladına əsl türk soyadı, Toğrul Məmməd yazdıran da Xudu Məmmədov idi. O, öz zamanını qabaqlayanlardan idi.”

Aynur Tağıyeva

AMEA-nın əməkdaşı 

 

“KarabakhİNFO.com”

 

14.01.2014 16:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*