Azərbaycanca

XX əsrin I yarısında erməni diasporunun antitürk fəaliyyəti

06.12.2012 | 17:00

1354798701_mapsOrta əsrlərin tarixi ziddiyyətləri ilə dolu olan Avropanın sosial-siyasi mənzərəsi artıq XIX əsrin sonu-XX əsrin əvvəllərindən etibarən daha da gərginləşdi. İri kapitalist dövlətlərinin müstəmləkələr uğrunda yüzillərdən bəri apardıqları amansız mübarizə nəticədə dünya müharibəsinə gətirib çıxardı. Xüsusilə Antanta blokuna daxil olan dövlətlərin Üçlər İttifaqı blokuna qarşı vahid cəbhədə mübarizə aparması sonda birincilərin şəksiz qələbəsi ilə nəticələndi. Nəticədə, Üçlər İttifaqına daxil olan Avsriya-Macarıstan imperiyası kimi Osmanlı imperiyası ərazilərinin də Böyük Britaniya, ABŞ, Fransa, Rusiya, Yunanıstan və digər dövlətlər tərəfindən bölüşdürülməsi gerçəkləşdirildi. Xüsusilə döyüş və siyasət meydanlarında daima türkü özünün yeganə əzəli düşməni, barışmaz rəqibi görən ermənilər müharibənin ən şiddətli vaxtlarında Qərbin və Çar Rusiyasının terrorçu quldur dəstələri ilə birlikdə Şərqi və Cənub-Şərqi Anadolu torpaqlarını qan gölünə çevirdilər. Burada nəinki dinc türk əhalisinə qarşı soyqırımı törədildi, eyni zamanda dövlət əhəmiyyətli strateji obyektlərin də məhv edilməsi bütövlükdə bölgənin uzun illər iflic vəziyyətinə düşməsinə gətirib çıxardı. Xüsusilə Anadolu ərazilərində aparılan intensiv əməliyyatlar zamanı  erməni millətçi ekstremistləri və onlara yardımçı olan qüvvələrinin səyləri nəticəsində  qoca, uşaq, cavan demədən 517 min 890 nəfərinin həyatına son qoyulmuş və 100 minlərlə insanın taleyi haqqında məlumatlar bilərəkdən məhv edilmişdir. Son dərəcə qəddarlıqla həyata keçirilmiş soyqırımının arxasında dayanan super güclər nəinki bu hadisələri qınamış, cinayətkarlar öz layiqli cəzalarını almış, əksinə bəhs olunan dövrdə guya ermənilərin türklər tərəfindən məhv edilməsi kimi sərsəm iddialar “erməni soyqırımı” kimi dəstəklənmiş və bunu Avropa mətbuatına mütəmadi olaraq daşımışlar.  Əfsuslar olsun ki, XX yüzillik boyu bu çirkin təbliğatın girdabına yuvarlanmış qərb yüz il müddətində alternativsiz, birmənalı informasiyaların təsiri altında qalsa da tədricən türkün Avropa qitəsində artan mövqeyi və diaspor təşkilatlarının, eləcə də lobbiçilik fəaliyyətinin gücləndırılməsi, yüksək tirajla çıxan kitab, buklet, informasiya xarakterli tədbirlərin tez-tez təşkil edilməsi getdikcə öz bəhrəsini verməyə başladı. Bununla nəinki Avropanın düşünən beynləri zəhərlənmiş saxta fikirləri atmaqla  həqiqəti duymuş oldu, həmçinin zəka sahibləri aldadıldıqlarını etiraf edərək bu istiqamətdə samballı tədqiqat işləri ortaya qoymaqdadırlar. Qərbin tanınmış ziyalılarından Erik Fayql, Samuel Uimz, Skot Teylor, Jastin və Karolin Makkartilər və onlarla belə alimlər türkün həqq səsinə səs verərək doğru, dürüst həqiqətləri Avropa insanına çatdırmağa müvəffəq oldular. Nəticədə qərb yeni bir qüvvənin  daşıdığı həqiqətləri az da olsa qəbul etmiş oldu. Lakin əldə olunmuş  nailiyyətlər XX əsrin II yarısı üçün xarakterikdir. Biz bunu XX əsrin I yarısına heç cürə şamil edə bilmərik. Bunun bir sıra mühüm səbəbləri mövcuddur. Bu haqda aşağıdakı verəcəyimiz məlumatlarda ətraflı şəkildə bəhs edəcəyik.

Qeyd etmək lazımdır ki, I dünya müharibəsinin ən şiddətli vaxtlarında xəyanətkar erməni terrorçu dəstələrinin imperiyanın ucqarlarına (Suriya və Mesopotamiya) köçürülməsi zamanı on minlərlə erməni ailələrinin bu təhlükəsiz ərazilərdən imtina edərək Avropanın inkişaf etmiş kapitalist ölkələrinə üz tutması nəticədə onların sığınacaq probleminin və maddi vəziyyətinin yaxşılaşması ilə nəticələndi. Köç prosesi xüsusilə 1920-ci illərdə daha da intensivləşdi. Dünyanın müxtəlif qitələrinə üz tutan ermənilər müxtəlif dillərdə rus, türk, ərəb, fars, fransız dillərində danışmağa meyl etsələrdə erməni dilində danışanlar buna nisbətən azlıq təşkil edirdilər. Sedat Laçınerin yazdığına görə xüsusilə erməni dilində şərq və qərb ləhcələrinin mövcudluğu bu dildə danışığı daha da çətinləşdirirdi .

Qeyd edək ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti ilə yanaşı Ermənistanın da Qırmızı Ordu birləşmələri tərəfindən zəbt edilməsi nəticəsində iqtidarda olan daşnaq hökuməti devrilmiş və sovet hökumətinə qarşı müxalifəti formalaşdıran bu qüvvələr tezliklə ölkəni tərk etmək məcburiyyətində qalmışlar. Daha çox Fransaya üz tutan daşnaqlar 1924-cü ildə burada Mühacirət Hökuməti yaratmağa müvəffəq oldular. Daşnaqlar bütün gücləri səfərbər edərək “hökumət”in ayaqda durması və fəaliyyəti üçün nəzərdə tutulan ali məqsədlərə çatmaq istiqamətində görülən işləri daha da sürətləndirdilər. Məhz bunun nəticəsi idi ki, daşnaqlar Mühacir Hökumətinin 1965-ci ilə qədər mövcudluğunu qorumağa müvəffəq oldular. Qeyd etmək lazımdır ki, 1920-ci ildə Ermənistanda daşnaq hökumətinin sovet rejimi ilə əvəzlənməsi daşnaqları daha da hiddətləndirmişdi. Bu dövrdən etibarən bolşeviklərə qarşı barışmaz mövqe nümayiş etdirən və dünyadakı erməni diasporasını SSRİ-yə qarşı vahid cəbhədə mübarizə aparmağa səsləyən daşnaqlar içərisində siyasi fəaliyyətlə məşğul olan qüvvələrin sayı üstünlük təşkil etməyə başladı. Xüsusilə radikallığı ilə seçilən bu qüvvələr SSRİ-yə qarşı daha çox müxalif mövqe nümayiş etdirir və bir gün yenidən Ermənistanda siyasi hakimiyyətə yiyələnəcəkləri uğrunda mübarizəni davam etdirirdilər. Lakin buna baxmayaraq SSRİ daşnaqların zərərsizləşdirilməsi istiqamətindəki səylərini daha da artırdı. XX əsrin 20-30-cü illərində komunistlərlə daşnaqlar arasındakı münasibətlərin nizama salınması istiqamətində bir sıra real addımlar atılmasına baxmayaraq gərginlik hələ də davam etməkdə idi. Belə ki, 1921-ci ildə Riqada daşnaqlarla bir araya gələn komunistlər arasında baş tutmuş görüş də nəticəsiz başa çatmışdır. Daha çox siyasi fəallığı ilə seçilən diasporanın ən radikal-millətçi qanadı olan Daşnaqsütyun partiyasının fəal üzvləri və onlara bu işdə yardımçi olan digər diaspor partiyaları-Sosial Demokrat Hınçaq Partiyası və Liberal Demokrat Ramqavar partiyası arasında fikir ayrılığı mövcud idi. 20-30-cu illərdə yaranan gərginlik getdikcə dərinləşməkdə idi.  Artıq bəhs olunan dövrdə diasporada iki real qruplaşma arasında aparılan mübarizə diasporanın dayaqlarının laxlamasına gətirib çıxardı. Bir tərəfdən radikal-millətçi daşnaqlarla bolşevik ermənilər arasında yaranan fikir ayrılığı, digər tərəfdən də komunist ermənilər arasındakı siyasi baxışlarda yaranan fərqliliklər bütövlükdə diasporanın fəaliyyətini çətinləşdirirdi. Özlərini sosial demokratlar kimi təqdim  edən hıncaqçılar birmənalı şəkildə rusları ermənilərin güclü müttəfiqi kimi qəbul edir və bu mövqe liberal demokratlar tərəfindən də dəstəklənməkdə idi. Lakin sosial demokratlardan fərqli olaraq liberal demokratlar sosializmə qarşı mübarizə aparmaqla Ermənistanın müstəqilliyinə və milli qüvvələr (daşnaqlar) tərəfindən idarə olunmasına səy göstərirdilər. SSRİ-nin yaranmasından az sonra bolşeviklərin müəyyənləşdirdiyi xarici siyasət kursunda erməni diasporunun “maraqlarının nəzərə alınması” və dünyadakı güclü nüfuza malik bu qüvvələrin zərərsizləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. SSRİ-yə rəhbərlik edən qüvvələrin burada hansı maraqlar uğrunda mübarizə apardığını müəyyənləşdirmək olduqca sadədir. Birincisi, dünyadakı erməni diasporunun SSRİ-yə qarşı apardığı informasiya müharibəsininin qarşısını almaq, ikincisi, daşnaqların Moskvanın strateji müttəfiqliyinə cəlb edilməsi və nəhayət üçüncüsü, qonşu Türkiyə və İran dövlətlərinə  qarşı ərazi iddialarının aparılmasında bir siyasi kart kimi istifadə olunmasıdır. SSRİ-nin bu mövqeyi Avropada bir mənalı şəkildə qəbul edilmədi. Lakin “erməni məsələsi”ndən istifadə etməklə SSRİ-nin  beynəlxalq aləmdəki imicinə zərbə vurmaq, eyni zamanda sosializm düşərgəsinin daxildən zəiflədilməsi istiqamətində bu kimi siyasi kartlardan mütəmadi istifadə olunmasının şahidi oluruq. Ancaq ikinci müddəaya münasibətdə həm SSRİ-nin, həm də Avropanın maraqları üst-üstə düşürdü. Belə ki, yenicə dünya müharibəsinin başa çatması və bu müharibəbə öz istəklərinə çatmamış bir sıra dövlətlər yenidən Türkiyə və İran məsələsində ermənilərlə vahid cəbhədə mübarizə aparmağa müvəffəq oldular.

Bildiyimiz kimi, 1918-ci ildə İngiltərə və müttəfiqləri tərəfindən İstanbulun işğal edilməsi və Osmanlı idarəetmə sisteminin nəzarətə götürülməsi daxildə müəyyən çaxnaşmalara gətirib çıxartdı. Eyni zamanda iqtidarda olan İttihad və Tərəqqi hökumətinin ən fəal üzvlərinin, siyasətçilərinin, elm adamlarının həbs edilərək Malta adasına sürgün edilməsi də daxildəki hadisələrə öz mənfi təsirlərini verməyə bilməzdi. Aparılan uzunmüddətli istintaq materialları da bu şəxslərin qondarma “erməni soyqırımı”nın  təşkilində günahkar olmadıqlarını bir daha təsdiq etmiş oldu.  1919-cü ildə Paris sülh konfransında,  20 noyabr 1920-ci ildən başlayaraq 23 aprel 1923-cü ilə qədər davam edən Lozanna konfransında erməni diasporunun fəal üzləri ilə yanaşı onlara bu işdə havadarlıq edən İngilis Erməni Komitəsinin ermənipərəst üzvləri Viscount Bryce, Qladston, Lord Robert Çörçil, Arnold Toynbi və digər fəal lobbistlərin apardığı yorulmaz mübarizə də heç bir nəticə vermədi . Qeyd edək ki, Lozanna konfransında Avropadakı erməni diasporunun və lobbisinin davamlı təzyiqləri nəticəsində 20 noyabr 1922-ci ildən 4 fevral 1923-cü ilə qədər davam edən birinci dövrdə təşkil edilmiş ikitərəfli və üçtərəfli görüşlərdə başlıca olaraq “erməni yurdu”, 23 aprel-23 iyul 1920-ci il tarixləri arasındakı ikinci dövrədəki görüşlərdə isə “soyqırımı” ilə bağlı məsələlər müzakirə edildi və Türkiyədən xarici ölkələrə köç edən ermənilərin geri dönməsi ilə bağlı türk hökumətinin razılığını ala bildilər . I Dünya müharibənin bitməsindən az sonra sultan hökuməti sürgün edilmiş ermənilərin geri dönməsi haqqında “Geri dönüş qanunnaməsi”ni imzaladı. Nəticədə, köçürülmüş on minlərlə erməni ailələri yenidən öz əvvəlki yaşadıqları ərazilərə yerləşdirildi. Qısa müddət ərzində onların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra mühüm qanun layihələri qəbul edildi. Dövlət bu işə külli miqdarda maaliyə vəsaiti ayırmaqla problemin qısa vaxt ərzində həllinə çalışırdı. Lakin Osmanlı rəhbərlərinin attığı bu humanist addımlar əksinə olaraq Avropa mediasında ittiham edilir və türk kimliyi “barbar”, “qatil” obrazında lənətlənirdi. Biz bunu həmin dövrdə milyonlarla ingilis funtsterlinqləri hesabına işıq üzü görmüş “rəngli kitablar”ın səhifələrindən də görmüş oluruq.

Məlum olduğu kimi,  20-30-cu illər Avropada “rəngli kitablar savaşı” kimi xatırlanır. Eyni zamanda bu dövrdə qərb dövlətləri tərəfindən “erməni soyqırımı”na ədalət” adı altında aparılan kompaniya çərçivəsində yazılmış kitablar, çəkilmiş filmlər, çızılmış xəritələr sürətlə yayılmağa başlandı.

 

Taleh CƏFƏROV

Azərbaycan Dövlət Pedaqoji Universitetinin

 Türk və Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası kafedrasının baş müəllimi 

 

 

06.12.2012 17:00

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*