Azərbaycanca

Yahuda İskaryot, Yezid , Ələkrəm və “Əkrəmin uşaqları”

05.10.2013 | 13:36

1380965581_aaaaaaaAnar TURAN

Oğuz müstəqil araşdırmaçılar qrupunun eksperti

Tədqiqatçı – jurnalist

 

 

İskaryot sözü latıncadan tərcümədə qatil deməkdir. İsa peyğəmbəri satdığı üçün Yahuda İskaryot olaraq anılır. Ənənəvi xristian dini görüşlərində otuz gümüş dinara İsanı (ə) satmışdır. Sonra vicdan əzabı çəkdiyi üçün özünü asaraq intihar etmişdir.

 

Yezid ibni Müaviyə isə törətdiyi cinayətlərlə İslam tarixində silinməz dərin yaralar açmış “xəlifə”dir. O xəlifə ki, içki düşkünü olmuş, xəlifəlik postunu zorla ələ keçirmiş və ən əsası isə Məhəmməd peyğəmbərin sevimli nəvəsinin haqq mübarizəsinə qarşı çıxmış və onun 72 nəfər müridi ilə Kərbəla çölündə vəhşicəsinə qətlə yetirilməsinə göstəriş vermişdir. Bu əməli ilə o, ilk növbədə  Məhəmməd peyğəmbərə(s.v.s), onun ailəsinə, bütövlükdə isə İslam ümmətinə xəyanət etmiş və gələcək üçün böyük təfriqələrin əsasını qoymuşdur.

 

Ələkrəm Hümmətov da xainliyinə görə ölkədən qovulmuş, vətəndaşlıqdan çıxarılmışdır. Xalqımızın ağır günlərində, erməni təcavüzü ilə mübarizə aparıldığı bir dövrdə cənubda qondarma “Talış Muğan Respublikası” elan etmiş, özünü bu saxta qurumun prezidenti hesab etmiş və Vətəni bölməyə cəhd etməklə ona xəyanət etmişdir.

 

Əkrəm Naibov (Əylisli) isə Azərbaycanın sabiq xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sabiq üzvüdür. O, “Daş yuxular” əsərində Azərbaycanın tarixi ilə bağlı gerçəklikləri, ermənlərin azərbaycanlılara  təcavüzünü təhrif etmiş, hətta əsərin bəzi yerlərində öz millətinə və mənəvi dəyərlərinə qarşı düşüncələr yer almışdır. Prezidentin sərəncamı ilə fəxri adları əlindən alınmış, ciddi ictimai təpki ilə qarşılaşmışdır.  İndi O, sözün həqiqi mənasında sabiqdir. Çünki əsəri ilə həm öz imicinə həm də millətinin imicinə zərbə vurduğuna görə cəmiyyət tərəfindən mənfi qarşılanır.

 

İki min ildir ki, Yahuda adı qoymağa heç kim cəsarət etmir. Hətta Almaniya Respublikasında bu adı uşaqlara qoymaq rəsmən qadağan edilib. Bütün müsəlman aləmini qarış-qarış gəzsəniz də Yezid adına rast gəlməzsiniz. Yəni pislik, xəyanət, satqınlıq minillər keçsə də unudulmur.

 

Nə Ələkrəm Hümbətov, nədəki Əkrəm Naibov  inanmıram ki, bir də öz imiclərini bu xalq arasında bərpa edə bilsinlər. Bizdə olan məlumata görə son illərdə Ələkrəm adını heç kəs övladlarına qoymur.  Ola bilər ki,bu  adın hansısa müsbət dini mənası olsun, lakin həmin adda vətənə xəyanət etmiş bir insan olduğuna görə, bu riskə heç kim getmək istəmir. Hərdən narahat oluram ki, ola bilsin ki, nə vaxtsa Əkrəm adına da artıq bu cür münasibət formalaşsın. Çünki nə qədər olmasa da bu  isimdə müsbət xarakterli insanlarımız da mövcuddur. Lakin kütlənin psixologiyası elədir ki, bir də gördük ki, artıq xalq arasında da bu adla bağlı kompleks yaranıb. Hər halda Əkrəm Naibovun etdiyi əməllər buna gətirib çıxara bilər.

 

Niyə bu insanlar açıq-aşkar millətə xəyanəti özlərinə sənət seçiblər? Biri etnik-regional separatizmlə xəyanət edir, digəri xalq yazıçısı statusu daşıyaraq millətə xəyanət edir, indi də elə yazarlar peyda olub ki, onların bu cəmiyyətə təlqin etdiklərindən yenə bir xəyanət qoxusu gəlir. Bunlara “Əkrəmin uşaqları” desək daha doğru olar. Hansı ki, Avropadan hansısa qrant və ya siyasi sığınacaq almaq arzusu ilə bir-iki təhqiramiz məqalə yazaraq bu yolu seçirlər. Anlamaq olmur ! Yəni bu insanlar həqiqətənmi öz genindən, soykökündən, milli mənsubiyyətindən, qürurdan, vicdandan bu qədər aralı düşdülər?! Bu cür satqın yolu seçmək itirilmiş torpaqları, əsir götürülmüş insanları, parçalanmış bir vətəni olan bir xalqın milli heysiyyatı ilə oynamaq,onu ələ salmaq  deyilmi?  Bu gün adını yazar qoymuş Günel Mövludun hərəkətləri də həmçinin bunu deməyə əsas verir.

 

Günel Mövlud, məgər hər dəfə yazılarınızda “ mentalitetinə tüpürdüyünüz” vətəndaşlar, xüsusilə zabit və əskər zümrəsi bu xalqın övladı deyildimi? Axı təhqir etdiyiniz oğullar sizlərdən  ötrü qışda, qarlı-şaxtalı  günlərdə əlində silah düşmənlə üz-üzə dayanır.  Bu bəs deyilmiş kimi, indi də gedib düşmənlə üz-üzə otururaraq,  ona utanmadan müsahibə verirsiniz, ölkənizdə olan hanısa neqativ bir halın üstünə beşini də qoyub deyirsiniz.  Günel Mövlud,  erməni mətbuatına müsahibə verərək, guya ölkənizdə sizə qarşı fiziki təhlükə olduğunu, təhdidlərlə üzləşdiyinizi dilə gətirirsiniz, düşmən dəyirmanına su tökərək şikayətlənirsiniz.  Sual olunur ki, siz bu milləti hər yazınızda təhqir edəndə, ələ salanda  bilmirdiniz ki,  hansısa vətəndaş sizi təhdid edə bilər? Hansısa təhqir olunmuş şəxs sizə öz etirazını kobud şəkildə bildirə bilər? Məncə, insan yazdığı, qələmə aldığı mövzunu yazmamışdan əvvəl diqqətlə düşünməli, obyektiv araşdırmalı, ən azından etik qaydalar sərhəddini keçməməlidir. Siz isə bütün yazılarınızda etika elmindən bixəbər olduğunuzu hər dəfə nümayiş etdirdiniz. Siz ki, bunları bilməliydiniz. Bunları bilə-bilə də yenə təhqir etməyinizdə davam edirdiniz. Öz çirkin cızma qaralarınızla bu xalqı hər dəfə təhqir edəndə xalq məgər sizin kim olduğunuzu görmürdümü? Xalq görürdü və sizin mənasız, boş hərf yığınından ibarət yazılarınızdan ötrü uzağı sizi qınayırdı. Daha sizin kimi düşmənə və ya başqasına üz tutmurdu. Əvəzində bu idimi xalqa olan borcu ödəmək? Bu idimi millətə olan hörmət? Bu idimi əslən Qarabağlı olmağın aqibəti? Bu idimi mənsub olduğun kəndin işğal altında olmağın tərəfsiz cavabı?  Bu xalq sizi məhkəməyə verməli olduğu halda bəs  niyə üzərinizdə azacıq ictimai qınaq hiss edən kimi dözümsüzlük göstərdiniz və düşmənlərdən mədət umdunuz? İndi məntiqlə fikirləşsək, deməli siz bu hərəkətləri ona görə edirdiniz ki, sadəcə Avropada bir ictimai fəal adı qazanasınız. Ya da ki, Azərbaycanı parçalamaq istəyən qüvvələrdən qəpik-quruş səviyyəsində qrant qoparasınız. Mənəvi  valideyniniz, xalqın təəsübünü çəkmək əvəzinə onun qürurunu Nobel mükafatı almaq arzusuna qurban verən Əkrəm Əylislidənmi təlimat aldınız bilmirəm, amma bircə onu bilirəm ki, sizin kimi insanlar orta statistik olaraq bu cür düşünürlər: “Harda günüm xoş keçirsə ora mənim vətənimdir”.

 

Ələkrəmlə isə daha çox üst-üstə düşürsünüz. Çünki o da Ermənistana  bu günlərdə səfər edib, siz də erməni jurnalistə könül xoşluğu ilə ölkəniz barədə qeybət etmisiniz.

 

Sonda Əkrəm Əylislinin mənəvi varisi olaraq sizə və sizin kimilərə bir xatırlatma edim. Əvvəla müsahibə vermək ayıb deyil, ölkədəki hansısa neqativ haldan ümumi halda danışmaq da olar. Lakin fikrimcə müsahibə verməkdə də bir ləyaqət prinsipləri olmalıdır. Hər kəsə, hər yoldan keçənə, xüsusi ilə düşmənə müsahibə verib vətəninə qarşı şər-böhtanla çıxış etmək heç də yaxşı əlamət deyil. Bu xalq nəyi də unutsa xəyanəti heç vaxt unutmur,hətta bağışlasa belə…

 

P.S.  Onu bilirəm ki, heyif o Günel adından. Yaxşı addır. Lakin qorxuram sizin bu addımlarınız sizin adınızı da İskaryot Yahudayla, Yezidin sırasına daxil etsin. Azərbaycan xalqı bu cür gözəl addan imtina etsin. Özünüzü qiymətləndirmirsiniz, heç olmasa minlərlə Günel adını daşıyan xanımlarımızı qiymətləndirin. Çünki onlar şəxsiyyətcə sizdən çox yüksək səviyyədə dayanıblar.

 

“KarabakhİNFO.com”

 

05.10.2013 13:36

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*