Azərbaycanca

Xuraman Şuşalı: “Şuşa adı gələndə nitqim quruyur”

21.01.2014 | 16:49

1390308448_xuramanŞuşa Qarabağın mədəniyyət beşiyi sayılır.  Şuşa torpağında dünyaya göz açan, oranın suyunu içib, havasını udan tanınmış müğənni Xuraman Şuşalı “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibə verdi.  Məlumat üçün bildirək ki, müğənni Şuşada doğulub, ancaq 8 yaşında ikən yağı düşmənimiz olan ermənilərin torpaqlarımızı işğal etməsi nəticəsində öz yurdundan didərgin düşüb.

 

 

Uşaq yaşlarından etibarən məcburi köçkün həyatı yaşayıb.   -Xuraman xanım, istərdik Şuşa haqqında xatirələrinizi bizimlə bölüşəsiniz…   Şuşa adı gələndə nitqim quruyur, nəfəsim kəsilir. Çünki mən bu torpaqda doğulmuşam, oranın təmiz havasını udub, ilk dəfə ana kəlməsini orada demişəm. İnsan həyatının ən gözəl anları onun uşaqlıq dövrü sayılır. 8 yaşına qədər özümü dünyanın ən xoşbəxt uşağı sanırdım. Elə ki,  ermənilər Şuşanı işğal etdilər, bax o zamandan mən həyatımın çətin anlarını yaşamağa  başladım.   – Şuşa işğal olunan zaman siz azyaşlı idiniz. Həmin vaxtları necə xatırlayırsınız? Sizcə, o günləri unutmaq olarmı?   Şuşadan çıxmağımız mənim faciəmdir. Bu faciə ömürlük yaddaşımda silinməz xatirə olaraq qalacaq. Çünki orada atamı itirdim, anamın və  qardaşımın sağlamlığını itirdim! Şuşadan didərgin düşəndə 8 yaşım var idi.  Gecələr ermənilərin qorxusundan paltarda yatırdıq ki, lazım olanda zirzəmiyə qaçıb gizlənə bilək. O vaxt evimizin içində ermənilərin durmadan atdığı güllələrin, topların səsindən rahat otura bilmirdik. Gecəmiz-gündüzümüz qorxu içində keçirdi.   -Xuraman xanım, Şuşada nəyiniz qaldı?   Şuşada mənim qayğısız uşaqlığım qaldı. Doğulub, boya-başa çatdığım yurdumuz qaldı. Şuşada atamın, əmimin, doğmalarımın məzarı qaldı!   -Şuşadan illərdir ayrısınız, Şuşaya gedən yollar bağlıdır… Sizə bir neçə dəqiqəlik Şuşaya getmək imkanı verilsəydi, geri qayıdanda Şuşadan nə götürərdiniz?   Elə bir fürsət olsa idi, inanın ki, heç utanmadan bir ovuc Şuşa torpağı və məhz Şuşada bitən Xarı bülbül gülünü götürərdim.   – İlk olaraq haranı ziyarət edərdiniz?    Gedib atamın uşaqlıqda böyüdüyü evə baxardım. Çünki heç vaxt atam məni həmin evə  aparmamışdı.   Daha sonra əmimin qəbrini ziyarət edərdim. Əmim çox cavan rəhmətə gedib. Onun övladı da olmayıb. Mən əmimin üzünü görməmişəm. Tez-tez ailəmlə əmimin məzarını ziyarət edərdik. Əgər Şuşaya getmək şansım olsaydı, əmimin qəbrini ziyarət edərdim, çünki əmim orada qəribdir.   -Bu müharibə sizin ürəyinizdə dərin yara izi qoyub. Şuşanın işğalı zamanı doğmalarınızı itirmisiniz. Bu itkilərə görə, ermənilərə nə cəza verərdiniz? Ermənilərə nə qədər cəza verilsə azdır. Onlar üçün ən böyük cəzanı uca Allah verəcək. Yaşadığımız zülmə, çəkdiyimiz əzaba görə, qoy onlar Allah qarşısında cavab versinlər.   – Xuraman xanım, siz dəfələrlə döyüş bölgəsinə səfər etmisiniz. Döyüş bölgəsində olarkən bir anlıq  Şuşaya getmək hissi ürəyinizdən keçibmi?   Bir neçə il öncə Tərtərdə olan hərbi hissələrin birində əsgərlər üçün konsert verməyə getmişdik. İşğal altında olan torpaqlarımızdan 30 metr aralıda dayanmışdıq. İnanın mənə, o yerlərə yana-yana baxırdım. O anları, o duyğuları yaşamaq çətindir! Bilirsiniz necə ağrılıdı!…   -İbadət edirsiniz, heç olurmu dualarınızda Şuşanın azadlığını da diləyəsiniz…   Hər səhər açılanda, namaz qılarkən Uca Yaradana dua edirəm ki, işğal altında olan torpaqlarımız tez bir zamanda azad olsun. Tək Şuşa deyil, işğala məruz qalan bütün torpaqlarımız geri qayıtsın.   -Şuşaya qayıtmağa ümidiniz varmı?   Şuşanın geri qayıdacağına böyük ümidim var. Çünki tarixən Şuşa bizim olub və bizim olaraq da qalacaq. Məncə, bu, müvəqqəti çətinlikdir biz yaşayırıq. Gün gələcək Şuşa əvvəkli əzəmətini bərpa edəcək və şuşalılar öz doğma torpağında xoş-firavan yaşayacaqlar.          

 

Günel Cəlil

 

 

  “KarabakhİNFO.com”         

21.01.2014 16:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*